Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4972/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı X3 vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyriyaşayış sahəsindən ona məxsus əşyalarının çıxarılması, icarə haqqının tutulması, vurulmuş zərərin və elektrik enerjisinə olan borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirirərək Cavabdeh ilə aralarında imzalanmış 15 noyabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən ona məxsus əşyaları, dönər dəzgahı, soyuducu, dörd ədəd üç nəfərlik masa, mizin çıxarılması, dəyəri 250 manat olan sıradan çıxarılmış siqnalizasiyanın, 158 manat elektrik enerjisinə qalmış borcun, müqaviləyə əsasən ödənilməmiş 1.200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ümumilikdə 1.638 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 15 noyabr 2019-cu il tarixdə 15 may 2021-ci il tarixədək notarial qaydada icarə müqaviləsi imzalamışlar. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri Nəsimi rayonu X9 küçəsi 15Q saylı ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 110,1 m2 olan qeyri-yaşayış sahəsinin 25 m2 sahəsini cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən icarədar tərəfindən icarə haqqı hər ay 150 manat ödənilməli idi, lakin müqavilə şərtlərini vaxtıvaxtında yerinə yetirməmişdir. Buna görə də, icarə müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq tərəflər məsuliyyət daşıyırlar. İcarə müqaviləsi bağlanan andan icarədar cəmi iki ay, yəni 300 manat pul ödəmişdir. Bu günə qalan 750 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə ona borcunu ödəməsini xahiş etsə də, o, bundan yayınaraq nə borcu ödəyir, nə də ki, müqaviləni ləğv etmək istəmir. Məcburiyyət qarşısında qalaraq 07 may 2020-ci il tarixdə 15 noyabr 2019cu il tarixli müqaviləni pozaraq, icarəyə götürdüyü 25 m2 sahəni boşaldaraq ona məxsus əşyalarının götürülməsi barədə pretenziya yazaraq xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Hesab edir ki, Cavabdeh ilə aralarında bağlanmış 15 noyabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən ona məxsus əşyaları, dönər dəzgahı, soyuducu, dörd ədəd üç nəfərlik masa, mizin çıxarılması, dəyəri 250 manat olan sıradan çıxarılmış siqnalizasiyanın 158 manat elektrik enerjisinə qalmış borcunu, müqaviləyə əsasən ödənilməmiş 750 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ümumilikdə 1.188 manat ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu, hüququn tətbiq edilməsində səhv buraxdığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 ifadəsində bildirmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində işlətmək üçün Fuad ilə birlikdə oranı icarəyə götürmüşlər. Oranı təmir etmək üçün Fuad bəyə 3.000 manat pul vermişdir. Pandemiya dövründə Rəhim müəllim obyektə gəlmiş və ondan 1.500 manat pul istəmişdir. O da bu barədə Fuad bəyə məlumat vermişdir. Fuad bəy dayısından 200 manat pul götürmüş, 650 manat isə özü düzəltmiş, ümumilikdə 850 manat pul vəsaitini Rəhim müəllimə vermişlər. Pandemiya dövründə məlumdur ki, heç bir obyekt işləməmiş, ona görə də, orda olan bəzi əşyaları götürmək üçün ora gedəndə, görmüşlər ki, qeyri-yaşayış sahəsinin qapısına onun sahibi tərəfindən qıfıl vurulmuşdur. Cəmi 3.000 manat və 850 manat ödəniş edilmişdir. 15 dekabr 2019-cu il tarixdən 19 mart 2020-ci il tarixədək fəaliyyət göstərmişlər. İddiaçının atası yaxınlaşmış və demişdir ki, qızının vəziyyəti pisdir, bu səbəbdən ona pul lazımdır. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Fuad onun bacısı oğludur. 2020-ci il yanvar ayının 9-u, ya da 8-i idi. Fuad ondan 200 manat pul istəmişdir ki, kirayə haqqı verəcək. O da Fuada 200 manat pul vermişdir, özü də 650 manat düzəldib vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində bildirmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində həmin yer icarəyə götürülmüşdür. 09 yanvar 2020-ci il tarixdə Rəhim müəllimə yaxınlaşıb və deyib ki, qızının vəziyyəti yaxşı olmadığına görə, qabaqcadan icarə haqqından ona 1.500 manat pul verilsin. Fuad müəllim də 650 manat özü təşkil etmiş, 200 manat da dayısından götürərək Rəhim müəllimə ümumilikdə 850 manat pul verilmişdir. İcarəyə götürülmüş yer 15 dekabr 2019-cu il tarixdən 19 mart 2020-ci il tarixədək fəaliyyət göstərib. Sonra pandemiya ilə bağlı hər yer bağlanmışdır. O, həmin yerdə dönər ustası işləmişdir. İş materiallarına əlavə olunmuş 15 noyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X7 Bakı şəhəri Nəsimi rayonu X9 küçəsi 15Q ünvanda yerləşən ümumi sahəsi 110,1 m2 olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsindən 25 m2 hissəsini Cavabdeh 15 may 2021-ci il tarixədək icarəyə vermişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən X4 hər ay 150 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarına görə, cavabdeh tərəf icarəyə götürdüyü qeyriyaşayış sahəsindən yalnız bir neçə ay, 2020-ci ilin mart ayının 19-dək istifadə edə bilmiş, bundan sonra pandemiya ilə bağlı bu qəbildən olan iş yerlərinin fəaliyyəti dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdehi həmin qeyri-yaşayış sahəsinə buraxmamışdır. Halbuki, iddiaçının özünün etirafına görə cavabdehdən ümumilikdə 3.650 manat pul vəsaiti almışdır (1.000 manat + 1.000 manat + 1.000 manat + 650 manat olmaq şərti ilə). Həmçinin, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin müqavilə münasibətlərinə artıq xitam verilmiş vı həmin sahə iddiaçı tərəfindən artıq digər şəxsə icarəyə verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. İşin mübahisəsiz qaydada müəyyən edilən hallarından görünür ki, tərəflərin müqavilə münasibətlərinə artıq xitam verilmiş və həmin sahə iddiaçı tərəfindən artıq digər şəxsə icarəyə verilmişdir. Digər tərəfdən iddiaçı ilə bağlanmış 15 noyabr 2019-cu il tarixli müqavilənin tərəfi olan cavabdehin müqaviləni pozması sübut olunmamaqla yanaşı, Cavabdeh ölkədə baş verən pandemiya şəraiti səbəbindən müvəqqəti olaraq icarə müqaviləsi üzrə icarəyə götürdüyü qeyri-yaşayış sahəsini bağlamaq məcburiyyətində qalsa da, müqavilə şərtlərinə riayət etməyə davam etmişdir. Belə ki, onun tərəfindən icarə müqaviləsi üzrə əvvəlcədən ödənişlər edilmişdir. Lakin o, daha sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini yenidən istifadə etmək qərarına gəldikdə həmin qeyri-yaşayış sahəsinin qıfılla bağlı olduğunu və ona aid əşyaların qeyri-yaşayış sahəsindən çıxarılaraq başqa yerə aparıldığını aşkar etmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4972/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4972/2021
19.05.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver