Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4952/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında 07.01.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin birinci bəndinə əsasən cavabdehə 38000 ABŞ dolları məbləğində pul borca verilmiş, sonuncu isə ayda 1000 ABŞ dolları olmaqla 07.03.2018-ci il tarixinədək borcu tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Artıq müqavilənin müddətinin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Belə ki, sonuncu dəfə cavabdeh 2018- ci ilin mart ayında 1000 ABŞ dolları məbləğində pul ödəmiş, bununla da qalıq borc 15000 ABŞ dolları olmuşdur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə aralarında formal olaraq bağlanmış (başqa bir əqdi pərdələmək məqsədi ilə) 07.01.2015ci il tarixli uydurma, yalan kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onula əsaslandırılmışdır ki, Cavabdeh 2007-ci ildən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Motodrom adlanan ərazidə ailə üzvləri ilə birlikdə kirayə evdə yaşamış, həmin ərazinin havası yaxşı olduğundan və şəhərə yaxın olduğundan əlində olan 35000 ABŞ dolları məbləğində pula ev almaq istəmiş və bu məqsədlə də ev axtararkən İddiaçı özünə məxsus satdığı evdən xoşu gəlmiş, evin qiyməti ilə maraqlanmış, 76.000 manata satıldığını müəyyənləşdirmiş, əlində cəmi 35.000 ABŞ dolları pulunun olduğunu, qalan pulu aylara bölməklə hissə-hissə ödəyəcəyini bildirmiş və evin qiymətini 62.000 manata razılaşmışlar. O, həmin vaxtlar xarici şirkətdə işlədiyindən və ABŞ dolları ilə əmək haqqı aldığından evin pulunu həmin vaxt ABŞ dollarının manata olan kursuna uyğun olaraq (yəni, 100 ABŞ dolları 78 manat) dollarla ödəyəcəyini bildirmiş, İddiaçı isə etiraz etməmişdir. 2014-cü ilin noyabr ayında evin ilkin ödənişi kimi İddiaçı 35.000 ABŞ dolları məbləğində pul ödəyərək həmin evi almış və tərəflər hər ay 780 manatın kursuna uyğun olaraq ona 1000 ABŞ dolları pul ödəmək barədə şərtləşmişlər. 2014-cü ilin dekabr ayının əvvəlində 1300 ABŞ dolları və 2015-ci ilin yanvar ayının əvvəlində 1300 ABŞ dolları ödənişlər etmişdir. 2015-ci ilin yanvar ayında İddiaçı onunla görüşərək evin ödənməmiş qalan pulu ilə bağlı kredit müqaviləsi bağlamağı təklif etmiş, buna ehtiyac olmadığını qalan pulu razılaşdırılmış qaydada ödəyəcəyini bildirsə də, İddiaçı kredit müqaviləsi bağlamaq üçün təkid etdiyindən onlar 07.01.2015-ci il tarixdə 43 saylı notariat kontorunda 30.200 manat ödənməmiş pulun ABŞ dolları kursuna olan nisbətdə 38.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsi bağladıqdan sonra o, bir neçə ay evin ödənməmiş qalan pulunu ABŞ dolları ilə ödəsə də sonradan devalvasiya ilə bağlı pulu hər ay min manat olmaqla (manatla) ödəmişdir. İddiaçı ilə aralarında bağlanmış 07.01 2015-ci il tarixli kredit müqaviləsi evin ödənməmiş qalan puluna görə bağlanılmış müqavilə olmuşdur. Həmin müqavilə bağlanarkən və ondan sonra İddiaçı ona borca pul verməmişdir. İddiaçı ilə elə bir yaxın münasibəti olmadığından, ona 38.000 ABŞ dolları təmənnasız olaraq borca pul verməmişdir. O, 2015-ci ilin yanvar ayının 7-dən sonra bu günə kimi İddiaçı 3300 ABŞ dolları və 38.900 manat pul ödəmiş və evin ödənməmiş qalan pulunu tam olaraq ödəyib qurtarmışdır, onun İddiaçı borcu qalmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(001)- 7106/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Uydurma kredit müqaviləsinin icrasına başlanıldığı vaxt 2019-cu ilin mart ayı olduğundan iddia müddətinin başlandığı vaxt həmin tarixdən hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3523/2020 saylı, 20.07.2020-ci il tarixli qətnaməsi ilə, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsi (Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi) hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Vahid Sadıqov). Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7007/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-499/2021 saylı, 24.02.2021-ci il tarixli qərarı ilə, iddiaçı X4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3523/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır (sədrlik edən: Zaur Əliyev). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili B.Şirinov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 07.01.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 38.000 ABŞ dolları borc pul vermiş, sonuncu isə ayda 1000 ABŞ dolları olmaqla 07.03.2018-ci il tarixədək borcu tam qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş 05.08.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 10 gün müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan 02.11.2014-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı Binəqədi rayonu Motodrom yeni yaşayış massivindən 3 otaqlı həyət evi almış, 35000 ABŞ dolları məbləğində pul vermiş və 41000 ABŞ dolları borcu hər ayın 3-ü aylıq 1000 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüş və imzalamış, həmçinin İddiaçı Cavabdeh 35000 ABŞ dolları aldığını və özünəməxsus olan Binəqədi rayonu Motodromun arxasında olan evi ona verdiyini və ona qalan 41000 ABŞ dolları borcun hər ayın 3-ü 1000 ABŞ dolları vermək şərti ilə özü yazmış və imzalamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində iştirak edən 21.12.1977-ci il təvəllüdlü X2 izahat verərək bildirdi ki, o əvvəllər Cavabdeh ilə birlikdə işləmiş, hətta Ə.Loğman evini İ.Araza satanda alqı-satqı zamanı orada iştirak etmişdir.Onlar birlikdə olarkən Ə.Loğman İ.Arazın ona evin pulundan 15 min borcu qaldığını bildirmiş, İ.Araz isə 13 min borcu qaldığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində iştirak edən 06.10.1976-cı il təvəllüdlü X3 izahat verərək bildirdi ki, cavabdeh İ.Arazı əvvəldən tanıyır, iddiaçı Ə.Loğmanı isə ev alqı-satqısından sonra tanımışdır. Cavabdeh evi alarkən, həqiqətən 35.000 ABŞ dolları ilkin ödəniş vermiş və özü şəxsən orada iştirak etmişdir. Həmin zaman cavabdeh ABŞ dolları ilə əmək haqqı aldığından evin qalan pulunu aylıq ABŞ dolları ilə ödəmək barədə razılaşmışlar. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində iştirak edən 25.07.1978-ci il təvəllüdlü X7 izahat verərək bildirdi ki,cavabdeh İ.Arazı 8-9 ildir ki, tanıyır. Onlar telefonla danışarkən, şahidi olmuşdur ki, İ.Araz 13 min, Ə.Loğman isə 15 min borc olduğunu bildirirdi. Cavabdeh aylıq 1000 manat ödəniş edirdi. Bəzən cavabdeh evdə olmayanda mən onun əvəzinə 6 dəfə 1000 manat iddiaçıya ödəmişəm. Arazın təxmini 2000 manat borcu qalıb. Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat zamanı İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, qeyd etmişdir ki, hazırki borcun evin satılması ilə bağlılığı yoxdur, onun həqiqətən də Binəqədi rayonu Xocasən qəsəbəsi Motodrom deyilən ərazidə 3 otaqlı həyət evi olmuş və 02.11.2014-cü il tarixdə Cavabdehlə arasında həmin evin alqı-satqısına dair müqavilə bağlanmışdır, evin heç bir sənədi olmadığından həmin evi kağızda yazılmış iltizama əsasən cavabdehə satmışdır. Evin qiymətini 76000 ABŞ dolları razılaşmışlar, 35000 ABŞ dollarını həmin tarixdə cavabdeh vermiş, qalan 41000 ABŞ dollarını isə hər ay 1000 ABŞ dolları olmaqla hissəhissə ödəməli idi, cavabdeh həmin məbləği ödəmiş, evin pulundan 2000 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin pulun tələb edilməsi ilə bağlı hazırda Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Kredit müqaviləsinə əsasən isə 38000 ABŞ dolları borca pul vermiş, 15000 ABŞ dolları borc qalmışdır. Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat zamanı iddiaçı ərizə ünvanlayaraq, Cavabdeh qarşılıqlı iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırdığından iddia müddətinin tətbiq edilərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: İddiaçı hazırda 07.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən ödənilməmiş qalan borc məbləğini tələb edir. Cavabdeh isə həmin kredit müqaviləsinin formal olaraq bağlandığını, əslində iddiaçıdan ev aldığını, kredit müqaviləsinin də evin pulundan borclu qaldığı 38.000 ABŞ dolları məbləğində pulun qaytarılmasının təminatı qismində bağlandığını, sonradan evin pulunu tam qaytardığını və hazırda heç bir borcu olmadığını bildirərək, müqavilənin etibarsız sayılmasını tələb edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında 07.01.2015-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Normanın məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır. Hazırkı işdə Cavabdeh notarial kredit müqaviləsi ilə İddiaçı 38.000 manat borc aldığı rəsmiləşdiyi üçün həmin borcun qaytarılmasını sübut etmək vəzifəsi Cavabdeh aiddir. İddiaçı ödənilməmiş 15.000 ABŞ dolları borcun qaldığını bildirdiyi üçün Cavabdeh həmin məbləği ödədiyini sübuta yetirməlidir. Mövcud borc tərəflər arasında kredit müqaviləsi bağlanmaqla rəsmiləşdirilsə belə, münasibətin həqiqi xarakterinə görə bu müqavilənin təfsir edilərək borcun etirafı kimi qəbul olunması mümkündür. Çünki müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, o cümlədən müqaviləyə qədərki danışıqların və hərkətlərin nəzərə alınmalı olduğu qanunda göstərilmişdir. Hazırkı işdə İddiaçı, 15.000 ABŞ dolları məbləğində tələb hüququnun olmasını notarial müqaviləyə istinad etməklə sübuta yetirmiş sayılır. O, Cavabdehlə aralarında evin alqı-satqısına dair borc münasibətinin olmasını etiraf etsə də, bu münasibətin kredit müqaviləsi üzrə borca aidiyyətinin olmadığını bildirir. Mövcud vəziyyətdə kredit müqaviləsinin evin borcu ilə bağlı olmadığını sübuta yetirmək vəzifəsi İddiaçı üzərinə qoyula bilməz. Əksinə, kredit müqavilənin əslində evin alınmasına görə qalan borcun etirafı məqsədilə bağlandığını və borcun ödənildiyini Cavabdeh iddia etdiyi üçün bu halları sübuta yetirmək yükü onun üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, qarşılıqlı iddianın rədd edilməsinə dair məhkəmənin qətnaməsi Ali Məhkəmənin qərarı ilə qüvvədə qaldığından, kollegiya qarşılıqlı iddia tələbinə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisləndirilən hissəsində ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4952/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4952/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver