Məhkəmə qərarları › İş №2(103)-4978/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4978/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4978/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(005)-176/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X12 tərəfindən İddiaçı satılmışdır. İddiaçı ilə X11 arasında həmin əmlakların alqı-satqısına dair "İlkin müqavilələr” bağlanmış və İddiaçı 50000,0 manat məbləğində beh verilmişdir. X13 həmin əmlaklara dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə həmin əmlakların üzərinə həbs qoyulduğundan İddiaçı İlkin müqavilələrin şərtlərinin pozulması nəticəsində X6 behin iki misli məbləğində 100.000 manat pul ödəməli olmağının səbəbkarı Cavabdeh hesab edir və həmin pulun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh 100.000 (yüz min) manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 avqust 2016-cı il tarixli AN-İ ******* No-li və 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakların alqı-satqı müqavilələrinə əsasən X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsini 20.000 (iyirmi min) manata, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata İddiaçı satmışdır. Lakin X1 arvadı, hazırkı iş üzrə Cavabdeh iddiaçıya və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X12 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin X10 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin, X12 ilə iddiaçı arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyriyaşayış sahəsinə dair AN-İ ******* No-li və AN-İ ******* No-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4560/2017 №-li 13 iyul 2017-ci il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-xx.xx.2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10279/2017 №-li 06 noyabr 2017- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh süründürməçiliyə yol verǝrǝk yenidən eyni tələblərlə İddiaçı, X10 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin ləğv edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X12 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin X10 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin ləğv edilməsi, X12 ilə iddiaçı arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair AN-İ ******* No-li va AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmiş, eyni tarixli qərardadla iddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7460/2019 №-li 16 may 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003) 2273/2018 №-li 30 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5338/2019 №-li 23 avqust 2019-cu il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilmiş. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7460/2019 №-li 16 may 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12978/2019 №-li 06 noyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 No-li 30 iyul 2018- ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-26/2020 №-li 24 yanvar 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı, X10 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4581/2020 №-li 02 iyun 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-26/2020 №-li 24 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı, X10 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li, 30 iyul 2018-ci il tarixli va 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li, 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə X11 arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli "İlkin müqavilələr” bağlanmışdır. 23 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov fərdi yaşayış evinə görə iddiaçıya ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 35.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 23 fevral 2019-cu il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 30 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov qeyri-yaşayış sahəsinə görə ona ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 30.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 28 fevral 2019-cu il tarixdə ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh yuxarıda qeyd olunan iddia tələbləri üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulduğundan o, həmin əmlaklara dair sənədləri hazırlayaraq X11 ilə alqı-satqı müqavilələri bağlamaq hüququndan məhrum olunmuşdur. İddiaçı yuxarıda qeyd olunan səbəbdən 23 noyabr və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələr üzrə öhdəliklərini icra etmədiyinə görə X11 ona qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2383 №-li 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıdan 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli İlkin müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bildirir ki, 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələr üzrə X11 tərəfindən ona ümumilikdə 50.000 (əlli min) manat pul ödənilmişdir. Lakin ilkin müqavilələrin şərtləri iddiaçı tərəfindən pozulduğuna görə aldığı pul məbləğinin ikiqat misli qədər Ramin Məmmədova pul ödəməli olmuşdur. Həmin müqavilələrin şərtlərinin iddiaçı tərəfindən pozulması və bunun nəticəsində X6 behin iki misli məbləğində 100.000 manat pul ödəməli olmağının yeganə səbəbkarı Cavabdeh süründürməçiliyə yol verǝrǝk məhkəmədə əsassız, formal iddialar qaldırması, işə baxılan zaman 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələrin predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması olmuşdur. Əgər Cavabdeh ərizəsi əsasında məhkəmənin qərardadı ilə yuxarıda sözügedən əmlakların üzərinə həbs qoyulmasa idi, iddiaçı 23 fevral 2019-cu il vǝ 28 fevral 2019-cu il tarixə kimi 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələrin 1.1-ci bəndlərinə müvafiq olaraq sənədləri tam hazır edib X6 təhvil verərək əmlaklara dair alqı-satqı müqavilələri bağlayıb sonuncudan yerdə qalan pulunu alardı və nəticədə Ramin Məmmədov ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmazdı. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(005)-176/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir, İddiaçı ilə X11 arasında mübahisəli əmlakların alqı-satqısına dair “İlkin müqavilələr” bağlanmasına” yarana biləcək risklər İddiaçı üzərinə düşür. Belə ki, iş materiallarında olan qətnamələrin sürətindən görünür ki, Cavabdeh müqavilələrin əsassız olmasına dair iddiası üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2016-cı il tarixdə qətnamə qəbul edilmiş və mülki işə yuxarı instansiya məhkəmələrində baxılmışdır, İddiaçı ilə X11 arasında isə 2018-ci il tarixli “İlkin müqavilələr bağlanmışdır. Belə olan halda İddiaçı yekunlaşmamış mübahisənin predmeti olan daşınmaz əmlaklar barədə “İlkin müqavilələr” bağlayarkən yarana biləcək riskləri nəzərə almalı və nəticələrinə də özünün cavabdeh olacağını bilməli idi və bunula da beh müqaviləsinin şərtlərinin pozulmasının tam məsuliyyətinin İddiaçı aid olmağı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 100.000 manat pul ödəməsi və həmin pulun ödənilməsində məhz cavabdehin təqsirli olmasını, yəni cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 491, 492.2 və 1096-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən iddia tələbində qeyd edilən xüsusatları nəzərə almamış, iş üzrə heç bir araşdırma aparmamış, mövqeyini yalnız cavabdehin nümayəndəsi və vəkilinin izahatındakı hallarla əsaslandırmışdır. Açıqaşkar görünür ki, məhkəmə işə səthi yanaşmış, iş üzrə heç bir araşdırma aparmamışdır. Halbuki bu müddət ərzində müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində ona külli miqdarda maddi ziyan dəymiş, məhz bu səbəbdən də maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək 100.000 (yüz min) manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh əsassız və təkrar iddialar qaldırmaqda yeganə məqsədi mülkiyyətində olan əmlaklara dair hüquqlarını azad şəkildə həyata keçirməyini maksimum şəkildə gecikdirməkdir. Belə ki, artıq 2016-cı ildən davam edən məhkəmə mübahisələrinin nəticəsində artıq 7 ilə yaxındır ki, ona aid olan əmlaklardan bugünkü tarixədək heç bir şəkildə istifadə edə və ya faydalana biməmiş, üstəlik, Cavabdeh əsassız, süründürməçilik məqsədi daşıyan iddiaları nəticəsində ona 100.000 manat maddi ziyan dəymişdir. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi üçün kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq, həmin sübutların heç birinə hüquqi qiymət verməmiş, iş üzrə heçbir araşdırma aparmamış, iş materiallarını sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində cavabdehin nümayəndəsi və vəkilinin izahatındakı xüsusatları təkrarlamaqla kifayətlənmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 11 avqust 2016-cı il tarixli AN-İ ******* No-li və 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakların alqı-satqı müqavilələrinə əsasən X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsini 20.000 (iyirmi min) manata, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata İddiaçı satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin X1 arvadı, hazırkı iş üzrə Cavabdeh iddiaçıya və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tək bu ünvanla bağlı deyil, digər ünvanla da bağlı rəsmiləşdirilmiş alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyriyaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiiş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmçinin işin materiallarından görünür ki, həmin iş üzrə apellyasiya və kassasiya instansiyaları məhkəmələri 14 fevral 2017-ci il tarixdən 03 aprel 2018-ci il tarixə kimi dəfələrlə baxaraq müvafiq qərarlar qəbul etmiş, son nəticədə cavabdehin şikayətləri təmin edilməmişdir. Daha sonra X1 arvadı, hazırkı iş üzrə Cavabdeh İddiaçı, X10 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin ləğv edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmiş, eyni tarixli qərardadla iddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmış, cavabdehin şikayətləri təmin edilməmişdir. İddiaçı ilə X11 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli "İlkin müqavilələrə” əsasən 23 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov fərdi yaşayış evinə görə iddiaçıya ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 35.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 23 fevral 2019-cu il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.30 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov qeyriyaşayış sahəsinə görə ona ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 30.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 28 fevral 2019-cu il tarixdə ona ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hazırki iş üzrə X13 həmin əmlaklara dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə həmin əmlakların üzərinə həbs qoyulduğundan İddiaçı İlkin müqavilələrin şərtlərinin pozulması nəticəsində X6 behin ikimisli məbləğində 100.000 manat pul ödəməli olmağının səbəbkarı Cavabdeh hesab edir və hal-hazırda ondan düşdüyü maddi ziyanı tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan işin hallarından görünür ki, iddiaçı X13 həmin əmlaklara dair 2016-cı ildən başlamış və hətta 2018-ci ildə də davam edən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə həmin əmlakların üzərinə həbs qoyulması barədə məlumatlı olduğu halda, həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə müvafiq qərar əldə etmədən İddiaçı İlkin müqavilələr bağlamış, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyri-yaşayış sahəsinin alğı-satqısına dair “İlkin müqavilələr” bağlanmasına”, bu işin riski İddiaçı üzərinə düşməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgündür. Belə ki, Azərbaycan Respublikasının məhkəmə sistemi üç pilləlidir və məhkəmə mübahisələri yalnız kassasiya qaydasında baxılıb yekun qərar qəbul edildikdən sonra tamamlanır. Sözügedən iş üzrə yekun məhkəmə qərarı iddiaçının özünün də bildirdiyi kimi 20 aprel 2022-ci il tarixdə başa çatmışdır. Başqa sözlə İddiaçı məhkəmə mübahisələri yekunlaşmadan, həmin mübahisələrin getdiyi dövrdə (23 noyabr 2018-ci il və 30 noyabr 2018-ci il) mübahisə predmeti olan daşınmaz əmlak barədə “İlkin müqavilələr” bağlanması özünün riski olmasını nəzərə almalı idi və nəticələrinə də özünün cavabdeh olacağını bilməli idi. Göründyüu kimi, beh müqaviləsinin şərtlərinin pozulmasının tam məsuliyyətinin İddiaçı aid olmuşdur ki, buna da məhkəmə qərarları ilə müvafiq qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, iddiaçının beh müqaviləsinin şərtlərinin pozulmasının cavabdehin hərəkətlərini nəticəsində olmasına dair tələblərinin əsassız olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi onun konstitusion və müki prosessual hüququdur. O öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir. Onun ərizələri əsasında əmlak üzərinə həbs qoyulması məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilmişdir. Başqa sözlə, onun ərizələrinin əsaslı olub-olmamasına məhkəmələr hüquqi qiymət verməklə qərarlar qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında təqsirli hərəkətlərinin olması və iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən, eləcə də iddiaçıya zərər vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddia tələblərinin əsaslı sayıla bilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Beləliklə də, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(005)-176/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar