Məhkəmə qərarları › İş №2(103)-4961/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4961/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4961/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment məbləğinin dəyişdirilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi ilə 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 mart 2023cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin 1/2 (yarı) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, 16 aprel 2013cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2984/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 mart 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin 1/2 (yarı) hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh X1 şəhərində yerləşən N saylı hərbi hissədə çalışırdı və onun aylıq əmək haqqı 1.350 manat təşkil edirdi. X9 N saylı hərbi hissədə artıq çalışmadığı üçün aylardır ki, iddiaçı aliment pulunu ala bilmir. İcra məmurundan aliment pulunun ödənilməsini tələb etdikdə, cavabdehin başqa gəlirlərinin olmadığını bildirir. İddiaçı bu ciddi məsələ ilə bağlı Mediasiya təşkilatında da müraciət etmişdir. Cavabdeh təşkilatda iştirak etməmişdir. İddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 mart 2024-cü il tarixli arayış verilmişdir və artıq alimentin miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. İddiaçı tək başına 3 övladının tələbatını çətinliklə ödəyir. Cavabdeh iddiaçıya olan qərəzli münasibəti səbəbindən doğma övladlarına maddi yardım göstərmir. 6 aydır ki, iddiaçı övladlarına çətinliklə də olsa təkbaşına baxır. X6 Əliyev Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 235 manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla, yanaşı həm də vacib hüquqi vəzifələridir.

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi əsasında 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 77.60 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəllər hərbi qulluqçu olmuş, məhkəmə tərəfindən təyin edilmiş aliment onun əmək haqqısına yönəldilmişdir. Cavabdeh hazırda iş yerini dəyişmiş, iddiaçı da hissəvi təyin edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh hazırda "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat əmək haqqı alır. Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, cavabdehin aldığı əmək haqqı miqdarını da nəzərə alaraq, iddianın qismən təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 13-cü maddəsin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 9.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun xeyrimə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, 16 aprel 2013-cü il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, o,3 azyaşlı övladı ilə birlikdə anası və atasının himayəsində yaşayır. Əmək haqqı qətnamədə göstərildiyi kimi 2000 manat deyil, o 1600 manat məbləğində əmək haqqı alır. Anası xəstədir və ahıl yaşlıdır. Övladlarına baxmaq üçün 400 manat məbləğində pul ödəyir və uşaqlarına dayə baxır. Bundan əlavə övladlarının ikisi məktəblidir və onları məktəbə taksi aparıb -gətirir və məlumdur ki, bu da xərcdir. Bunları qeyd etməkdə məqsədi qətnamədə onun əmək haqqının olması əsas gətirilir və o işləsə belə cavabdehin alimenti az ödəməsinə şərait yaratmır. Cavabdehdə atalıq öhdəliklərini yerinə yetirməlidir. O maddi cəhətdən əlavə övladlarının bütün təlabatını ödəməyə çalışır və həm maddi, həm də ki, mənəvi cəhətdən onların yanındadır. Cavabdehin isə bir ata kimi etdiyi tək şey övladlarına aliment ödəməkdir və onu da doğrudüzgün etmir. O 3 övladı ilə birlikdə darısqal bir şəraitdə yaşayır. Onun övladlarının evə ehtiyacı var. Cavabdehlə ayrı yaşadığı bu 2 il müddətində nə övladlarının xəstəliyində, nə şənliyində,ad günlərdə özü xəbər etsə belə cavabdeh iştirak etməmişdir və övladının əməliyyat olunacağını bilə-bilə bu hala biganə yanaşmışdır. Bu 2 il ərzində o, övladlarını cəmi 3 dəfə görüb. O isə ata ilə övladlarının görüşünə heç bir mane törətmir və əksinə onları bir arala gətirməyə çalışır. Cavabdeh isə bundan imtina edir. Onun tək dərdi övladlarının normal yaşayışını qurmaq və onlara normal gələcək bəxş etməkdir. Ata olan şəxs isə alimenti az verməkdən ötrü əlindən gələni edir. Cavabdeh özü 120 kv.m sahəsi olan evdə yaşayır və hər iki valideyni işləyir, kifayət qədər qazancları vardır. O 2023-cü ilin sentyabr ayından cavabdehin rəsmi işləməsi barədə sənədi əldə edə bilmir ki, icra məmuruna təqdim edib və onun borcu hesablansın. Hazırda isə qətnamədə qeyd olunmuşdur ki, "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat məbləğində əmək haqqı alır. Halbuki icra məmuru bildirir ki, o işdən çıxıb və ona aliment ödənilmir. O 2023-cü ilin sentyab ayından aliment ala bilmir. Buna səbəb cavabdehin gəlirinin olmaması göstərilmişdir. Buna görə də məcbur olub hazırki iddiasını məhkəməyə ünvanlayıb. İddia tələbini məhkəmə ünvanladıqdan sonra cavabdehin işlədiyi də üzə çıxmışdır. İcra məmuru da onu aldadırmış ki, cavabdehin rəsmi gəliri yoxdur və buna görə də ona aliment ödənilmir. Onun 3 azyaşlı övladının haqqı kənarda qalıb, övladlarına aliment ödəməyən bir şəxsin hüquqları çox gözəl şəkildə müdafiə olunur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, 2000 manat maaş aldığı qeyd edilsə də, 1638 manat maaş alır. 500 manat baxıcıya, 500 manat da evin kirayəsinə ödəyir. Kommunal ödənişləri də var. Cavabdeh də əziyyət çəkib 235 manat alimenti ödəsin. 3 uşağın xərci çoxdur. Uşaq əməliyyat olundu, cavabdeh marqlanmadı, gəlmədi. 2 ildə uşaqları 1-2 dəfə görüb, maraqlanmır. Onu evdən uşaqla bərabər məcbur çıxardılar. Onu şərlədilər. Sübut da edə bilmədi. O işdən qayıdanda hər gün uşağın ağladığını görür, atasını görmək istəyir. Keçən ilin sentyabrından o, aliment almır. 2022-ci ildən borcu var, sonda Ombudsmana şikayət edib, aliment tutuldu. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 1/2 hissə tutulanda təxminən 500 manat aliment edirdi.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçını heç kim şərləməyib, dedikləri yalandır. Hərbiçi olub, ailə problemlərinə görə işdən çıxıb. İddiaçı heç məhkəmədə iştirak etməyib. Kirayədə qaldığı da yalandır. Uşaqla görüşməyə gedəndə cavabdeh anası ilə onu polis bölməsinə şikayət etdilər. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

13. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun xeyrimə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, 16 aprel 2013-cü il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

18. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi ilə 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 mart 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin 1/2 (yarı) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

19. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin sabit pul məbləğində - hər ay bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat məbləğində ödənilməsini xahiş edir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

22. Hazırkı iddia tələbində iddiaçı qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin qazancının və başqa gəlirlərinin 1/2 (yarı) hissəsi miqdarında aliment məbləğinin ödənilməli olması müəyyən edilərkən cavabdeh Zamanov X5 şəhərində yerləşən N saylı saylı hərbi hissədə çalışmış, N manat məbləğində əmək haqqı almışdır, cavabdeh hazırda işləməməsini əsas gətirərək aliment ödənilməsindən imtina edir.

23. Birinci instansiya məhkəməsi hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

25. Məhkəmə işlərinin elektron idarəetmə sistemində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat əmək haqqı alır.

26. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

27. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsini qanunauyğun hesab edir.

28. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi əsasında 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 92 (doxsan iki) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

29. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti (alimentin artırılması tələb edilən hissəsi) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

32. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi əsasında 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi 26 avqust 2024-cü il tarixdən başlayaraq 16 aprel 2013-cü il təvəllüdlü X8, 11 iyul 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 92 (doxsan iki) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar