Məhkəmə qərarları › İş №2(103)-4949/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4949/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4949/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2245/2023 nömrəli 09 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 1999-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X17 və xx.xx.2005-ci il təvəllüdlü X18 doğulmuşdur. Tərəflər arasında olan nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir.

2. Azərbaycan Respublikası Salyan Rayon Arbatan Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 628528 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X12 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, X15 (atası Cavabdeh, anası X12) 09 aprel 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş SQ ******* nömrəli şəxsi vəsiqəyə əsasən Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ÜMİD X10" MMC tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş 9 nömrəli çıxarışa görə 2005-ci il təvəllüdlü X18 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “ÜMİD X10" MMC-də müayinədə olmuş və ona “uşaq serebral iflici” diaqnozu qoyulmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzi tərəfindən verilmiş 63 nömrəli ambulator kartdan çıxarışa görə xx.xx.2005-ci il təvəllüdlü X18 xx.xx.2011-cü il tarixdən xx.xx.2011-cı il tarixədək həmin Mərkəzdə müalicə olunmuşdur.

6. X18 əmək qabiliyyətsiz olmaqla birinci dərəcəli əlildir, 270 manat pensiya təyin olunub.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 3-17-7/2-A-10462/2023 nömrəli arayışa görə İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq’' altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır.

8. Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “mənzillərin, evlərin(bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə müqaviləsi) müqaviləsinə əsasən “kirayə verən” X2 şəhəri, Əliağa Vahid küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 44.16 km2 olan mənzilin ona məxsus hissəsini “kirayəçi” Cavabdeh xx.xx.2024-cü il tarixədək kirayə vermişdir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 500 nömrəli arayışda göstərilmişdir ki, hər ildə Cavabdeh aylıq pul təminatı 1325.17 manat, ildə bir dəfə ödənilən məzuniyyət haqqı 499.55 manat, ildə bir dəfə ödənilən maddi yardım 642 manat, ildə bir dəfə ödənilən birdəfəlik pul mükafatı 1245.48 manat təşkil edir.

10. N saylı Hərbi Hissə komandiri tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 5 nömrəli əmrindən çıxarışa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış baş gizir Cavabdeh xx.xx.2023-cü il tarixədək həqiqi hərbi xidmətdə saxlanılmışdır.

11. Mərkəzi Neftçilər xəstəxanası tərəfindən verilmiş epikrizə görə 1983-cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cı il tarixədək həmin xəstəxanada müayinədə olmuş, ona “Q 21.1 qulaqcıqarası çəpər defekti” diaqnozu qoyulmuş,xx.xx.2022-ci ildə qulaqcıqarası çəpər deffektinin toxuma qrefti ilə bərpasına dair cərrahi əməliyyatı olmuş və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, yaralar sağalmışdır.

12. Silahlı Qüvvələrin Baş X8 X11 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa görə Cavabdeh xx.xx.2021-ci il tarixədə həmin xəstəxanada müayinədə olmuş və ona “sol göz yuvası ətrafı sahədə metal artefaktı” diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü, birinci dərəcəli əlil, əmək qabiliyyətsiz X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment və onun saxlanılması ilə bağlı yaranan əlavə xərclərin ödənilməsi üçün hər ay 200 manat olmaqla, cəmi 420 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.1999-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuş, nikahdan 09 dekabr 1999-cu il təvəllüdlü X17 və xx.xx.2005-ci il təvəllüdlü X18 doğulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən Cavabdeh X17 və X1 üçün hər ay aliment ödəmiş, lakin, uşaqlar yetkinlik yaşına çatdıqlarından onlara verilən aliment dayandırılmışdır. X18 isə fiziki qusurlu, əmək qabiliyyəti olmadığından (serebral lflic) ona verilən aliment 2023-cü ilin aprel ayından dayandırılsa da, davam etdirilməsini xahiş edir. X7 az yaşlı qüsurlu olduğundan və onun daimi olaraq qulluğa ehtiyacı olduğundan, onu nəzarətsiz qoyub heç bir yerdə işləyə bilmir. Başqa bir yerdən gəliri olmadığı üçün aldığı alimentin dayandırılmamasını xahiş edir. Yəni bu maddi tərəfdən ona böyük sıxıntılar gətirir.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2023-cü il tarixli 2(010)-2245/2023 nömrəli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia qismən təmin edilmiş, iddiaçının əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladı, 26 mart 2005-ci il təvəllüdlü X3 üçün hər ay 130 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 35.6 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə belə qənaətə gəlmişdir ki, yetkinlik yaşına çatmış övlad serebral iflic xəstəsidir, onu saxlayan ana (iddiaçı) isə hazırda işsizdir. Cavabdeh xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olacaqdır. Onun başqa ailəsi və bir uşağı vardır. Özü və həyat yoldaşı müxtəlif xəstəliklərdən müəalicə alırlar. Bunları nəzərə alaraq, məhkəmə iddiaçının tələb etdiyi alimentin məbləğinin 220 manat deyil, 130 manat mabləğində təyin olunmasını məqsədəuyğun hesab etmişdir.

17. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının yetkinlik yaşına çatmış övladı əlil olduğu üçün, onun pensiya almaq hüququ vardır. Məhkəmə onu da vurğumışdır ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı icbari tibbi sığorta çərçivəsində pulsuz müalicə almaq hüququna malikdir.

18. İddiaçının tələb etdiyi “uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi ilə bağlı” tələbi üzrə məhkəmə həmin Plenumun Qərarında göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı tələb etdiyi əlavə xərclərin tərkibini təşkil edən əsaslar üzrə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də hesab edir ki, “uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi ilə bağlı” tələbi əsassızdır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 38, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2, 6, 78, 80. 81, 100-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin şəxsi aylıq gəliri onun digər nikahdan olan övladını və ailəsini saxlamağa kifayət etməsinin bariz nümunəsidir. 2005-ci il təvəllüdlü Cavabdeh saxlanması üçün tələb etdiyi aliment məbləğinə ehtiyac vardır. Uşağın xəstəliyi ilə bağlı daim dərman preparatlarına, həkim yoxlanışına zərurət yaranır, bu isə olduqca yüksək məbləğ tələb etdiyindən əlavə aliment məbləği məhkəmə tərəfindən təyin edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

24. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

25. Maddə 80. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

26. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

27. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarında göstərilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

28. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinə aid hissəsində dəyişdirilməlidir.

36. Göründüyü kimi tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X14 “serebral iflic” diaqnozu qoyulmuşdur. O, yetkinlik yaşına çatdığından onun saxlanılması üçün təyin olunmuş alimentin ödənilməsi başa çatmışdır.

37. Qanunvericiliyin tələbinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar.

38. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır.

39. Baxılan iş üzrə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmış övlad serebral iflic xəstəsidir, onu saxlayan ana (iddiaçı) isə hazırda işsizdir.

40. Odur ki, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması halının birlikdə mövcud olması faktı müəyyən edildiyindən, iddiaçının aliment tutulması barədə tələbi əsaslı olmuşdur.

41. Bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, aliment məbləğinə aid hissədə qətnamə dəyişdirilməlidir.

42. Göründüyü kimi yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır.

43. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdehin aylıq pul təminatı 1325,17 manat təşkil edir.

44. Kollegiya hesab edir ki, məhkəmənin cavabdehin ikinci dəfə ailə qurmasını və bir övladının olmasını nəzərə alaraq müəyyən etdiyi 130 manat aliment məbləği ağlabatan olmamışdır.

45. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, tutulmalı olan alimentin məbləği 180 manat müəyyən edilməlidir.

46. “Uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi ilə bağlı” tələbinə münasibətdə isə Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tələb etdiyi əlavə xərclərin tərkibini təşkil edən əsaslar üzrə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də hesab edir ki, “uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi ilə bağlı” tələbi əsassızdır.

47. Bu hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2245/2023 nömrəli iş üzrə 09 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçının əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladı, 26 mart 2005-ci il təvəllüdlü X3 üçün Cavabdeh 130 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, tutulmalı olan alimentin məbləği 180 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar