Məhkəmə qərarları › İş №2(103)-4980/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4980/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4980/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1237/2023 saylı, 08 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin 2(003)-2377/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 93,0 manat aliment və müalicə xərclərinə görə hər ay 40,0 manat tutulması qət edilmişdir

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2377/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin artılılaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği şəklində 220,0 manat məbləğində alimentin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 50,0 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 93,0 manat sabit pul məbləğində aliment xeyrinə tutulmuşdur. Həmin məbləğ hazırda uşağın tələbatlarının ödənilməsinə kifayət etmir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(003)-1237/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. Məhkəmə uşağın mənafeyini, təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2377/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi; Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsi; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(003)-1237/2023 tarixli qətnaməsinin dəyişdirilərək, ondan hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə birgə nikahlarından doğulmuş X2 görə təyin edilmiş 93,0 manat aliment və müalicə xərclərinə görə təyin edilmiş 40,0 manat, ümumilikdə 133,0 manat pulu hər ay ödəmişdir. Baxmayaraq ki, qızının heç bir xəstəliyi yoxdur, tam sağlamdır, həmin vaxt sahə həkimindən bir arayış gətirib guya xəstə olmasını qeyd etmişdilər, məhkəmə də bu səbəbdən əlavə olaraq müalicə xərcləri üçün 40 manat təyin etmişdir. Həmin vaxt buna etiraz etməmişdir, ona görə ki, ailə qurmamışdı və başqa övladı yox idi. Lakin hazırda ailə və maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edərək aylıq ümumilikdə 150 manat ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə əsas səbəb olaraq uşağın mənafeyini, təminatının mümkün qədər maksimal saxlanılmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq belə qətnamə qəbul etmiş, lakin onun, ailəsinin və 2 övladının manefeyini, eləcə də maddi vəziyyətinin aşağı olmasını nəzərə almamışdır. Belə ki, o, İddiaçı ayrıldıqdan bir müddət sonra Salmanzadə (Abbasova) Kübra İlham qızı ilə ailə qurmuş, nikahı xx.xx.2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. O, hazırda "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyir, vergi və digər məcburi ödəmələr çıxılmamış aylıq əmək haqqısı 784 manatdır, kart hesabına isə 700 manat məbləğ yüklənir. Ailəsinin bu 700 manat puldan başqa gəlir yeri yoxdur, o, həmin pulla özünü, həyat yoldaşını və uşaqlarını saxlamalıdır, belə ki, həyat yoldaşı Kübra Salmanzadə heç bir yerdə işləmir, işsizdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, 150 manat aliment ödəməyə gücü çatır. 700 manat əmək haqqı alır. İki uşaqdır. Bundan artığına gücü çatmır. Öhdəliyində başqa iki azyaşlı uşaqları vardır. Onun başqa ailəsi də vardır. İddiaçının öhdəliyində başqa uşaq yoxdur, maddi imkanı yaxşıdır. Onun isə maliyyə imkanları zəifdir. Valideynlik hüququ hər ikisinə aiddir. Bu uşağın haqqı olduğu kimi o biri uşaqların da haqları vardır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, məhkəmə 93 manat aliment təyin etdi, daha sonra saxta bir sənəd gətirildi, ondan 40 manat da əlavə pul tutuldu. Və o, cəmi 133 manat pul ödəməyə başladı.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Qeyd etmişdir ki, qardaşının biri şəhiddir, digəri isə əlildir, həm də ruhi xəstədir. Hazırda həmin qardaşının ailəsi də onun himayəsindədir. Onun qızı burun əməliyyatına girdi, heç bir köməklik etmədi. Bundan başqa məktəb formasının alınmasında heç bir köməklik etmədi. Uşaq həm musiqi məktəbinə, həm də orta məktəbə gedir, iki forma alınır. 520 manat uşağın məktəbinə pul xərcləyib. Cavabdeh bir ata olaraq uşağa atalıq etmir, uşaq dünyaya gələndən cəmi 4 dəfə görübdür. Hazırda uşaq böyüyür, onun ehtiyacları da artmaqdadır. O, uşağın ehtiyacını ödəməkdə çətinlik çəkir. O, uşağa gücü çatan qədər köməklik edir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, cavabdehin imkanı vardır, əlavə evləri də vardır. Onun aylıq stabil gəliri yoxdur. Hazırda kosmetologiyanı öyrənir; ixtisası isə akuşer-mamadır.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsinin dəyişdirilməsi, iddianın 150 manat məbləğində qəbul edilməsi və müəyyən olunmuş alimenti həmin məbləğə qədər azaldılması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində, lakin cavabdehin aliment məbləğini qəbul etmədiyi həcmdə (70 manat) yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

16. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

17. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

19. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

20. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

22. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

23. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

24. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır.

29. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

30. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin 2(003)-2377/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin qəbul edilməsindən 10 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməli olması barədə birinci instnasiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

32. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

33. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1237/2023 saylı, 08 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar