Məhkəmə qərarları › İş №2(103)-4962/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4962/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4962/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)- 1796/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin bağladığı xx.xx.2017-ci il tarixli 022-17/İ nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 300 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz olmaqla 100.000 manat kredit verib. 2.Cavabdeh müqavilə öhdəliyini pozub. İddiaçının maliyyə arayışına görə, xx.xx.2025ci il tarixə əsas borcun məbləği 90.318,55 manat, faiz borcunun məbləği 5.767,13 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 90.318,55 manat, faiz borcu kimi 5.767,13 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 4.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 90.318,55 manat, faiz borcu kimi 5.767,13 manat, cəmi 96.085,68 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 378,26 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia qismən təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, borcun məbləği düzgün müəyyən edilməyib, məhkəmə iddiaçının maliyyə arayışı ilə kifayətlənib, ekspertiza təyin etməyib. 6.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.İddiaçının təqdim etdiyi sübutlara görə, cavabdehin kredit müqaviləsi üzrə yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi var. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etiraz bildirməyib, sübut təqdim etməyib, o cümlədən məhkəmə iclasına gəlməyib, bunun səbəbinin üzrlü olduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq iddianı təmin edib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. 8.Apellyasiya icraatında mühasibat ekspertizası təyin edilməsi üçün əsas yoxdur. Birinci, ekspert rəyi sübutetmə vasitəsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh ekspertiza təyin edilməsi barədə vəsatəti özündən asılı olmayan səbəblərə görə birinci instansiya məhkəməsində verməsinin mümkün olmadığını əsaslandırmayıb. İkinci, cavabdeh borcun məbləği ilə nəyə görə razılaşmadığını əsaslandırmayıb, iddiaçıya etdiyi ödənişlər barədə sübut və ya iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyini təkzib edən sübut təqdim etməyib, o cümlədən apellyasiya icraat zamanı məhkəmə iclasına gəlməyib, bunun səbəbinin üzrlü olduğunu təsdiq edən sübut təqdim etməyib. Bütün bunlar isə onu təsdiq edir ki, apellyasya şikayətinin verilməsində cavabdehin məqsədi iş üzrə icraatın yekunlaşmasını yubatmaqdır. 9.Beləlilklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1796/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar