Məhkəmə qərarları › İş №2(103)-4966/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4966/2022

01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4966/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh X8 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1327/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa görə 193 manat aliment məbləğinin müəyyən olunması və mediatora ödənilən 50 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 may 2008-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 09 yanvar 2011-ci il təvəlüdlü X9 və 23 oktyabr 2016-cı il təvəli X6 dünyaya gəlmişdir. Münasibətin pozulması səbəbindən 10 mart 2021-cı il tarixdə Bakı şə Xəzər Rayon Məhkəməsinin 2(003)- 1212/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları onun himayəsinə verilmişdir. Yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılaması üçün cavabdehdən hər bir uşağa görə 150 manat, cəmi 300 manat kəsilmişdir. Hazırda minimum aliment 193 manat müəyyən edilmişdir. Cavabdehlə dəfərlə razılığa gəlməsi barədə söhbət etsə də heç bir nəticə verməmişdir. Bir ilə yaxındır ki, övladları ilə maraqlanmır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat müəyyən edilməklə cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1237/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1237/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və 09 yanvar 2011-ci il təvəlüdlü X9 və 23 oktyabr 2016-cı il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ayrı-ayrılıqda 193 manat, cəmi 386 manat məbləğində aliment artırılaraq və mediatıra ödənilmiş 50 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavadeh məhkəmə iclasında bildirmişdir ki, aylıq gəliri 300 manatdır, əlavə olaraq bildirdi ki, yenidən ailə həyatı qurub.Əgər cavabdehin aylıq gəliri cəmi 300 manatdırsa və o, hər ay 300 manat aliment ödəyirsə, necə yeni ailə qura bilər. Göründüyü kimi cavabdeh səmimi deyil və alimentin artırılması qarşısını almaq istəyir. Uzun müddətdir ki, cavabdeh umumiyətlə uşaqlarla maraqlanmır və onlarla görüşmür. Hazırki vəziyyətdə o, bir ana kimi, işləyir və hər iki övladına layiqincə baxıb onlara təhsil verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar əsasında təmin edilir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, 09 yanvar 2011-ci il təvəlüdlü X9 və 23 oktyabr 2016-cı il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ayrıayrılıqda 193 manat, cəmi 386 manat məbləğində aliment artırılaraq və mediatıra ödənilmiş 50 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X13 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1212/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikahın pozulması, onların birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 analarının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər hər uşağa görə 150 manat alimentin tutulması qət edilmişdir. İddia ərizəsindən görünüdüyü kimi iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmasına əsaslanmaqla tələb edir. Cavabdeh iddiaya etirazını isə hazırda aylıq qazancının az olması və ikinci dəfə ailə qurması ilə əsaslandırmışdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikasında 2022-ci il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 193 manat təşkil etməsini və uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh X7 09 yanvar 2011-ci il təvəlüdlü X9 və 23 oktyabr 2016-cı il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün ayrı-ayrılıqda 175 manat, cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli və mediatıra ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1327/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X7 09 yanvar 2011-ci il təvəlüdlü X9 və 23 oktyabr 2016-cı il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün ayrı-ayrılıqda 175 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediatora ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir. Qətnamə dərhal icra olunsun. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar