Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4961/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 1233/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 (iki yüz qırx səkkiz) ABŞ dolları hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 114.96 (bir yüz on dörd manat doxsan altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2244,64 (iki min iki yüz qırx dörd ABŞ dolları altmış dörd sent) ABŞ doları məbləğində artıq ödənilmiş pulun iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1233/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, hazırki mülki işlə bağlı yalnız iddia ərizəsi ona məhkəmə bildirişi ilə birlikdə təqdim edilmişdir. İddia ərizəsinə əlavə olunmuş digər sənədlər ona rəsmi olaraq göndərilməmişdir. O, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə tanış ola bilmişdir. Yalnız bundan sonra məlum olmuşdur ki, mübahisəli kredit müqaviləsi üzrə o, banka 40000 ABŞ dolları əsas, 13515,61 ABŞ dolları faiz məbləği olamaqla ümumilikdə 53515,61 (əlli üç min beş yüz on beş ABŞ dolları altmış bir sent) ABŞ dolları məbləğində pul ödəməli olduğu halda xx.xx.2021-ci il tarixədək AG Bank ASCyə ümumilikdə 55760,25 ABŞ dolları məbləğdə ödəniş etmişdir. Yəni qarşılıqlı iddia üzrə tələb olunan 2244,64 (iki min iki yüz qırx dörd ABŞ dolları altmış dörd sent) ABŞ dolları məbləğində artıq pul ödəmişdir. Hesab edir ki, məhkəmənin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmasına dair gəldiyi qənaət və ərizənin təmin edilməsindən imtina edilməsi üçün gətirdiyi dəlillər əsassız olduğından və yalnız formal əsaslara söykəndiyindən qərardad ləğv edilərək, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi tələbinə dair» iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər və Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilmiş, bundan sonra Cavabdeh iş üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə keçrirlmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üzrə müəyyən edilmiş 20 günlük müddəti ötürdükdən sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 1233/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4961/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4961/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver