Məhkəmə qərarları › İş №2(103)-4967/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4967/2020

17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4967/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşaqları, X1 üçün ödənilən 160 manat məbləğində alimentin 170 manat məbləği həcmində artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci ildə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3 doğulmuşdur. Yetkinlik yaşına çatmayan qızı onun himayəsindədir. Hər ay onun maddi ehtiyaclarının ödənilməsi üçün atası tərəfindən uşaqlar üçün dövlətin müəyyən etdiyi minimum ehtiyac meyarı məbləğində, yəni 160 manat miqdarında aliment ödənilir. Hazırda, yəni 2020-ci il yanvar ayının 1-i tarixindən Azərbaycan Respublikasında uşaqlar üçün minimum ehtiyac meyarı 170 manat müəyyən edilmişdir. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablanması, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və yeni aliment məbləğinin iddia tələbinin verildiyi tarixdən hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin tutulması məhkəməyə müraciət edilən tarixdən müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini, cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı məhz həmin hissədə qətnaməni mübahisələndirdiyindən kollegiya qətnamənin yalnız “alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablanması” hissəsi üzrə qanuniliyini və əsaslılığını yoxlayır. Kollegiya xüsusilə vurğulayır ki, cavabdeh qətnaməni mübahisələndirməmişdir. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxxxx 2012-ci il tarixdə X3 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün təyin olunmuş aliment məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 170 manat məbləğində müəyyən edilməsini tələb edir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından ibarətdir.Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edildiyi kimi qətnamə bu hissədə yoxlanılmır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edilsə də, kollegiyanın qənaətinə görə bu norma məhz aliment tutulması ilə bağlı irəli sürülən iddialara şamil oluna bilər. Başqa sözlə, İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmədiyi, hazırkı mülki icraat “alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi” iddiası əsasında başlandığı üçün, müəyyən edilmiş aliment məbləği qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla ödənilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar