Məhkəmə qərarları › İş №2(103)-4956/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4956/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4956/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), ızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1676/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2008-ci il tarixli, 0735№-li kredit müqaviləsinə əsasən ”Azərbaycan Beynəlxal Bankı” ASC-nin Sənaye filialı İddiaçı 18 ay müddətinə 8.400 ABŞ dolları məbləğində kredit vermişdir.

2. xx.xx.2008-ci il tarixli, 735 nömrəli ipoteka müqaviləsinə əsasən, ”İpoteka verən”-İddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə 8400 ABŞ dolları məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "Mercedes Benz C230" markalı, minik, tip-sedan, buraxılış ili 2000, mühərrik Ban- WDBHA24GXYA847793, rəngi-gümüşü metallik olan avtomobil “İpoteka saxlayan”- ”Azərbaycan Respublikası Beynəlxalq Bankı” X2 Sənaye filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklü edilən avtomobilin qiyməti 18.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

3. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bank”na ünvanlanmış məktubdan görünür ki, İddiaçı adına qeydiyyatda olan “Mercedes 230” markalı avtomobilin **-BL-*** dövlət qeydiyyat nişanları xx.xx.2008-ci ildə sahibi dəyişdirilmədən yalnız dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi dəyişdirilərək avtomobilə yeni **-SZ-*** i/o dövlət qeydiyyat nişanları təhkim edilmiş, AB 156265 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil “ABB” Sənaye filialında girovdadır və etibarnamə əsasında Cavabdeh idarə edir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)- 2423/2011 nömrəli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5.700 ABŞ dolları məbləğində əsas borc, 3.525 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 9.425 ABŞ dolları məbləğində ödəniş gününə milli manat məzənnəsinə uyğun olaraq pulun tutulması, tutmanın cavabdeh İddiaçı məxsus “Mercedes Benz C230" markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Mercedes Benz C230" markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi qət edilmişdir.

5. Sözügedən qətnamədən müəyyən olunur ki, həmin məhkəmə prosesi gedişində Cavabdeh iş üzrə şahid qismində dindirilmişdir. Şahid ifadəsində avtomobili İddiaçı 2008-ci ilin aprel-may aylarında 17.500 ABŞ dolları məbləğində etibarnamə ilə aldığını, birlikdə banka gedərək maşının satılması barədə məlumat verdiklərini, maşını aldıqdan bir neçə gün sonra avtoqəza törətdiyini və kredit borcunu ödəməyə imkanı olmadığını bildirmişdir.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir.

7. Bakı Şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-2423/2011 nömrəli icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2023-cü il tarixdə keçirilmiş hərrac nəticəsində sözügedən avtomobil 340 manata hərracdan satılmış və satışdan əldə edilmiş pul vəsaiti hesabına ümumi borcun bir hissəsi ödənilmişdir. İcra şöbəsinin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarla icra sənədinin tam icra edilməsi əsası ilə icraata xitam verilmişdir.

8. İcra məmurunun həmin qərarından tələbkar ”Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-122/2024 nömrəli qərardadı ilə təmin edilmiş, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə qəbul edilmiş “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və həmin icra işi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Qərardad Bakı Apellyasiya Mhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)-225/2024 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

9. “X3 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, 5.805,79 ABŞ dolları həcmində qalıq borc məbləğini 2024-cü ilin iyul ayından başlayaraq 60 ay müddətinə, 59 ay 97 ABŞ dolları, sonuncu 60cı ay isə 82.79 ABŞ dolları olmaqla, hər ayın sonuncu iş günü ödənilməsinə etiraz etmədiklərini, ödəniş günündən etibarən 10 iş günündən gec ödəniş edildiyi təqdirdə “X3 Edilməsi Agentliyi” MMC tərəfindən borc tələbinin ödənilməsinə dair icra tədbirlərinin davam etdirilməsi ilə bağlı yeni icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

10. Kassa mədaxil orderlərinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən “X3 Edilməsi Agentliyin”MMC-yə xx.xx.2024-cü il tarixdə 1025,13 manat, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2024-cü il tarixdə 100 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2025-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 170 manat, xx.xx.2025-ci il tarixdə 170 manat ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh iddiaçının xeyirinə zərərin əvəzi kimi 6.200 ABŞ dolları məbləğində ödəniş gününə manata olan məzənnə ilə vəsaitin və məhkəməyə müraciət üçün ödədiyi 123 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ilin əvvəlində özünə nəqliyyat vasitəsi almaq məqsədilə Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil salonundan bəyənib seçdiyi 2000-ci il buraxılışlı Mersedes C230 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20.000 ABŞ dollarına almaq üçün razılaşmışlar. Daha sonra ilkin olaraq maşının dəyərindən 11.600 ABŞ dolları məbləğində vəsaiti nağd verib, qalıq qalmış 8.400 ABŞ dolları məbləğində vəsaiti isə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Sənaye" filialı ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli, 0735 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona həmin avtomaşının alınması üçün 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8.400 ABŞ dolları məbləğində kredit verilmiş və bununla da sözügedən nəqliyyat vasitəsinin 20.000 ABŞ dolları məbləğində dəyəri tərəfindən satıcıya tam ödənilmişdir. Qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bağlanmış 08.02 2008-ci il tarixli, 735 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Mercedes 230" markalı, 90BL026 dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən avtomobilin likvid dəyəri 18.000 ABŞ dolları müəyyən olunmuşdur. Sözügedən nəqliyyat vasitəsi şəxsən iddiaçının istifadə etdiyi dövrlərdə Bankın ona təqdim etdiyi kredit müqaviləsinin tərkib hissəsi hesab edilən “aunitet" cədvəldə göstərilən aylıq məbləğlərdən daha çox ödəniş edərək borcunu vaxtından tez qismən bağlanmasına nail olmuşdur. Mülkiyyətində olan həmin nəqliyyat vasitəsini bir neçə ay istifadə etdikdən sonra şəxsi işi və maddi ehtiyacla əlaqədar satmaq qərarına gəlmişdir. Həmin ərəfələrdə aylıq bankda kredit ödənişlərini həyata keçirdiyi vaxt təsadüfü tanış olduğu Cavabdeh sözügedən maşını gələcəkdə satacağı təqdirdə, ondan almaq niyyətinin olduğunu bildirməsini xatırlayıb. Nəticədə iddiaçı onunla mülkiyyətində olan nəqliyyat vasitəsini 17.500 ABŞ dollarında ona satmağına razılaşıb. Razılaşmalarına əsasən Cavabdehla avtomobilin dəyərindən yəni 17.500 ABŞ dolarında məbləğdən ilkin ödəniş kimi ona 11.800 ABŞ dolları verir və həmin tarixə bank qarşısında olan cəmi əsas borc üzrə 5.700 ABŞ dolları məbləğində borcu isə öz sənədlərini banka təqdim edərək gələcəkdə şəxsən bank qarşısında həmin borca məsul olub, aylıq bərabər hissələrlə banka ödəyəcəyini əminliklə bildirdi. Bununla da onlar bankın kredit şöbəsinə yaxınlaşaraq bankın da razılığı ilə maşının Miriyə satılması və qalıq borcun onun tərəfindən ödəniləcəyi barədə razılığa gəlmişlər. Daha sonra cavabdeh Miriyə aid lazımı sənədləri və barəsində olan məlumatları (telefon nömrələrini, ünvanını və .) bankın tələbi ilə onlara təqdim ediblər. Bankın kredit şöbəsi tərəfindən iddiaçıya cavabdeh Miriyə Notariat kontorunda etibarnamə verməyini bildirərək, gələcəkdə aylıq olaraq bərabər hissələrlə qalıq qalmış və ona hesablanacaq Bank qarşısındaki faiz borcu ilə birgə Cavabdeh tərəfindən ödəniləcəyini bildirdilər. İddiaçı da öz növbəsində Miri ilə bərabər Notariat kontoruna gedərək sözügedən avtomobilə dair lazım olan etibanaməni və səlahiyyətləri verib. Bundan sonra Bank, cavabdeh və onun arasında əldə olunmuş razılıq əsasında sözügedən avtomobili etibarnamə əsasında 17.500 ABŞ dollarına faktiki olaraq cavabdehə satılması şərtləşdirilmişdir. Beləliklə, razılığa əsasən avtomobil etibarnamə əsasında cavabdehin istifadəsinə verilmiş, o, iddiaçının bank qarşısında götürdüyü kredit öhdəliyini vaxtı-vaxtında ödəməli və öhdəlik tam icra olunandan sonra avtomobil onun mülkiyyətinə keçməli idi. Lakin bir müddətdən sonra 2011-ci ildə qeydiyyatda olduğu ünvanına Nəsimi Rayon Məhkəməsindən bildiriş daxil olmuşdur. Araşdırdığında ona məlum oldu ki, həmin avtomobil mülkiyyətində olmasına baxmayaraq, cavabdehin istifadəsində olan zaman bankın müvafiq razılıq məktubuna əsasən sözügedən nəqliyyat vasitəsinin hətta dövlət nömrə nişanı dəyişdirilərək, **-SZ-*** nömrəsi ilə cavabdeh Mirinin istifadəsində olmuş və bir müddət sonra həmin nəqliyyat vasitəsi ilə ağır qəza törədərək maşına bərpa olunmaz dərəcədə zədə vuraraq və tam yararsız vəziyyətə salmaqla bankın müvafiq dayanacağına təhvil vermiş, hətta bank qarşısında ödəməli olduğu borcu isə ödəməkdən (məsuliyyətdən) yayınmışdır. İddiaçı məhkəmə bildirişinə əsasən həmin məhkəməyə getdiyi zaman məlum olmuşdur ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ona qarşı borc üzrə qalıq vəsaitinin tutulması, tutmanın İpoteka predmeti olan mülkiyyətində olan 2000-ci il buraxılışlı Mersedes C230 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəlməsi barədə ərizə vermişdir. Məhkəmə prosesi gedişində onun vəsatəti əsasında məhkəmə cavabdehi iş üzrə şahid qismində dindirmişdir. O, bütün yuxarıda qeyd etdiyi halları etiraf edərək, həqiqətən də avtomobili ondan 17.500 ABŞ dollarına almasını, daha sonra mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsilə ağır qəza törətməsini və hazırda maddi imkanın olmamasını əsas gətirərək banka olan borcu ödəyə bilməməsini təsdiq etmişdir. İşdə olan sübutlar əsasında məhkəmə bankın iddia tələblərini qismən təmin edərək, ondan kredit müqaviləsi üzrə 5.700 ABŞ dolları əsas, 3.525 ABŞ dolları faiz və 200 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 9.425 ABŞ dolları məbləğində vəsaitin tutulması və tutmanın ipoteka predmeti olan “2000- ci il buraxılışlı Mersedes C230 markalı, 10 SZ 80C dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəlməsi barədə xx.xx.2011-ci iltarixli 2-(006)2423/2011-saylı məhkəmə qərarı qəbul edildi. Onun öz növbəsində həmin qətnamədən şikayət verməməyi səbəbi cavabdehin məhkəmədə şahid kimi dindirilməsi zamanı hər şeyi olduğu kimi etiraf etməsi və ən əsası məhkəmə qərarının qismən təmin etməklə borcun sırf ipoteka predmetinin üzərinə yönəldilməsi, hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsait hesabına borca yönəlməsinin göstərilməsi əsas səbəblərdən biri olmuşdur. Həmçinin məhkəmə şahidi (hazırki cavabdehi) dindirdikdən sonra ona avtomobilin onun tərəfindən yararsız hala salınmasının etiraf olunmasını və bununla da onun gələcəkdə həmin şəxsə qarşı mülkiyyətində olan həmin daşınar əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun olmasını izah etmişdir. Lakin bunlara baxmayaraq 2013-cü ildə icra sənədi üzrə ondan 1.000 ABŞ dolları tutulmuşdur. Daha sonra həmin banka gedərək iddiaçıdan pulun tutulduğunu və icra sənədində isə borcun məhz ipoteka predmetinə yönəldiyini, yalnız predmetin satışından əldə olunmuş vəsaitin hesabına ödənilməli olmasını göstərib. Bundan sonra bank ona bildirdi ki, narahat olmasın, biz bu işdən məlumatlıyıq və gələcəkdə sizdən hər hansı vəsaitin tutulması baş verməyəcək. “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra olunmadan geri qaytarılması barədə Nəsimi rayon İcra şöbəsinin rəisinə ünvanlanmış məktubu həmin şöbəyə təhvil verməyi üçün ona təqdim etdilər. İddiaçı öz növbəsində həmin məktubu aidiyyəti üzrə həmin şöbəyə təhvil verib. Bundan sonra onu narahat edən olmadı və hər hansı bir vəsait tutulmadı. Lakin bir neçə ildən sonra Xətai rayon İcra şöbəsinin böyük icra məmumuru Mehdi Zeynalov xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında və İpoteka predmetinin qiymətləndirilməsi barədə qərarlar qəbul etmişdir. Bu səbəbdən adı çəkilən icra məmuru “Qiymətləndirmə Xidməti Mərkəzinə ipoteka predmeti olan, "2000-ci il buraxılışlı Mersedes C230 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyərini müyyən etmək məqsədilə müraciət etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, QXM3379-saylı rəyinə əsasən mülkiyyətində olan ipoteka predmetinin cəmi bazar dəyəri 400 manat müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçıya izah olunub ki, Qiymətləndirmənin hədindən artıq aşağı qiymətləndirilməsində ən əsas amil cavabdehin vaxtilə nəqliyyat vasitəsilə ciddi qəza törətməsi və nəqliyyat vasitəsini tam yararsız vəziyyətə salması faktı olmuşdur. Daha sonra ipoteka predmetirin satışını hərrac vasitəsilə həyata keçirilməsi məqsədilə icra məmurunun qərarı əsasında hərrac təşkilatı "xxxx" MMC-də ipoteka pridmeti olan “2000-ci il buraxılışlı Mersedes C230 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracları keçirilmiş, nəticədə ikinci hərracdan xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsi 340 manata qalib alıcıya satılaraq həmin vəsait kredit borcunun ödənilməsinə yönəlmişdir. Bundan sonra icra məmurunun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul edərək işə xitam vermişdir .Bundan sonra tələbkar bank ümumi qalıq borcdan 340 manat çıxaraq, yerdə qalan məbləğin iddiaçıya tutulması barədə icra vərəqəsinin yenidən icraata yönəlməsini və 2011-ci il tarixli qətnamənin icra olunması məqsədilə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə tələbkarın ərizəsini xx.xx.2024-cü il tarixli qərardadla təmin etmişdir. Tərəfindən apellyasiya şikayəti verilsə də, qərardad qüvvədə saxlanılmışdır. Bununla da 2011-ci il tarixli Nəsimi rayon məhkəməsinin qətnaməsi yenidən icraata yönəlmişdir. İddiaçı bundan sonra məcburiyyət qarşısında qalıb qanuna müvafiq qaydada tələbkarla məhkəmədən kənar qaydada razılıq əldə edərək, qalıq borcun hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh tərəfindən mülkiyyətində olan qəzalı və yararsız vəziyyətə salınmış ipoteka premeti olan avtomoblin ipoteka müqaviləsində dəyəri 18.000 ABŞ dolları, qəzadan sonra isə xx.xx.2022-ci il tarixli QXM3379 saylı qiymətləndirmə rəyinə əsasən cəmi 400 manat, qiymət müəyyən olunmuşdur, nəticədə keçirilmiş 2-ci hərracdan satılmış və satışdan cəmi 340 manat vəsait təşkil etmişdir. Bu isə o deməkdir ki, cavabdehin mülkiyyətçi kimi iddiaçıya həmin avtomobillə bağlı vurduğu zərərin miqdarı 18.000 ABŞ dolları təşkil edir. Vaxtilə cavabdehlə aralarında olan razılaşmaya əsasən ilkin ödəniş kimi ona 11.800 ABŞ dolları verməsini nəzərə almaqla, həmin məbləği avtomobilin dəyərindən çıxdıqda onun iddiaçıya 6.200 ABŞ dolları məbləğində ödəmə etməli olması müəyyən olunur (18.000 - 11.800 = 6.200 ABŞ dolları). Hesab edir ki, avtomobilin ona satılmasını, onun tərəfindən idarə və isifadə olunmasını və ən əsası isə onun tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsini qəza edib yararsız vəziyyətə salınmasını etiraf etmiş cavabdeh öz əməlinə görə məsuliyyət daşımalı, vurduğu zərərin əvəzini tam həcmdə iddiaçıya ödəməlidir.

13. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixli qətnamədən də göründüyü kimi cavabdeh vaxtilə məhkəmə iclasında iştirak edərək, onunla avtomobil barəsində razılaşmamızın mövcudluğunu, həmin razılığa əsasən avtomobillə bağlı banka olan kredit ödənişlərinin onun tərəfindən aparılmalı olmasını, avtomobilin onun tərəfindən qəzaya uğramasını, ödənişin gecikdirilməsinin onun maddi durumu ilə bağlı olmasını və digər halları etiraf etmiş, bütün göstərilən xüsusatlar işə əlavə etdiyi (qanuni qüvvəsini almış) qətnamədə öz əksini tapmışdır. "xxxx" ASC-nin ona qarşı kredit və tələrbin ipoteka predmetinə yönəlidilməsi tələbi ilə bağlı mülki iş üzrə yekun məhkəmə qətnaməsində pulun ondan tutulması və vaxtilə 20.000 ABŞ dolları dəyərində qiymətləndirilmiş (cavabdeh tərəfindən yararsız hala salınmış) ipoteka predmeti olan avtomobilə yönəldilməsi müəyyən olunduğu üçün o, və icra icraatı ilə məşğul olan Xətai rayon İcra şöbəsi bankın borc tələbinin avtomobilin satılması hesabına qarşılanacağını düşünmüşlər. Təsadüfü deyil ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi tam icra olunduğu üçün - yəni icra sənədində göstərildiyi kimi borcun ipoteka predmetinə yönəldilməsi və hərracdan satılması əsası ilə Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin tələbkar bank tərəfindən verilmiş şikayət əsasında Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməsini, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun qəbul etdiyi “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və həmin icra işi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara almışdır. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin olunmadan, qərardad dəyişdirilmədən saxlanmışdır. Məhkəmə Kollegiyası ona mülkiyyətində olan avtomobilə zərər vuran şəxsə (hazırki cavabdehə) qarşı yeni iddia qaldırmağını və ondan əldə edəcəyi vəsait hesabına banka olan borcu bağalaya biləcəyini tövsiyyə etmişdir. Bundan sonra icra sənədi yenidən icraya yönəldilmiş və hazırda icra icraatı qaydasında qalıq borcun ondan tutulması tələb olunmaqdadır. Beləliklə, yuxarıda da göstərilənlərdən aydın olduğu kimi, kredit müqaviləsi üzrə borcun tamamilə onun tərəfindən ödəniləcəyi, hazırki cavabdehin ona zərər vurması və digər əhəmiyyətli hallar məhz Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qətiləşmiş və bəlli olmuşdur. Məhkəməni əmin edir ki, həmin qərardaddan əvvəl hazırki tələblə cavabdehə qarşı iddia qaldırsa idi, həmin halda da cavabdeh öhdəlikdən yayınmaq üçün onu guya əsassız varlanmada suçlayacaqdı. Çünki göstərilən qərardaddan əvvəl aparılmış icraatlar zamanı və icra sənədində yuxarıda da qeyd etdiyi kimi, borcun ipoteka predmetinin satılması hesabına bağlanması müəyyən olunmuşdur. Lakin cavabdeh onun istifadəsində olmuş ipoteka predmeti olan avtomobili normal vəziyyətdə banka təhvil vermiş olsa idi və ya şərtləşdirilmiş qaydada borcu bağlasa idi, avtomobil onun tərəfindən yararsız hala salınmasaydı, həmin avtomobilin satışı bankın borcunu tamamilə qarşılayacaqdı, icra sənədinə şərtsiz xitam veriləcəkdi, əlavə olaraq bank tərəfindən ondan hər hansı məbləğ tələb olunmayacaqdı. Odur ki, onun cavabdeh tərəfindən hüququnun pozulmasını bildiyi vaxt Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının vaxti ilə eynilik təşkil edir. Həmçinin, hazırki iddia tələblərinin mülkiyyəti olan avtomobilin müdafiəsi ilə bağlı olduğu nəzərə alınsa, ümumiyyətlə iddia müddətinin tətbiqindən belə söhbət gedə bilməz. Buna görə də, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi son dərəcə əsassız, qanunsuz və absurd olmaqla yanaşı, həm də onun tərəfindən mülkiyyəti olan avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsindən yayınmaq və hüquqdan suiistifadədir. Mülki qanunvericiliyin öhdəliklərin icrasında vicdanlılıq anlayışına uyğun deyil.

15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1676/2025 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işdə iddia tələbinin qanuni əsası qismində deliktdən irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, iddiaçı iddia edir ki, avtomobil cavabdehin istifadə və sahibliyində olmuş, onun tərəfindən avtoqəza törədilmiş və bunun nəticəsində avtomobil cəmi 400 manat məbləğində qiymətləndirilmişdir. O isə avtomobil onun istifadəsində olmadığı halda, banka borcu ödəməyə davam edir. İddiaçı ona dəymiş ziyanın məbləğini avtomobilin cavabdeh tərəfindən ilkin ödəniş kimi ödənilmiş 11800 ABŞ dollarını avtomobilin əldə edildiyi qiymətdən – 18.000 ABŞ dollarından çıxaraq 6200 dollar kimi müəyyən edir.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanuni əsası qismində müqavilə münasibətlərindən irəli gələn öhdəlik və ya əsassız varlanma çıxış edə bilməz, belə ki, tərəflərin arasında iddiaçının bank qarşısında öhdəliyinin cavabdeh tərəfindən ödənilməsi barədə razılıq olsa da, məhkəmə həmin məsələyə artıq münasibət bildirmiş və bankla arasında müqavilə bağlanmış iddiaçıdan pulun tutulması haqqında qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. İddiaçı hal-hazırda da həmin icra sənədi üzrə borcunu ödəməyə davam edir. Eyni zamanda, cavabdehin iddiaçının xeyrinə əsassız varlanması da müəyyən edilmir, belə ki hər iki tərəfin izahatından görünür ki, avtomobilin cavabdehin sahibliyin keçməsindən qısa müddət sonra avtoqəza baş vermişdir.

18. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması barədə iddiaçının dəlili əsaslıdır. Belə ki, Cavabdeh tərəfindən 2011-ci ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş ifadədən də görünür ki, o, iddiaçının bildirdiklərini təsdiq etmiş, avtomobilin ona satıldığını, bir neçə gün sonra avtoqəzanın baş verdiyini etiraf etmişdir. Eyni zamanda o da işin mübahisəsiz halıdır ki, avtomobil hərracda 400 manat dəyərində qiymətləndirilmiş, və iddiaçı hazırda da qalıq borcu banka ödəməyə davam edir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Belə ki, 2008-ci ildə iddiaçı etibarnamə ilə avtomobili cavabdehə satmış, həmin ildə də avtoqəza törədilmişdir, 2011-ci ildə iddiaçıdan bank qarşısında öhdəliyinin olduğunu təsdiq edən qətnamə qəbul edilmiş və qanuni qüvvəyə minmişdir.

20. Beləliklə, iddiaçıya bütün bu hallar ümumi iddia müddəti olan 10 illik müddətdən daha uzun müddət əvvəl məlum olmuşdur. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş ümumi iddia müddətini - 10 illik müddəti ötürərək xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə iddiaçının iddia müddətinin 2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarını ləğv edən məhkəmənin ona hüququnun izah etdiyi vaxtdan başlaması barədə dəlilini əasassız hesab etmişdir. Belə ki, ona bütün hallar – maşınının Cavabdeh sahibliyə keçməsi, qəza nəticəsində maşının qitmərinin xeyli düşməsi, bankı ona qarşı qaldırdığı iddianın qismən təmin edilərək, qalıq borcun onun tərəfindən ödənilməli olması, qətnamənin qanuni qüvvəyə minməsi bəlli olmuşdur. Qətnamənin uzun müddət icra olunmaması iddia müddətinin axımının dayandırılması üçün əsas deyil. Eyni zamanda qətnamədə iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, maddi ziyanın ödənilməsi tələbinin istənilən halda – iddia müddətinin ötdüyü halda da təmin ediləcəyi mənasına gəlmir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 372, 373.2, 375, 377.1, 377.2, 380, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 80, 81, 88, 119.1, 217.2, 217.3 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsini əsaslandırmaq üçün göstərilən normalara istinad etmiş və mübahisənin həlli məqsədilə həmin normaları tətbiq etmişdir. Məhkəmənin qeyd olunan normalara istinadı və əsaslanması qanuni və əsaslı olsa da, yekunda onun iddia tələblərini təmin etməməsi absurddur. Məhkəmə onun iddia tələbində haqlı olmağını və cavabdeh tərəfindən ona iddiada göstərdiyi məbləğdə zərər vurulmasını müəyyən və təsdiq etmişdir. Məhkəmə cavabdehin hüquqdan sui-istifadə etməsinə-qəsdən ödənişdən yayınaraq, iddia müddətini buraxmağına cəhd etməsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə həmin normaların tələblərini pozaraq, cavabdehin hüquqdan suiistifadəsinin qarşısını almamışdır. Məhkəmə iş üzrə Mülki Məcəllənin 372, 373, 375, 377 və 380-ci normalarını tətbiq etsə də, təəssüf ki, normaların tələbini düzgün tövsüf etməmiş, xüsusən iddia müddətinin başlanğıcını səhv olaraq müəyyən etmişdir. Halbuki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə tərəfindən ətraflı və əsaslı etiraz təqdim olunaraq, iddia müddətinin başlanğıcının cavabdeh tərəfindən qəsdən yanlış göstərilməsini və öz öhdəliklərinin icrasından yayınmağa cəhd etməsini bildirmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsindən və ərizəyə əlavə etdiyi sübutlardan da görünür ki, onun tələbi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə, xüsusən də həmin qətnamədə müəyyən olunmuş hallara (yəni cavabdehin ona zərər vurmasına) əsaslanır. Lakin məhkəmə AR MPM-nin 82.3-cü maddəsinin tələblərini pozaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsinə və yenidən sübut edilməməsinə qiymət verməmişdir. Məhkəmə iddianı qanuni və əsaslı saymış, cavabdehin ona zərər vurmasını təsdiq etmişdir. Belə olan halda, iddianın təmin edilməməsi son dərəcə absurddur. Ona görə ki, iddia müddətinin hansı vaxtdan başlanması və cavabdehin hüquqdan sui-istifadə etməsi halı açıq-aydın şəkildə işin hallarından görünürdü. Lakin məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, əslində ən asan yolla- iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Bununla da AR MPM-nin 217-ci maddəsinin tələblərinin pozulması halına yol vermişdir. İddia müddəti və onun başlanğıcı, o cümlədən hüquqdan sui-istifadənin qadağan olunması ilə bağlıKonstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin nəzərə alınmaması eyni zamanda MPM-nin 13.7-ci maddəsinin pozulması ilə nəticələnmişdir. İddia müddətinin buraxılması mülahizəsi işin hallarına uyğun gəlmir. Tərəfindən bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuş, cavabdehdə onlara etiraz etməmiş və bununla da həmin sübutlarla razılaşmasını göstərmişdir.

25. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlamış və apellyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, onunla Cavabdeh 2011-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən sonra cavabdehin törətdiyi hadisə eyni zamanda banka ödəməli olduğu vəsaitin ödənilməməsi və qalıq borcun onun adında qalması ona həmin zaman tam aydın olandan sonra uzun müddət, müxtəlif vaxtlarda cavabdehlə görüşləri, telefon danışıqları olmuşdur. Görüşlərin mahiyyəti iddiaçının ondan tələbi mülkiyyətində olan, nəqliyyat vasitəsinə vurduğu zərərin ödənilməsi və ya əvvəldən razılaşdıqları kimi həmin nəqliyyat vasitəsi ipoteka predmeti olduğu üçün bank qarşısında olan borcu bağlanmasını təmin etməkdən ibarət olub. Hətta həmin vaxtlar normal münasibətlərə görə, ən əsası isə anasının həmin hadisədə rəhmətə getməsini eşitdiyinə görə ona bir insan kimi gücü çatan qədər kreditin ödənilməsinə köməklik göstərəcəyini də bildirmişdir. Lakin nəticədə cavabdeh hər dəfə onun səmimiyyətindən, üzüyola olmağından, ilk vaxtlar ona olan etibar və inamından istifadə edərək onun hər dəfə narahat olmamağını, bu işə görə onu nə bankdan nə də ki, gələcəkdə məhkəmə və ya icra məmuru, ümumiyyətlə, heç kəs bu borca görə narahat etməyəcəyini bildirərək, bankın da məlumatlı oldğunu bu işə görə özünün şəxsən məsuliyyət daşıdığını bildirərək elə bu səbəblərə görə də, rəsmi olaraq 2011-ci il tarixdə Nəsimi rayonunda keçirilən məhkəmə iclasında şahid kimi ifadə verdiyini, həqiqətən də nəqliyyat vasitəsini ondan almasını, banka qalmış qalıq borcun isə gələcəkdə onun tərəfindən ona verilən cədvələ əsasən ödənilməli olmasını bildirir və daha sonra ifadəsində nəqliyyat vasitəsini alandan və bir qədər istifadə etdikdən sonra həmin maşınla yol nəqliyyat hadisəsi törətməklə maşını vuraraq yararsız vəziyyətə salmasını etiraf etməsi, məhkəmə zamanı isə bunların hamsının qeydə alaraq sonda qətnamədə rəsmi şəkildə yazılı göstərməsini əsas gətirərək hesab edirdi ki, məhz bu səbəbdən də məhkəmə həmin zaman bankın tələbini qismən təmin etmişdir. Hətta cavabdeh ilə birlikdə təxminən 2013-cü il tarixdə görüşlərin birində cavabdeh Mirinin təşəbbüsü ilə onlar Beynəxalq Bankın baş idarəsində problemli kreditlər şöbəsində olmuşlar və orda bu hadisədən məlumatlarının olmasını bildirərək Mirinin köməkliyi ilə onun adına Nəsimi rayon İcra şöbəsinə ünvanlanan İcra haqqında qanunun 23.1.1 madəsinə əsaslanan məktub verdilər və hər biri bildirdilər ki, iddiaçının bir məsuliyyəti yoxdur, bu da rəsmi məktub sizə təqdim edilir. Yəni, ondan heç bir halda bu borca görə hər hansı məbləğ tutula bilməz. Borc hissəsini isə gələcəkdə cavabdeh ilə özləri həll edəcəklərini bildirdilər. Bununla da, onu həqiqətən də heç bir halda hər hansı bir bank və ya təşkilat, icra şöbəsi, məhkəmə və s bu kimi qurumlar bu borca görə 13-14 il müddətində harahat edən olmadı. Baxmayaraq ki, qüvvədə olan, Nəsimi rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-(006)2423/2011 saylı qətnaməsi mövcud idi. Möhtərəm hakim qeyd edir ki, hətta icra işinə diqqət yetirəndə görünür ki, bu iş üzrə icra vərəqəsi 2011-ci il tarixdən qüvvədə olmasına baxmayaraq mahiyyəti üzrə İcra işi 2024-cü ildə icra olunmuşdur. Nəticədə həmin qətnamənin nə az, nə çox düz 13 ildən sonra icra olunması, bu illər ərzində bu işə görə onu heç kimin narahat (Bank, icra məmuru) etməməsi, hətta daha sonra Xətai rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli rəsmi qərarı ilə İcra işinin xitam olunması onun mövqeyində olan şəxs üçün məsələnin çoxdan bitdiyi anlamına gəlir. Cavabdehin də sözünə görə həmin illər ərzində məsələnin çoxdan bitdiyini, gələcəkdə də heç bir narahatçılığın olmayacağını hər dəfə görüş olanda ona bildirmişdir. Sonuncu dəfə isə cavabdeh ilə 2024 və 2025-ci illərdə onu Nərimanov Rayon Məhkəməsinə mülkiyətində olan nəqliyyat vasitəsinin yararsız hala saldığı üçün dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsini məhkəməyə verməmişdən öncə telefon vasitəsilə danışıq aparmış, görüşmək istəmiş və ona sülh yolu ilə məsələnin tam axıra qədər yoluna qoymasını dəfələrlə xahiş etmişdir, hətta onların ortaq yoldaşı olan Nurlan Xəlilov adlı şəxsdən də onunla danışmasını xahiş etmiş, o da öz növbəsində Miri ilə danışıb bu işlə bağlı əvvəl Mirinin məsələni tam həll edəcəyini bildirsə də, lakin daha sonra 2025-ci ildə onunla danışanda cavabdeh görüşdən imtina etmiş və bildirmişdir ki, get nə istəyirsən et, hara şikayət edirsən et. Bundan sonra cavabdehlə aralarında olan razılaşmanı pozduğunu, imtina etdiyini görən kimi iddiaçı hüquqi müstəvidə bu məsələni məhkəməyə verməyi üçün əsas yarandığını, eyni zamanda məhkəmənin cavabdehə Miriyə qarşı dəymiş ziyanla bağlı tövsiyyəsini də nəzərə alıb, onu zərərlə bağlı qeydiyyatı üzrə məhkəməyə vermişdir. Sözügedən məhkəmə isə yekunda dəymiş ziyanla bağlı verdiyi sübutların kifayət etməsini göstərsə də, lakin iddia müddətinin keçdiyinə əsas gətirərək iddanı təmin etməmişdir. Baxmayaraq ki, iddia müddətinin axımı barədə hansı tarixdən başlanması və hansı tarixədək olması barədə heç bir əsas göstərilməmişdir. Qeyd edir ki, cavabdehin də məhkəməyə göndərdiyi ərizədə iddia axımının başlanması və ya bitməsinə dair hər hansı qeyd, tarix göstərilməmişdir. Yuxarda göstərdiyi xüsusatlar üzrə mövqeyi ondan ibarətdir ki, onun üçün iddia müddətinin başlanması xx.xx.2024-cü il tarixli icra məmurunun xitam qərarından sonrakı müddətdə, yəni bu iş üzrə yeni Tələbkarın “X3 olunması agentliyi” tərəfindən xx.xx.2024-cü ildə xitam olunmuş icra vərəqəsini yenidən icraya yönəldilməsi üçün vermiş olduğu iddianın ilk Nəsimi Rayon Məhkəməsində, daha sonra isə Apellyasiya Məhkəməsi tərəfindən Nəsimi rayon Məhkəməsinin qərardadını qüvvədə saxlamasından sonra başlamalıdır. Həmçinin, cavabdehlə 2024-2025-ci illər ərzində danışıqlar aparılmış, onu ümidli edib ki, narahat olma həll edəcəm hətta yuxarıda qeyd etdiyi kimi, ortaq dostu ilə də onunla həmin illərdə danışdığı üçün bunu sübut etməkdə mümkündür. Bununla da hesab edir ki, həm cavabdehlə mütəmadi 2024-2025 ci ildə şifahi danışılıb aralarında razılaşmaları olub, daha sonra onun qəsdən məsuliyyətdən yayınması, görüşdən imtina etməsi, telefonlara cavab verməməsi və açıq şəkildə sonuncu dəfə məsələni inkar etməsi, eyni zamanda aralarında olan razılaşmanı 2024-cü ildə ona qarşı hissədə tam pozması səbəbindən öz növbəsində hüquqi müstəvidə məhkəməyə verəcəyi barədə sonuncu danışıqda onu xəbardar etmiş və cavadeh isə bu illər ərzində ilk dəfə olaraq ona hara istəyirsən bundan sonra şikayət edə bilərsən deyə bildirmişdir. Bundan əlavə apellyasiya şikayərimdə əsaslandırdığı kimi cavabdehin qanunvericilikdə təsbit olunmuş “öhdəliyin icrasında vicdanlılıq” və “hüquqdan sui-istifadənin qadağan olunması” prinsiplərini kobud şəkildə pozması, məhkəmənin isə həmin müstəsna hallara əhəmiyyət verməməsi yekunda ona zərər vurulması ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Sənaye filialından 18 ay müddətinə 8.400 ABŞ dolları məbləğində kredit əldə etmiş, bank qarşısında öhdəliklərinin təminatı olaraq ona məxsus "Mercedes Benz C230" markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

34. İddiaçının bildirdiyinə əsasən mülkiyyətində olan həmin nəqliyyat vasitəsini bir neçə ay istifadə etdikdən sonra satmaq qərarına gəlmiş, cavabdeh ilə satış qiyməti 17.500 ABŞ dollar məbləğində razılaşdırılmış, cavabdeh həmin məbləğdən ona 11.800 ABŞ dolları ödəmiş, razılaşmaya əsasən qalan 5.700 ABŞ dolları məbləğ isə banka ödənilməli idi.

35. Qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

36. İş materiallarından kreditorun, yəni "xxxx" ASC-nin hazırki iş üzrə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin cavabdehə verilməsi barədə razılığının mövcudluğu müəyyən edilmir. Əksinə, iddiaçının özünün iddia ərizəsində bildirdiklərinə görə 2013-cü ildə icra sənədi üzrə ondan 1.000 ABŞ dolları məbləğində vəsait tutulmuşdur.

37. İşdə olan sənədlərlə həmçinin müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2423/2011 nömrəli mülki iş araşdırılakən hazırki iş üzrə cavabdeh şahid qismində ifadə vermiş və bildirmişdir ki, etibarnamə əsasında avtomobili o idarə etmiş, lakin avtomobil ilə qəza törətmiş, nəticədə bank qarşısında öhdəlik icrasız qalmışdır.

38. İddiaçının özünün iddia ərizəsində bildirdiklərindən və işdə olan fotoşəkillərdən də müəyyən edilir ki, avtomobil bərpa olunmaz dərəcədə zədələnmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında razılaşdırılmış avtomobilin alqı-satqısı mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmiləşdirilmədiyinə görə etibarsız olmuşdur. Bununla belə, iddiaçının cavabdeh tərəfindən delikt nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi istisna edilmir.

40. İddiaçı hesab edir ki, vaxtilə cavabdehlə aralarında olan razılaşmaya əsasən ilkin ödəniş kimi ona 11.800 ABŞ dolları verməsini nəzərə almaqla, həmin məbləği avtomobilin dəyərindən çıxdıqda onun iddiaçıya 6.200 ABŞ dolları məbləğində ödəmə etməli olması müəyyən olunur (18.000 - 11.800). Avtomobilin ona satılmasını, onun tərəfindən idarə və isifadə olunmasını və ən əsası isə onun tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsini qəza edib yararsız vəziyyətə salınmasını etiraf etmiş cavabdeh öz əməlinə görə məsuliyyət daşımalı, vurduğu zərərin əvəzini tam həcmdə iddiaçıya ödəməlidir. İpoteka ilə yüklü edilən avtomobilin qiyməti 18.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı avtomobilini cavabdehə təqdim edərkən onun dəyərini özü 17.500 ABŞ dolları məbləğində müəyyən etdiyindən o, vurulmuş zərərin əvəzi olaraq 5.700 ABŞ dollar məbləğində vəsaiti cavabdehdən tələb edə bilər.

42. Kollegiya qeyd etməyi vacib hesab ki, iddiaçı artıq 2(006)-2423/2011 nömrəli işə 2011-ci ildə baxılarkən avtomobilin bərpa olunmaz dərəcədə zədələndiyi, bank qarşısında öhdəliyinin icra olunmaması barədə artıq məlumatlı olmuş, yəni öz hüququnun pozulduğunu bilirdi. Hətta özünün bildirdiyinə görə 2013-cü ildə qətnamənin icrası zamanı ondan 1.000 ABŞ dolları məbləğində vəsait də tutulmuşdur. Bundan başqa, ipoteka predmeti olan avtomobil bərpa olunmaz dərəcədə zədələndiyi üçün kredit müqaviləsi üzrə tutmanın həmin avtomobilə yönəldiləcəyi zamanı qalan borc vəsaitinin ödənilməsinə kifayət etməcəyini də bilməli idi.

43. Buna baxmayaraq iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə ümumi iddia müddəti – 10 il keçdikdən sonra müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir.

44. Mülki qanunvericiliyin tələblərinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, iddiaçı uzun müddət müxtəlif vaxtlarda cavabdehlə görüşləri, telefon danışıqları olduğunu, cavabdehin bank qarşısında olan borcu bağlayacağına dair vədlər verdiyini, bununla da iddia müddətinin axımının kəsildiyini bildirsə də, buna dair məhkəməyə sübutlar təqdim etməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1676/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar