Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4977/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 E saylı mənzilə mülkiyyət hüququm Cavabdeh2 ilə aralarında xx.xx.2017-ci il tarixində notariat kontorunda bağlanmış AN - İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ona keçmişdir.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən, həmin mənzilin mülkiyyətçisidir.Hazırda qeyd olunan ünvanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla faktiki olaraq yaşayırlar.Qeyd edir ki, Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, AN - İ № ******* nömrəli alqı-satqı müqaviləsinin 13- cü bəndinə əsasən, satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.Lakin xx.xx.2017-ci il tarixli, AN - İ № ******* nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı həyata keçirildikdən sonra, cavabdehlərin mənzildə pasport qeydiyyatında qalmaqla hümanistlik göstərərək müvəqqəti olaraq 1 il müddətində müvəqqəti yaşamalarına şifahi icazə vermişdir.Həmin müddətin keçməsinə baxmayaraq, cavabdehlər ona məxsus mənzildən çıxmırlar.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən çıxarışda, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduğu müəyyən edilmişdir.Belə ki, cavabdehlərin onun mənzilində yaşaması və pasport qeydiyyatında qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə olan halda iddia tələbi təmin olunaraq, cavabdehlər həmin evdən çıxarılmalı və faktiki sahibliyinə verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 E saylı mənzildən çıxarılmaları və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 E saylı mənzildən çıxarılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda maddi ziyana görə 13000,0 (on üç min) manat, qiymətləndirmə xərcinə görə “X8” MMC-ə ödənilmiş 300,0 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Qarşılıqılı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ üzrə ona məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 28 E nömrəli yaşayış evinə dair İddiaçı ilə aralarında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsi əslində yalan əqdir və həmin əqd onunla əri Cavabdeh1 arasında şifahi bağlanmış borc müqaviləsini pərdələmək və həmin borcun ödənilməsini təmin etməkdən ötrü bağlanmış əqdir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl əri Cavabdeh1 X3 250000 manat borc almış və İddiaçı borcun təminatı kimi evi onun adına keçirməyi israrla tələb edərək, borc qaytarıldıqdan sonra evi yenidən onun adına keçirəcəyini bildirmişdir. Lakin əri Cavabdeh1 sonradan düşdüyü çətin maddi vəziyyət borcun ödənilməsini gecikdirldiyindən İddiaçı məhkəmədə hazırkı iddinı qaldırmışdır. Ona məxsus olmuş fərdi yaşayış evinin alqı-satqısına dair əqdin yalan əqd olması və əri Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış şifahi borc müqaviləsini pərdələmək üçün bağlanması ilk öncə onunla təsdiq olunur ki, mübahisəli fərdi yaşayış evinin faktiki dəyəri bir milyon manatdan da artıq məbləğ təşkil edir. Digər tərəfdən, həmin əqdin formal xarakter daşıması onunla təsdiq olunur ki, iddiaçının qeyd etdiyi kimi 07.10. 2017-ci il tarixli alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən biz xx.xx.2017-ci il tarixədək, yəni bir ay ərzində evin qeydiyyatdan çıxmalı idilər. Lakin keçən 2 il ərzində iddiaçı bir dəfə də olsun onlardan evin qeydiyyatından çıxmalarını tələb etməmiş və ümumiyyətlə onlara bunu xatırlatmamışdır. Həmçinin onu da qeyd edir ki, əgər mübahisələndirilən alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün bağlanmasaydı, müqavilənin bağlanmasından keçən 2 il müddətində iddiaçının özü həmin evdə qeydiyyata alınardı. Göründüyü kimi, yuxarıda qeyd etdiyi dəlillər mülkiyyət hüququ üzrə ona məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 28 E nömrəli yaşayış evinə dair İddiaçı ilə onun arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin əslində yalan əqd olub, əri Cavabdeh1 ilə iddiaçı arasında şifahi bağlanmış borc müqaviləsini pərdələmək üçün bağlanmasını təsdiq edir. Ona görə də ona məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 28 E nömrəli fərdi yaşayış evinə dair 07.10. 2017-ci il tarixdə İddiaçı ilə onun arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı Çıxarış etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək ona məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 28 E nömrəli fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixdə İddiaçı ilə onun arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 E ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, ekspertiza xərcinə görə “X8” MMC-nə ödənilmiş 300 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Belə ki, həyat yoldaşı və iş üzrə cavabdeh olan X7 ilə İddiaçı arasında iş birliyi və eyni zamanda dostluq münasibətləri olmuşdur. Təqribi olaraq 2015-ci ildən 2017ci ilədək onların "xxxxxxxxx’ ASC-də olan borcları ilə bağlı problemləri yaranmağa başlamışdır və bundan sonra həyat yoldaşı bu məsələ ilə bağlı dostu olan İddiaçı köməklik istəmişdir. İddiaçı da köməklik edəcəyini bildrərək onlara bir il müddət verərək həmin borcun təminatı kimi “xxxxxxxxx” ASC-də ipotekada olan hal-hazırki mübahisə predmeti olan ünvan 1E saylı mənzilin onun adına keçirilməsi müqabilində razı olacağını bildirmişdir. Onlar da İddiaçı inandıqlarından onun təklifi ilə razı olmuşlar və bundan sonra onların “xxxxxxxxx” ASC-yə olan borcları bağlayaraq qeyd edilən alqı-satqını həyata keçirmişlər. İddiaçı ilə onun arasında bağlanmış AN-1№ ******* nömrəii alqı-satqı müqaviləsi əslində yalan əqdir və həmin əqd İddiaçı ilə həyat yoldaşı Cavabdeh1 arasında şifahi bağlanmış borc müqaviləsinin pərdələməkdən ötrü bağlanmış əqdir. Belə ki, hal hazırda düşdükləri çətin maddi vəziyyətdən istifadə edən İddiaçı hal-hazırki iddianı qaldırmışdır. İddiaçı evin hansı otaqlardan ibarət olmasını və hansı şəraitdə olmasını belə bilmir, çünki iddiaçı heç vaxt mübahisə predmeti olan evdə olmamışdır. Burdan da görünür ki, qeyd edilən alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Eyni zamanda mübahisə predmeti olan Bakı şəhəri, Nərimarov rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 28E saylı mənzilin alqı-satqını həyata keçirəndə qiyməti bir milyona yaxın olmuşdur. Bu qiymətdən də görünür ki, onları evi satmaq niyətləri olmamışdır və İddiaçı inandıqlarndan bu alqı-satqını həyata keçirmişlər. Bundan əlavə məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmişdir və əmlakın hazırki dövrə orta hesabla bazar qiyməti 500.000 manat, likvid dəyəri isə 450.000 manat məbləğində olmasını bildirmişlər. Lakin qiymətləndirmə şirkəti tərəfindən mənzilə baxmadan bu qiymətin qoyulması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Nümayəndə və vəkil tərəfindən təkrar əmlakın qiymətləndirilməsinin keçirilməsi xahiş edilsə də məhkəmə tərəfindən verilmiş vəsatətlər nəzərə alınmamışdır. Belə ki, nümayəndə və vəkil mülki işlə tanış olan da və qətnamə onlara rəsmi olaraq çatdırılandan sonra məlum olmuşdur ki, iddiaçı tərəf qarşılıqlı iddiaya dair iddia müddətini tətbiqinə dair ərizə təqdim etmişdir. Lakin qeyd edilən ərizənin mövcudluğundan məhkəmə dövrü xəbərləri olmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə digər cavabdeh olan əri Akiflə Nemət yaxın dost olumuşlar və münasibətləri yaxşı olmuş, bu məsələlər olduqdan sonra isə münasibətləri soymuşdur. Onların “xxxxxxxxx” ASC-də borcu olmuş və həmin borca görə ev girovda olmuşdur. Nemət bu işdə öz köməyini göstərmiş və əvəzində isə həmin evin onun adına alqı-satqı edilməsini bildirmişdir. Nemət tez-tez həmin evə gəlib-getmiş və bu məsələlərdən tam xəbərdar olmuşdur. Nemət kömək etsə də və həmin mənzil onun adına rəsmiləşdirilsə də, məqsəd alqı-satqı olmamışdır. Alqı-satqı o məqsədlə olmuşdur ki, pulu düzəldib qaytardıqdan sonra həmin ev onlara qaytaracaqdı. Ərini Nemət əlavə borcunun olduğunu bilsə də, həmin borcun miqdarından məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin ediməsinin xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini bildirdilər. İddiaçı əlavə olaraq bildirdi ki, Akif təkidlə mənzilin başqasına qismət olmamasını bildirib, onun tərəfindən almasını xahiş etmiş və o da buna razı olmuşdur. Akifin “xxxxxxxxx” ASC-yə olan 206000 manat borcunu bağlamış və əlavə olaraq Akifə 250000 manat pulu məhz Cavabdeh2 yanında vermişdir. Hətta Akif həmin puldan 20000 manat götürüb Samirəyə vermişdir. Akif qızının xeyr işi olduğunu ona görə də pul lazım olacağını, həmçinin xeyr işi yola verdikdən sonra qalan pula mənzil alacağını bildirdi. Ona görə 1 il vaxt istədi ki, işlərini qaydasına qoysun, evi könüllü təslim edəcək. Hətta o, Akifə təklif də etmişdir ki, bir il müddətində imkanı düzələrsə, evin pulunu verər və o da həmin evi qaytarıb Akifə alqı-satqı edər. Lakin 1 il keçdikdən sonra Akif müxtəlif bəhanələr gətirərək mənzili boşaltmadı. Akif yoldaşı Samirənin qardaşının vəfat etdiyini bəhanə gətirərək belə vəziyyətdə onun evdən çıxmasının alınmadığını dedi və əlavə olaraq vaxt istədi. Alqı-satqı tərəflərin tam iradəsi ilə bağlanmışdır və etibarsızlıqdan söhbət gedə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin olunan hissəsi və qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 E İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1 E İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan “Elektron notariat” X1 1010.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 ünvan 1 E saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh2 ona məxsus olan ünvan 1 E ünvanında yerləşən fərdi yaşayış evinin 206200 manat qiymətə satılması barədə İddiaçı ilə razılığa gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 E Cavabdeh2 adına xx.xx.2011-ci il tarixdə keçirilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 205/eg nömrəli ipoteka müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 E-ni “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh1 Cavabdeh2 məxsus ünvan 1 E saylı fərdi yaşayış evinin satılmasına etiraz etmir. Bununla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh3 Cavabdeh2 məxsus ünvan 1 E saylı fərdi yaşayış evinin satılmasına etiraz etmir. Bununla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan ərizədən görünür ki, Əkbərli Könül Cavabdeh2 məxsus ünvan 1 E saylı fərdi yaşayış evinin satılmasına etiraz etmir. Bununla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan “X8” MMC-nin xx.xx.2019- cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 E nömrəli fərdi yaşayış evinin hazırkı dövrə orta hesabla bazar qiyməti 500000 manat, likvid qiyməti 450.000 manat məbləğində təşkil edir. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən “X8” MMC-nə ekspertiza xərclərinə görə 300 manat məbləğində ödəniş etmişdir. Apellyasiya icraatı zamanı apelyatorun vəsatəti əsasına təkrar qiymətləndirmə keçirlmiş və iş materiallarına əlavə olunmaqla apellyasiya icraatı zamanı tədqiq edilmiş “xxxxxxx” Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MB 13/916 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 E nömrəli fərdi yaşayış evinin hazırkı dövrə orta hesabla bazar qiyməti 530000 manat, likvid qiyməti 477.000 manat məbləğində təşkil edir. Apellyator tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmaqla apellyasiya icraatı zamanı tədqiq edilmiş “X12” MMC-nin xx.xx.2020-ci il tarixli ƏEM/S 26-448/20 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 E nömrəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri 870.000 manat təşkil edir. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. X10 Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, ilk iddia ərizəsi üzrə mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və ünvan 1 E İddiaçı mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsinin 13-ü bəndindən görünür ki, satıcı, yəni Cavabdeh2 xx.xx.2017-ci il tarixədək evdə qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Cavabdehlər tərəfindən qeyd edilən mənzil boşaldılmamış və hazırda da cavabdehlər həmin mənzildə yaşıyırlar. Bu isə mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və onların istifadə hüquqlarına xitam verilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən qarşılıqlı iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qarşılılqı iddia tələbi ilə bağlı ilk növbədə edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarsız olunmasını iddia etsə də, bu halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraarı zamanı təqdim edilə bilməmişdir. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 206 200 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünki əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Həmçinin mənzilin dəyəri etibarsız hesab olunma üçün əsas vermiş olsa belə, hazırki halda bu əsas müqavilənin etibarsız sayılmasını istisna edir. Belə ki, İddiaçı tərəfindən cavabdehlərin “xxxxxxxxx” ASC-yə olan 206000 manat borcun ödənilməsi işin mübahisəsiz halıdır. Həmçinin qarşılıqlı iddiaçı məhz iddiasında göstərmişdir ki, əri Cavabdeh1 İddiaçı əlavə olaraq 250000 manat borc almışdır. Belə olan halda 206000+250000=456000 manat edir ki, bu da evin hazırki qiyməti ilə təxminən eynilik təşkil edir. Apellyator tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində mənzilin qiyməti 870.000 manat olduğu göstərilsə də, iş üzrə keçirilmiş digər iki qiymətləndirmə rəyində mənzilin qiyməti təxminən yaxın qiymətlərdə olduğu müəyyən olunur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia tələbinə iddia müddəti tətbiq edilməklə də qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi xx xxxxxxx 2017-ci il tarixdə bağlanılmışdır. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə iddiaçı 2019-cu ilin noyabr ayında məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə bu müqavilənin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, qiymətləndiricinin xidməti haqqı 300 (üç yüz) manat məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədiyindən, apellyatorun vəatəti əsasında təyin edilmiş qiymətləndirmənin dəyərini təşkil edən 300 manat məbləğində pul ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tutularaq “xxxxxxx” Qiymətləndirmə Şirkətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tutularaq “xxxxxxx” MMC-nin hesabına (H/h № AZ33İBAZ**********6792716216, VÖEN: **********, Benefisiar bank: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4977/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4977/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver