Məhkəmə qərarları › İş №2(103)-4971/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4971/2022

16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4971/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” ilk iddiasına, cavabdeh Liliyə Qitlinanın iddiaçı MMC-yə qarşı “əmrin ləğv edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçı MMC və cavabdeh Liliyə Qitlina tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı MMCnin vəkili (nümayəndəsi) Nümayəndə2, cavabdehlərin özlərinin, cavabdeh Liliyə Qitlinanın nümayəndəsi və vəkili olmaqla yanaşı, Cavabdeh2 vəkili olan Vəkil2 və tərcüməçi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) İlk və qarşılıqlı iddialar barədə məlumat

1. İddiaçı MMC-nın buna səlahiyyətli olan nümayəndəsi iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: 1.1. cavabdehlərin MMC-yə birgə vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 15.914,63 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməsi; 1.2. Cavabdeh2 MMC-yə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 48.134 manat məbləğində pulun Cavabdeh2 tutularaq MMC-yə ödənilməsi; 1.3. əldən çıxmış faydaya görə Cavabdeh1 20.000 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi; 1.4. əldən çıxmış faydaya görə Cavabdeh2 40.000 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi; 1.5. Cavabdeh1 iddiaçı MMC-nin işgüzar nüfuzuna vurduğu ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq MMC-yə ödənilməsi; 1.6. Cavabdeh2 iddiaçı MMC-nin işgüzar nüfuzuna vurduğu ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 50.000 manat məbləğində pulun Cavabdeh2 tutularaq MMC-yə ödənilməsi; 1.7. cavabdehlərin qanunsuz hərəkətlərinin müəyyən edilməsi üçün MMC-yə dəvət edilmiş və audit yoxlamasını aparmış "xxxx" MMC-yə ödənilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməsi; 1.8. iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün MMC-yə hüquqi yardım göstərmiş nümayəndəyə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 2.500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməsi; 1.9. iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməsi.

2. Cavabdeh1, iddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və “tələbin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: 2.1. onunla bağlanmış "xxxx" xitam verilməsi və onun işdən azad olunması barədə MMC üzrə verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və öz işinə bərpa olunması; 2.2. məcburi iş buraxmaya görə əmək haqqı və istifadə olunmayan məzuniyyət haqqının MMC tərəfindən ona ödənilməsi; 2.3. işlədiyi dövrdə hesablanmış, lakin ona ödənilməmiş əmək haqqına görə 5.915 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması; 2.4. ödənişin gecikdirilmiş günlər üçün 14.386 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması; 2.5. qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun iddiaçı MMC-dən tutularaq ona ödənilməsi.

3. İddiaçı MMC-nin ilk iddiası və qarşılıqlı iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 ər-arvaddır. Cavabdeh2 iddiaçı MMC-nin təsisçilərdən biri olmaqla yanaşı 2010-cu ildən etibarən 9 il müddətində MMC-nin direktoru vəzifəsində işləmişdir. 3.1. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və "xxxx" MMC tərəfindən iddiaçı MMC-də audit yoxlanılması aparılmışdır. 3.2. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 işlədiyi direktor vəzifəsindən istifadə edərək xx.xx.2016-cı il tarixdə MMC üzrə verdiyi 06 saylı əmrlə Cavabdeh1 MMC-nin “Loqistik aysu administrator” vəzifəsinə təyin etmişdir. Bununla bağlı Cavabdeh1 ilə həmin tarixdə 23 saylı “Əmək müqaviləsi” bağlanmışdır. xx.xx.2019-cu il tarixdə “Əmək müqaviləsində dəyişikliklər edilməsi haqqında” 04 nömrəli razılaşma tərtib olunmuş, cəmiyyətin direktoru Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmışdır. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh1 MMC-də loqistik aysu administrator vəzifəsində işlədiyi dövr ərzində 2016, 2017, 2018 və 2019-cu il yanvar ayına qədər hər ay ona 220 manat əmək haqqı, 2019-cu il fevral ayından 2020-ci il dekabr ayına kimi isə ona hər ay 455,87 manat əmək haqqı olmaqla işlədiyi dövr ərzində cəmi 18.205,96 manat əmək haqqı hesablanmış, faktiki olaraq 11.372,26 manat əmək haqqı verilmişdir. Əmək haqqından tutulan vergilər isə aşağıdakılardan ibarət olmuşdur: gəlir vergisi 336 manat, DSMF 4.112,21 manat, işsizliyə görə1 faiz olmaqla 94,16 manat. Audit yoxlaması gedişində Cavabdeh1 iş fəaliyyəti ilə əlaqədar cəmiyyətin işçilərindən izahatlar alınmışdır. MMC-nin yeni direktoru X24 audit yoxlamasında verdiyi izahatında Cavabdeh1 MMC-də işləməsinə dair heç bir məlumatının olmadığını, onu bir dəfə də olsun işdə görmədiyini, bu barədə ilk dəfədir ki, hazırki yoxlamanın gedişində eşitməsini göstərmişdir. MMC-də servis meneceri işləyən X15 öz izahatında 1998-ci ildən MMC-də işləməsini, işlədiyi müddət ərzində Cavabdeh1 adında işçi görmədiyini, birinci dəfədir ki, belə bir işçinin adını eşitməsini göstərmişdir. MMC-nin kağız satışı şöbəsi müdiri X6 öz izahatında göstərmişdir ki, o 2003-cü ildən MMC-də işləyir, işlədiyi dövr ərzində MMC-də Cavabdeh1 adında adamın işləməsi barədə məlumatı olmamış, birinci dəfədir ki, belə bir adamın MMC-də işləməsini eşidir. MMC-nin satış üzrə meneceri X8 izahatında göstərmişdir ki, o, 2016-ci il fevral ayından MMC-də işləyir. Bu müddət ərzində Cavabdeh1 adında adamın MMC-də işləməsini eşitməmiş, belə bir adamı MMC-də işdə görməmişdir. 3.3. Beləliklə, Cavabdeh1 əmək fəaliyyəti yoxlanılarkən məlum olmuşdur ki, o, MMC-də faktiki olaraq heç zaman işləməmiş və ümumiyyətlə işdə olmamışdır. MMC-də işləmədiyi halda əmək haqqı alması nəticəsində Cavabdeh1 tərəfindən MMC-yə 15.914,63 manat ziyan vurulmuşdur. MMC-yə bu maddi ziyanın vurulmasına MMC-nin direktoru olmuş Cavabdeh2 şərait yaratmışdır. 3.4. Cavabdeh1 əmək intizamını kobud surətdə pozduğuna görə onunla bağlanmış “Əmək müqaviləsi” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh1 işə gəlməsə də, onunla bağlanan əmək müqaviləsinə xitam verilənədək ona əmək haqqı cəmiyyət tərəfindən hesablanmış, həmin əmək haqqından bütün vergilər tutulmuş, lakin əmək haqqı Cavabdeh1 ödənilməmişdir. Cavabdeh1 övladının doğulması ilə bağlı hər hansı sənədi işəgötürənə təqdim etməmişdir. Cavabdeh1 analıq məzuniyyətində olmasına dair əmr verilməmişdir. 3.5. Audit yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı MMC-nin əvvəllər direktoru olmuş Cavabdeh2 özünə məxsus "xxxx" markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı MMC-nin icarəsinə verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, icarəyəverən müqavilənin 2-ci bəndi ilə müəyyən olunan daşınar əmlakı icarəçinin icarəsinə verməyi, icarəçi isə həmin əmlakı qəbul edib müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı ayda 1.000 manat məbləğində müəyyən edilmişdir. İcarə haqqının ödənilməsinin başlandığı tarix kimi müqavilənin imzalandığı tarix müəyyən edilmişdir. 3.6. Auditlə yoxlanılan dövr ərzində müqavilə öhdəlikləri 2018-ci ilin oktyabr ayı da daxil olmaqla tam olaraq ödənilmişdir. Ümumilikdə Cavabdeh2 avtomaşının icarəsinə görə 2017-ci ildə 12.000 manat, 2018-ci ildə isə 11.000 manat olmaqla cəmi 23.000 manat icarə haqqı ödənilmişdir. Həmin icarə haqqının 3.000 manatı "xxxx" ASC-nın Xətai filialından, qalan 20.000 manat isə iddiaçı MMC-nin “X31 Azerbaijan” ASC-nin hesablaşma hesabından ödənilmişdir. Bundan əlavə vergi qanunvericiliyinə uyğun olaraq icarə haqqına görə mənbədən vergi olaraq 14 faiz olmaqla təyinatı üzrə 3.744,17 manat dövlət büdcəsinə vəsait ödənilmişdir. Eyni zamanda icarəyə görə avtomobil icarəyə verən şəxsə "xxxx" QSC vasitəsilə maşın icarədə olduğu müddət ərzində 21.390,28 manat premium markalı benzin ödənilmişdir. Ümumilikdə avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə MMC tərəfindən 48.134 manat vəsait ödənilmişdir. 3.7. Audit yoxlaması zamanı cəmiyyətin kağız satışı şöbəsinin meneceri Fərid Məhərrəmov izhatında bildirmişdir ki, 2017 və 2018-ci illərdə MMC-nin direktoru olmuş Cavabdeh2 işə həftədə 1-2 dəfə gəlmiş, işdə 2-3 saat olmuş, qalan vaxtlar Cavabdeh2 nə işlə məşğul olduğunu bilmədiyini, işə **-HT-*** qeydiyyat nişanlı “Lexus LX 570” minik markalı avtomobil ilə gəlməsini, həmin maşının ancaq Cavabdeh2 ixtiyarında olmasını, MMC-nin digər işlərində heç vaxt istifadə olunmadığını göstərmişdir. Cəmiyyətin satış meneceri X9 izahatında göstərmişdir ki, A.Qiltlin həftədə 1-2 dəfə işə gəlmiş, cəmi 2-3 saat işdə olmuş, özünün idarə etdiyi həmin avtomobil ilə işə gəlmişdir. Bağlandıqdan sonra icarə müqaviləsi MMC mübahisələndirilməmiş, ləğv edilməmişdir. Audit yoxlaması nəticəsində bəlli olmuşdur ki, avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə MMC tərəfindən Cavabdeh2 ödənilmiş 48.134 manat vəsaitə görə Cavabdeh2 maddi məsuliyyət daşıyır. 3.8. Cavabdeh1 işlədiyi dövr ərzində hesablanmış 15.914,63 manat əmək haqqına görə Cavabdeh2 və Cavabdeh1 maddi məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli audit aktı ilə sübut olunur ki, Cavabdeh2 ona əsassız ödənilmiş 48.134 manat icarə haqqına görə və Cavabdeh1 Cavabdeh2 ilə birlikdə əsassız hesablanmış 15.914,63 manat əmək haqqına görə iddiaçıya vurduqları ümumilikdə 64.048,63 manat maddi zərərə görə maddi məsuliyyət daşıyırlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı MMC üçün 64.048,63 manat ciddi məbləğdir. Əgər MMC həmin vəsaiti öz sahibkarlıq fəaliyyətinə yönəltmiş olsaydı təbii ki, daha çox gəlir və vəsait əldə etmiş olardı. Lakin, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində MMC əldən çıxmış fayda şəkilində həmin gəlirdən və vəsaitdən məhrum olmuşdur. Əldən çıxmış fayda üçün Cavabdeh1 20.000 manat, Cavabdeh2 40.000 manat, MMC-nin işgüzar nüfuzuna dəymiş ziyan üçün Cavabdeh1 30.000 manat, Cavabdeh2 50.000 manat alınaraq MMC-yə ödənilməlidir. Audit yoxlamasının aparılması üçün iddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı MMC tərəfindən “Kermur audit və Konsaltinq “MMC-yə 3.000 manat, hüquqi yardıma görə iddiaçı tərəfindən nümayəndəyə 2.500 manat hüquqi yardım haqqı ödənilmişdir. 3.9. Qarşılıqlı iddia ilə bağlı isə qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli əmr Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ona göndərilmiş, işləmədiyi üçün ona son haqq hesab ödənilməmiş, əmək kitabçası isə hal-hazırda da cəmiyyətdədir. Cavabdeh1 qarşılıqlı iddia və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsini və əmək haqqı tələbini irəli sürmüşdür. Lakin Cavabdeh1 hüququnun pozulmasını xx.xx.2021-ci il tarixdə bilmiş, lakin əmrin ləğv edilməsinə dair iddia ərizəsini 1 ay ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi müddətin ötürülməsi səbəbindən təmin edilə bilməz.

4. Cavabdeh1 qarşılıqlı iddiası və qarşılıqlı iddiaya etirazı onunla əsaslandırılmışdır ki, ilk iddianın Cavabdeh1 aid hissədə əsasını "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli audit aktı təşkil edir. Həmin aktın Cavabdeh1 aid hissəsinin əsasını isə iddiaçı MMC-nin əməkdaşlarının verdikləri Cavabdeh1 tanımamaları, görməmələri barədə izahatlar təşkil edir. Əməkdaşlar rəhbərlikdən asılı olduqlarından belə izahatlar vermişlər. İzahat vermiş şəxslərdən biri, yəni O.Əliyev iddiaçı MMC-nin rəsmi direktoru olsa da, əslində MMC-yə rəhbərlik edən İsa Hüseynovdan asılıdır. Direktor il ərzində işçiləri barədə bir neçə dəfə DSMF, vergiyə, statistikaya və digər hesabatlar verdiyi halda Cavabdeh1 tanımaması mümkün deyildir. Audit aktı iddiaçıya hüquqi xidmət göstərən şirkət tərəfindən tərtib edilmiş, "xxxx" MMC-nin direktoru, iddiaçı MMC-nin direktoru və iddiaçı MMC-nin baş mühasibi tərəfindən imzalanmış, buna görə də bu akt mötəbər sübut kimi qəbul edilə bilməz. 4.1. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 əri – iddiaçı MMC-nin təsisçilərindən biri Cavabdeh2dir. MMC-nin digər təsisçisi İsa Hüseynov Cavabdeh1 zəng edərək Cavabdeh2 öz payından onun (İ.Hüseynovun) xeyrinə imtina etməsini, əks halda onların başına oyun açacağını bildirmişdir. Bu danışıqdan sonra Cavabdeh1 bir ildən artıq işə buraxılmamış, ona 2020-ci ilin yanvar ayından əmək haqqı verilməmişdir. MMC ilə Cavabdeh1 arasında "xxxx" bağlanmasına, Cavabdeh1 sonradan analıq məzuniyyətində olmasına, 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməsinə, əmək haqqı almasına, hazırkı vaxta kimi bu şirkətin işçisi olmasına baxmayaraq şirkətin idarə edilməsini öz üzərinə götürmüş İsa Hüseynovun namizədi X24 yeni direktor təyin edildikdən sonra 2020ci ilin yanvar ayında Cavabdeh1 əri Cavabdeh2lə İ.Hüseynov arasında həll edilməmiş məsələlər olmasını, bu məsələlər həllini tapmayınca işə buraxılmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə Cavabdeh1 ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. MMC-nin Cavabdeh1 qərəzi aydın görünür. İşə buraxılmadığı üçün Cavabdeh1 işə buraxılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda işəgötürən himayəsində 3 yaşına çatmaya uşağı olan Cavabdeh1 ilə "xxxx" qeyd edilən maddəyə əsasən xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh1 işə buraxılmaması barədə işəgötürənə məlumat versə də, işəgötürən bu halı araşdırmadan Cavabdeh1 ilə əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh1 əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmiş, həmin İdarə xx.xx.2021-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti araşdırılarkən onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən xx.xx.2021-ci il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi, bu səbəbdən işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsinin işəgötürənə həvalə edilməsi bildirilmişdir. 4.2. Daha sonra nəzərə alınmalıdır ki, Cavabdeh1 iddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli əmrini mübahisələndirmək üçün iddia müddətini ötürməmişdir. Ona görə də qarşılıqlı iddia tələbləri tam həcmdə təmin edilməlidir. İlk iddia ərizəsi isə qanunsuz əsassız olmaqla yanaşı MMC bu tələblər üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, işəgötürən vurulmuş ziyanla bağlı bir il müddətində iddia tələbi irəli sürə bilərdi. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

5. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, MMCnin xx.xx.2021-ci il tarixi, 06 saylı əmrinin ləğv edilməsini, Cavabdeh1 MMC-yə loqistik aysu adminstrator vəzifəsinə işə bərpa olunmaqla işə buraxılması, Cavabdeh1 məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan dövr üçün əmək haqqının və istifadə edə bilmədiyi məzuniyyət hüququna görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulmasını, MMC-dən mənəvi ziyana görə 1.000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1.030 manatın Cavabdeh1 xeyrinə tutulmasını, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. c) Apellyasiya şikayətləri barədə məlumat

6. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

7. Əsasları ilk iddianın və qarşılıqlı iddiaya etirazın əsasları ilə eynilik təşkil edən iddiaçı MMC-nin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir.

8. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 da öz növbəsində apellyasiya şikayəti verərək Rayon Məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

9. Əsasları qarşılıqlı iddianın və ilk iddiaya etirazın əsasları ilə eynilik təşkil edən Cavabdeh1 apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.

İİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT d) Apellyasiya icraatı zamanı iş üzrə tərəflərin izahatları barədə məlumat

10. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə2 apellyasiya baxışı iclasında iştirak edərək, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətinin, habelə ilk iddia ərizəsinin və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat verdi.

11. Cavabdeh1 və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin və ilk iddiaya etirazın məzmununa uyğun izahat verdilər. 11.1. Cavabdeh1 əlavə olaraq bildirdi ki, o, üzərinə düşən əmək funksiyalarını yerinə yetirmək üçün gündəlik olaraq işə gəlməli deyildi, çünki bunun üçün hər hansı bir məkandan internet vasitəsi ilə işini görə bilirdi.

12. Cavabdeh2 və onun vəkili Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək iddiaçı MMC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin Cavabdeh2 aid hissəsinin məzmununa uyğun izahat verdilər. 12.1. Cavabdeh2 əlavə olaraq bildirdi ki, o, özünə məxsus avtomobilə dair iddiaçı MMC ilə "xxxx" ona görə bağlamışdır ki, o, iddiaçı MMC-də direktor vəzifəsində işlədiyi üçün ona xidməti avtomobil verilməli idi, lakin verilməmişdir. Buna görə də, o, özünə məxsus avtomobili MMC-nin işlərinə görə istismar etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, o, avtomobili amortizasiyasını, istifadə olunan yanacaq xərclərini nəzərə alaraq həmin müqaviləni bağlamaq məcburiyyətində qalmışdır. 12.2. Bundan başqa onun arvadı olan Cavabdeh1 həqiqətən də, MMC-nin işçisi olmuş və bir işçi kimi üzərinə düşən əmək funksiyalarını yerinə yetirmişdir. O, öz vəzifəsini yerinə yetirmək üçün gündəlik olaraq işə gəlməli deyildi, çünki o, internet olan istənilən yerdən işini görə bilirdi. e) İşdə olan sənədlər barədə məlumat

13. Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X13 (6 pay), X20 (7 pay), Cavabdeh2 (7 pay) iddiaçı MMC-nin təsisçiləridir.

14. İddiaçı MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli qərarından və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh2 iddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Bununla bağlı olaraq MMC ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə 09 saylı “Əmək müqaviləsi” bağlanmışdır.

15. 3 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli. AZ- İİ seriyalı, 100983 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar.

16. İddiaçı MMC adından MMC-nin direktoru Cavabdeh2 işçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 06 saylı "xxxx" görünür ki, L.Qitlinə MMC-yə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir.

17. İşəgötürən MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış “Əmək müqaviləsinə dəyişiklik edilməsinə dair” xx.xx.2019-cu il tarixli, 04 saylı “Razılaşmadan” görünür ki, tərəflər aralarında bağlanmış əmək müqaviləsinin 4.2.1-ci bəndində dəyişiklik edərək işçinin əmək haqqının 455,87 manat olması barədə razılığa gəlmişlər.

18. "xxxx" ASC-nin verdiyi xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, işəgötürən olan iddiaçı MMC tərəfindən işçi olan Cavabdeh1 2017-ci ilin oktyabr-noyabr aylarında ezamiyyə xərcləri ödənilmişdir.

19. AC seriyalı, 014081 saylı, xx.xx.2013-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Lexus LX 570” markalı, **-HT-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir.

20. İcarəyə verən olan Cavabdeh2 ilə icarəçi olan iddiaçı MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış "xxxx" görünür ki, Cavabdeh2 həmin avtomobili hər ay 1.000 manat olmaqla MMC-yə icarəyə vermişdir.

21. Cavabdehlərin övladları X4 adına xx.xx.2018-ci il tarixdə verilmiş “Doğum haqqında arayışdan”, habelə 1 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş AZ-İV seriyalı 192501 saylı xx.xx.2018-ci il tarixli "xxxx" görünür ki, o, xx.xx.2018-ci il tarixdə doğulmuşdur.

22. MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh2 MMC-nin direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X12 təyin edilmişdir.

23. İddiaçı MMC-nin direktoru O.Əliyev, baş mühasib R.Məhərrəmova və “X22” MMC-nin direktoru A.İ.Vahabov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AT/094 N-li icazə ilə fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru A.Vahabov iddiaçı MMC-nin direktoru O.Əliyev ilə bağlanmış xx.xx.2021-ci il tarixli 21/11 saylı müqaviləyə əsasən Cavabdeh1 iddiaçı MMC ilə əmək münasibətlərində olduğu dövrdə işdə olduğu tarixlərin, həmin tarixlər üçün əmək haqqının düzgün hesablanaraq ödənilməsini və iddiaçı MMC-də direktor olmuş Cavabdeh2 məxsus "xxxx" markalı, **-HT-*** dövlət nişanlı avtomobilin həmin MMC-yə icarəyə verilməsi ilə bağlı ödənilən icarə haqlarının əsaslılığının audit yoxlamasını aparmışdır. Audit yoxlaması iddiaçı MMC-nin direktoru və baş mühasibinin iştirakı ilə aparılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, Cavabdeh1 iddiaçı MMC-də faktiki olaraq heç zaman işləməmiş, işdə ümumiyyətlə olmamış, MMC-nin işçiləri Cavabdeh1 tanımırlar. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-də faktiki işləmədiyi halda ona MMC tərəfindən 15.914,63 manat məbləğində əmək haqqı əsassız yerə ödənilmişdir ki, bununla da MMC-yə həmin məbləğdə maddi zərər dəymişdir. Bu ziyanın MMC-yə vurulmasına şərait MMC-nin sabiq direktoru Cavabdeh2 tərəfindən yaradılmışdır. Belə ki, iddiaçı MMC-nin adından çıxış edən Cavabdeh2 arvadı Cavabdeh1 ilə “Əmək müqaviləsi” bağlasa da, sonuncu işə gəlməyərək mütəmadi olaraq uzun illər ərzində əsassız əmək haqqı almış, onun işə gəlməməsi ilə bağlı heç bir intizam tədbiri görməmişdir. İddiaçı MMC-də işçilərin davamiyyətinə dair tabellər aparılmamış, işçilərin davamiyyətinə nəzarət etmək, iş vaxtının uçotunun aparılmasını təmin etmək üçün MMCnin sabiq direktoru Cavabdeh2 tədbirlər görməli idi.

24. Həmin "xxxx" daha sonra görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh2 iddiaçı MMC-nin direktor müavini X26 ilə icarə müqaviləsi bağlamış və özünə məxsus avtomobilin MMC-yə guya icarəyə verməsi nəticəsində MMC-dən ümumilikdə 48.134 manat məbləğində icarə haqqı almışdır.

25. İddiaçı MMC üzrə verilmiş xx.xx.2021-ci il tarixi, 06 saylı əmrdən görünür ki, MMC-nin loqistik aysu adminstrator vəzifəsində işləyən Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəblər olmadan işə gəlməmiş və işə gəlməməkdə davam edir. Cavabdeh1 bu barədə MMC-yə heç bir məlumat verməmişdir. MMC-nin xx.xx.2021-ci il tarixli rəsmi məktubuna Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onunla MMC arasında “Əmək müqaviləsi” bağlanmış, sonradan o, analıq məzuniyyətində olmuş, 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlmiş, əmək haqqı almış, hazırkı vaxta kimi bu MMC-nin işçisi olmasına baxmayaraq MMC-nin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X24 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan əri Cavabdeh2 digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca işə buraxılmamasını ona bildirmişdir. Beləliklə, Cavabdeh1 həmin cavab məktubunda üzrsüz səbəbdən işə gəlmədiyini etiraf edir, lakin bunun səbəbi kimi İ.Hüseynov adında şəxs tərəfindən işə buraxılmadığını qeyd edir. İ.Hüseynov MMC-nin direktorunun müavinidir. O, Cavabdeh1 işə buraxılmaması barədə nə yazılı nə şifahi göstəriş verməmişdir. Cavabdeh1 işə buraxılmaması faktı heç zaman baş verməmişdir. Cavabdeh1 müxtəlif bəhanələr gətirərək işə gəlməkdən yayınmışdır. Üzrlü səbəb üçün əsas olan sənədləri MMC-yə təqdim etməmişdir. Bununla da o, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh1 əmək intizamını kobud surətdə pozduğuna görə onunla bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. Bununla əlaqədar onunla son haqq-hesab və təhvil-təslim aparılmalıdır. Əmrin verilməsinə əsas: xx.xx.2021-ci il tarixli akt.

26. Cavabdeh1 tərəfindən iddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, MMC-yə, onunla MMC arasında "xxxx" bağlanmasını, MMC-də işləməsini, sonradan analıq məzuniyyətində olmasını, 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməsini, əmək haqqı almasını, şirkətin işçisi olmasına baxmayaraq X24 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan əri Cavabdeh2 MMC-nin digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca işə buraxılmamasını ona deməsini bildirmişdir.

27. MMC-nin direktoru X14, baş mühasib X2, Servis üzrə müdiri X10, Satış üzrə nümayəndə X6 və Satış üzrə nümayəndə X3 birgə tərtib etdikləri xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli izahatında qeyd olunan hallar aktı tərtib edən şəxslər tərəfindən üzrlü səbəb olaraq qəbul edilməyərək Cavabdeh1 əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanan "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam edilməsi qərara alınmışdır.

28. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 320/2021 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X16 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.

29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 iddiaçı MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti araşdırılarkən onunla bağlanan "xxxx" Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən xx.xx.2021-ci il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Bu səbəbdən işəgötürən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilmiş və "xxxx" xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və Cavabdeh1 əvvəlki vəzifəsinə bərpa edilməsi barədə müəssisəyə müvafiq məktub ünvanlanması ünvançıya bildirilmişdir.

30. Hazırki işə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o, 2016-ci ilin fevral ayından iddiaçı MMC-də satış üzrə menecer vəzifəsində çalışır. MMC-də Cavabdeh1 adında adamın işləməsini eşitməmiş, onu işdə görməmişdir. MMC-nin sabiq direktoru X19 həftədə 1-2 dəfə işə gəlmiş, cəmi 2-3 saat işdə olmuş, özünə məxsus **-HT-*** qeydiyyat nişanlı, “Lexus LX570” avtomobil ilə işə gəlib-getmişdir.

31. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən iddiaçı MMC-də işləyir. Hazırda MMC-nin Kağız satışı şöbəsinin müdiri vəzifəsində işləyir. MMC-nin təxminən 30 işçisi vardır. Onun rəhbərlik etdiyi şöbənin iki işçisi var. Cavabdeh1 heç vaxt işdə görməmiş, işçi kimi onun barəsində heç nə bilmir. MMC-nin kadrlar və mühasibatlıq şöbələri ilə əlaqəsi yoxdur. “X22” MMC-yə verdiyi izahatı təsdiq edir.

32. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən iddiaçı MMC-də baş mühasib vəzifəsində işləyir. 2009-cu ildən 2021-ci ilin avqust-sentyabr aylarınadək MMC-nin kadrlar işini də icra etmişdir. Cavabdeh1 işçi kimi tanımır. Cavabdeh1 ilə 2016-cı ildə əmək müqaviləsi bağlanmış, o, loqistik aysu adminstrator vəzifəsinə qəbul edilmişdir. Lakin Cavabdeh1 işə gəlməmişdir. Cavabdeh1 əmək haqqı hesablanmış, iş günləri qeydə alınmış və əmək haqqı ödənilmişdir. X19 iddiaçı MMC-nin direktoru vəzifəsindən azad edildikdən sonra direktor təyin olunan X12 və X24 da Cavabdeh1 əmək haqqı hesablanıb ödənilməsinə göstəriş vermişdir. Cavabdeh1 analıq məzuniyyətinə çıxması ilə bağlı ona heç bir sənəd verilməmiş, bu barədə MMC tərəfindən əmr verilməmişdir. Daha sonra Cavabdeh1 ilə bağlanan əmək müqaviləsinə xitam verilənənədək ona əmək haqqı hesablanmış, bütün vergilər ödənilmiş, lakin əmək haqqı Cavabdeh1 verilməmişdir. İşəgötürən işçiləri barədə hər ay hesabat verməli olduğundan Cavabdeh1 əmək haqqının hesablanmaması mümkün deyildi. Ona görə də 2020-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək Cavabdeh1 əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. İşə gəlməyən işçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi isə ona məlum deyildir. 2016-cı ildən 2019-cu ilədək o, direktor kimi A.Qiltlinin göstərişlərini yerinə yetirmiş, həmin vaxt müavin kimi X16 da imza hüququ olmuşdur. O, mühasib və cəmiyyətdə kadr işlərinə nəzarət edən şəxs kimi daim rəhbərliyə Cavabdeh1 işə gəlməməsi barədə məlumat vermişdir. Cavabdeh1 ezamiyyətə formal olaraq göndərilmiş, iddiaçı MMC tərəfindən ezamiyyə xərcləri hesablanaraq Cavabdeh1 ödənilmiş, biletlər MMC tərəfindən sifariş verilərək alınmışdır. Cavabdeh1 işə gəlməməsinin səbəblərini MMC-yə bildirməsinə dair məktublar göndərilmişdir. MMC-nin bağladığı icarə müqaviləsinə əsasən A.Qiltlina avtomobilə görə icarə haqqı ödənilmişdir. Həmin müqavilə ləğv edilməmişdir. MMC-nin mülkiyyətində iki minik avtomobili vardır. İcarəyə götürülən avtomobili MMC-nin direktoru istifadə etmiş, həmin nəqliyyat vasitəsindən istifadə zamanı ayrılan yanacaq limiti aşılmamışdır. Cavabdeh1 işə çıxmadığına görə onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş, onun əmək kitabçasının yazılıb-yazılmamasını o, xatırlamır. Lakin əmək kitabçası Cavabdeh1 verilməmişdir. Cavabdeh1 ilə əmək müqaviləsi bağlandıqdan sonra işə gəlmədiyinə görə xx.xx.2021-ci il tarixədək ona hər hansı bir intizam tənbehi verilməmişdir. f) Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən müəyyən edilir ki, Cavabdeh1 ilə iddiaçı MMC arasından bağlanmış "xxxx" əsasən, o, MMC-yə loqistik aysu adminstrator vəzifəsinə işə qəbul edilmiş və uzun müddət ərzində MMC, onun əmək funksiyalarının icrasına heç bir etiraz etmədən onunla əmək münasibətlərini davam etdirmiş, ona əmək haqqı ödəmiş, Orxan Əliyev MMC-yə direktor vəzifəsinə təyin edildikdən sonra da, Cavabdeh1 ilə əmək münasibətləri davam etdirilmiş, lakin bir müddət sonra Cavabdeh1 əmək haqqı hesablansa da, ona ödənilməmişdir. MMC Cavabdeh1 hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə etməsinə dair müvafiq əmrləri tərtib etməmiş, Cavabdeh1 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verərəkən işçinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına daxil olmasını bildiyi halda, qanunvericiliyin bu tələbinə qəsdən əməl etməməklə işçiyə qarşı ayrı-seçkiliyə yol vermişdir.

34. Məhkəmə, Cavabdeh1 işə gəlməməsinə, himayəsində 3 yaşına çatmayan uşağının olması barədə işəgötürənə hər hansı bir məlumat verməməsinə dair şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, MMC tərəfindən tərtib olunan sənədlərlə bu izahatlarda qeyd olunan məlumatların həqiqət olmadığı öz təsdiqini tapmışdır. Belə ki, MMC, Cavabdeh1 öz işçisi kimi qəbul etdiyi üçün ona əmək haqqı hesablayaraq ödəmiş, barəsində heç vaxt intizam tənbehi tətbiq etməmiş, Cavabdeh1 izahat tələb olunarkən o, analıq məzuniyyətində olmasını bildirmiş, MMC Cavabdeh1 işə buraxılması tələbi ilə məhkəməyə müraciət etdiyini bildiyi, tərtib etdiyi əmrdə işçinin ona analıq məzuniyyətində olmasını bildirməsini göstərdiyi halda məhkəmə araşdırmasını gözləmədən, iddiaçıdan himayəsində 3 yaşına çatmayan övladının olmasını təsdiq edən sübutu təqdim etməsini təklif etmədən himayəsində üç yaşınadək uşağı olan Cavabdeh1 ilə bağlanan əmək müqaviləsinə öz (işəgötürən MMC-nin) təşəbbüsü ilə xitam vermişdir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

37. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

38. Həmin Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

39. Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

40. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. Məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

42. Məcəllənin 79-cu maddəsinə görə, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

43. Məhkəmə, iddiaçı MMC-nin ilk iddiasının “Cavabdeh1 əsassız ödənilən əmək haqqına görə MMC-yə vurulmuş maddi zərərlə bağlı 15.914,63 manatın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2.).

44. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, sözügedən hissədə ilk iddianı sübuta yetirilə bilnməməsi əsası ilə əsassız olduğundan təmin etməmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı MMC-nin apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

45. Rayon Məhkəməsi iddiaçı MMC-nin ilk iddiasının “Cavabdeh2 icarə müqaviləsi üzrə vurulan maddi zərərə görə 48.134 manat tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" əsasən MMC-nin istifadəsinə verilmiş avtomobildən hansı işçinin istifadə etməsini müəyyən etmək səlahiyyəti, bu barədə qərar qəbul etmək səlahiyyəti olan MMC-nin vəzifəli şəxslərinə aid olduğundan, icarəyə götürülmüş avtomobildən istifadə nəticəsində MMC maraqlarına toxuna biləcək pozuntuya yol verilməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından ilk iddia üzrə iddiaçı MMC-nin bu tələbi də əsassız olduğu üçün təmin edilə bilməz.

46. Məhkəmə həmin hissədə Rayon Məhkəməsinin gəldiyi qənaət ilə razılaşır və hesab edir ki, iddiaçı MMC-nin apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə də aid dəlili əsassızdır.

47. Məhkəmə, MMC-nin ilk iddiasının “əldən çıxmış fayda görə Cavabdeh1 20.000 manat və Cavabdeh2 isə 40.000 manat, işgüzar nüfuza vurulmuş ziyana görə Cavabdeh1 30.000 manat, Cavabdeh2 50.000 manat tutulması” hissəsinin də əsassız olması qənaətinə gələrək hesab edir ki, həmin hissədə iddiaçı MMC tərəfindən hər hansı sübut təqdim edilmədiyi üçün və hansı qaydada hesablama aparması məhkəməyə izah edilə bilmədiyi üçün ilk iddia və MMC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

48. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddia sübuta yetirilmiş olsaydı belə iddia müddəti ötürülməklə verildiyi üçün də təmin edilə bilməzdi. Belə ki, MMC tərəfindən 1 illik iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

49. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən nəticəyə gəlməkdə də haqlı olmuşdur. MMC-nin apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinin səhv olması barədə dəlili əsassızdır.

50. Qarşılıqlı iddia tələbini qismən təmin etmiş Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ olduğundan, dövlət tərəfindən bu hüquqların qorunmasına təminat verildiyindən, himayəsində üç yaşınadək uşağı olan qadınlarla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi yolverilməz olduğundan, işçi barədə qəbul edilməli olan əmrləri tərtib etmək vəzifəsi işəgötürənə aid olduğundan məhkəmə MMC-nin xx.xx.2021-ci il tarixi 06 saylı əmrinin ləğv edilməsinə, Cavabdeh1 MMC-də loqistik aysu adminstrator vəzifəsinə işə bərpa olunmasına, işə buraxılmasına, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək olan dövr üçün əmək haqqının ödənilməsinə, istifadə edə bilmədiyi məzuniyyət hüququna görə kompensasiya tələbinə dair qarşılıqlı iddia tələblərini əsaslı hesab edilməlidir.

51. Rayon Məhkəməsinin qeyd edilən bu mövqeyi ilə razılaşan Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

52. Məhkəmə MMC-nin Cavabdeh1 işə bərpa tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə bildirir ki, işəgötürən işçiyə əmrin, əmək kitabçasının, haqqhesab sənədlərinin nə vaxt verilməsinə dair sübutunu məhkəməyə təqdim etmədiyindən, bunun əksinə Cavabdeh1 əmək hüquqlarının müdafiəsi ilə bağlı mübahisəyə məhkəmədə baxıldığı vaxt onunla əmək müqaviləsinə xitam verdiyindən "xxxx" MMC-nin ərizəsi əsassız hesab edilməlidir.

53. Bu baxımdan qəbul edilməlidir ki, həmin ərizə ilə bağlı MMC-nin apellyasiya şikayətində ifadə olunmuş dəlili əsaslı deyil.

54. Məhkəmə, Cavabdeh1 Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad edərək gecikdirilmiş günlər üçün MMC-dən tələb etdiyi 14.386 manat tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında fərdi əmək mübahisəsi yarandığından Rayon Məhkəməsi qarşılıqlı iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci bəndinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

55. Göstərilənləri nəzərə alan Məhkəmə ilk iddia üzrə iddiaçı MMC-nin apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlilini əsassız hesab edir.

56. Məhkəmə, Cavabdeh1 qarşılıqlı iddiasının “mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

57. Ali Məhkəməsi Plenumu həmin qərarda izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

58. Bundan başqa Plenum həmin qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

59. Buna görə də, Məhkəmə bildirir ki, işlədiyi müəssisədə ayrı-seçkiliyə məruz qalmasını bilən, pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalan, himayəsində azyaşılı övladı olan qadının əmək hüquqlarının kobud şəkildə pozulması nəticəsində mənəvi istirablar, sarsıntılar keçirməsi istisna edilmədiyindən Cavabdeh1 müzakirə edilən hissədə qarşılıqlı iddiası əsaslı hesab edilməlidir.

60. Odur ki, Məhkəmə, Rayon Məhkəməsi tərəfindən vurulmuş mənəvi ziyana görə 1.000 manat pul vəsaitinin MMC-dən Cavabdeh1 xeyrinə tutulmasını ağlabatan və ədalətli hesab edir.

61. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Qətnamənin müzakirə edilən bu hissəsinə aid hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

62. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

64. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar