Məhkəmə qərarları › İş №2(103)-4958/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4958/2023

23.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4958/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC və Cavabdeh1 MTK-ya qarşı iş üzrə (Açar sözlər “liftə qoyulmuş maneələrin aradan qaldırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC və Cavabdeh1 MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) “yaşayış binasında sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftə qoyulmuş maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-807/2023 nömrəli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçılar ünvan 1 ünvanında Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binaları olan kompleksin "xxxx" blokunun sakinləridirlər.

2. Həmin blokda quraşdırılmış liftlərdən biri qalın şüşə konstruksiya ilə əhatə olunmuş və Cavabdeh2 ASC-nin istifadəsinə verilmişdir. Sakinlər həmin liftdən istifadə edə bilmirlər.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş böyükölçülü liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiyanın sökülməsi və sakinlərə həmin liftdən istifadə edilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

4. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən mübahisə edilən binada yerləşən liftlərə keçirilən yerli baxış zamanı cavabdehlər tərəfindən üzərinə məhdudiyyət qoyulmuş liftin böyük olmadığı aşkar edilmişdir. Yerli baxış keçirilənədək cavabdehlər mübahisə edilən liftin böyük ölçülü olduğunu ehtimal edirdilər. Bu hal isə yalnız məhkəmənin keçirdiyi yerli baxış zamanı aşkar edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3in cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 MMC və “VTB” Banka qarşı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş böyükölçülü liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiyanın sökülməsi və sakinlərə həmin liftdən stifadə edilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair iddia ərizəsinin təmin edilərək qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binaları olan kompleksin sakinləridirlər. Müxtəlif dövlərdə onların hər biri qeyd edilən yaşayış binasının "xxxx" blokunda yerləşən mənzilləri rəsmi olaraq Cavabdeh1 MTK tərəfindən alqı-satqı yolu ilə almışlar. Kompleksin 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün MTK tərəfindən iki ədəd müasir lift quraşdırılmışdır. Liftlərdən biri kiçik ölçülü, digəri isə iri ölçülüdür. Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə digər Cavabdeh3 MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri Cavabdeh3 MMC tərəfindən həyata keçirilir. Qeyd edilən 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün inşa edilmiş iki müasir liftdən irihəcimli lifti cavabdehlər yalnız “VTB” bankın işçilərinin istifadəsinə vermişlər. Belə ki, qeyd edilən blokda “VTB” Bankın baş ofisi yerləşir. Cavabdehlər isə qanunsuz olaraq yaşayış binasının sakinlərinin istifadəsi üçün nəzərdə tutulan liftin qapısı üzərinə qalın şüşə konstruksiya çəkərək liftin qapısını tamamilə şüşə örtüklə örtmüşlər. Liftdən istifadə etmək üçün əvvəlcə qeyd edilən şüşə qapını xüsusi elektron açarla açmaq, daha sonra liftin içərisinə daxil olmaq olar. Lakin, cavabdehlərin qanunsuz əməlləri nəticəsində həmin liftdən yalnız cavabdeh “VTB” bankın liftə olan “xüsusi buraxılışlı” əməkdaşları istifadə edə bilir. Məhkəmənin nəzərinə çatdırılır ki, lifti sakinlərin istifadəsindən alaraq, üzərinə qalın şüşə örtük çəkdirib “VTB” bankın istifadəsinə verilməsi heç bir bina sakini ilə razılaşdırılmamış, heç kəsin fikri nəzərə alınmamışdır. Hazırda çoxsaylı sakinləri olan "xxxx" blokunda yalnız bir kiçik ölçülü lift sakinlərin istifadəsindədir. 20 mərtəbəli binada yüzlərlə insan yaşayır. Bir kiçik lift isə həmin insanları evlərinə çatdırmaq üçün azlıq edir. Həmçinin, tutumu kiçik olduğundan 3-4 nəfərdən artıq adamın eyni vaxtda həmin liftə minməsi və ya sakinlərin evlərinə aldıqları iri həcimli ev əşyaların daşınması qeyrimümkündür. Hər gün "xxxx" blokunun sakinləri dəqiqlərlə (bəzən 20-30 dəqiqə) tək bir liftin qarşısında dayanaraq liftdən istifadə etmək üçün növbə gözləyir. Bu da bina sakinlərinə çox böyük əziyyət verir. Bununla bağlı, dəfələrlə cavabdehlərə öz iradlarını bildirsələr də, heç bir tərəf liftə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına dair bir iş görmür. Hətta dəfələrlə kobud şəkildə haqlı iradlarını rədd etmişlər. Bununla bağlı ölkədə fəaliyyət göstərən televiziya şirkətlərinə müraciət etmişlər. Televiziya çəkilişləri ilə də məsələ gündəmə qaldırılmışdır. Buna baxmayaraq, bu günədək cavabdehlər liftə qoyduqları məhdudiyyətləri aradan qaldırmaq istəmir.

6. Cavabdeh2 ASC iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, bankın təhlükəsizliyinin təmin edilməsi baxımından liftin girişinə quraşdırılmış qalın şüşə örtüklü konstruksiyanın sökülməsi və həmin liftin sakinlərin istifadəsinə verilməsi məqsədəmüvafiq deyil. Bundan başqa, həmin blokda 3 liftin mövcud olmasını, bankın əməkdaşlarının daha çox olmasını və onlar tərəfindən həmin liftdən daim istifadə edilməsini nəzərə alaraq hesab edir ki, sakinlərin istifadəsinə məhdudiyyət qoyulmuş digər liftin onların istifadəsinə verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən liftlərin olduğu yaşayış binasında yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının "xxxx" blokuna daxil olduqda girişdə 3 ədəd lift vardır. Onlardan iki liftin bütün mərtəbələrə çıxışı vardır. Eyni zamanda, həmin yaşayış binasında hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 ASC-nin 1-5 mərtəbədə baş ofisi və 21-22 mərtəbədə bankın ofisi yerləşir. Yaşayış binasının "xxxx" blokunun 1-ci mərtəbəsində olan liftlərin biri (böyük lift) vətəndaşların istifadəsindədir. Digər qalın şüşə örtüklü konstruksiya ilə əhatə olunmuş lift isə yalnız bank əməkdaşlarının istifadəsindədir. Həmin lift 1-5 və 21- 22-ci mərtəbələrdə giriş və çıxış üçün bank əməkdaşları tərəfindən istifadə olunur və yalnız həmin mərtəbələrdə liftin qapıları açılır, digər mərtəbələrdə isə liftin qapı açılmır. Binanın "xxxx" blokunun 1-ci mərtəbədə açarla bağlanan bir qapı var, qapının arxasında isə Cavabdeh1 MTK-ya məxsus ofis yerləşir. Blokda yerləşən 3 liftdən biri bağlı qapı arxasında, Cavabdeh1 MTK-ya məxsus olan ofisdə yerləşir. Həmin liftdən binanın bütün sakinləri istifadə edə bilmir, yalnız ayrı-ayrı mərtəbələrində yerləşən mənzillərin sakinləri istifadə edə bilir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 807/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 (iyirmi) mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiyanın sökülməsi və sakinlərə həmin liftdən istifadə edilməsinin məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan mənzillərin yerləşdiyi binada olan liftlərdən biri qalın şüşə konstruksiya ilə əhatə olunmuşdur ki, (hansı ki, həmin liftə yalnız cavabdeh Bankın nümayəndələri giriş-çıxış edə bilirlər), digər isə Cavabdeh1 MTK-ya məxsus olan ofisdə yerləşir. Bu da binanın "xxxx" blokunda yerləşən mənzillərin sakinlərini, yəni mülkiyyətçilərini həmin liftdən istifadə etməsini mümkünsüz etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə ziddir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.3, 35.4, 35.5, 35.6-cı maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh3 MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, binada çox sayda bloklar vardır və hər blokda da liftlər mövcuddur. Bu blokda üç lift vardır və bina 20 mərtəbəlidir. Blokun beş mərtəbəsi və həmçinin yuxarı iki mərtəbəsində sakinlər yaşamırlar, qeyriyaşayış sahələridir. Blokda faktiki olaraq sakinlər iki liftdən istifadə edirlər. Binada altı blok vardır və beşində iki lift var. Təkcə bu blokda üç lift vardır ki, onlardan biri də qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuşdur. İcarəyə götürdükləri lift 1-ci, 2-ci, 21-ci və 22-ci mərtəbələrdədir. Liftdən daha çox bankın nümayəndələri istifadə edirlər. Bank xüsusi mühafizə olunan yerdir. Liftə Cavabdeh3 MMC tərəfindən məhdudiyyət qoyulmamışdır. Liftlərdən biri bankın, qalan ikisi vətəndaşların istifadəsinə verilib. Liftdən daim istifadə edilir. Bankın birinci mərtəbən də də girişi vardır, sadəcə yuxarı mərtəbələrə qalxmaq üçün liftdən istifadə edilir. Liftdə sadəcə 21 və 22-ci mərtəbələrin düymələri vardır. Lift 21-ci mərtəbədən birbaşa 2-ci və 1-ci mərtəbəyə düşür. İddiaçı tərəfindən irəli sürülən liftin gecikməsinə dair fikir absurddur. Belə ki, liftdə gecikmələr nadir hallarda müşahidə edilə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyası tərəfindən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və Cavabdeh3 MMC-nin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı həmin cavabdehə aid hissədə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirimədən saxlanılmalıdır.

22. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının "xxxx" blokunda quraşdırılan və sakinlərin istifadəsi üçün nəzərdə tutulan liftlərdən biri qalın şüşə konstruksiya ilə əhatə olunmuş və Cavabdeh2 ASC-nin istifadəsinə verilmişdir. Həmin binada kommunal xidmətlər Cavabdeh3 MMC tərəfindən həyata keçirilir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən sayından asılı olmayaraq liftlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

24. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər.

25. Hazırki iş üzrə sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar əsasında onların ümumi mülkiyyətində olan liftlərdən birinin cavabdehin sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmir. Həmin liftdən cavabdeh tərəfindən sahə mülkiyyətçilərinin iradəsinə zidd olaraq istifadə edilməsi, habelə liftdən istifadəyə hər hansı məhdudiyyətin qoyulması sahə mülkiyyətçilərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-807/2023 nömrəli qətnaməsi həmin cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar