Məhkəmə qərarları › İş №2(103)-495/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-495/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-495/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X1 Cavabdeh MMC-yə (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçılar X3 və İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-26/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1 və X3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8208 (səkkiz min iki yüz səkkiz) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu 30 (otuz) manat ümumilikdə dəymiş maddi ziyan 8438 (səkkiz min dörd yüz otuz səkkiz) manat pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı1 xeyrinə ödənilməsi və 5112 (beş min yüz on iki) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu 30 (otuz) manat, ümumilikdə dəymiş maddi ziyan 5612 (beş min altı yüz on iki) manat pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-26/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 6840 (altı min səkkiz yüz qırx) manat pul, hüquqi xidmətin əvəzi olaraq 150 (bir yüz əlli) manat, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ümumilikdə 7010 (yeddi min on) manat pulun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən 120 (bir yüz) manat pul, hüquqi xidmətin əvəzi olaraq 50 (əlli) manat, dövlət rüsumunun 5 (beş) manat hissəsi olmaqla, ümumilikdə 275 (iki yüz yetmiş beş) manat pulun tutalaraq X1 xeyrinə ödənilməsi, iddia qalan hissələrdə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçılar iddia edirlər ki, onlarla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilələr üzrə onlara verilmiş mənzillərin sahələri mənzillərin faktiki sahələrindən azdır, buna görə də mənzillərin müqavilələrdə qeyd olan sahələri ilə faktiki sahələri arasındakı fərqə görə ödəmiş olduqları pul vəsaiti cavabdehdən alınaraq onlara verilməlidir. Mülki işdə olan son, yəni xx.xx.2022-ci il tarixli 10/6823 saylı ekspertiza rəyi əsasında birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 ilə bağlanmış müqavilə üzrə verilməli olan mənzilin sahəsi müqavilə üzrə nəzərdə tutulduğundan 5,7 kvm, X3 ilə bağlanmış müqavilə üzrə verilməli olan mənzilin sahəsi isə 0,1 kvm az təşkil edir. İstinad olunan ekspertiza rəyindən görünür ki, ekspert mənzillərin ümumi sahələrinin nə qədər təşkil etdiyi ilə bağlı suallara cavab verərkən ölçmə-hesablama işlərini binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla aparmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tkinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekutra Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8-ci bəndinə istinad edərək hesab etmişdir ki, hazırkı mübahisə üzrə də mənzillərin sahəsi eyni qaydada müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr podrat müqavilələridir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçılarla bağladığı müqavilələr üzrə öhdəliyini tam icra etməmiş, iddiaçılara müqavilələrdə razılaşdırılmış sahədən daha az ölçüdə mənzil sahəsi vermişdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi müqavilələr üzrə cavabdehin öhdəlikləri sırasına, o cümlədən mənzillərin binanın karkası və bütün hörgü işləri, binanın daxilində və xaricində bütün suvaq işləri, fasad işləri, arakəsmələrinin hörülməsi və suvanması öhdəliyi də daxil olmuşdur və həmin işlərin görülməsini də müqavilələr üzrə məhz iddiaçılar sifariş etmişlər. Əgər mənzillərin binanın karkası və bütün hörgü işləri, binanın daxilində və xaricində bütün suvaq işləri, fasad işləri, arakəsmələrinin hörülməsi və suvanması işləri məhz iddiaçıların sifarişləri əsasında yerinə yetirilməsəydi onda mənzillərin sahələri müqavilələrdə göstərildiyindən az deyil, hətta çox olacaqdı. Beləliklə, müəyyən olunur ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini tam həcmdə və qüsursuz olaraq yerinə yetirmiş olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə istinad edərək cavabdehin öz öhdəliyini icra etməməsinə dair əsassız nəticə çıxarmışdır.

4. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair ərizəyə qiymət verərkən hesab etmişdir ki, cavabdehin ərizədə iddianın əsaslı olub-olmamasına dair mövqe bildirmədən hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi bir növ iddianı etiraf etməsinə dəlalət edir. Birinci instansiya məhkəməsinin bu qənaəti əsassızdır. Əvvəla iddianın etiraf edilməsi yazılı ərizədə ifadə olunur. Digər tərəfdən cavabdehin vəkili və vəkalətli nümayəndəsi məhkəmədə izahat vermiş və iddianı qəbul etmədiyini bildirərək, o cümlədən iddianın əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər tərəfdən iddia müddətinin tətbiqinə dair ərizədə, adından da göründüyü kimi iddia müddətinin ötürüldüyünə görə məhz iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi xahiş edilir. İddianın əsassızlığı ilə bağlı məsələyə münasibət isə iddiaya etirazda vəya izahatlarda bildirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılara mənzillərinə dair çıxarışlar aldıqdan sonra, yəni 2020-ci ilin avqust və sentyabr aylarında məlum olmuşdur ki, mənzillərin sahələri müqavilələrdə göstərilən ölçülərdən azdır.

5. Birinci instansiya məhkəməsinin bu qənaəti də əsassızdır. Çünki iddiaçılar 2020-ci ilin avqust və sentyabr aylarında çıxarışlar almışlar. Lakin buna qədər, yəni 2017-cı ilin əvvəllərində mənzilləri təhvil almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq isə mənzillərə köçüb orada yaşamağa başlamışlar. 2017-ci ilin sonlarından başlayaraq isə mənzillərə köçüb orada yaşamağa başlamışlar. Hazırkı iddia tələbi mənzillərin qüsuru ilə bağlı olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinin tələbinə görə iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmələri üçün iddia müddəti ən geci xx.xx.2018-ci il tarixdə artıq bitmişdi. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı məsələni də doğru həll etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı R.Ələskərova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.

9. əhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

10. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 2- 000101 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı 62 saylı mənzili «Alıcı»nın mülkiyyətinə verir, «Alıcı» mənzili qəbul edib əvəzində dəyərini Satıcıya ödəyir.

11. Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 2-000101 nömrəli qəbzdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı 62 saylı mənzilin dəyəri olan 169.080 manat məbləğində pul ödənilmişdir.

12. Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 2-000101 nömrəli maliyyə arayışıdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa edilən 2-ci yaşayış binasının, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı, 62 saylı mənzilinin dəyəri tam ödənilmişdir. Bu mənzilə görə borc yoxdur.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 1,2,3, ümumi sahəsi 138 kv.m olan mənzil 62 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 138, M9, m6) xx.xx.2020-ci il tarixdən İddiaçı1 adına qeydiyyata alınmışdır.

14. Cavabdeh MMC ilə X3 arasında bağlanmış 3-00048 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzili «Alıcı»nın mülkiyyətinə verir, «Alıcı» Mənzili qəbul edib əvəzində dəyərini Satıcıya ödəyir.

15. Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 3-00048-1 nömrəli qəbzdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzilin dəyəri olan 135.360 manat məbləğində pul ödənilmişdir.

16. Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 3-00048-1 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzilinin dəyəri tam ödənilmişdir. Bu mənzilə görə borc yoxdur.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 1,2,3, ümumi sahəsi 110,50 olan mənzil 79 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 140, M11, m7) xx.xx.2020-ci il tarixdən X1 adına qeydiyyata alınmışdır.

18. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddia tələbi bağlanmış müqavilələr üzrə daşınmaz əşyanın (mənzillərin) təhvil verilməsi, qüsurların aradan qaldırılması və sair, yəni, bilavasitə daşınmaz əşyanın (mənzillərin) özləri ilə bağlı deyildir. İddia tələbi bağlanmış müqavilələr üzrə ödənilmiş pul vəsaiti ilə bağlıdır. Bu halda hesab edirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375-ci maddələrinə əsasən həmin tələblərə 6 illik deyil, 3 illik iddia müddəti tətbiq edilərək iddia təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək 6 sual qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/4214 nömrəli rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin faktiki ümumi sahəsi 134,06 kv.m olmaqla, 62 saylı mənzil ilə hazırda həmin ünvanda və sahədə yerləşən mənzilin faktiki sahəsi və ölçüləri ilə üst-üstə düşmür. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,9 kv.m təşkil edən 62 saylı mənzili ilə Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən mənzilin faktiki sahəsinin ölçüləri və hüdudları arasında uyğunsuzluqlar və fərq 6,84 kv.m. (140.9-134,06 kv.m) təşkil edir. Cavabdeh MMC ilə X3 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin faktiki ümumi sahəsi 108,54 kv.m olmaqla, 79 saylı mənzil ilə hazırda həmin ünvanda və sahədə yerləşən mənzilin faktiki sahəsi və ölçüləri ilə üst-üstə düşmür. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112,8 kv.m təşkil edən 79 saylı mənzili ilə "xxxx" MMC ilə X4 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən mənzilin faktiki sahəsinin ölçüləri və hüdudları arasında uyğunsuzluqlar və fərq 4,26 kv.m. (140.9-134,06 kv.m) təşkil edir.

20. Bundan sonra birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti texniki ekspertizası (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə) təyin edilərək yenidən 6 sual qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli 10/3427 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin faktiki sahəsinin 132,6 kv.metr təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üstüstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-132,6) 8,3 kv.metr az təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin faktiki sahəsinin 110,4 kv.metr təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə X3 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11 -ci mərtəbəsində yerləşən 79 saylı mənzilin ümumi sahəsinin 112,8 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (112,8-110,4) 2,4 kv.metr az təşkil etdiyi müəyyən olunur.

21. Həmin rəylərin əsaslandırıcı hissəsindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8 bəndinə istinad edilərək qeyd olunan rəy verilmişdir.

22. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/4214 və 28 sentyabr 2021-ci il tarixli 10/3427 nömrəli rəyləri kifayət qədər aydın və ya tam olmadığından iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və məhkəmə tikinti texniki ekspertizası təyin edilərək 6 sual qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 13 iyun 2022-ci il tarixli 10/6823 nömrəli rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 135,2 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 saylı mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunur. Qeyd olunur ki, müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsi arasında yaranan fərq, həmin mənzilin ayrı-ayrı tikililərinin faktiki ölçülərinin layihədə göstərilən ölçülərdən fərqli olması səbəbindən əmələ gəlmişdir.

23. Rəyə əsasən həmçinin, Cavabdeh MMC ilə X3 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlar arası içdən içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 112,7 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə X3 arasında bağlanmış 13 dekabr 2014- cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin 112.8 kv.m göstərildiyini, faktiki sahə 112.7 kv.m təşkil etdiyini ( fərq 0,1kv.m) nəzərə alınaraq müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üçt-üçtə düşdüyü müəyyən olunur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/8629 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,9 kv.m olan 4 (dörd) otaqlı 62 saylı mənzilin daxili arakəsmələr nəzərə alınmadan, divardan-divara (oxdan-oxa) ümumi sahəsi 140,9 kv.m təşkil etdiyi müəyyən edilir.

25. Eyni zamanda, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının, 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzil baxış zamanı təqdim edilmədiyindən həmin mənzil üzrə tədqiqat aparılmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

29. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

35. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

39. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

41. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

42. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

43. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Tətbiq edilən prosessual hüquq normaları:

44. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

56. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

57. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

58. 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

59. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

60. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin iddiaçı R.Ələskərovanın iddia tələbinə aid təmin edilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

62. Kollegiya cavabdehin apellyasiya şikayətinin İddiaçı1 iddia tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində Məhkəmə Ekspertizası Mərkəzinin 10/6823 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 saylı mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunmuşdur.

63. Belə olan halda məhkəmə 140,9 kv.m sahə üçün ödənilmiş 169.080 manat vəsaitin (5,7kv.m x 1200 manat) 6840 manat hissəsinin cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır.

64. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia müddətinin birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmaması barədə dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1)

65. Həmin Məcəllənin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

66. Cavabdeh hesab edir ki, iddia müddəti iddiaçılar mənzili təhvil aldıqları dövrdən başlayaraq hesablanmalıdır.

67. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır və bildirir ki, iddiaçıların aldıqları mənzil sahələrinin cavabdehlə bağladıqları müqavilə şərtlərindən fərqlənməsi halı onlara 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışları aldıqları vaxt onlara məlum olduğundan birinci instansiya məhkəməsi iddia müddətinin axımının çıxarışın alındığı vaxtdan hesablamaqda haqlı olmuşdur, apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili əsassızdır. Çünki qanunun tələbinə görə də iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1)

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı R.Ələskərovanın iddia tələbinin təmin olunan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

69. Məhkəmə Ekspertizası Mərkəzinin 10/6823 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə, Cavabdeh MMC ilə R.Ələskərova arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin 112.8 kv.m göstərildiyi, faktiki sahənin 112.7 kv.m təşkil etdiyi, yəni fərqin 0,1 kv.m təşkil etdiyi nəzərə alınaraq faktiki sahənin 112.7 kv.m təşkil etdiyi, yəni fərqin 0,1 kv.m təşkil etdiyi nəzərə alınaraq müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur.

70. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin R.Ələskərova ilə 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsini bağlayarkən satılan mənzilin sahəsinin 112.8 kv.m olmadığı halda, onunla qeyd edilən sahənin satılması ilə bağlı müqavilə bağlayaraq ondan 135.360 (112,8 kv.m x 1200 manat) manat məbləğində pul vəsaitini alması, həmin vəsaitin (0,1 kv.m x 1200 manat) 120 manat hissəsinin cavabdeh tərəfindən R.Ələskərovadan artıq alınması halını təsdiq edir, buna görə də R.Ələskərovanın iddia tələbini həmin hissədə təmin etmişdir.

71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı R.Ələskərovanın iddia tələbinin təmin etdiyi hissədə mövqeyi əsaslı olmamış və rayon məhkəməsi həmin hissədə iddia tələbini təmin edərkən işin halları baxımından məsələyə həddən ziyadə (sırf riyazi hesab əsasında) formal yanaşmışdır.

72. Belə ki, iddiaçı R.Ələskərovanın mənzilinə münasibətdə tərəflər arasında bağlanmış müqavilədə göstərilən ümumi sahə ilə (112.8 kv.m.) ekspertlər tərəfindən müəyyən olunmuş mövcud (112.7. kv.m.) sahənin arasında 0,1 kv.m fərqin olduğu, bununla da müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsinin üst-üstə düşdüyü ekspertlər tərəfindən müəyyən olunmuşdur. Bu halı iddiaçı tərəf mübahisələndirməmiş, bununla da həmin fakt işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Belə olan halda, yəni 112.8 kv.m. sahəyə malik 3 otaqlı mənzilə münasibətdə ölçülərin aparılması zamanı yol verilə bilən, həm də qəbul olunan, eləcə də əhəmiyyətsiz dərəcədə az olan 0.1 kv.m. fərq əksər hallarda mümkün və anlaşılan olmaqla, öz-özlüyündə iddianın əsaslı olması kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddiaçı R.Ələskərovanın iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmamışdır. Nəticə:

73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin iddiaçı R.Ələskərovanın iddia tələbinə aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

74. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, ekspertiza xərci də cavabdehdən tutulmalıdır.

75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-26/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin iddiaçı X1 iddia tələbinə aid təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar