Məhkəmə qərarları › İş №2(103)-4954/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4954/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4954/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh2 vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2, Salmanov Cavabdeh3 və X2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-303/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X8 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş 8000 manat ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, digər şəxslər Salmanov Cavabdeh3, Cavabdeh2 və X1 da mülki iş üzrə cavabdeh qismində cəlb edilmələrini xahiş etmiş və ona maddi ziyan vurmuş həmin şəxslərdən müştərək qaydada 8000 manat dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 303/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Salmanov Cavabdeh3 müştərək qaydada 5900 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddianın qalan hissinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəhadət Mehdiyevlə əvvəllər Polis şöbəsində biryerdə xidmət etmiş və hazırda da onların arasında dost münasibəti vardır. Bu səbəbdən də avtomobili nisyə olaraq Şəhadət Mehdiyevə satmışdır. Həmin avtomobilin kredit problemləri olduğu üçün sənədləşdirilmə ləngimişdir. Göründüyü kimi, onun da cavabdeh kimi məhkəməyə cəlb olunması haqsız olaraq yüklənməsi ilə nəticələnmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsini və iddia tələbinin onunla bağlı hissədə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli, 2(103)- 5383/2020 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 303/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(102)-940/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5383/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin həmin qərarında qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis şöbəsində aparılmış araşdırma zamanı AZ-21074 markalı avtomaşının zədələnməsi nəticəsində iddiaçıya 2428 manat ziyan dəyməsi müəyyən edilmiş, həmin rəydə avtomaşının bərpasının mümkünsüzlüyü və səmərəsizliyi göstərilməmişdir (Cinayət işinin başlanmasınnı rədd olunması barədə 21 avqust 2019-cu il tarixli qərar, Ağstafa rayonu “Servis” kiçik müəssisəsində nəqliyyat vasitəsinin sahibinin iştrakı ilə tərtib edilmiş 04 iyul 2019-cu il tarixli akt və fotoşəkillər). Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 13.01.2020-ci il tarixli hesabatına görə isə “VAZ-21074” markalı avtomobilin qəza nəticəsində yararsız vəziyyətə düşməsi, onun bərpasını mümkünsüz və səmərəsiz edilmiş, avtomaşın ehtiyat hissəsi kimi 1200 manat dəyərləndirilmişdir. İşə baxan məhkəmələr göstərilən ziddiyyəti diqqətdən qaçırmış, “VAZ- 21074” markalı avtomobilin zədələnməsi nəticəsində iddiaçyıa dəymiş ziyanın müəyyən edilməsi üçün obyektiv ekspert rəyinin alınmasını təmin etməmiş, kifayət qədər əsas olmadan "xxxx" MMC-nin hesabatı ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə görə məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məcələniin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə avtomobilin mülkiyyətçisi Ramil Məmmədovdur, o avtomaşını qanuni əsaslarla Cavabdeh2 vermiş, bununla da məsuliyyəti istisna edilmişdir. Qanuni əsaslarla avtomobilə sahib olan Cavabdeh2 avtomobili qanunsuz olaraq Şəhadət Mehdiyevin sahibiliyinə və istifadəsinə vermiş, Şəhadət Mehdiyev də avtomobili idarə etmək üçün hüquq verən sənəd (etibarnamə) olmadan sonuncudan alaraq ona hüquqazidd yiyələnmiş, sonra isə həmin avtomaşını qanuni əsas olmadan yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh3 Salmanova idarə edilməsi üçün vermişdir. Belə olan halda aydın olur ki, avtomaşının Cavabdeh2 sahibliyindən hüquqa zidd götürülməsində təkcə özü deyil, həm də avtomaşına hüquqa zidd yiyələnmiş Şəhadət Mehdiyev də təqsirli olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsinə həmin hadisəni törətmiş Cavabdeh3 Salmanovla yanaşı avtomaşına hüquqa zidd yiyələnmiş Şəhadət Mehdiyevin, bu yiyələnməyə rəvac verən avtomobilin sahibi Cavabdeh2 də məsuliyyət məsələsi müzakirə olunmalıdır. Bu MM-nin 1108.1 və 1108.2-ci maddələrinin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırkı apellyasiya baxışı iclasında Cavabdeh2 vəkili Zaur Hüseynov verdiyi izahatında bildirdi ki, Cavabdeh2 avtomobili Şəhadət Mehdiyevə satmış, bunun üçündə həmin avtomobili sonuncunun həyətinə aparmışdır. Ödəniş olunduqdan sonra avtomobilin onun adına rəsmiləşdirilməsi baş tutacaqdı. Lakin buna baxmayaraq Şəhadət Mehdiyev həyətində olan avtomobili harasa getmək üçün bacısı oğlu Cavabdeh3 Salmanova vermiş, nəticədə də qəza törətmişdir. Əldə olunan son məlumata görə iddiaçı əzilən avtomobili 4800 manata satmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, avtomobilin 1200 manata satıldığını bildirdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasınını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan “VAZ 21074” markalı, 05BX790 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X9 müvəqqəti istifadəyə vermişdir. Qeyd edilən avtomobil cavabdeh Salmanov Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilən “Daevoo Nexia markalı”, ** RO *** dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulmuş və nəticədə iddiaçının avtomobili yolda hərəkət edən “Mersedes-Benz” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomaşına çırpılmışdır. Salmanov Cavabdeh3 tərəfindən idarə edilən avtomobil X6 mülkiyyətində olmuş və etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Salmanov Cavabdeh3 avtomobili etibarnaməsiz idarə etmişdir. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon X12 Qrupunun təhqiqatçısı Asəf Mahmudov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21.08.2019-cu il tarixli qərarının surətindən görünür ki, X6 adına qeydiyyatda olan “Daevoo Nexia markalı”, ** RO *** dövlət nömrə nişanlı avtomaşına dair Cavabdeh2 etibarnamə verilmişdir. 29.06.2019-cu il tarixdə həmin avtomobili idarə etmək hüququ olmadan idarə edən Salmanov Cavabdeh3 yol nəqliyyat hadisəsi törədərək İddiaçı məxsus olan “VAZ 21074” markalı, 05BX790 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobili idarə edən sürücü Fazil Quliyevin uşağı X13 “sol dirsək nahiyyəsində sıyrıq və üst dodağın əzilmiş yarası” kimi xəsarət almışdır. X10 avtomobillərin toqquşması nəticəsində xəsarət alması ilə bağlı Ağstafa rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş X7 Ağstafa rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, 29.06.2019-cu il tarixdə təxminən saat 21:30 radələrində o, idarə etdiyi “VAZ 21074” markalı, 05BX790 dövlət qeydiyyat nişanlı avtomobili ilə beş mərtəbə adlanan marketin yaxınlığında Bakı-Qazax avtomobil magistral yolunda Bayraq meydanından üzü Qazax rayon istiqamətinə hərəkət edirdi. Onun 2009-cu il təvəllüdlü övladı X13 arxa oturacaqda oturmuşdu. İdarə etdiyi avtomobilin surəti saatda 60 km olardı. Onun əksinə gələn Mersedes markalı avtomobil sol tərəfə dönmə işığını yandırıb dönmək istəyirdi. Həmin avtomobil yolun boşalmasını gözləyirdi ki, onun və arxa ilə gələn avtomobillər keçdikdən sonra dönsün. Bu vaxt S.Vurğun küçəsində digər 90RO661 dövlət qeydiyyat nişanlı avtomaşın gözləmədən maqistral yola çıxaraq onun idarə etdiyi avtomaşının sağ tərəfindən vurmuş və onun avtomaşını gözləyən Mersedes markalı avtomaşına dəymişdir. O, dərhal avtomaşını saxlamışdır. İdarə etdiyi avtomaşını vuran avtomaşın hadisə yerindən uzaqlaşmış və onun qeydiyyat nömrəsi yola düşmüşdür. Yanında olan azyaşlı oğlu X10 ağzı qanadığı üçün yaxınlıqda yaşayan qonşular onu evlərinə aparıb yardım etmişlər. Sonra Ağstafa rayon YPX-də olmuş hadisə barədə məlumat vermişdir. Ondan sonra polis əməkdaşları hadisə olan yerə gəlmişlər. YPX-nin əməkdaşları hadisə yerinə müayinə keçirdikdən sonra evakutor avtomaşını gətirərək əzilmiş avtomaşınları yoldan götürmüşlər. Oğlu Rəsulun dişi, ağzı qanadığı üçün onu Ağstafa rayon mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan 04 iyul 2019-cu il tarixli aktdan görünür ki, aktı imza edənlər “Servis” kiçik müəssisəsinin direktoru V.Ə.Məmmədov, usta S.N.Şahvələdov, avtomobilin etibarnamə ilə sahibi X11 həmin aktı ondan ötrü tərtib etmişlər ki, “VAZ 21074” markalı, 05BX790 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı yol-qəza hadisəsi nəticəsində avtomobilə dəyən ziyan bazar qiymətlərinə uyğun olaraq 2428 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2019-cu il tarixli, 20195 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Daevoo Nexia” markalı, ** RO *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Salmanov Cavabdeh3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 13.01.2020-ci il tarixli, 04 nömrəli hesabatından görünür ki, avtomobil sağ və sol hissəsində qəzaya uğramış, avtomobilin sağ və sol, arxa və qabaq qapıları, banın sağ və sol dirəkləri əzilmiş və yararsız vəziyyətə düşmüşdür. Qəza zamanı avtomobilin döşəmə və tavan hissəsi deformasiyaya uğramışdır. Avtomobilin mühərriki və salonunda bəzin hissələri zədələnmişdir. Qeyd olunan avtomobil qəza nəticəsində deformasiyaya uğramış bərpasının mümkünsüzlüyünü və səmərəsizliyini nəzərə alaraq ehtiyyat hissəsi kimi qiymətləndirilöə bilər. Ehtiyyat hissəsi kimi bazar dəyəri 1200 manatdır. İş materiallarına əlavə olunmuş “Azərbaycan Respublika Xammal və Əmtəə Birjası"xxxx" MMC-nin 06.03.2020-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, “VAZ 21074” markalı, 05BX790 dövlət qeydiyyat nişanlı avtomobilinin istifadəyə yararlı vəziyyətdə bu günkü günə bazar qiyməti 6500-7100 manat arası dəyişir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “VAZ 21074” markalı, 05BX790 dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüş avtomobilin qalıqlarının dəyəri olan 1200 manat çıxılmaqla, iddiaçıya məxsus avtomobilin dəyəri şərti olaraq 7100 manat qəbul edilməklə, 5900 (7100 – 1200=5900) manat cavabdehlər olan etibarnamə əsasında istifadəçisi olmuş Cavabdeh2 oğlundan və hadisəni törədən Salmanov Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin avtomaşına vurulmuş maddi zərərin Cavabdeh2 də tutulmalı olması barədə gəldiyi nəticəni əsaslı sayır, lakin maddi zərərin məbləği ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Salmanov Cavabdeh3 “Daevoo Nexia” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə edilərkən yol nəqliyyat hadisəsi törətməsi və iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Həmin avtomobil X6 mülkiyyətində olmuş və etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Cavabdeh2 isə həm apellyasiya şikayətində, həm də bundan əvvəlki apellyasiya icraatında verdiyi izahatında avtomobili hadisədən xeyli əvvəl cavabdeh Şəhadət Mehdiyevə nisyə satdığını, ona təhvil verdiyini, lakin sənədləşmə işlərini aparmadığını, avtomobil Cavabdeh3 Salmanova onun tərəfindən deyil, Şəhadət Mehdiyev tərəfindən verildiyini göstərmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh2 onun sahibliyində və istifadəsində olan avtomobili qanuni əsaslar olmadan Şəhadət Mehdiyevin sahibliyinə və istifadəsinə vermiş, bununla da həmin avtomaşının sonradan qanunsuz istifadəsi nəticəsində yarana biləcək hər hansı maddi zərərə görə məsuliyyət daşımışdır. Yol nəqliyyat hadisəsini törədən Cavabdeh3 Salmanovun həmin avtomobildən qanunsuz istifadə etməsinə avtomobilin sahibi Qabil Göyüşovun avtomobili qanunsuz olaraq başqasının sahibliyinə verməsi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunverciliyin qeyd edilən müddəalarından göründüyü kimi, yüksək təhlükə mənbəyinin hüquqazidd olaraq götürülməsində mənbənin qanuni sahibi təqsirli olarsa, məsuliyyət həm məndə sahibinin, həm də yüksək təhlükə mənbəyinə qanunsuz olaraq yiyələnmiş şəxslərin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası, “Daevoo Nexia” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanuni əsasla (etibarnamə üzrə) sahiblik edən fiziki şəxsin Cavabdeh2 olmasını və onun həmin avtomobili qanunsuz olaraq başqasının sahibliyinə verməsi nəticəsində yüksək təhlükə mənbəyinin zərər vurduğunu, buna görə onun da məsuliyyət daşıdığını nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin avtomaşına vurulmuş maddi zərərin məbləği ilə bağlı gəldiyi nəticəni əsaslı saymır. Belə ki, birinci instansiya məhkəməsi vurulmuş zərərin məbləğini avtomobilin istifadəyə yararsız vəziyyətə düşməsi ilə əsaslandıraraq, həmin avtomobilin qalıqlarının dəyəri kimi 1200 manat çıxılmaqla, avtomobilin dəyəri olan 7100 manat qəbul edilməklə, 5900 (7100- 1200=5900) manatın cavabdehlər Cavabdeh2 və Salmanov Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Ali Məhkəmənin qərarındakı göstərişə əsasən təkrar apellyasiya baxışı zamanı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli 9/4288 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “Servis” KM-nin 04.07.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2228 manat müəyyən edilir. 2007-ci il buraxılışlı “VAZ 21074” markalı normal vəziyyətdə saxlanılmış avtomobilin hadisə baş verən tarixə orta bazar qiyməti təxminən 6000 manat, qəzadan sonra (qəzalı vəziyyətdə) qalıq qiymət təxminən 4500 manat müəyyən edilir. Göründüyü kimi ekspert rəyi ilə həmin avtomobilin təmir bərpa yolu ilə istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür və 2007-ci il buraxılışlı “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2228 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulan maddi zərərin məbləği 2228 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-303/2020 saylı qətnaməsi iddiaçının xeyrinə tutulan maddi zərərin məbləği hissəsində ləğv edilməli, iddiaçının xeyrinə tutulan maddi zərərin məbləği 2228 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 303/2020 saylı qətnaməsi iddiaçının xeyrinə tutulan maddi zərərin məbləği hissəsində ləğv edilsin. İddiaçı xeyrinə tutulan maddi zərərin məbləği 2228 (iki min iki yüz iyirmi səkkiz) manat müəyyən edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar