Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4968/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-1012/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4769/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-307/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayətin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
2. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş baxışa əsasən təyin olunub ki, “Kia K-7” minik markalı **- ET-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə 18.860 manat məbləğində maddi zərər dəymişdir. Sıradan çıxmış ehtiyat hissələrinin adları bazar qiyməti ilə tərtib edilmiş nöqsan aktında göstərilib. Bundan əlavə, aktda təmir işlərinin dəyəri manatla göstərilib. Beləliklə, avtomobilin tam texniki yararlı vəziyyətdə istismara hazır olması üçün çəkiləcək xərclər: işçilərin əmək haqqı – 4500 manat; ehtiyat hissələri – 14.360 manat, cəmi 18.860 manat.
3. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Kia K 7” minik markalı KNALB41ABGA006750 ban nömrəli CH133126 mühərrik nömrəli 2016-cı il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.
4. "xxxx" MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli 0217 nömrəli hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyəri (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 12.103 manat müəyyən olunmuşdur.
5. "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 nömrəli xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun təmiri üçün (materiallar və usta haqqı nəzərə alınmaqla) tələb olunan vəsait 20.325 manat təşkil edir. “Kia K7” minik markalı 90-ET949 dövlət qeydiyyat nişanlı avtomobildə təmir işi görülmüşdür. “Kia K7” minik markalı 90- ET-949 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkilmiş xərc 20.325 manat təşkil edir.
6. Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş 339 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 Azərbaycan Qiymətləndiricilər Palatasının qiymətləndiricilər reyestrində yoxdur.
7. İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də “Mercedes Benz G500” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
8. TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də Cavabdeh M.Mehdizadə küçəsi ilə S.Kərimov küçələrinin kəsişməsində “Mercedes Benz G500” minik markalı **-TZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38.860 manat məbləğində maddi zərərin, vəkilə ödədiyi xidmət haqqının əvəzi olaraq 530 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 207 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 avqust 2024-cü il tarixdə saat 22:45 radələrində “Mercedes Benz G 500” markalı 99- TZ996 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsi ilə S.Kərimov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2.5 yol nişanının tələbini pozaraq mülkiyyətində olmaqla idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Kia K7” markalı avtomobili vuraraq, nəticədə ona məxsus “Kia K7” markalı 90-ET949 dövlət qeydiyyat nişanlı minik avtomobilini tamamilə əzib sıradan çıxarmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru polis kapitanı Polad Xəlilov tərəfindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(011)-4769/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş qəza nəticəsində ona məxsus “Kia K7” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtonobilində su radiatoru, kondisioner radiatoru, vintilyator (difizor), ön qoruyucu şveller, ön banperi (komplekt), sol ön qanad, ekran (ön), sol ön fara, kapotun petlələri (2 ədəd), sağ və sol təkər qoruyucusu (2 ədəd), buferin sağ və sol salaskası (2 ədəd), ön kapot, sol ön qapı, ön bamper (qoruyucu alt nazik), ön bamper radarı (4 ədəd), ön buferin qoruyucusu, qapının kantı, turbonun radiatoru, kapotun zamoku, karobkanın karter qapağı, mühərrikin alt qoruyucusu, şit (hava yastığı (airback) ilə birlikdə), dizlik hava yastığı, şüka (hava yastığı ilə birlikdə), sol ön oturacağın hava yastığı, arxa sol oturacağın hava yastığı, damın (tavanın) hava yastığı, dam üzlüyü, turbo intikullerin radiatoru, sol bakavin (blok) ölü zona, ön şüşə, vetrovik, kapot açarının plasması, akkumulyator və hazırda vizual müşahidə oluna bilməyən digər hissələri tamamilə bərpa olunmaz vəziyyətdə sıradan çıxmış, avtomaşın deformasiyaya uğramışdır. Həmçinin, mühərrik surət qurğusu, ötürücü sistemlərdə nasazlıq yaranmışdır. Hazırda avtomaşın işlək vəziyyətdə deyildir. Mülkiyyətində olan “Kia K7” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçirilmiş baxış nəticəsində, avtomobilin zədələnmiş hissələrinin təmir olunmasına (dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir-bərpa işlərinin qiyməti) təxminən 18.860 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh müəyyən olunmuş 18.860 manat məbləğində maddi zərərin ödənilməsindən və ya avtomaşının təmir edilməsindən imtina edir. Bundan başqa, cavabdehin təqsiri ucbatından baş vermiş qəza zamanı dəymiş zərbə nəticəsində avtomobili öz görkəmini və işlək vəziyyətini dəyişmişdir və əvvəlki vəziyyətə bərpa etmək mümkün deyildir. Avtomobil hətta təmir olunsa belə, özünün satış dəyərinin 50%-dən çoxunu itirmiş olacaqdır. Belə ki, hazırda Bakı şəhəri avtobazarlarında mövcud olan qiymətlərə və internet saytı (www.turbo.az) məlumatlarına əsasən tam dolu komplektasiyada olan 2016-cı il model, dizel mühərrikli “Kia K7” markalı avtomobilin orta bazar dəyəri 40.000 manatdır. Lakin cavabdehin təqsiri ucbatından baş vermiş qəza səbəbindən avtomobili təmir olunduqdan sonra 20.000 manatdan artıq qiymətə satmaq mümkün deyildir. Bu səbəbdən də hesab edir ki, avtomobilin təmir xərclərindən savayı həmçinin, ona məxsus avtomobilin alıcılıq qabiliyyətinin itirilməsi nəticəsində 20.000 manat dəyərində maddi ziyan dəymişdir. Yuxarıda qeyd edilənlərin yekun nəticəsi olaraq o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 40.325 (qırx min üç yüz iyirmi beş) manat məbləğində maddi zərərin, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 530 (beş yüz otuz) manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 207 (iki yüz yeddi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 1012/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 12.103 manatın, avtomobilə görə real zərər üçün 20.000 manat olmaqla, cəmi 32.103 manat məbləğində pul vəsaitinin, həmçinin, 186.31 manat dövlət rüsumunun və 421.93 manat hüquqi xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X5).
13. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:45-də “Mercedes Benz G500” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh İddiaçı idarə etdiyi “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonuncuya ziyan vurulmasına səbəb olmuşdur. “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan xx.xx.2024-cü il tarixli akta əsasən 18.860 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş hesabatda “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyərinin 12.103 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə, həmin hesabatda göstərilən məbləği 2016-cı il buraxılışlı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı orta bazar qiyməti (34.290 manat) ilə müqayisə edərək, cavabdehdən nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə 12.103 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini ağlabatan və ədalətli hesab edir. 2016-cı il buraxılışlı “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı orta bazar qiymətindən nəqliyyat vasitəsinə vurulmuş maddi ziyan çıxıldıqda (34.290-12.103=22.187) nəqliyyat vasitəsinin gördüyü real zərər 22.187 manat təşkil edir. Yəni nəqliyyat vasitəsi təmir olunduqdan sonra onun hazırkı orta bazar qiymətinə satılması real deyildir. Yuxarıda qeyd edildiyi kimi 2016-cı il buraxılışlı “Kia K7” minik markalı **-ET- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı orta bazar qiyməti 34.290 manat təşkil edir. Lakin iddiaçı avtomobilə görə real zərər kimi 20.000 manat tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən real zərər kimi 20.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab etmidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.2-ci, 1097.1-ci, 1097.3-cü, 1108.1-ci, 1115-ci maddələrinə, Mülki- Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərin yaranmasına və məbləğinin artmasına iddiaçının hərəkətlərinin hansı həcmdə şərait yaratmasını müəyyənləşdirmək üçün ekspertiza təyin olunması barədə məhkəməyə 3 dəfə vəsatət verməklərinə baxmayaraq vəsatətləri rədd olunmuşdur. Ekspertiza keçirilməsi barədə verdikləri vəsatətlərin rədd olunması məhkəmə tərəfindən bu işlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4769/2024 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmək haqqında qərarının olması ilə əsaslandırılmışdır. Hesab edirilər ki, məhkəmənin bu mövqeyi həm prosessual qanunvericiliyin tələblərinə, həm də vahid məhkəmə təcrübəsinə ziddir. Çünki, Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarların məhkəmədə baxılan mülki iş üzrə heç bir preyudisial əhəmiyyəti yoxdur. Həmin maddədə yalnız mülki iş üzrə məhkəmə qətnaməsinin və cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmünün işə baxan məhkəmə üçün məcburi olduğunu qeyd edilmişdir. Yəni inzibati tənbeh tətbiq etmək haqqında qərarın mövcudluğu ekspertiza keçirilməsindən imtina üçün əsas deyildir. Avtomobilin bazar qiymətinin azalması tələbi üzrə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsinə və məhkəmə iclasında bununla bağlı hər hansı bir sübutun tədqiq olunmamasına baxmayaraq, məhkəmə tərəfindən bazar qiymətinin azalmasına görə dəymiş ziyanın məbləği heç bir məntiqi əsası olmayan formada hesablanaraq, tam həcmdə təmin olunmuşdur. Halbuki, qəza nəticəsində avtomobilin bazar qiymətindəki azalmasının hesablanması xüsusi bilik tələb edən sahə olduğu üçün qiymətləndirici mütəxəssis tərəfindən hesablanmalı idi. Çünki avtomobilin bazar qiymətinə təsir edən çoxlu digər amillər (tələb-təklif, avtomobilin mənşə ölkəsi, mühərikinin növü və.s ) var, həmin amillərin hamısı elmi metodlarla bir-bir nəzərə alınaraq amortizasiya norması tətbiq olunmaqla hesablanmalıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında Qanununa görə dəymiş zərərin qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti istiqamətlərindən biri hesab olunur və qanunla müəyyən edilmiş tələblərə cavab verən qiymətləndiricilər tərəfindən həyata keçirilir.
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin “Kia K7”minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 12.103 manat ödənilməsi hissəsində ləğv olunmasını və iddia tələbinin “Kia K7” minik markalı **- ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 18.860 manat ödənilməsi tələbi hissəsində tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş hesabatla avtomobilinin təmir bərpasına təyin edilən 12.103 manatla razılaşaraq həmin məbləğdə pulun ödənilməsi qənaətinə gəlməkdə səhvə yol vermişdir. Bu səbəbdən hesab edir ki, yenidən qiymətləndirmə aparılaraq iddia tələbinin 18.860 manat hissəsi də təmin edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, zərərin dəyərinin müəyyən edilməsiylə bağlı 19.000 manat təşkil etməsinə dair rəy təqdim etmişlər. Lakin məhkəmənin təyin etdiyi qiymətləndirmə nəticəsində avtomobilə dəymiş zərər 21.889 manat müəyyən edilmişdir. Avtomobili 16000 manata satmışdır.
21. Məhkəmə iclasında Cavabdeh öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin yekunda çıxardığı rəqəmlə razılaşmır. Çünki qətnamə ekspert rəyinə əsaslanmamışdır. Eksert rəyində dəymiş zərər 12.000 manata müəyyən edilsədə, birinci instnsiya məhkəməsi ondan 32.000 manat tutulması qənaətinə gəlmişdit. O, 20.000 manat dəymiş zərərlə razılaşmır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində iddia tələbinin həm təmin edilən, həm də təmin olunmayan hissələrinin ləğv edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.
28. Hazırkı işin faktiki hallarına əsasən xx.xx.2024-cü il tarixdə saat 22:45-də “Mercedes Benz G500” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh İddiaçı idarə etdiyi “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonuncuya ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4769/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda iddiaçı avtomobilinə görə real zərər kimi 20.000 manat və təmir-bərpası üçün 18.860 manat tələb edir. Cavabdeh isə iddiaçının irəli sürdüyü məbləğlə razılaşmır.
29. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsində doğru nəticəyə gəlməmişdir.
30. Tərəflər arasında mübahisə də məhz avtomobilə vurulmuş real zərərin və təmirbərpa xərclərinin məbləği ilə bağlı yaranmışdır. Bu səbəbdən zərərin məbləğinə aydınlıq gətirilməsi məqsədi ilə apellyasiya icraatı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın məbləği, həm də çəkilmiş təmir xərcləri müəyyən edilmişdir.
31. Apellyasiya icraatı zamanı təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş “X1” MMC-nin 13 noyabr 2025-ci il tarixli rəyinə əsasən buraxılış ili 2016-cı il olan “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə dəymiş zərərin məbləği 21889 manat təşkil etmişdir.
32. Sonradan "xxxx" MMC-nin 09 yanvar 2026-cı il tarixli PQ-Y-06/2026 nömrəli rəyinə əsasən yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş, buraxılış ili 2016-cı il olan “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir edildikdən sonra, yolnəqliyyat hadisəsinin baş verdiyi zamanda, yəni 2024-cü il tarixdə bazar dəyəri 25,000.0 manat təşkil edə bilərdi. Yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş, buraxılış ili 2016-cı il olan “Kia K7” ininik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir edildikdən sonra, xx.xx.2025-ci il tarixinə bazar dəyəri 24,500.0 manat təşkil edə bilər. Zədələnmə, yəni qəza olmasaydı buraxılış ili 2016-cı il olan “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü il tarixdə bazar dəyəri 30,000.0 (otuz min) manat təşkil edə bilərdi. Zədələnmə, yəni qəza olmasaydı buraxılış ili 2016-cı il olan “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 29,000.0 (iyirmi doqquz min) manat təşkil edə bilər. Nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 13,410.0 (on üç min dörd yüz on) manat (10,110.0 manat ehtiyat hissələrinin dəyəri, 3,310.0 manat isə işçilik xərcləri) həcmində müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qiymətləndirmə ilə bağlı ilk növbədə qeyd edir ki, Qiymətləndirmə, təqdim edilmiş fototəsvirlər və məlumatlar əsasında həyata keçirilmişdir. Həmçinin, qiymətləndirici tərəfindən birinci sual üzrə nəticənin müəyyən edilməsi məqsədilə nəqliyyat vasitəsinə dəymiş zərərin nəzəri hesablanması aparılmışdır. Bu çərçivədə, təqdim edilmiş fototəsvir materialları, texniki məlumatlar və avtomobilin zədələnmə xarakteri əsasında ilkin analitik qiymətləndirmə həyata keçirilmişdir. Aparılmış qiymətləndirmə zamanı avtomobilin bərpası ilə bağlı mümkün təmir işlərinin həcmi, ehtiyat hissələrinin dəyişdirilməsi zərurəti, həmçinin işçilik xərcləri nəzərə alınmış və bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış ustalar, avtoservis müəssisələri, ehtiyat hissələrinin satış mərkəzləri və müvafiq sahibkarlıq subyektləri ilə aparılmış şifahi sorğuların nəticələrinə əsasən nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği müəyyən edilmişdir. Eyni zamanda, birinci sual üzrə avtomobilin bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikasında tətbiq edilən Bazar Qiymətləndirilməsi Standartlarının (BQS) tələblərinə uyğun olaraq həyata keçirilmiş, müvafiq faiz dərəcələri, risk əmsalları və qiymətləndirmə düsturları tətbiq olunmaqla hesablamalar aparılmışdır. Əldə edilmiş nəticələrin obyektivliyinin və bazar reallığına uyğunluğunun təmin edilməsi məqsədilə hesablanmış göstəricilər bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış satış servisləri və avtomobil alqısatqısı ilə məşğul olan sahibkarlıq subyektləri ilə əlavə olaraq dəqiqləşdirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası rəydə göstərilən ehtiyyat hissələrinin, habelə görülməli olan işlərin qiymətlərini şişirdilmiş hesab etmir, bu qiymətlərlə razılaşır.
34. Məhkəmə kollegiyası aparılmış qiymətləndirmə rəyi əsasında vurulmuş ziyanın məbləği bağlı hesab edir ki, “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir edildikdən sonra, yol-nəqliyyat hadisəsinin baş verdiyi zamanda, yəni 2024-cü il tarixdə bazar dəyəri 25,000.0 manat təşkil ediyindən zədələnmə, yəni qəza olmasaydı buraxılış ili 2016-cı il olan “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü il tarixdə bazar dəyəri 30,000.0 manat təşkil etməsi halında hazırkı vəziyyətdə iddiaçıya dəymiş real zərərin məbləği (30000-25000=5000) 5000 manat, nəqliyyat vasitəsinin təmiri üçün çəkilmiş xərclərin dəyəri isə 13410 manat təşkil edir. Yəni kollegiya belə qənaətə gəlir ki, buraxılış ili 2016-cı il olan “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza olan tarixə real bazar dəyəri 30000 manat, qəzadan sonra bərpa edilmiş vəziyyətdə real satış dəyəri 25000 manat olmaqla iddiaçının avtomobilə görə qəzalı şəraitə düşdüyü üçün satış zamanı itirəcəyi məbləğin 5000 manat olması realdır və bununla bağlı qiymətləndirici tərəfindən avtomobil bazarına aid təqdim edilən məlumatlarlarla da təsdiqini tapır. Eyni zamanda avtomobilin təmiri ilə də bağlı təqdim edilmiş aktda qeyd edilən ehtiyat hissələrinin və görüləcək işlərlə bağlı xərclərin də hesablanması baxımından müəyyən edilmiş 13410 manat məhkəmə tərəfindən qəbul edilən hesab edilməklə həmin həcmdə təmir xərcinin tutulmasını əsaslı hesab edir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1012/2025 nömrəli, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilərək yol-nəqliyyat hadisəsi nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 13410 manat, avtomobilə görə real zərər üçün 5000 manat olmaqla, cəmi 18.410 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
36. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilməli, iş üzrə keçirilmiş qiymətləndirmənin aparılmasına sərf edilmiş mütəxəssis xərci kimi 400 manat məbləğində pulun 250 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1012/2025 nömrəli, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 13410 manat, avtomobilə görə real zərər üçün 5000 manat olmaqla, cəmi 18.410 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin aparılmasına sərf edilmiş mütəxəssis xərci kimi 400 manat məbləğində pulun 250 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.