Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4953/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: hasarın sökülməsi və maneələrin aradan qaldırılması tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Orconikidze rayonu X3 İcra Komitəsinin xx.xx.1985-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yaşayan vətəndaş X6 öz fərdi həyətində Maqazinnaya küçəsi tərəfindən sahəsi 18,0 otağın, sahəsi 12.0 kv.m mətbəxin və 0.45 m. kürsülük ilə hündürlüyü 3 m. sahəsi 18.0 kv.m verandanın tikilməsinə icazə verilmişdir. X7 və Cabbarova (Rzayeva) Şahzadə Mirzəli qızı xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar. X7 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. X5 özünə məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Maqazin küçəsindəki 6 A saylı evi həyat yoldaşı X1 vəsiyyət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və evinə giriş üçün Cavabdeh tərəfindən yaradılan maneələrin aradan götürülməsi və onun tərəfindən qanunsuz inşa edilən hasarın sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, X7 onun mərhum həyat yoldaşıdır və Ordjonikidze rayon X3 İcra Komitəsi tərəfindən 22 mart 1985-ci il tarixli 1 saylı qərarı ilə X6 öz fərdi həyətində tikinti işlərinin aparılmasına icazə verilmişdir. O, mərhum həyat yoldaşı X7 ilə 1995-ci ildə ailə qurmuş və 20 ilə yaxın bir müddət ərzində onunla birgə təsərrüfat apararaq birlikdə yaşamışlar. X7 2015-ci ildə vəfat etmiş, lakin o sağ olarkən birinci nikahdan olan övladlarını qəbul etməmişdir. Lakin onun təkidi ilə sonradan övladlarına həmin torpaq sahəsindən 5 sot torpaq vermişdir. O, mərhum ərinin həm vəsiyyəti, həm də qanun üzrə 1-ci növbə vərəsə kimi miras əmlakını qəbul etmişdir. Hal-hazırda mərhum ərinin birinci nikahdan olan oğlu-Cavabdeh onun torpaq sahəsini və torpaq sahəsindəki tikilinin giriş yolunu kəsmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə bu qanunsuzluğa son qoyulması barədə xahiş etmiş, lakin cavabdeh hətta yerli İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndələrinin də təkidinə məhəl qoymamışdır. Hazırda cavabdehin bu əməllərinə görə o, evinə və torpaq sahəsinə sərbəst gedib-gələ bilmir. Cavabdeh tərəfindən tikilmiş hasar nəticəsində onun torpaq sahəsinə avtomobil yolunun girişi bağlanmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-91/2023) iddia təmin edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, özbaşına inşa olunmuş qanunsuz tikililər Cavabdeh tərəfindən aparıldığından, iddia təmin edilməli, iddiaçıya məxsus fərdi yaşayış evinin girişində inşa edilən tikili hasar - özbaşına tikili sayılaraq sökülməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən inşa edilmiş hasar iddiaçı və digər şəxslərlə оlan sərhədlərin müəyyən edilməsindən, yəni qоnşularla оlan tоrpaq sahələrinin ayrılmasından ibarətdir. İddiaçının istifadəsində оlan tоrpaq sahəsinə və evinə ayrıca giriş-çıxış qapısı, о cümlədən avtоmоbil yоlu vardır. Onun tərəfindən iddiaçıya hər hansı maneə yaradılmamışdır. ünvan 3 ünvanda yerləşən tоrpaq sahəsi atası X9 оğlu tərfindən оnun sağlığında bölünərək hamının payları verilmişdir. 1962-ci ildən göstərilən ünvanda yaşayır. Onun tərəfindən iddiaçıya hər hansı maneə yaradılmamışdır. Öz həyətinə girişi giriş qapısından 5 metr uzaqda qоymuşdur. Tоrpaq sahəsinin aşağı hissəsində isə heç vaxt avtоmоbil yоlu оlmamışdır. Qanunililiyi mübahisələndirilən hasar hələ atası Ə.Rzayevin sağlığında ayrılmış tоrpaq sahəsinin digər şəxslərin istifadəsində оlan tоrpaq sahəsinin faktiki ayrılmasından ibarətdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apelyator məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
13. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
14. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
15. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqlar əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub tərəfindəki girişində texniki pasportda qeyd olunan əvvəllər mövcud olmuş qapı və hasar sökülərək təqribən 30 kv.m sahənin ümumi istifadə kimi saxlanıldığı, həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan hissəsində 16 metr uzunluğunda mişar daşından hasar inşa edildiyi, Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (mübahisəli sahədə) sonradan çəkilmiş hasarın uzunluğu 16 metr təşkil etdiyi və iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığı müəyyən edilmişdir. Rəylə həmçinin, Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da qeyd olunanlara əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsinin təmin edən keçidin eni 2,75-3,0 metr nəzərədə tutulduğundan faktiki vəziyyətdə isə iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsi qaldığından həmin hissədə avtomobil yolunun bağlandığı, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklər və əlavə tikililər texniki pasportda nəzərdə tutulmadığından və həmin tikililərə dair hər hansı sənəd (icazə və ya razılaşdırma) təqdim olunmadığından həmin tikililərin tikinti normalarına və qaydalarına uyğun aparılmadığı müəyyən edilmişdir.
20. Göründüyü kimi, ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş hasarın iddiaçının istifadəsində olan avtomobil yolunu bağladığı təsdiq olunmuşdur.
21. Ekspert rəyi əsaslandırılmış, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur.
22. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin hasara alınmaqla yalnız cavabdeh tərəfindən istifadə edilməsinin iddiaçının həmin torpaq sahəsindən istifadə və sahibliklə bağlı hüquqlarının pozulması ilə nəticələndiyi qənaətinə gələrək iddianı həmin hissədə təmin etmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.