Məhkəmə qərarları › İş №2(103)-4956/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4956/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4956/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Rövşən oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4956/2024 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 21.480 manat, dəymiş zərər nəticəsində avtomobilin əmtəə dəyərindən düşməsinə görə 10.000 manat pulun və ödənilmiş 185 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində İddiaçı idarə etdiyi özünə məxsus olan “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu Atatürk prsopektində üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 60 km sürətlə sağdan iki və üçüncü zolaqlar arasında hərəkətdə olarkən Nərimanov rayon Kral Hüseyn küçəsinin kəsişməsində sonradan adını bildiyi Cavabdeh idarə etdiyi özünə məxsus “Toyota Camry” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh məcburi sola dönməli olduğu halda yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozmaqla düzünə hərəkət etmişdir. Hadisənin baş verməsində Cavabdeh təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə böyük miqdarda ziyan dəymişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərərin miqdarı 26.480 manat hesablanmışdır. Hesablanmış zərərin 5.000 manatı Cavabdeh icbari sığortası tərəfindən İddiaçı ödənilmişdir. Qalan 21.480 manat isə cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Odur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğini "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə uyğun olaraq 26.480 manat müəyyən edilməsini, ödənilmiş 5.000 manatı sığorta ödənişi çıxıldıqdan sonra qalan 21.480 manat maddi zərərin, avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə 10.000 manat vəsaitin və ödənilmiş 185 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan “X8” markalı, 2020- ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 7.050 manat (dəymiş 12.050 manat zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 7.050 manat), avtomobilin əmtəə dəyərindən düşməsinə görə 2.200 manat və ödənilmiş 185 manat dövlət rüsumu olmaqla, cəmi 9.435 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməaraşdırılması zamanı iş üzrə əmlaka dəyən ziyanın müəyyən edilməsi üçün iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Hər iki ekspert rəyində əmlaka dəyən ziyan təqdim edilmiş qüsur aktlarına əsasən müəyyən edilmişdir. Məhkəmə əsassız olaraq cavabdeh tərəfindən 8 ay sonra avtomobilə baxış keçirilmədən tərtib edilmiş saxta qüsur aktına əsaslanmışdır. Halbuki iş materiallarında yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh tərəfin sığorta şirkəti tərəfindən qüsur aktı tərtib edilmiş, bundan başqa, cavabdeh tərəfin təkidi ilə xx.xx.2023-cü il tarixdə avtomobilə baxış keçirilməklə “My auto Service” tərəfindən qüsur aktı tərtib edilmişdir. Bundan başqa, hər iki rəylə əmlaka dəyən ziyan 20839 manat müəyyən edilməsinə baxmayaraq məhkəmə guya avtomobilin ancaq qabağ tərəfinə zərər dəyilməsi qənaətinə gələrək dəymiş ziyanı 12.050 manat müəyyən etmiş, halbuki iş materiallarında mövcud olan qüsur aktlarından görünür ki, avtomobilin nəinki qabaq, həmçinin bütün şassisi sıradan çıxmışdır. Məhkəmə, ümumiyyətlə, nəyə görə 1-ci ekspert rəyinə əsaslanmadığını, ancaq 2-ci rəydə ümumi formada bütün aktlar üzrə verilmiş rəydə olan ən aşağı qiymətə əsaslandığını öz qərarında göstərməmişdir. Halbuki həmin qüsur aktının mötəbərliyi sual altındadır.

7. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dövlət rüsumunun tutulması və avtomobilin əmtəə dəyərinin düşməsi hissəsində qismən ləğv edilməsini və həmin hissədə tələbin təmin edilməməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən göründüyü kimi iddia qismən təmin edilmişdir. Qeyd olunan maddəyə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Buna baxmayaraq məhkəmə cavabdehdən məhkəmə xərclərini iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib deyil, tam təmin edilmiş hissəsinə uyğun hesablamışdır. İddia tələbi avtomobilin əmtəə dəyərinin düşməsi hissəsində əsassız olduğundan rədd edilməli və həmin hissədə təmin edilməməli idi. Belə ki, idiaçı iddia tələbində buraxılış ili onun avtoimobili ilə eyni olan “X8” markalı avtomobilin dəyərinin “turbo.az” avtomobil saytında 55.000 mаnаtdаn aşağı olmamasını qeyd edərək, avtomobilə dəymiş zərər nəticəsində avtomobilin əmtəə dəyərindən 10.000 manat düşməsini göstərir. Bu zaman iddia tələbində özünə, yəni İddiaçı məxsus olan “X8” markalı, ban 4T1C31AK6LU544148 olan, 2020-ci il buraxılışlı, 99 CR100 dövlət qeydiyyat nişanlı avtomobilin ABŞ bazarından xx.xx.2021- ci il tarixdə hərrac vasitəsilə 12.050 ABŞ dollarına alınması zamanı onun qabaq və arxa hissələrindən qəzalı vəziyyətdə olmasını məhkəməyə bildirməmişdir. Bu fakt məhkəmə tərəfindən təsdiq edilmişdir. Məhkəmə İddiaçı məxsus olan “X8” markalı, ban 4T1C31AK6LU544148 olan, 2020-ciil buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərini hesablayarkən normal vəziyyətdə saxlanılmış “X8” markalı, 2020-ci il buraxılışlı avtomobili nəzərə alaraq bazar dəyəri hesablamışdır. Lakin İddiaçı məxsus olan “X8” markalı, ban 4T1C31AK6LU544148 olan, 2020-ciil buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil normal vəziyyətdə saxlanılmamış, ABŞ bazarından xx.xx.2021-ci il tarixdə hərrac vasitəsilə 12.050 ABŞ dollarına alınması zamanı qabaq və arxa hissələrindən qəzalı vəziyyətdə olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili onlar tərəfindən verilmiş şikayətin təmin olunması, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili onlar tərəfindən verilmiş şikayətin təmin olunması, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir

17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırda qətnaməni hər iki tərəf mübahisələndirdiyindən apellyasiya baxışının predmetini onun bütövlükdə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün seçsə də, işin faktiki hallarını tam dəyərləndirməmiş və iddiaçının xeyrinə tutulmalı olan məbləği doğru müəyyənləşdirməmişdir.

26. Belə ki, iş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. 27 Bakı şəhəri Nərimanov RPİ İŞ-nin müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı YNH-si zamanı xəsarət alması və idarə etdiyi avtomobilə maddi zərər dəyməsi faktı əsasında Bakı şəhəri Nərimanov RPİ HK-1-də xx.xx.2023-cü il tarixdə 179 nömrə ilə qeydə alınaraq toplanmış material üzrə qərarın təsviri hissəsində qeyd edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı idarə etdiyi “X8” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “MY Auto Service”nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X8” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 22.838,50 manat ziyan dəymişdir.

28. Müstəqil sığorta eksperti - "xxxx" MMC-nin "xxxx" ASC-nin sifarişi əsasında verdiyi xx.xx.2023-cü il tarixli 01/02-407AZS nömrəli müstəqil ekspert rəyindən müəyyən edilir ki, İddiaçı məxsus olan “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına 21.800 manat, işçilik haqqı 4.680 manat olmaqla, cəmi 26.480 manat vəsait tələb olunur.

29. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-03 nömrəli qərarı ilə təsdiq edilmiş “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan və xx.xx.2023cü il tarixli 257171 nömrəli məlumatdan müəyyən edilir ki, Hərimanov RPŞ DYPŞ bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində “Toyota Camry” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirlidir. Toqquşma hadisəsi nəticəsində zərərçəkmiş şəxs İddiaçı məxsus olan “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Avtomobilin hadisədən sonra çəkilmiş fotoşəkilləri iş materiallarına əlavə edilmişdir.

30. İddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi “X7” MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli PSO09633 nömrəli hesabda göstərilmişdir ki, ehtiyat hissələrinin dəyəri 15.543,76 manat təşkil edir.

31. Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi “Best auto servise” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında “Toyota Camry” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddə zərərin məbləği ehtiyat hissələrinin alınması üçün 8090 manat, görüləcək təmir işlərinin xərci kimi 3960 manat olmaqla, cəmi 12.050 manat göstərilmişdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7020 nömrəli ekspert rəyində göstərilir ki, 1, 2, 3 və 4-cü suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.639,0 manat müəyyən edilir. “X8” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir. Beləliklə, 2020-ci il buraxılışlı “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş ziyanın məbləği təxminən 20.839,0 manat müəyyən olunur.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli 9/306-8/161 nömrəli ekspert rəyində göstərilir ki, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğundan onun əzilən və ya sıradan çıxmış hissələrini müəyyən etmək mümkün deyil. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sualları üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.639,0 manat müəyyən edilir. “Best Auto Service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.510,0 manat müəyyən edilir. “My auto Service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.110,0 manat müəyyən edilir.”X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.673,0 manat müəyyən edilir. “X8” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir. “X8” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir.

34. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

37. İş materiallarından da göründüyü kimi xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində İddiaçı idarə etdiyi özünə məxsus olan avtomobillə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi özünə məxsus avtomobillə toqquşmuşdur. Hadisənin baş verməsində Cavabdeh təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə böyük miqdarda ziyan dəymişdir.

38. Hazırda hər iki tərəfin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh tərəfindən idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədilərək iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması işin mübahisəsiz halı olmaqla heç bir tərəf bunu təkzib etməmiş, sadəcə həmin zərərin məbləği ilə müvafiq olaraq öz mövqelərinə əsasən razılaşmadıqlarını bildirmişlər.

39. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsinə dair iş materiallarında bir neçə rəy və qüsur aktları mövcuddur.

42. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən bildirmişdir ki, normal vəziyyətdə olan 2020-ci il buraxılışlı, “X8” markalı avtomobilin turbo.az saytından elanda olan satış qiymətləri 40.000-45.000 manat arasında dəyişir. İddiaçı bildirir ki, “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilini qəzalı vəziyyətdə 25.000 manata satmışdır və cavabdehin icbari sığotası tərəfindən ona 5.000 manat sığorta ödənişi verilmişdir. Yəni, ümumilikdə iddiaçıya məxsus olan avtomobilin dəyərinin 30.000 manatı qarşılanmışdır. Hadisə zamanı iddiaçıya məxsus olan avtomobilin yalnız qabaq hissəsinə zədə dəydiyinə görə, məhkəmə “Best auto servise” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin alınması üçün tələb olunan 8090 manat, görüləcək təmir işlərinin xərci kimi 3.960 manat olmaqla, cəmi 12.050 manat olmasını real və ağlabatan zərər hesab edir.

43. Lakin birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutların məcmu şəkildə dəyərləndirilməsini düzgün aparmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, ondan qısa müddət sonra, yəni hələ avtomobil təmir edilərək əvvəlki vəziyyətinə qaytarılmamışdan öncə ona dəymiş zərərin müəyyən olunması məqsədilə “MY Auto Service” tərəfindən qiymətləndirmə aparılmış və xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X8” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı 22.838,50 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən fakt öz əksini Bakı şəhəri Nərimanov RPİ HK-1-də xx.xx.2023-cü il tarixdə 179 nömrə ilə qeydə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da tapmış, həmin qərar, o cümlədən qərarda dəymiş zərərin miqdarı ilə bağlı müəyyən olunan hal hər hansı formada mübahisələndirilməmişdir.

44. Halbuki bundan sonra istər tərəflərin təqdim etdiyi qüsur aktlarında, istərsə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarında avtomobilə baxış keçirilməmiş və buna görə də qiymətləndirnə nəzəri hesablama yolu ilə aparılmışdır.

45. Bundan əlavə “Best auto servise” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, həmin akt müstəqil araşdırma aparılaraq tərtib olunmuş bir mütəxəssis rəyi olmamaqla birlikdə sadəcə sözügedən markalı avtomobilin ehtiyat hissələrinin ayrılıqda qiymətini əks etdirir və real yol-nəqliyyat hadisəsinin nəticəsində dəymiş zərərin qiymətləndirilməsini özündə ehtiva etmir.

46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə bir-birini təkzib edən bir neçə akt və rəy olduğundan və onlardan yalnız “MY Auto Service” tərəfindən aparılmış tədqiqat avtomobil təmir olunmamışdan öncə real zərəri qiymətləndirməklə aprarıldığından, iddiaçıya dəymiş zərərin hesablanması həmin akta əsasən müəyyən edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli 9/306-8/161 nömrəli ekspert rəyində göstərilir ki, “My auto Service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X8” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir - bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.110,0 manat müəyyən edilir.

47. Beləliklə, kollegiya iş üzrə mövcud olan bütün sübutları məcmu halında qiymətləndirirərək hesab edir ki, hazırda iddiaçıya məxsus avtomobilə dəymiş zərərin qiyməti “MY Auto Service” tərəfindən aparılmış tədqiqat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/306-8/161 nömrəli ekspert rəyi nəzərə alınmaqla avtomobilin təmir - bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilərək 18.110 manat həcmində müəyyən edilməlidir.

48. Daha sonra işin hallarından göründüyü kimi, hesablanmış zərərin 5.000 manatı Cavabdeh icbari sığortası tərəfindən İddiaçı ödənilmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək avtomobilə dəymiş zərər məbləği olan 18.110 manat puldan ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 13.110 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddiaçının apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə və cavabdehin şikayəti həmin hissədə təmin edilməməlidir.

49. Kollegiya cavabdehin iddianın avtomobilin əmtəə dəyərinin düşməsi hissəsində əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, hamıya məlum olan haldır ki, qəzaya düşmüş avtomobillə heç vaxt zədəyə məruz qalmamış və ya əvvəllər daha yüngül zədəyə məruz qalmış avtomobilin əmtəə dəyəri arasında fərqin mövcud ola bilməsi gözləniləndir və bu cür avtomobillərin bazardakı satış qiymətləri də müxtəlif ola bilər. İş üzrə keçirilmiş ekspert tədqiqatlarında da qeyd edilmişdir ki, avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir.

50. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları ilə avtomobilin əmtəə dəyərinin 2200 manat məbləğində düşməsi təsbit olunduğundan və qeyd edilən hal cavabdeh tərəfindən hansısa mötəbər sübutlarla təkzib edilmədiyindən apellyasiya şikayəti göstərilən hissədə də əsassız olmaqla təmin edilməməlidir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi isə iddianın təmin olunan hissəsində dəyişdirilməli, dəymiş zərər məbləği olan 18.110 manat puldan ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 13.110 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

52. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq MPM-in tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxladığından ödənilmiş dövlət rüsumlarının tutulması ilə bağlı hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 185 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 88,88 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun 44,64 manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

59. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği də onun özünə aid edilməlidir.

60. O cümlədən birinci instansiya məhkəməsi tərəfindən keçirilən 2 ekspertiza tədqiqatının dəyəri olan 50 manat və 50 manat, ümumilikdə 100 manat məbləğində vəsaitin, 48 manat hissəsi cavabdehdən, qalan 52 manat hissəsi isə iddiaçıdan tutulmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində, yəni İddiaçı məxsus olan “X8” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği hissəsində dəyişdirilsin, dəymiş maddi zərərin məbləği 13.110 (on üç min yüz on) manat müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 185 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 88,88 (səksən səkkiz manat səksən səkkiz qəpik) manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun 44,64 (qırx dörd manat altmış dörd qəpik) manat olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən 2 ekspertiza tədqiqatının dəyəri olan 50 manat və 50 manat, ümumilikdə 100 manat məbləğində vəsaitin, 48 manat hissəsi Cavabdeh, qalan 52 manat hissəsi isə İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar