Məhkəmə qərarları › İş №2(103)-4955/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4955/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4955/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 300.000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 9750 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 15.000 manat məbləğində əldən çıxmış faydanın, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 164.250 manat cərimənin, 10.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 499.041 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən yəni İddiaçı borc alana yəni Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir, borc alan həmin məbləği müqavilə təsdiq olunduğu vaxtdan 15.01.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilədə göstərilən məbləğdə borc pul borc alanın arzusu ilə 15.01.2015-ci il tarixədək qaytarıla bilərdi. Kredit müqaviləsi hər iki tərəfin imzası ilə təsdiqlənmiş, 300.000 manat borc pul notariat kontorunda notarius Cavabdeh təhvil verilmişdir. Kredit müqaviləsinin qeyd hissəsində göstərilir ki, borc olaraq alınmışdır və qaytarılarkən tərəflər bir-birinə qəbz verə bilər. İddia ərizəsinə əlavə olunan kredit müqaviləsindən də göründüyü kimi borc məbləğ 15.01.2015ci il tarixdən başlayaraq qaytarılmalı idi. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə iddiaçıdan aldığı borc pulu bu günə kimi qaytarmamışdır, göründüyü kimi, cavabdeh iddiaçını aldatmış, onun əmlakını mənimsəmişdir. İddiaçı hazırda cavabdehin qanunsuz sahibliyində olan əmlakını, yəni 300.000 manat pulunu tələb edir, cavabdehdən pulunu dəfələrlə tələb etmiş, cavabdeh pulu ödəməkdən yayınmış, pulu verəcəyini bildirsə də bu günə qədər verməmişdir. İddiaçının cavabdehdən borc pulu almaq cəhdləri baş tutmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, hesab edir ki, 300000 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsinin 1-ci bəndində göstərilir ki, “borc alan” götürdüyü krediti müqavilədə göstərilən müddətdə qaytarmazsa, hər bir günə görə “borc verən”ə 0,15% miqdarında ödəyir. Göründüyü kimi müqaviləyə əsasən cavabdeh iddiaçıya 15.01.2015-ci il tarixindən 15.01.2016-ci ilədək 300.000 x 0,15% = 450 (1 günə), cəmisi 450 x 365=164 250 hesablanmış cərimə də ödənilməlidir. Ona görə də, onlara vaxtında işlədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş 164.250 manat cərimə də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Əgər iddiaçı həmin məbləği keçən ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. İddia ərizəsinə əlavə olunmuş mərkəzi bankın rəsmi internet səhifəsinin çıxarışdan müəyyən ki, bank uçot dərəcəsi 30.07.2014-cü il tarixində 3.5 %, 13.07.2015-ci il tarixində isə 3 faiz olmuşdur. 2014-2015-ci illərə görə orta faiz dərəcəsi 3.25 % olmuşdur. Ona görə borc ödənilmədiyi üçün cavabdehdən hesablanmış illik 3,25 faiz bank uçot dərəcəsi kimi 9750 manat pul da tutularaq iddiaçıya ödənilməlidir. Hesab edir ki, 300.000 manat pul üçün illik yəni 15 000 manat (300 000 x 5%) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə cavabdeh iddiaçının pulunu qaytarmamaqla və onu aldatmaqla iddiaçının əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur ki, iddiaçıya 10.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Belə ki, 300.000 pul böyük məbləğdə puldur və həmin pulun iddiaçıya vaxtında qaytarılmaması iddiaçını çətin vəziyyətə salmışdır. Belə ki, iddiaçı həmin pula bəzi təsərrüfat və sair xərclərini ödəmək istəmiş, lakin cavabdehin həmin pulu qaytarmaması nəticəsində bu mümkün olmamışdır. İddiaçı cavabdehə verdiyi borc pulu ala bilmədiyi üçün iddiaçı əsəb sarsıntısı keçirmiş, səhhəti pisləşmişdir. Odur ki, iddiaçı məcburiyyət qarşısında qalaraq başqa şəxslərdən borc almışdır. Göründüyü kimi, cavabdeh iddiaçını həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətdə qoymuşdur. Ona görə də cavabdeh tərəfindən iddiaçıya vurulmuş həmin 10.000 manat mənəvi zərər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 24.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 300.000 manat məbləğində əsas borcun, həmin müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 301.500 manat məbləğində pulu, hesablanmış 21.420 manat məbləğində bank uçot dərəcəsinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 30.000 manat məbləğində əldən çıxmış faydanın, 10.000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 662.961 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)- 8566/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 300.000 manat məbləğində əsas borc, bank uçot dərəcəsi kimi hesablanmış 21420 manat pul, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 3000 manat cərimə, 30 manat dövlət rüsumu, 11 manat məhkəmə xərci, cəmi 324.461 manat pul İddiaçı xeyrinə tulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən borc məbləğinin bir hissəsinin, yəni 100.000 manat məbləğində pulun Əbdürəhmanov Məhəmməd vasitəsi ilə iddiaçıya çatdırılması işin əhəmiyyətli hallarından biri olsa da, məhkəmə tərəfindən sözügedən şəxs Əbdürəhmanov Məhəmməd bu və ya digər formada işə cəlb edilməmiş, məhkəmə tərəfindən onun ifadəsi dinlənilməmişdir. Buna görə də, hesab edir ki, iş üzrə əhəmiyyətli olan halları təstiq etmək üçün adıçəkilən şəxsin Əbdürəhmanov Məhəmmədin şahid kimi dindirilməsinə zərurət vardır. Bundan başqa iddiaçının iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlar bir-birinə ziddir. İddiaçı tərəfindən faiz borcu və cərimənin məbləği düzgün hesablanmamışdır. Hesablanmış 3.000 manat məbləğində cərimə pulu qanunsuz və qeyri-mütənasib təyin edilmişdir. Bu səbəbdən də həmin cərimə borcunun tamam silinməsi müəyyən edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Cavabdeh 24.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı qarşısındakı pul öhdəliyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1ci mərtəbəsində yerləşən 167 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin verilməsi ilə yerinə yetirilmişdir və iddiaçı bunu qəbul etmişdir. Bu səbəbdən Cavabdeh iddiaçı qarşısında hər-hansı borcundan söhbət gedə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2020-ci il tarixli, 2(103)-1820/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-529/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1820/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı ilə hüquqlarını müdafiə etdiyi şəxs arasında borc münasibətləri olmuş, lakin həmin borc qaytarılmışdır. Belə ki, Cavabdeh iddiaçıya olan borcundan müxtəlif vaxtlarda ödənişlər etməklə yanaşı, borcunun əvəzinə qeyri-yaşayış sahəsi də iddiaçıya verilmişdir. Borcun məbləğindən dəfələrlə artıq dəyərdə olan əmlakla əvəzləşdirilməsi məsələsinə gəldikdə isə bu tərəflərin razılığı ilə baş tutmuş, lakin bu formada razılığa gəlmələrinin zərurəti barədə məlumatı yoxdur, həmçinin hansı səbəbdən kreditor İddiaçı öhdəliyin tam icrasına dair sənəd alınmaması həmin dövrdə tərəflər arasında etibarlı münasibətlərin olması səbəbindən irəli gələ bilər. Həmçinin 100000 manat borcun isə nə vaxt ödənilməsi, Digər tərəfdən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Fehruzə xanımın oğlu Elnurla, iddiaçı arasında hər hansı borc münasibətlərinin olub-olmamasından məlumatı yoxdur. Bundan başqa birinci instansiya məhkəməsinin baxışı zamanı verdiyi izahatında iddia tələbini 200.000 manat hissədə qəbul etməsinə gəldikdə isə, bu barədə sübutları olmadığından elə bir izahat vermiş, lakin araşdırma apardıqdan sonra apellyasiya şikayətinə lazımi sübutlarını əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, Peqas LTD MMC ilə hüquqlarını müdafiə etdiyi şəxs arasında olan məhkəmə mübahisəsində iştirak etməmiş və cavabdehin istinad etdiyi qeyriyaşayış sahəsinə dair iddiaçı tərəfindən hər hansı ödəniş olub-olmamasından, tərəflər arasında hansı haqq-hesabın olmasından, MTK-ya iddiaçı tərəfindən pul ödənilibödənilməməsindən, qeyri-yaşayış sahəsinin hansı qiymətə alınıb və ya alınmamasından, həmçinin hüquqlarını müdafiə etdiyi şəxslə Elnur Xasiyev arasında hər hansı borc münasibətlərinin olub-olmamasından, ümumiyyətlə işin faktiki hallarından məlumatı yoxdur. Lakin sənədlərlə müəyyən edilir ki, iddiaçı adıçəkilən MMC-yə müqavilə üzrə ödənişlər edilib və bu barədə kassa mədaxil orderi mövcuddur. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “ iş materiallarında sözügedən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən X1 dair 27.02.2007-ci il tarixli müqavilənin, habelə dəyəri 835.000 kimi qeyd olunan qeyri-yaşayış sahəsinin İddiaçı adına keçirilməsi barədə F.Ömərovanın ərizəsinin surətləri vardır. Həmin ərizədə F.Ömərova, oğlu Elnur Xasiyevin dostu Cavabdeh İddiaçı olan 300.000 manat borc müqaviləsi bağlamasını da qeyd etmişdir. Bununla belə Kollegiya hesab edir ki, qeyd edilən sənədlərin surəti bu iş üzrə borcun əvəzləşdirilməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Ona görə ki, əvvəla, qeyri-yaşayış sahəsi 24.10.2014-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. Sahə ilə bağlı adları çəkilən tərəflər arasında məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin 12.03.2019-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiqlənməklə xitam verilmişdir. Sazişə əsasən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində qalması "xxxx" MMC tərəfindən tanınmışdır. Lakin nə barışıq sazişində, nə də məhkəmə qərarında sözügedən sahənin iddiaçıya məhz bu iş üzrə kredit borcunun əvəzində verilməsi haqqında məlumat yoxdur. Əksinə məhkəmə qərarından görünür ki, "xxxx" MMC, daha əvvəl (27.02.2007-ci il tarixli müqaviləyə əsasən) Fehruzə Ömərovaya məxsus olmuş qeyri yaşayış sahəsinin oğlu X8 Baharova olan 835.000 manat borcunun müqabilində sonuncunun adına rəsmiləşdirildiyini bildirmişdir. Cavabdeh tərəf hansı səbəbdən barışıq sazişində və məhkəmə qərarında özünün adına və borcuna istinad olunmamasını izah edə bilməmişdir. İkincisi, qeyri-yaşayış sahəsinin dəyəri Fehruzə Ömrəovanın müqaviləsində 14.000 manat, həmin sahə Cavabdeh borcuna görə iddiaçıya verildikdə isə 835.000 manat göstərilmişdir. Bu məbləğlər arasındakı əhəmiyyətli fərqin səbəbi, hətta daşınmaz əşyanın həqiqi qiyməti 835.000 manat olsa belə, onun hansı səbəbdən təxminən üç dəfə aşağı məbləğdə olan 300.000 manatlıq borcun əvəzində iddiaçıya verilməsi aydınlaşdırılmamışdır. Üstəlik cavabdeh rayon məhkəməsində iddiaçıya əlavə olaraq 100.000 manat da ödədiyini bildirmişdir. Üçüncüsü, əgər Cavabdeh 300.000 manatlıq borcu Fehruzə Ömərovanın ərizəsi ilə İddiaçı qeyri-yaşayış sahəsi verilməklə ödənilirdisə hansı səbəbdən kreditor İddiaçı öhdəliyin tam icrasına dair sənəd alınmaması, əksinə Cavabdeh 300.000 manatlıq borc almasına dair İddiaçı notarial kredit müqaviləsi verməsi ağlabatan dəlillərlə izah olunmamışdır. Dördüncüsü, əgər cavabdehin borcu sözügedən qeyri-yaşayış sahəsinin 2014-cü ildə iddiaçıya verilməsi ilə (əvəzləşdirilməklə) ödənilmişdisə, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin 23.11.2016-cı ildə verdiyi izahatında iddia tələbini 200.000 manat hissədə qəbul etməsinin səbəbi aydınlaşdırılmamış, həmin etirafa lazımi hüquqi qiymət verilməmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşin mübahisəsiz hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri vardır. Belə ki, 24.10.2014-cü il tarixli kredit müqaviləsi ilə Baharov X4 Emin Vaqif oğluna 15.01.2015-ci il müddətinədək 300.000 manat borc vermişdir. Cavabdeh isə bildirir ki, onun 24.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı qarşısındakı pul öhdəliyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin verilməsi ilə yerinə yetirilmişdir və iddiaçı bunu qəbul etmişdir. Bu barədə iş materiallarında sözügedən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən X2 dair 27.02.2007-ci il tarixli müqavilənin, habelə dəyəri 835.000 kimi qeyd olunan qeyri-yaşayış sahəsinin İddiaçı adına keçirilməsi barədə F.Ömərovanın ərizəsinin surətləri vardır. Qeyd olunan halların araşdırılması baxımından təkrar apellyasiya baxışı zamanı İddiaçıla Peqas LTD MMC arasında olan "xxxx" tələbinə dair mülki iş Yasamal rayon Məhkəməsindən tələb edilmişdir. Eləcə də Peqas LTD MMC-yə sorğu verilərək, MMC-ilə F.Ömərova arasında bağlanmış müqavilənin, kassa mədaxil orderinin, F.Ömərovanın MMC-nin direktoru M.Əliyevin adına ünvanladığı ərizənin əsillərinin və müvafiq qaydada təsdiq edilmiş surətinin təqdim edilməsi tələb edilmişdir. Həmin mülki işin materiallarından, eləcə də Peqas LTD MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasında qeyriyaşayış sahəsinin satışı haqqında 27.02.2007-ci il tarixli müqavilə ilə ümumi sahəsi 166,50 kv.m olan qeyri-yaşayış sahəsi Fehruzə Ömərovaya satılmışdır. Fehruzə Ömərovanın "xxxx" MMC-yə ünvanladığı 24 oktyabr 2014-cü il tarixli ərizəsindən görünür ki, F.Ömərova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin oğlu Elnur Xasıyevin dostu Cavabdeh İddiaçı olan 300.000 manat borcunun əvəzində İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. "xxxx" ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli müqaviləyə əsasən mübahisəli qeyriyaşayış sahəsi MTK tərəfindən İddiaçı 835000 manata satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1536/2019 saylı qərardadı ilə İddiaçı "xxxx" MTK-ya qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə tərəflər arasında bağlanmış barışıq müqaviləsinin təsdiqlənməsi ilə xitam verilmişdir. Həmin barışıq müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138- 3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində saxlanılmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri vardır. Belə ki, iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə cavabdehə 15.01.2015-ci ilədək qaytarmaq şərtilə 300.000 manat məbləğində borc vermişdir. Həmin borcun əvəzində də Fehruzə Ömərova öz mülkiyyətində olan qeyriyaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə ərizə ilə "xxxx" MTK-yə müraciət etmişdir. Bundan sonra İddiaçıla "xxxx" MTK arasında məhkəmə mübahisəsi olmuşdur. Sonda tərəflər arasında barışıq baş tutmuş və həmin barışıq müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində saxlanılmışdır. Digər tərəfdən iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri baxımından cavabdeh və onun vəkilinin ziddiyyətli izahatlarına da təkrar apellyasiya baxışı zamanı aydınlıq gətirilmişdir. Belə ki, cavabdehin vəkili - sübutları olmadığından birinci instansiya məhkəməsinin baxışı zamanı verdiyi izahatında iddia tələbinin 200.000 manat hissədə qəbul etməsi barədə izahat verdiyini, lakin araşdırma apardıqdan sonra apellyasiya şikayətinə lazımi sübutlarını əlavə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfə verilmiş suallara cavab olaraq iddiaçının vəkili bildirmişdir ki, cavabdehin istinad etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı tərəfindən hər hansı ödəniş olub-olmamasından, tərəflər arasında hansı haqq-hesabın olmasından, MTK-ya iddiaçı tərəfindən pul ödənilibödənilməməsindən, qeyri-yaşayış sahəsinin hansı qiymətə alınıb və ya alınmamasından, həmçinin hüquqlarını müdafiə etdiyi şəxslə Elnur Xasiyev arasında hər hansı borc münasibətlərinin olub-olmamasından, ümumiyyətlə işin faktiki hallarından məlumatı yoxdur. Lakin sənədlərlə müəyyən edilir ki, iddiaçı adıçəkilən MMC-yə müqavilə üzrə ödənişlər edilib və bu barədə kassa mədaxil orderi mövcuddur. İşin faktiki hallarından göründüyü kimi Fehruzə Ömərova məhz hazırki iş üzrə cavabdehin İddiaçı olan borcunun qarşılığında özünə məxsus qeyri-yaşayış sahəsinin sonuncunun adına rəsmiləşdirilməsinə etiraz etməmiş və bunun nəticəsi kimi də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətində saxlanılmışdır. Bundan başqa İddiaçıla Peqas LTD MMC arasında olan "xxxx" tələbinə dair mülki iş üzrə apellyasiya şikayətində göstərilmişdir ki, qeyri-yaşayış sahəsi ilkin olaraq F.Ömərovaya satılmış, sonuncunun oğlu Elnur Xasiyevin iddiaçıya – İddiaçı olan 835.000 manat borcunun müqabilində onun adına rəsmiləşdirilmiş, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi sübuta yetirilməmiş, habelə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilmişdir. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri baxımından adıçəkilən iş üzrə qeyd olunanlara münasibətdə bildirir ki, iddiaçı tərəf təkrar apellyasiya baxışı zamanı Elnur Xasiyevlə onun arasında olan borc münasibətləri barədə hər hansı mötəbər sübut təqdim etməmiş, həmin hallar məhkəmə araşdırması zamanı isə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfin vəkilinə bu barədə verilmiş suallara cavab olaraq bildirilmişdir ki, cavabdehin istinad etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı tərəfindən hər hansı ödəniş olub-olmamasından, həmçinin hüquqlarını müdafiə etdiyi şəxslə Elnur Xasiyev arasında hər hansı borc münasibətlərinin olub-olmamasından məlumatı yoxdur. Göründüyü kimi İddiaçıla Peqas LTD MMC arasında olan "xxxx" tələbinə dair mülki işdə MMC tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan - F.Ömərovanın oğlu Elnur Xasiyevin iddiaçıya olan 835.000 manat borcunun müqabilində İddiaçı adına rəsmiləşdirilməsi barədə göstərilənlər yanlış məlumat olmuş, həmin hallar öz təsdiqini tapmamışdır və sübutlara əsaslanmayan həmin qeyd olunanlar E.Xasiyevlə İddiaçı arasında olan borc münasibətlərinin olmasını ehtiva etmir. Bunun əksi olaraq isə yuxarıda qeyd edildiyi kimi təqdim edilmiş sübutlarla eləcə də təkrar apellyasiya baxışı zamanı tədqiq edilmiş mülki işin materiallarından açıq-aydın görünür ki, Fehruzə Ömərova məhz hazırki iş üzrə cavabdehin İddiaçı olan borcunun qarşılığında özünə məxsus qeyri-yaşayış sahəsinin sonuncunun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası iş üzrə yuxarı yuxarı instansiya məhkəməsinin göstərişlərinin araşdırılması istiqamətində cavabdehin vəkili təkrar apellyasiya baxışı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, “borcun məbləğindən dəfələrlə artıq dəyərdə olan əmlakla əvəzləşdirilməsi məsələsinə gəldikdə isə bu tərəflərin razılığı ilə baş tutmuş, lakin bu formada razılığa gəlmələrinin zərurəti barədə məlumatı yoxdur”. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh iddiaçıya olan borcuna münasibətdə daha yüksək olması məhz tərəflərin iradə ifadəsinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsaslanaraq müqavilə şərtlərini sərbəst şəkildə qoymaqla qeyri-yaşayış sahəsi borcun əvəzində iddiaçıya verilmişdir. Digər tərəfdən cavabdehin vəkili apellyasiya baxışı zamanı hansı səbəbdən kreditor İddiaçı öhdəliyin tam icrasına dair sənəd alınmamasının həmin dövrdə tərəflər arasında etibarlı münasibətlərin olması səbəbindən irəli gələ biləcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası izahatın bu hissəsinə münasibətdə qeyd edir ki, 835000 manat dəyərində qeyri-yaşayış sahəsinin F.Ömərova tərəfindən İddiaçı adına rəsmiləşdirilməsi barədə ərizə yazması məhz tərəflər arasında etibarlı münasibətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən həmçinin qeyd edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməklə hüquqdan sui-istifadə etmişdir. Belə ki, qeyd olunanlara əsasən Cavabdeh iddiaçıya olan borcu qeyri-yaşayış sahəsi ilə əvəzlənmiş, həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçmiş, lakin, iddiaçı əsassız olaraq yenidən həmin borcu tələb etməklə məhz hüquqdan sui-istifadə etmişdir. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərini araşdıraraq işin qeyd olunan hallarına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya olan borcu "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, birinci mərtəbəsində yerləşən 167 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi ilə əvəzləşdirildiyindən cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi qalmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddia tələbini qismən təmin edilməsi barədə səhv nəticəyə gəldiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə tam ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.11.2016-cı il tarixli, 2(005)- 8566/2016 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh 24.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 300.000 manat məbləğində əsas borcun, həmin müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 301.500 manat məbləğində pulu, hesablanmış 21.420 manat məbləğində bank uçot dərəcəsinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 30.000 manat məbləğində əldən çıxmış faydanın, 10.000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 662.961 manat pulun onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddia verilməsi üçün ödənilmiş və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar