Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4957/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı iş üzrə (Açar sözlər: “borcun tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-777/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 021A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11.300 manat məbləğində kredit verilmişdir.
2. Cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, həmin tarixə "xxxx" QSC-yə Cavabdeh xx.xx.2022-ci il tarixli, 021A********** nömrəli kredit müqaviləsi üzrə kredit bоrcu - əsas borc 6.732,19 manat, faiz bоrcu 2.104 manat və cərimə borcu 707,06 manat olmaqla, ümumilikdə cəmi 9.543,25 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6.732,19 manat məbləğində kredit bоrcu, 2.104 manat məbləğində faiz bоrcu və 707,06 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9.543,25 manat məbləğində bоrcun və tərəfindən ödənilmiş 115,44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 021A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11.300 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4.567,81 manat ödəniş etmiş və оnun iddiaçıya 6.732,19 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 493 gün üçün hesablanmış faiz borcu 2.104 manat təşkil edir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, bankın faiz borcu ilə razı olmadığını bildirmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 6222/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/114 nömrəli rəyinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 021A********** nömrəli kredit müqaviləsi üzrə 24 oktyabr 2024-cü il tarixə əsas borc üzrə 8.321,67 manat və faiz borcu üzrə 538,33 manat borcu yaranmışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 777/2025 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia qismən təmin edilmiş, Cavabdeh 6.732,19 manat əsas borc, 538,33 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 7.470,52 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115,44 manat pulun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faiz və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faiz və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 538,33 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının əsas borc üzrə tələb etdiyi məbləğ ekspert rəyinə əsasən müəyyən edilən əsas borcun məbləğindən az olduğundan, əsas borc iddia tələbinə uyğun olaraq 6.732,19 manat məbləğində tutulmalıdır.
12. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını, əsas borc və dəbbə pulunun nisbətini nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli, 021A********** saylı kart kredit müqaviləsi üzrə 200 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
13. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi (115,44 manat) əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 467, 739.1, 739.2, 743-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, cavabdeh səhhətində yaranmış ciddi problemlər ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Məhkəmə isə cavabdehin iclasda iştirak etməmə səbəblərini hərtərəfli araşdırmadan işə onun iştirakı olmadan baxmışdır. Bu hal isə qanunvericiliyin müəyyən etdiyi çəkişmə prinsipinin aşkar şəkildə pozulmasıdır. Beləliklə, məhkəmə tərəfindən işə cavabdehin iştirakı olmadan və səbəblər hərtərəfli araşdırılmadan baxılması, ədalətli mühakimə hüququnun və məhkəmə icraatının obyektiv aparılması tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən təqdim olunan sənədlər cavabdehin iradə ifadəsini təşkil edə bilməz. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək bankın faiz borcunu qəbul etmədiyini bildirsə də, məhkəmə bunu nəzərə almamış, obyektiv və qərəzsiz olaraq bu iş üzrə araşdırma aparmamış və bankın iddia ərizəsində göstərilən əsas borcu, faiz borcunu və cərimə məbləğini öz mülahizəsinə əsasən qiymətləndirmişdir. Hesab edir ki, bu hal cavabdehin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən hesablamalar ilə bank tərəfindən təqdim edilmiş borc məbləği arasında fərq mövcud olsa da , birinci instansiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmadan və məsələni hərtərəfli araşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə əsas borc hissəsini iddiaçı tərəfindən irəli sürülən hesablamalara uyğun olaraq, faiz borcunu isə ekspert rəyinə istinad etməklə müəyyənləşdirmiş və bu yanaşma nəticəsində mübahisələndirilən tələblərin təhlili natamam və qeyri-obyektiv olmuşdur. Əsas borc, faiz borcu və cərimə məbləği əsassız şəkildə hesablanmışdır. Əsas borcun hesablanması zamanı məhkəmə yanlız iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Bu isə cavabdehin müdafiə və ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin edilmiş, apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verilmiş, şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.
26. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş xx.xx.2025-ci il tarixli, 9/114 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2024-cü il tarixə cavabdehin əsas borcu 8321,67 manat və faiz borcu isə 538,33 manat müəyyən edilmişdir.
27. Bu halda məhkəmə kollegiyası əsas borc tələbinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.
28. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən sözügedən borcun düzgün hesablanmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
29. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan cərimə məbləği ilə bağlı hesab edir ki, həmin məbləğ tənasübsüz surətdə yüksək deyil və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd etdiyi kimi səhhətində yaranmış ciddi problemlər ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsinə dair məhkəməyə məlumat və bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli teleqramda bankın faiz borcu ilə razı olmadığını, xx.xx.2025-ci il tarixli teleqramda isə işi ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir.
31. Mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 777/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: