Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4973/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Səfər oğluna qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən götürülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmlakın özgəsinin qanunsuz sahibliyindən götürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən götürülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(006)-511/2024 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, qara rəngli avtomobili 600 manat icarə haqqı ödənilməsi şərti ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək bağlanılmışdır.
2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, "xxxx" markalı, **- NX-*** dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, gümüş metalik rəngli avtomobili 800 manat icarə haqqı ödənilməsi şərti ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək bağlanılmışdır.
3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobili idarə etməyi Cavabdeh1 xx.xx.2023-cü il tarixədək etibar edir.
4. "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq “lizinq verən” lizinq alanın” sifarişi etdiyi, bu lizinq müqviləsinin 1.3-cü bəndində qeyd edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq məbləği 19000 Azərbaycan Respublikası manatı olmaqla tərəflər arasında təhviltəslim aktı imzalanmaqla sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə göstərilən qaydada, həcmdə və müddətdə ödənilir. “Lizinqverən” müqavilə bağlanan anda “Lizinq alan”dan 4500 manat məbləğində ilkin ödəniş qəbul edir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “M.B.M” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN Baş X12i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Kia Rio” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən, "xxxx" markalı **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2023-cü il tarixdən xx.xx.1985-ci il təvəllüdlü X3 adında qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci il buraxılış ili olan, qara rəngli, “Kia Rio” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3, 2012-ci il buraxılış ili olan, gümüş metalik rəngli, "xxxx" markalı, 99NX-556 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırmışdır ki, İddiaçı həyat yoldaşı X2 mülkiyyətində olan iki minik avtomobili var idi. Həmin avtomobilləri bu ilin əvvəlində almışlar. Bir maşın “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı, 2012-ci ilin buraxılışıdır. İkinci maşın "xxxx" markalı, **-NX-*** dövlət nömrə nişanlı, 2012-ci il buraxılışıdır. Onların maddi ehtiyacları olduğu üçün “Kia Rio” markalı avtomaşını saytlar vasitəsilə satışa qoymaq qərarına gəlmişlər. Bunun üçün o, maşın haqqında olan məlumatları “Turbo.az” saytına yerləşdirmişdir. Bir neçə gün keçmiş ona məlumatları oxumuş “Rent a car” Məhdud Məsuliyyətli şirkətin işçisi zəng edərək, öz işlədikləri ofisə dəvət etmişdir. Dəvət olunan ünvana gəldikdə isə ona maşınını lizinq yolu ilə satmağı, ya da onlara aylıq kirayəyə verməyi təklif etmişlər. Ona edilən təklifdən maşın “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı, 2012-ci ilin buraxılışı olan maşınını kirayə verməyi qəbul etmişdir. Onunla danışıqları şirkətin əməkdaşları aparmışlar. Sonradan danışıqları aparan şəxsin birinin cavabdeh X4 olduğunu bilmiş, cavabdehlərlə danışıb razılığa gəlmişlər, onlar ona 3 aylıq icarə pulunu vermişlər. Birinci ay onlar ona 300 manat, ikinci ay 600 manat, üçüncü ay isə 800 manat vermişlər. Vəziyyəti belə gördükdə o, öz ailəsinə məxsus olan "xxxx" markalı, **-NX-*** dövlət nömrə nişanlı avtomobilini də onlara kirayəyə vermişdir. Qiyməti aylıq 800 manata razılaşmışlar. Həmin maşına görə onlar ona kirayə pulu verməmişlər. Hər iki avtomaşın servisdə yoxlanılmış, cavabdehlərə verilmiş, “Kia Rio” markalı maşınının müqaviləsi xx.xx.2023-cü il tarixdə, "xxxx" maşınının müqaviləsi isə xx.xx.2023-cü il tarixdə bağlanılmış və onunla cavabdehlər arasında təhvil-təslim edilmişdir. Avtomobillərin hər ikisi ayrılıqda əvvəlcə servis yoxlamasından keçəndən sonra, ayrı-ayrılıqda müqavilə bağlanmış və sonra xırda qüsurlar qeyd olunaraq onlar tərəfindən qəbul edilmişdir. Hər iki avtomaşına 3 ay müddətinə kirayə müqaviləsi bağlanmışdır. "xxxx" maşınına müqavilə bağlanandan 3 gün keçmiş ona Cavabdeh2 zəng edib demişdir ki, maşın işə düşmür. Onlara cavab vermişdir ki, onun tərəfindən salamat maşın verilmiş, qalanı onların öz problemidir. Bir-iki həftə keçmiş onların ofisinə gəlmiş və onun maşının olduğu yerə aparmışlar. Həmin vaxt Cavabdeh1 də ora gəlmiş və maşına birlikdə baxış keçirtmişlər. Seymur maşının vəziyyəti haqqında danışıb demişdir ki, o, onlardan kirayə tələb etməsin ki, maşının mühərrikini yığdırıb işə salsınlar. Onlar da ona bildirmişlər ki, o, maşını saz vəziyyətdə onlara təhvil vermişdir. Bu problemin ona aidiyyəti yoxdur. Sadəcə xahiş etmişdir ki, onlardan bir müddət, maşını düzəldib işə salana kimi icarə pulunu istəməsin. O, isə onlardan “Kia Rio”-nun icarə haqqını tələb etmişdir. Həm də izah etmişdir ki, o ailə başçısıdır, üç uşağı vardır, onları da dolandırmalıdır. Hər dəfə Seymur onu aldadıb icarə haqqını verməmişdir. Bir müddət keçmiş müqavilə bağlanandan 40 gün keçmiş onun telefonuna “sms radar” gəlmiş və o, başa düşmüş ki, artıq maşın istifadədədir. Yəni maşın işləyir. Lakin Seymur onu aldatmaqda davam edirmiş. O, bir müddət də gözləmiş, xəbər tutmuş ki, Seymuru 17-ci Polis bölməsinə aparmışlar. Sonra onu Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. O, dərhal Nərimanov Rayon Polis İdarəsinə getmişdir. Məlum olmuşdur ki, işi idarənin müstəntiqi İsmayıl İsmayılov aparır. Onlar onu orada gördükdə çox çalışmışlar ki, o, orada durmasın, kənarlaşsın ki, dələduzluqlarından xəbəri olmasın. O, bunlardan soruşanda ki, bunları buraya nə üçün gətiriblər, cavab vermişlər ki, bunlara yalandan böhtan atıblar. Ona yalvararaq xahiş etmişlər ki, müstəntiq artıq bunları içəri otağa çağırır, o getsin. Söz vermişlər ki, axşam mütləq zəng edəcəklər. O da aldanaraq oranı tərk etmiş və axşam Seymura zəng etmiş, amma ona zəng çatmamışdır. Sabahısı gün onu yığmış, yenə də ona zəng çatmamışdır. O, təkrar polis idarəsinə gəldikdə müstəntiq onları buraxdığını bildirmişdir. Amma onun yenə də onlardan xəbəri yox imiş. Düşünmüş ki, yorğundurlar, yəqinki onu yığarlar. Amma yenə də onunla əlaqə saxlamamışlar. Bu zaman o, yaxın yoldaşlar vasitəsilə öyrənmiş ki, bunlar rent a car-a verilən maşınları saxta yolla satırlar. Dərhal 17 saylı Polis idarəsinə getmiş və ona məlum olmuş ki, bu dələduzlar başqa insanlara məxsus olan bir ədəd “Hyundai Sonata” və bir ədəd isə “Toyota Prius” markalı avtomaşınları saxta yolla satmışlar və polis əməkdaşları o maşınları saxlatdıraraq öz sahiblərinə geri qaytarmışlar. O, bu xəbərdən çox narahat olduqdan sonra Seymura “Watsapp” vasitəsilə polis idarəsinə getdiyini xəbər etmiş və Seymurdan maşınları geri qaytarmasını tələb etmişdir. Seymur artıq onun telefonuna cavab verməyə başlamış və ona söz vermiş ki, iki saata maşınları mənə geri qaytaracaq. Amma həmin gün axşama, hətta gecəyə qədər onu gözləməyə məcbur etmiş, amma yenə də onu aldadaraq telefonunun zaryadkası bitir adı ilə telefonu söndürmüşdür. O, artıq onunla əlaqə saxlaya bilməmişdir. Yalnız yazırmış, o isə üç-dörd gündən bir ona yalan cavab verirmiş. O, Seymura bu işdə sona qədər gedib onu məsuliyyətə cəlb etdirəcəyini bildirdikdə, ona iki nəfərin nömrəsini göndərmiş, bunlardan biri qadın Rəvanə xanım guya ki, “Rio”nu qaçırmış, digər nömrənin kim olduğunu deməmiş və guya ki, bu yoldaş da “Optima”nı sürmək üçün götürmüş, amma geri qaytarmamışdır. Bundan sonra artıq o, 17 saylı Polis idarəsinə gələrək şikayət ərizəsi yazmışdır. Bir neçə gün keçdikdən sonra yenidən idarəyə müstəntiqin yanına gəlmiş və o Seymurun Rəvanə xanımı aldadaraq “Kia Rio”nu saxta sənədlərlə ona satdığını bildirmişdir. "xxxx" haqda soruşduqda həmin maşından xəbərsiz olduğunu bildirmişdir. O, özü Seymurun verdiyi, "xxxx"nı aparan şəxsi axtarmağa başlamış və nəticədə o, yoldaşın İbrahim adlı şəxs olduğunu öyrənmişdir. Onlar bir müddətdən sonra görüşmüşlər və ona məlum olmuşdur ki, Seymur onların ailəsinə məxsus olan digər maşını- "xxxx"nı həmin şəxsə tökmüş motorunu yığdırmaq şərtilə saxta yolla satmışdır. Həmin şəxs də sənədlərin saxta olduğunu anlamayaraq, ona əlavə olaraq pul vermişdir. Beləliklə, Seymur və Cavabdeh2 qardaşları maşınlarını müqavillə ilə icarə adı ilə götürərək, onları kənar şəxslərə dəyər-dəyməzinə satmışlar, ona 37000 manat zərər vurmuşlar. Bundan əlavə onlar üç ay müddətinə maşınlarını müqavilə üzrə icarəyə verməklə “Kia Rio” markalı maşınıma 2023-cü ilin aprel ayindan bəri və iyun ayından başlayaraq "xxxx" maşınına icarəyə görə cəmi iki maşına 5000 manat borcu yaranmışdır. Maşınları aldadıb satdıqları Rəvanə adlı və İbrahim adlı şəxsləri aldadaraq saxta sənədlə pulla satdıqlarına görə maşınları ona qaytarmırlar.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(006)- 511/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2012-ci il buraxılış ili olan, qara rəngli, “Kia Rio” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3, 2012-ci il buraxılış ili olan, gümüş metalik rəngli, "xxxx" markalı, 99NX-556 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 alınıb İddiaçı qaytarılması qət edilmi, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilmişdir.
9. Qətnamənin əsaslarına görə, X5 tərəfindən İddiaçı bütün əmlakı barəsində sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verilmiş, iddiaçı isə "xxxx" MMC ilə “nəqliyyat vasitələrinin icarəyə verilməsi haqqında” icarə müqavilələri bağlamışdır. Eyni zamanda, sözügedən əmlaklar hazırda X2 mülkiyyətində olsalar da, Cavabdeh3 və Cavabdeh4 qanunsuz istifadəsindədir. Baxılan mülki işdə iddiaçının tələb etdiyi əmlakların mülkiyyətçisi X5 olması işin mübahisələndirilməyən halıdır. Hazırda məhkəmə araşdırması predmeti olan hallar əmlaklar üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının cavabdehlərin qanunsuz hərəkətlərinin nəticəsi olub-olmaması məsələsi təşkil edir. Əmlakların iddiaçının qanuni sahibliyindən cavabdehlərin hərəkətləri nəticəsində çıxması faktı üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlaklardan məhrum olmuş və həmin əmlaklar məhz cavabdehlərin faktiki sahibliyinə keçmişdir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əmlakların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehlərə keçəcəkdir. Cavabdeh4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinin ikitərəfli müqavilə şəklində olduğu, müqavilənin imzalanmadığı müəyyən edilmişdir. Cavabdeh4 izahatından, həmçinin iş materiallarına əlavə edilmiş icarə müqavilələrdən həmin əmlakların iddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsi, daha sonra isə içarəçi tərəfindən icarə müqavilələrin şərtləri əhəmiyyətli dərəcədə pozularaq həmin əmlakların üçüncü şəxslərə qanunsuz lizinq müqaviləsi bağlanılaraq verilməsi müəyyən edilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçının təmsil etmiş olduğu şəxs X5 mülkiyyətində olan nəqliyyat vasitələrini "xxxx" MMC-yə yalnız icarəyə verilməsi məqsədilə vermiş, oun niyyəti əmlakı üçüncü şəxslərin mülkiyyətinə vermək olmamışdır. Bu hal qeyd edilən 13 aprel 2023 və 17 iyun 2023-cü il tarixli müqavilələrdə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, "xxxx" MMCnin üçüncü şəxslərlə lizinq müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Yəni, qeyd edilən daxili lizinq müqaviləsi bağlandığı andan etibarsız əqd olmuşdur. Bundan sonra isə Cavabdeh4 "xxxx" MMC-yə qarşı (işin hallarına uyğun olaraq həmin an müqaviləni bağlamış şəxsə qarşıda mümkündür) vurulmuş maddi ziyanla bağlı iddia vermək hüququ vardır. Məhkəmə həmçinin qeyd edilən halın digər Cavabdeh3 aid edilməsini də nəzərə çatdırır. Məhkəmə həmçinin Cavabdeh3a münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 2012-ci il buraxılış ili olan, qara rəngli, “Kia Rio” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibliyində olmamasının əksi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş , öz mülahizələrini məhkəməyə bildirməmişdir. Bunun əksinə olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə gələrək qəbzə imza etməklə iddia ərizəsinn surətini almış və bundan sonra mülki işə baxılaraq üç məhkəmə iclası keçirildikdən sonra yekun akt qəbul edilmişdir. Yəni bir növ iddiaya qarşı susmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 359.1, 362.1-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə özünün əsassız mülahizəsinə, iddiaçının əsassız izahatına əsaslanaraq, avtomobilin hazırda onda olub-olmama faktını araşdırmadan və bu barədə təqdim edəcəyi subutları qiymətləndirmədən səhv nəticəyə gəlmişdir. Avtomobil hazırda onda deyil, lizinq şirkətinin əməkdaşları tərəfindən ondan alınmışdır. Məhkəmə iddiaya sübutlar əsasında deyil, iddiaçının əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət vermişdir. İddiaçı tələbini sübut edə bilməmiş, məhkəmədən məlumatı olmadığı üçün o da sübutlarını təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı, onun nümayəndəsi Vəkil. müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci intsansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...ərarvaddan birinin adına nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası mövcuddur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. ... ”
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətləri ilə qətnamənin qismən – iddia təmin olunan hissələrdə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissələrdə və apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. İşdən müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında” icarə müqavilələri bağlanmış, bu müqavilələr ilə “Kia Rio” markalı, **-FB-*** dövlət nömrə nişanlı və "xxxx" markalı, **-NX-*** dövlət nömrə nişanlı avtomobillər MMC-yə icarəyə verilmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh4 və Cavabdeh3 arasında müvafiq olaraq "xxxx" və “Kia Rio” markalı avtomobillərin istifadəsinə dair daxili lizinq müqavilələri bağlanmışdır.
23. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir, hansı ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilmə imkanını nəzərdə tutur.
24. Müvafiq maddəyə əsasən iddianın təmin olunması üçün, əmlak cavabdehin sahibliyində olmalı, eyni zamanda bu sahiblik qanunsuz olmalıdır.
25. Hazırkı işin mübahisəli halı əmlakın cavabdehin faktiki sahibliklərində olması ilə bağlıdır. Apellyator öz şikayətində əmlakların lizinq verə qaytarıldığı dəlilini irəli sürmüşlər.
26. Lakin, cavabdehlərin heç biri əmlakların faktiki qaytarılmasına dair sübut təqdim etməmişlər. Halbu ki, bir halda ki, lizinq müqavilələri üzrə əmlaklar verilmişdir, bunun əksini, yəni əmlakların qaytarıldığını sübut etmək vəzifəsi də əmlakların faktiki sahibliyində olan şəxslərin üzərinə düşür.
27. Cavabdeh3 şikayətinin digər dəlilində məhkəmədən məlumatı olmadığı üçün sübutlarını təqdim edə bilmədiyini irəli sürsə də, nə apellyasiya şikayətinə hər hansı sübut əlavə etmiş, nə də hazırkı apellyasiya baxışında müvafiq sübutları təqdim etməklə onların qəbul olunmasını xahiş etməmişdir.
28. Odur ki, kollegiya şikayətin dəlillərini formal mülahizələr olaraq dəyərləndirməklə, şikayətin təmin edilməməli olduğu qənaətinə gəlir.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(006)- 511/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(006)- 511/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev