Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-495/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2848/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdeh X2 14.838 manat maddi ziyanın, kommunal xidmətlərə görə yaranmış 374,95 manat pulun və mülkiyyətində olan əmlakı kirayə verdiyinə görə hesablanmış 13.500 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun yaxın qohumu, yəni atasıdır. X9 ilə anası Əsgərova Hava arasında olan nikah pozulduqdan sonra atası müxtəlif iddialar ilə məhkəməyə müraciət edərək onu və anasını məhkəmələrdə süründürmüşdür. Atası keçmiş polis rəisidir və bundan sui-istifadə edərək onun hüquqlarını pozur. Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsində istifadədə olan 0.07018 ha torpaq sahəsində yerləşən 15a nömrəli, 4 mərtəbəli binada 55.9 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzildən uzun müddət cavabdeh istifadə etmiş və mənzildə yaşamışdır. Ona görə də o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmişdir. Lakin cavabdeh uzun müddət mənzildən çıxmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi uzun müddət icra edilməmiş və ötən müddət ərzində cavabdeh mənzilindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Cavabdeh dəfələrlə ona bildirmişdir ki, qətnaməni icra etməyəcək və evi təhvil verəndə də xarabaya çevirib verəcək. Ədliyyə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərdən sonra məhkəmə qətnaməsi icra olunmuş və xx.xx.2019-cu il tarixində mənzil ona təhvil verilmişdir. Mənzilin ona xx.xx.2019-cu il tarixində təhvil verilməsi Nərimanov rayon İcra Şöbəsinin icra məmurlarının imzaladığı xx.xx.2019-cu il tarixli aktla təsdiq olunur. Lakin mənzil ona təhvil verildikdən və icra məmuru ilə mənzilə daxil olduqdan sonra mənzildə gördüyü mənzərə onu dəhşətə gətirmişdir. Belə ki, cavabdeh mənzili ona təhvil verməyə məcbur qaldığı üçün və onun həmin mənzildə yaşamağına mane olması üçün mənzili yararsız vəziyyətə gətirmişdir. Belə ki, mənzilə kanalizasiya suları axıdılmış, mənzilə məişət tullantıları atılmış və mənzilin təmiri yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzildə yaşamaq ümumiyyətlə mümkün deyildir. Mənzilin yararsız vəziyyətdə olması barədə foto şəkilləri və video görüntüləri iddia ərizəsinə əlavə edilmişdir. Mənzildə mövcud olan kanalizasiya qoxusu mənzilin qapısından belə keçməyə imkan vermir. xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, mənzilə dəymiş ziyan 14.838 manat təşkil edir. Bundan əlavə, cavabdeh mənzildə yaşayarkən istifadə etdiyi kommunal xidmətlərin də dəyərini ödəməmişdir. Belə ki, cavabdehin sudan istifadə etməsinə görə 192.65 manat, elektrik enerjisindən istifadə etməsinə görə 72.86 manat borcu yaranmışdır. Bu barədə «xxxxxxxx» ASC və «xxxxxx» ASC-nin qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Həmçinin 30 saylı Mənzil Kommunal İstismar Birliyinin xx.xx.2019-cu il tarixli arayışı ilə də müəyyən olunur ki, İddiaçı 2014-cü ildən mənzil kirayəsi və məişət tullantılarının daşınma haqqlarına görə 109.44 manat borcu vardır. Mülkiyyətçi o, olduğuna görə bütün bu borclar da ondan tələb edilir. Halbuki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və aktla müəyyən olunur ki, cavabdeh həmin mənzildən 2004-cü ildən 2019-cu ilin aprel ayına qədər istifadə etmişdir. Cavabdehin həmin mənzildə yaşaması və istifadə etməsi işin mübahisəsiz halıdır və həmin kommunal xidmətlərdən də iddiaçının istifadə etməsi qeyrimümkündür. Ona görə də hesab edir ki, mülkiyyətçi kimi hüquqları qorunmalı və mülkiyyətindəki əmlaka dəymiş ziyan ona ödənilməlidir. Bundan əlavə qeyd edir ki, cavabdeh onun mülkiyyətində olan mənzili kirayəyə verməklə gəlir əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə cavabdehin mənzildən çıxarılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdeh artıq xx.xx.2014-cü il tarixindən həmin mənzilə dair onun heç bir hüququnun olmadığını bilirdi. Lakin buna baxmayaraq o, mənzili kirayəyə verməyə davam etmişdir. Mənzili kirayə verməklə hər ay 250 manat gəlir əldə etmişdir. Ona görə də hesab edir ki, mənzilin kirayəsindən aldığı (54 ay x 250 manat) 13.500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2019cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli mənzilin təmirli vəziyyətdə aylıq kirayə haqqı 250 manat təşkil edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuş, ona mənəvi ziyan da dəymişdir. Cavabdehin mənzili yararsız vəziyyətə salması nəticəsində iddiaçı uzun müddətdir ki, mənzilində yaşaya bilmir və mənzildən istifadə edə bilmir. Bu isə öz növbəsində iddiaçının mənəvi iztirab və əsəb sarsıntısı keçirməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2848/2019 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakedəncavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsində istifadədə olan 0.07018 ha torpaq sahəsində yerləşən 15a nömrəli, 4 mərtəbəli binada, 55,9 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1027 nömrəli reyestr kitabının 92429 nömrəli vərəqində xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərə və videogörüntülərə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, habelə şahid X4 (xx xxxxx 2019-cu il tarixli aktla mübahisəli evin təhvil verilməsində iştirak etmiş icra məmuru) iştirakı ilə baxış keçirilmiş, tərəflər qeyd olunan materialların mübahisəli mənzilə aid olduğunu təsdiq etdiyindən müvafiq fotoşəkillər və videogörüntülər sübut kimi qəbul edilərək mülki işin materiallarına əlavə edilmişdir. İşdə olan 30 saylı MKİS-in 2014-cü ildən mənzil kirayəsi və məişət tullantılarının daşınması barədə arayışından, həmçinin kommunal xidmətlərə görə hesab-faktura, bildirişdən görünür ki, Bakı Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 15 a, 18 saylı mənzili ilə bağlı ümumilikdə 374,95 manat borc vardır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərmişdir ki, o, iddiaçı və cavabdehi icra sənədinin icrası zamanı tanımışdır. Mübahisə predmeti olan mənzilə daxil olan zaman içəridən kəskin rütubət qoxusunun gəldiyini hiss etmiş, mətbəxin və sanitar qovşağın kanalizasiya axıntıları ilə çirkləndiyini, digər otaqların isə quru olduğunu görmüşdür. Mənzilə hər hansı bir texniki və fiziki müdaxilə edildiyini göstərən hal aşkar olunmamışdır. Bununla yanaşı mənzildə küçədən atılmış zibilə, şüşə qırıntılarına rast gəlinməmiş, mənzil icra sənədi əsasında təhvil verilərkən bəzi tullantılar orada olmuş, oboylar isə rütubətdən aralanmış və ərp bağlamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, o, müxtəlif vaxtlarda iddiaçının təmir-tikinti ilə bağlı xırda işlərini görmüşdür. Qeyd olunan mənzildə də olmuşdur. Mənzilin mətbəxində və sanitar qovşağında yerdə suya rast gəlmiş, digər hissələrində isə hər hansı axıntıya, habelə mənzilə texniki və ya fiziki müdaxilənin nəticəsində evin təmirinə zərər dəyməsi halına dair bir izə rast gəlməmiş, lakin otaqlarda çoxlu zibil və tullantılar olmuşdur. Qeyd edilməlidir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə və eyni tarixli icra vərəqəsinə əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 15a saylı evin 18 saylı mənzilindən çıxarılmalıdır. Eyni zamanda, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 15a saylı evin 18 saylı mənzilində aparılmış təmir xərclərinin əvəzi kimi İddiaçı 11045 manat pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. İşdə olan İddiaçı xx xxxxx 2019-cu il tarixli ərizəsindən və eyni tarixli aktdan görünür ki, məhkəmə qərarının icrası ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 15a saylı evin 18 saylı mənzili boşaldılaraq İddiaçı təhvil verilmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarlarından göründüyü kimi, mübahisəli mənzil təmirli vəziyyətdə olmuş, xx xxxxx 2019-cu il tarixdə iddiaçıya təhvil verilən anadək cavadehin sahibliyində və istifadəsində olmuşdur. İddiaçının hazırki tələbinə görə – cavabdeh məhkəmə qətnaməsinin icrası ilə bağlı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi 15a nömrəli evin 18 saylı mənzilindən xx xxxxx 2019-cu il tarixdə çıxarılmış və mənzil icra məmurlarının iştirakı ilə ona təhvil verilmişdir. Lakin, mənzilə daxil olarkən oranın cavabdeh tərəfindən yararsız hala salınmasının şahidi olmuşdur. Belə ki, mənzilə kanalizasiya suları axıdılmış, məişət tullantıları atılmış, mənzilin təmiri yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzildə yaşamaq mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin kirayə haqqına görə 25200 manat pul» tələbinə dair ilk iddia ərizəsi qismən təmin, Cavabdeh İddiaçı qarşı «mənzilin satın alınması və təmirinə sərf edilmiş məsrəflərin əvəzinə görə 90000 manat pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 15 a saylı evin 18-ci mənzilində aparılmış təmir xərclərinin əvəzinin ödənilməsi hissəsində təmin edilmişdir. İddiaçı həmin mənzildə aparılmış təmir xərclərinə görə 11045 manat məbləğində pul tutulub Cavabdeh verilməsinə dair məhkəmə aktları qəbul olunmuşdur. Bununla belə Nərimanov rayon İcra Şöbəsinin xx xxxx 2016-cı il tarixli «İcra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında» Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılması barədə sənədin surətindən görünür ki, İddiaçı mənzildə aparılmış təmir xərclərinə görə 11.045 manat məbləğində pulun ödənilməsi hissəsində icra sənədinin icrasını təmin etdikdən sonra digər icra sənədi əsasında cavabdeh N.Əsgərovun həmin mənzildən çıxarılacağı bildirilsə də İddiaçı həmin vəsaitin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Odur ki, həmin icra sənədi İddiaçı tərəfindən icranın gecikdirilməsi ilə əlaqədar cavabdeh Nizami Əsgərovun mənzildən çıxarılmasına dair digər icra sənədi gecikdirilmiş və həmin icra sənədi üzrə xx xxxxx 2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. İş materialları və şahid ifadələrinə görə iddiaçı məhkəmə qətnaməsi ilə ödənilməsi qət edilmiş məbləği cavabdehə ödəməkdən yayındığından Cavabdeh ünvan 1 ünvanında yerləşən 18 saylı mənzili boşaltmamış və orada yaşamağa davam etmişdir. xx xxxxx 2019-cu il tarixində müvafiq mənzilin açarları dəyişdirilmiş və iddiaçının etibarnamə üzrə nümayəndəsinə təhvil verilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. İddia tələbində cavabdeh tərəfindən müvafiq mənzilin qərəzli olaraq təmirinin yararsız vəziyyətə salınması qeyd olunsa da, «Ə-83 nömrəli xx.xx.2018-ci il tarixli ərizəyə cavab» məktubundan aydın olur ki, kanalizasiya xəttinin tez-tez tutulması nəticəsində müvafiq mənzilə çirkab suları axmış, daha sonra kanalizasiya xəttinin tutulan hissəsi müəyyən edilərək təmizlənmiş və problem aradan qaldırılmışdır. Bununla yanaşı məhkəmə şahid ifadələri və sübut kimi qəbul edilən və iş materiallarına əlavə edilən foto və video CD görüntülər nəticəsində mənzilə hər hansı bir texniki müdaxilənin həyata keçirilmədiyi, yalnız mətbəx və sanuzel qovşağı yerləşən hissədə kanalizaiya sularının axıntısı müşahidə edilməsi halının şübhə doğurmadığı qənaətinə gəlir. Küçədən atılmış zibil və tullantılara cavabdeh münasibət bildirərək bunların mənzili tərk edərkən evdə lazımsız olan əşyaların orada buraxılması nəticəsində olduğu ilə izah etmiş, bu hal şahid X4 məhkəmə iclasında verdiyi ifadə ilə də təsdiq edilmişdir. Prosesdə iştirak edən şəxslərin iştirakı ilə görüntülərə (foto və video CD) baxış keçirilərkən mənzilin tavana yaxın hissədə divarlarının rənginin dəyişməsi şahid ifadəsi ilə bir daha təsdiq edilir ki, belə vəziyyət həmin mənzilin həm birinci mərtəbədə yerləşməsi, həm də kanalizasiya borusunda olan texniki nasazlıq səbəbindən çırkab suların axması səbəbilə yaranan rütubətdən baş vermişdir. Şahid X7 (icra məmuru) evin təhvil verilməsilə əlaqədar mənzilə daxil olarkən mənzilin içindən kəskin rütubət qoxusunun gəldiyini və divardakı oboyların bu rütubətdən qopduğunu bildirməsi bu faktı bir daha təsdiq edən hal kimi qəbul edilir. Hər hansı fiziki təsirlə təmirin korlanması və texniki zədələnmə halı şahidlər tərəfindən müşahidə edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və işdə olan sübutları araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddianı tam, hərtərfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdə olan çoxsaylı sübutlarla (fotoşəkillər, videogörüntülər, şahid ifadələri və s.) cavabdehin mübahisəli mənzili iddiaçıya təhvil verdiyi anda oranın faktiki vəziyyəti müəyyən olunmuşdur. İddiaçı dəymiş ziyanın məbləğini 14838 manat qiymətləndirərək, cavabdehdən tələb etmiş, sübut kimi həmçinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxx 2019cu il tarixli qiymətləndirmə hesabatını təqdim etmişdir. Qeyd edilən hesabatdan görünür ki, mənzilə baxış zamanı döşəmənin üzəri su ilə dolu olmuş, bu səbəbdən də döşəmə yararsız vəziyyətə düşmüş, bərpası mümkün olmadığından yenisi ilə əvəz olunmalıdır. Bundan əlavə, divarların bəzi hissələri nəmlənmiş alçı və divar kağızları yararsız vəziyyətə düşmüşdür. Mənzilin tam yararlı olması üçün təmirə ehtiyacı vardır. Mənzilin təmirinə dəymiş ziyanın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 14838 manat təşkil edir. Birinci instansiya məhkəməsi mənzilin təhvil verildiyi anda qeyd edilən mövcud vəziyyətdə olmasını qəbul etsə də, bu halın iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməməsini, kanalizasiya xəttinin tez-tez tutulması nəticəsində çirkab suları axması və s. kimi əsaslandırmağa çalışmışdır. Qeyd edilməlidir ki, mənzil iddiaçıya təhvil verilən anadək cavabdehin sahibliyində (istifadəsində) olmuş və sonuncu mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılması yükünü daşımışdır. Xüsusilə qeyd olunmalıdır ki, yuxarıda qeyd edilən məhkəmə qərarı ilə mübahisəli mənzildə aparılmış təmir xərclərinin əvəzi kimi hazırki iş üzrə iddiaçıdan 11045 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması qərara alınmışdır (yəni, məhkəmə qərarları ilə cavabdeh mənzildən çıxarılaraq oranı iddiaçıya təhvil verməklə yanaşı, mənzilin təmirinə çəkdiyi xərcləri (yaxşılaşdırmaları) də iddiaçıdan almaq imkanına malik olmuşdur). Bu hal onu təsdiq edir ki, iddiaçı ödəməli olduğu 11045 manatpul vəsaitinə görə mənzilini həyata keçirilmiş təmirli (keçən müddət ərzində adi istifadə nəticəsində köhnəlmə nəzərə alınmaqla) vəziyyətdə təhvil almaq hüququnamalik olmuşdur. Eyni zamanda, mənzilə çirkab suların axmasında (kanalizasiya xəttinin tez-tez tutulması və s.) cavabdehin təqsirli hərəkətinin olub-olmaması da hazırki mübahisənin həlli baxımından əhəmiyyətli deyildir. Hər bir halda mənzil iddiaçıya təhvil verildiyi anda mövcud vəziyyət adi istifadə nəticəsində köhnəlmə vəziyyəti deyidir. Eyni zamanda işdə olan fotoşəkillərdən görünür ki, mənzilin döşəməsi, sanitar qovşaq (hamam-tualet) çirkli suların təsirinə məruz qalmış, divarkağızları qopmuş, nəm çəkmişdir. Cavabdeh bunun əksini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mənzili təhvil verdiyi anda mövcud vəziyyətə görə iddiaçıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İddiaçı bu istiqamətdə sübut kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxx 2019cu il tarixli qiymətləndirmə hesabatını təqdim etsə də, məhkəməkollegiyasımübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmasını zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 29439 nömrəli rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 15a nömrəli binada yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 18 saylı mənzilin 2 və 3 saylı tikilinin(müvafiq olaraq yaşayış otağı və dəhliz)divarları divar kağızı ilə üzlənmiş, 2 saylı otağın tavanı boya ilə rənglənmiş, 3 saylı otağın tavanı lambrin ilə üzlənmiş, döşəməsinə laminat vurulmuşdur. 4 və 5 saylı otaqların (müvafiq olaraq dəhliz və mətbəx) divarları boya ilə rənglənmiş, döşəməsinə metlax vurulmuş, tavanına lambrin vurulmuşdur. 5 saylı otağın divarları divar kağızı ilə üzlənmiş, tavanı boya ilə rənglənmiş, döşəməsinə parket vurulmuşdur. Baxış zamanı divar kağızının, boyanın qopması, şişməsi və laminatın qabarması müşahidə olunmuşdur. - İşdə olan fotoşəkillərə əsasən tədqiq olunan mənzilin kanalizasiya xəttinin daşması səbəbindən kanalizasiya xəttindən suyun mənzilə dolması nəticəsində divar kağızının, boyanın qopması, şişməsi və laminatın qabarması müşahidə olunmuşdur. - Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 15a nömrəli binada yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 18 saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2922,0 manat məbləğində müəyyən olunur. - İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə 18 saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tiiknti işlərinin ümumi dəyəri arasında fərq olduğu üçün, qiymətləndirmə hesabatında göstərilmiş qiymət reallığı (orta bazar qiymətlərini) əks etdirmir. Ekspertiza rəyindən göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə iddia olunan mövcud qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 2922,0 manat məbləğində təşkil edir və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxx 2019cu il tarixli qiymətləndirmə hesabatında göstərilmiş qiymət reallığı (orta bazar qiymətlərini) əks etdirmir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, həmçinin toplanmış və qiymətləndirilmiş sübutları nəzərə alaraq hesab edir ki, iddia - cavabdeh X2 14.838 manat maddi ziyanın tutulması hissəsində qismən, yəni 2922 manat həddində əsaslıdır. Bu səbəbdən də iddia həmin hissədə qismən təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia - kommunal xidmətlərə görə yaranmış 374,95 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslıdır. Çünki, işdə olan sübutlara (arayış, hesab faktura, bildiriş və s.) əsasən mənzil cavabdehin sahibliyində (istifadəsində) olduğu müddətdə müvafiq kommunal xərclər yaranmışdır ki, həmin xərclərin məbləği 374,95 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən, həmçinin əvvəlki məhkəmə qərarları ilə analoji məsələyə hüquqi qiymət verilməsini göstərsə də, işdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı əvvəllər kommunal xərclərlə bağlı belə bir tələb irəli sürməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddia - mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində izah edilmişdir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçının mənzili təhvil aldığı andakı vəziyyəti, bu səbəbdən ondan təyinatı üzrə istifadə edə bilməməsi və s. bu kimi kimi hallar onda mənəvi sarsıntı və iztirab hissinin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası mübahisənin predmetini, pozuntunun xarakterini və s. diqqətələyiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 500 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Bu səbəbdən də iddia həmin hissədə 500 manat həddində təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia - 13500 manat pulun cavabdehdən tutulması hissəsində əsassızdır. Çünki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci, eləcə də iddiaçının birinci instansiya məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət edərkən ödədiyi 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2848/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-2848/2019 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdeh 2292 (iki min iki yüz doxsan iki) manat dəymiş zərər, 374,95 (üç yüz yetmiş dörd manat 95 qəpik) manat kommunal xərc, 500 (beş yüz) manat mənəvi ziyan və ödənilmiş dövlət rüsusmuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-495/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-495/2020
18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver