Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4961/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı, Cavabdeh 100.000 manat borcun və həmin borc məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 2012-2020ci illər üzrə müəyyən etdiyi illik faiz bank uçot dərəcəsi nəzərə alınmaqla onun xeyrinə ümumilikdə 159.256 manatın və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı, 24 dekabr 2019-cu il tarixdə həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılıb, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərardadı ilə, Məhkəmənin 22 sentyabr 2015-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında notariat qaydasında bağlanılmış 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 31.06.2012-ci il tarixədək qaytarılması şərti ilə 100.000 manat tərəfindən Cavabdeh borc verilmişdir. Borc məbləğinin kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində qaytarılmasını cavabdeh təmin etmədiyinə görə pulun qaytarılmasını ondan tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını təmin etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh 100.000 manatın və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova). Cavabdeh, apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 970/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsinin və 10.01.2020-ci il tarixli qərardadın ləğv, iddianın rədd olunması barədə yeni qətnamə, yaxud işin icraatına xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki halları ilə əlaqədar sübutları təhrif etməklə iddiaçının xeyrinə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iş materiallarından iddia ərizəsinin 01.07.2015-ci ildə məhkəməyə təqdim olunduğu sübut olunduğu halda, məhkəmə qətnaməsində qeyd edir ki, iddia ərizəsi 30.06.2015-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin iş materiallarında olan və məhkəmənin ştampı ilə təsdiq olunmuş iddia ərizəsini deyil, əsası olmayan formada iddianın, guya 30.06.2015-ci il tarixdə məhkəməyə təqdim olunması barədə fikirləri MPMin 153.1-ci maddəsinin tələblərinə ziddir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sadə yazılı müqavilənin surətindən görünür ki, tərəflər öz aralarında razılaşırlar ki, 28.02.2015-ci il tarixə qədər 10.000 manat pul ödənilib. Eyni zamanda, cavabdeh bildirir ki, məbləğ 2015-ci il müddətində tam həcmdə iddiaçıya ödənilmişdir. İddiaçı pul məbləğini aldığına görə məhkəmənin sonrakı iclaslarında iştirak etməmiş, həmin vaxtdan Almaniyada yaşayır. 14.07.2015-ci il tarixdə və sonrakı tarixlərdə məhkəmənin təyin olunduğu iclaslar barədə bildirişləri iddiaçı şəxsən imza edib götürmüş, son 2 iclasa getməmiş və iş baxılmamış saxlanılmışdır.Məhkəmənin 10.01.2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin baxəılmamış saxlanılması barədə 22.09.2015-ci il tarixli qərardadı ləğv edilmiş, əsas kimi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması qeyd olunmuşdur. Halbuki, iş materiallarından görünür ki,iddiaçı ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 1lə 2015-ci ildə bu ünvana göndərilib, lakin geri qaytarılmış, eyni zamanda,məlikəmə bildirişlərini şəxsən imza edib götürmüş, hətta hazırlıq iclası barədə sms qaydasında məlumatlandırılmışdır. İddiaçı cavabdehdən pulu aldığı üçün, həmin vaxt məhkəmə qərardadından şikayət verməmişdir. İndi 5 ildən artıq bir müddət keçəndən sonra nümayəndəsi vasitəsilə iddiası əsassızdır. Çünki pul 2015-ci ildə tam həcmdə ona qaytarılmış, buna görə də, şikayət verməmişdir. Əslində, birlikdə notariusa yaxınlaşıb, müqaviləni ləğv etməli idilər, lakin iddiaçı birdən ölkədən köçdüyü üçün bu mümkün olmamışdır. Qanunvericiliyə görə, iddiaçı və cavabdeh məhkəmədə iştirak edə bilməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim etdikdə məhkəmə öz qərardadını ləğv edə bilər. Hzırıkı işdə isə, məhkəmə qərardadında üzrlü səbəbin nədən ibarət olduğu aydın deyil, belə bir səbəb yoxdur. Odur ki, 4 il 5 aydan sonra iddiaçının nümayəndəsinin vəsatəti əsasında 10.01.2020-ci ildə məhkəmənin 22.09.2015- ci il tarixli qanuni və əsaslı qərardadının ləğv edilib, işin baxışa təyin edilməsi qanunsuz və əsassız olmuşdur. İddiaçı yalnız ümumi qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi.Bundan əlavə, məhkəməyə cavabdeh tərəfindən 12.02.2020-ci il tarixdə iddia müddətin tətbiqi barədə ərizə təqdim olunmasına baxmayaraq, məhkəmə bu ərizədə əsaslandırılmış formada qeyd olunanlara hər hansı formada münasibət bildirməmişdir. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu 31.06.2012-ci il tarixdən etibarən bildiyi onun iddia ərizəsi ilə etirafından görünür. Belə olduğu halda, iddiaçı 31.06.2012-ci ildən - 31.06.2015-ci il tarixə qədər, yəni 3 il müddətində məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olmuşdur. İddia ərizəsini isə məhkəmə dəftərxanasına məhkəmə ştampı ilə təsdiq olunmuş qaydada məlum olur ki, iddiaçı 3 illik müddət başa çatdıqdan sonra 01.07.2015-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı heç bir üzrlü səbəb olmadan iddia müddətini buraxmış, iddia müddətin buraxılmasını üzürlü hesab etməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə isə, iddia müddətin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsini təmin etməməsinin səbəblərini qətnamədə əsaslandırmamış, nəticədə iddiaçının 2015-ci ildə aldığı pul məbləğin 2-ci dəfə ona verilməsinə dair qanunsuz qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7007/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “100.000 manat borcun və həmin borc məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikasının Mərkəzi Bankının 2012-2020-ci illər üzrə müəyyən etdiyi illik faiz bank uçot dərəcəsi nəzərə alınmaqla onun xeyrinə ümumilikdə 159.256 manatın və 31 manat dövlət rüsumunun tutulması” barədə iddiasının rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ziya Şirinov). Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7007/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1946/2021 saylı, 03.03.2021-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7007/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən: İlqar Xələfov). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən “Borc alan” “Borc verən”dən 100.000 manat məbləğində pul almışdır. Cavabdeh müqavilənin notariat qaydasında təsdiq olunduğu vaxtdan, 31 iyun 2012-ci il tarixədək borc aldığı-100.000 (bir yüz min) manat məbləğində pulu ödəməyi və İddiaçı bu ödəməni qəbul etməyi öhdəsinə götürmüşdür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçının 100.000 manat pulu 31 iyun 2012-ci il müddətinə qaytarmaq şərti ilə cavabdehə verməsi barədə tərəflər arasında notariat qaydada 30.05.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır (i.v. 10). Müqavilənin 3-cü bəndinə əsasən, cavabdeh borc məbləğini müqavilənin notariat qaydasında təsdiqləndiyi andan 31.06.2012ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, həmin andan müqavilə tərəflərinin hüquq və vəzifələri – borc verənin borcu tələb etmək hüququ, borc alanın borcu qaytarmaq vəzifəsi yaranmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, bu müddət ərzində Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, borcun 2015-ci ildə ödənildiyini, bu səbəbdən də həmin vaxtdan iddiaçının müqavilə üzrə borcunu tələb etmədiyini bildirmişdir. İş materiallarıda cavabdehin borcu ödəməsini təsdiq edən hər hansı sübut aşkar edilmədiyindən həmin hissədə iddia tələbinin təmin edilərək, Cavabdeh 100.000 manatın tutularaq, İddiaçı xeyrinə ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Daha əvvəl işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «İş materiallarından görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məhkəməyə 30 iyun 2015-ci il tarixdə təqdim olunmaqla iddia müddətinin ötürülməməsini göstərmiş və bunu təsdiq edən sübut kimi məhkəməyə işin 108-ci səhifəsində olan iddia ərizəsinin surətini təqdim etmişdir. Həmin sənəd iddia ərizəsinin surəti olsa da, onun üzərində olan məhkəmənin ştampından görünür ki, iddia ərizəsi 30 iyun 2015-ci il tarixdə məhkəmənin Zaur Xəlilov adlı işçisi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilini əsassız sayaraq işə mahiyyəti üzrə baxmaqla iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bununla əlaqədar müvafiq araşdırmalar aparmadan həmin sənədi (iddia ərizəsinin) kserosurət olmasına əsaslanaraq iddia müddətinin bir gün ötürülməsinə əsaslanmaqla iddianı rədd etmişdir... Göstərilən vəziyyətdə kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli və işə yenidən apellyasiya qaydasında baxılarkən iddia müddətinin tətbiqi üçün əsasların olub-olmaması məsələsi tam və hərtərəfli yoxlanılmalıdır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı iş materiallarında olan iddia ərizəsinin 30.06.2015-ci il tarixində Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Həmin sənədin mötəbərliyi kollegiyada sual doğurmamış, eyni zamanda, həmin iddia ərizəsinin qeyrimötəbərliyini təsdiq edəcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsindən həmin iddia ərizəsinin əvvəlki apellyasiya baxışı zamanı təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmışdır. İddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı əvvəlki apellyasiya məhkəməsində icraat zamanı kollegiya iclasında iştirak etməməsi səbəbindən iddia ərizəsinin əslini məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən hal kollegiya tərəfindən araşdırılaraq iş materiallarında olan məhkəmə iclas protokollarından müəyyən edilmişdir ki, iddiaçı tərəf həqiqətən də kollegiya iclasında iştirak etməmişdir. Belə ki, iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı 30.06.2012-cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırmanın son tarixi 30.06.2015-ci il hesab olunur. İddiaçı isə, hazırkı iddianı 30.06.2015-ci il tarixdə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürməmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Kollegiya, iddia ərizəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının illik faiz bank uçot dərəcəsi nəzərə alınmaqla 59.256 manat məbləğində pulun tutulması hissəsində iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya yuxarıda sadalanan xüsusatları ümumiləşdirərək qeyd edir ki, iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 100.000 manatın və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4961/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4961/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver