Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4953/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə iddiaçı - Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh Əskərova (Seyidzadə) Elnarə Bağır qızının iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Əskərova (Seyidzadə) Elnarə Bağır qızı və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Əskərova (Seyidzadə) Elnarə Bağır qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Əskərova (Seyidzadə) Elnarə Bağır qızına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27099,21 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 13108,29 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla4042 manat borc, cərimə borcu 12834,09 manat, cəmi 57083,59 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evindən çıxarılma, həmin fərdi yaşayış evinin boşladılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli, 632/013 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18%-lə 36 ay müddətinə 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsi, ev 4, 16 saylı mənzil xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixədək Cavabdeh2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 27099,21 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 13108,29 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4042 manat borc, cərimə borcu 12834,09 manat, cəmi 57083,59 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Əskərova (Seyidzadə) Elnarə Bağır qızından ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 632/013 saylı kredit müqaviləsinə əsasən 27.099,21 manat əsas borc, 13.108,29 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4042 manat faiz borcu, 750,5 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 45060 manat məbləğində pulun tutulması, Əskərova (Seyidzadə) Elnarə Bağır qızından tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilə yönəldilməsi, həmin əmlak ilkin satış qiymətinin 122.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və Cavabdeh1 həmin mənzildən çıxarılması, Əskərova (Seyidzadə) Elnarə Bağır qızından dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 145 manat məbləğində pulun tutulması, Əskərova (Seyidzadə) Elnarə Bağır qızından “X2” MMC-nin (“xxxxxxxxx” ASC, kodu: 510277, müxbir hesab: AZ98NABZ********************, VÖEN: **********, SWİFT BİK: NİCBAZ22, H/Hesab: AZ69NİCB**********0001A40090) xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 300 manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bankın cərimə tələbini tam təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əhəmiyyət verməmişdir. Həmçinin məhkəmə əsassız olaraq ekspert rəyinə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Həmçinin qətnamədən Əskərova (Seyidzadə) Elnarə Bağır qızı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin ondan tələb olunan borc məbləğlərinin düzgünlüyünü müəyyən etmək üçün eskpertiza təyin emədiyi, məhkəmə iclaslarında onun iştirakını təmin etmədiyi və ipoteka predmetinin ilkin satış qiymətini real qiymətindən daha aşağı müəyyən etdiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əskərova (Seyidzadə) Elnarə Bağır qızı özünün verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, işə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə «Borc verən» qismində «xxxxxxxxxxxxxx» ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 632/013 Noli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 şəxsi istehlak məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə, illik 18%-lə, 30.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində «xxxxxxxxxxxxxx» ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh1 və “Borcalan” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 632/013 No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2013-cü il tarixli 632/013 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi «xxxxxxxxxxxxx» MMC tərəfindən bazar dəyəri 70.000 manat, likvid dəyər – 59.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı HaqqındaDaşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən, 4 saylı evin 16 saylı mənzil xx.xx.2013-cü il tarixli, 632/013 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə ipoteka müqaviləsi üzrə «xxxxxxxxxxxxxx» ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “xxxxxxxxxxxxxx” ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubun kserosurətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsi, 4 saylı evin 16 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2013-cü il tarixli 632/013 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borcu 27.099,21 manat, müqavilə müddəti üçün hesablanmış 13.108,29 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 12.834,09 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4042 manat borc, cəmi 57.083,59 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 20468 saylı rəyinə əsasən Əskərova (Seyidzadə) Elnarə Bağır qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 632/13 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan borc xx.xx.2019-cu il tarixə 28.491,41 manat əsas, 17.327,20 manat faiz kimi müəyyən olunur. Qeyd edilir ki, faiz borcu kredit müqaviləsi müddəti bitdikdən sonra 5% dərəcəsi ilə hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə «X2» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 004/20 saylı daşınmaz əmlakın qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 nömrəli evin 16 saylı mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 122.000 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Əskərova (Seyidzadə) Elnarə Bağır qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, Əskərova (Seyidzadə) Elnarə Bağır qızının borcun düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatı ilə müvafiq məbləğ müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı Əskərova (Seyidzadə) Elnarə Bağır qızının arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən digər hissəsi, yəni cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehlərdən 12834,09 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 750,5 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab oluna bilər. Qətnamənin yoxlanılan digər hissəsi, yəni “ipoteka predmetinin ilkin satış qiymətinin 122 000 manat müəyyənləşdirilməsi” ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmetinin dəyəri 122.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən, ekspertin (mütəxəssisin) rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Rəyin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-115/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4953/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4953/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver