Məhkəmə qərarları › İş №2(103)-4953/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4953/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4953/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(009)-758/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış və 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 17 noyabr 2021-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 75.000 manat məbləğində borc verir, borc alan isə həmin məbləği 27 dekabr 2021-ci il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75.000 manat borcun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə 17 noyabr 2021-ci il tarixli Kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 75.000 manat məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu xx.xx.2021ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(009)- 758/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən 75.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 346 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli “Kredit Müqaviləsin”dən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 75,000 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 8-ci bəndinin ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 739.1, 740.1-ci eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında xx.xx.2021-ciil tarixdə kredit müqaviləsi bağlansa da, əslində həmin müqavilə üzrə borc verən (iddiaçı) tərəfindən borc alana (cavabdehə) pul ödənilməmişdir, başqa sözlə, tərəflərin müqavilə üzrə hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmamışdır. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət daşıyan bu və digər halları nəzərə almamış, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən iddianı təmin etmişdir. Eyni zamanda həmin kredit müqaviləsi tərəflər arasında yalnız görünüş üçün bağlanmışdır, başqa sözlə müqavilə uydurma olmaqla, əhəmiyyətsizdir. Həmçinin məhkəmə işə baxarkən cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, nəticədə cavabdeh özünün müdafiəsini təşkil edə bilməmişdir. Bununla məhkəmə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etməklə, prosessual hüquq normasının kobud pozuntusuna yol vermişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasına gecikəcəyini bildirmiş, cavabdehin nümayəndəsi eyni zamanda vəkili də məhkəmə kollegiyasına ərizə ünvanlayaraq həkim müayinəsində olmasını bildirməklə, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiklərini nəzərə alaraq işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.

11. Bununla belə cavabdehin nümayəndəsi eyni zamanda vəkili məhkəmə kollegiyasına ünvanladığı başqa bir ərizəsində iddiaçının pretenziya qaydasına əməl etmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması və ya apellyasiya şikayətində göstərilən əsaslarla iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 13.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 14.Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 15.Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 16.Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Apelyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli “Kredit Müqaviləsin”dən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 75.000 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 8-ci bəndinin ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. 22.Göründüyü kimi işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, verilmiş pul vəsaitini ödəməkdən yayınmışdır.

23. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

24. Belə ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh 75.000 manat borc almasını qeyd etməklə müqaviləyə imza etmişdir. 25.Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Göndərilmiş poçt zərfləri isə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. 26.Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.

27. Məhkəmə kollegiyası cavabdeh tərəfin “iddiaçının pretenziya qaydasına əməl etməməsi” barədə dəlillərinə münasibətdə isə qey edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki mübahisə isə tərəflər arasında borcun qaytarılması ilə bağlı yarandığından bu cür mübahisələr üzrə məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

28. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlanmasını bildirsə də həmin müqavilənin görünüş üçün bağlanması və əhəmiyyətsiz əqd hesab olunması üçün əsaslar müəyyən edilməmişdir.

29. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

31. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(009)-758/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabeh Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elnur Həsənov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar