Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4981/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ` İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(011)-1314/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdeh "xxxx" MMC-dən “Arçelik” markalı soyuducu almış, texniki nasazlıq olduğundan soyuducu işləməmiş, cavabdehin əməkdaşları tərəfindən soyuducu aparılmış, təmir olunaraq iddiaçıya qaytarılmış, lakin həmin soyuducuda yenə də texniki nasazlıq yarandığından iddiaçının şikayəti ilə soyuducu yenə də təmir olunması üçün aparılmış, lakin geri qaytarılmamışdır. İddiaçı yaranmış texniki nasazlığın aradan qaldırılmasını, yaxud soyuducunun yenisi ilə əvəz edilməsini tələb etsə də, cavabdeh soyuducuda yaranmış texniki nasazlığı aradan qaldırmamış, eyni zamanda yeni soyuducu ilə əvəz etməmişdir. 2.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, soyuducuya görə ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, texniki problemlər yaranmış olan və cavabdeh tərəfindən götürülərək geri qaytarılmayan soyuducunun dəyərini yəni, 1800,00 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il noyabrında iddiaçı tərəfindən "xxxx" MMC-dən “Arçelik” firmasına məxsus soyuducu alınaraq rəsmiləşdirmə aparılmışdır. 2021-ci ilin dekabrında isə evə gətirilmişdir. Həmin soyuducuya müəssisə tərəfindən 3 il müddətinə qarantiya verilmişdir. 2022-ci ilin avqust ayında soyuducuda müəyyən texniki problemlər yaranması ilə əlaqədar "xxxx" MMC ilə *3344 nömrəsi ilə əlaqə saxlanmış və müvafiq təmir işləri görülməsi üçün 2022-ci ilin sentyabr ayının 2-də soyuducunu aparmışlar. Aparılan soyuducunu isə noyabrın sonuna gətirmişlər. 4 ay işlədikdən sonra isə yenidən iddiaçı tərəfindən müəssisəyə müraciət olunmuş, onlar 2023-cü il mart ayının 26-da ünvan 1 ünvanında yerləşən 55 saylı mənzilə gələrək soyuducuya baxış keçirmiş və onu başqa soyuducu ilə əvəz edəcəklərini ona bildirmişdirlər. Lakin soyuducunu təmir edəcəklərini bildirərək götürüb aparsalar da, artıq uzun müddətdir ki, heç bir xəbər yoxdur. Bununla da müəssisədən aldığı qüsurlu mala görə iddiaçıya zərər dəymiş, istehlakçı hüquqların müəssisə tərəfindən kobud surətdə pozulmuşdur. Həmçinin bu məsələ ilə bağlı olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna, Bakı şəhər prokurorluğuna, Yasamal rayon prokurorluğuna, Yasamal rayon polis idarəsinə də şikayət edilmişdir. xx.xx.2023-cü il tarixində isə Azəbaycan Respublikasının Baş prokuroluğuna daxil edilmiş müraciətə baxılması üçün müraciət edilmişdir. 5.İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini, cavabdeh "xxxx" MMC-nin nümayəndələri tərəfindən götürülərək geri qaytarılmayan soyuducunun dəyərini, yəni 1699 manat məbləğində pul vəsaitinin və 38 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(011)-3301/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 may 2024-cü il tarixli, 2(011)-1314/2024 saylı qətnaməsi ilə (sədrlik edən-İlahə Abbasova) iddia təmin edilərək cavabdeh "xxxx" MMC-dən 1699 manat məbləğində pul vəsaiti və 38 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. 8.İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Zəmanət talonundan görünür ki, müştəri İddiaçı Arçelik 283721 EB markalı soyuducu üçün 3 ilədək zəmanət verilmişdir. 9.İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 28 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən ******* nömrəli müqavilə üzrə soyuducu üçün 1699 manat məbləğində ödəniş edilmişdir. 10.İş materiallarında olan TexnoMart Servis Mərkəzi tərəfindən verilmiş 107997 nömrəli xidmət talonundan görünür ki, malın alınma tarix kimi 28 oktyabr 2021-ci il, təmir tarixi kimi 01 noyabr 2021-ci il göstərilmişdir. 11.İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi Ənvər Ənvərli tərəfindən məhkəməyə təqdim edilmiş izahatdan görünür ki, müştəri İddiaçı "xxxx" MMC-dən “Arçelik” markalı soyuducu almış, 1 il keçdikdən sonra qüsurla bağlı şirkətə müraciət etmişdir. Müraciət edərkən, müştərinin əlində zəmanət talonu və ya digər hər hansı sənəd olmamışdır. Şirkət əməkdaşları zəmanət talonunun olmamasına baxmayaraq, müştəridən soyuducunu talon əsasında qəbul edilməsinə də köməklik göstərmişlər. İddia ərizəsində 2022-ci ilin avqustunda şirkətə qüsur barədə məlumat verildiyi, sentyabrın 2-də soyuducunun şirkət əməkdaşları tərəfindən aparıldığı və aparılmış soyuducunun noyabr ayının sonunda qaytarıldığı göstərilmiş, lakin bunları təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Soyuducuda zavod qüsuru təsdiqləndiyi və təmiri mümkünsüz olduğu üçün götürülmüş soyuducunu yox, onun əvəzinə oktyabr ayında tam yeni soyuducu müştəriyə təqdim edilmişdir. İddiaçı özü tərəfindən iş materiallarına əlavə edilmiş zəmanət talunundan da, yeni soyuducunun satış tarixinin xx.xx.2022 olduğu aydın görünür. İddiaçı isə iddia ərizəsində soyuducunun yenisi ilə əvəzləndiyini göstərməmiş, “apardıqları” soyuducu kimi qeyd etmiş və xx.xx.2022-ci il tarixdə yeni soyuducu verildiyi halda “noyabr ayının sonlarında gətirmişlər” deyə qeyd etmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilən məlumatlar təhrif olunmuşdur. Bundan başqa iddia ərizəsində 2023-cü ilin mart ayında soyuducunun şirkət əməkdaşları tərəfindən götürüldüyü qeyd edilmişdir. Lakin daxili araşdırma zamanı bu barədə hər hansı məlumat müəyyənedilməmişdir. Avadanlıqlar əməkdaşlar tərəfindən götürülərkən, müştəri ilə təhvil-təslim aktı imzalanmaqla təhvil alınır və servisə aparılır. Lakin şirkət daxilində belə bir sənəd aşkar edilməmiş, qarşı tərəf də hər hansı təhvil-təslim sənədini məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia ərizəsində soyuducunun aparılıb, lakin qaytarılmaması barədə iddia ilə qətiyyən razı deyillər. Nümayəndə izahatında qeyd etdiyi halların nəzərə alınmasını və iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 12.Məhkəmə işin müəyyən edilmiş faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən “Arçelik” markalı soyuducu almış, texniki nasazlıq olduğundan soyuducu işləməmiş, cavabdehin əməkdaşları tərəfindən soyuducu aparılmış, təmir olunaraq iddiaçıya qaytarılmış, lakin həmin soyuducuda yenə də texniki nasazlıq yarandığından iddiaçının şikayəti ilə soyuducu yenə də təmir olunması üçün aparılmış, lakin geri qaytarılmamışdır. İddiaçı yaranmış texniki nasazlığın aradan qaldırılmasını, yaxud soyuducunu yenisi ilə əvəz edilməsini tələb etsə də, cavabdeh soyuducuda yaranmış texniki nasazlığı aradan qaldırmamış, eyni zamanda yeni soyuducu ilə əvəz etməmişdir. 13.Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etsə də, qeyd etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. 14.Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən aldığı soyuducuda əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan, həmin soyuducuda yaranmış texniki nasazlıq cavabdeh tərəfindən aradan qaldırılmadığından cavabdeh "xxxx" MMC-dən həmin soyuducuya görə iddiaçı tərəfindən ödənilmiş 1699 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1,329.2, 329.3, 598.1, 587.1, 587.2, 287.2.1, 587.2.2, 442, 448.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbində qeyd etdiklərinin doğruluğunu məhkəmə icraatı zamanı sübuta yetirməmişdir. İddiaçı şirkət tərəfindən verilmiş ikinci soyuducunun aparıldığını və geri qaytarılmadığını iddia etmişdir. Lakin bunu sübut edən hər-hansı sənədi və ya digər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş izahatda dabildirilmişdir ki, şirkət daxilində araşdırılma aparılmış, lakin hansısa şirkət əməkdaşlarının müştəridən soyuducunu götürməsi barədə hər hansı məlumatın və ya təhvil-təslim aktının mövcud olmaması müəyyən edilmişdir. Malların heç bir sənəd olmadan dövriyyəsi, yerdəyişməsi, eləcə də müştəridən servisə və ya servisdən müştəriyə yerdəyişməsi rəsmi sənədlər olmadan mümkün deyil. Bu isə o deməkdirki, soyuducu müştəridən geri alınmayıb. İddiaçı isə bununla bağlı təhvil təslim aktını və ya soyuducunun götürülməsi ilə bağlı hər hansı digər bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə heç bir sübuta əsaslanmadan yalnız iddiaçının öz mülahizələrini əsas götürmüş və bu yanlış mülahizələr əsasında qətnamə qəbul etmişdir. Məlum olduğu kimi, iddia ərizəsində qeyd edilən məlumatlar, hadisələrin gedişatı, eləcə də faktlar və tarixlər təhrif olunmuş və yanlış formada məhkəməyə təqdim edilmişdir. Lakin, iddia tələbinin iddiaçının elə öz təqdim etdiyi məlumatlar və sənədlərlə təkzib olunduğunu məhkəmə nəzərə almamış və əsassız nəticəyə gəlmişdir. Məhkəmə İddiaçı aldığı soyuducuda təkrarən texniki nasazlıq yarandığından iddiaçının şikayəti ilə soyuducunun yenə də təmir olunması üçün aparılmasının, lakin geri qaytarılmamasının, iddiaçının yaranmış texniki nasazlığın aradan qaldırılmasını tələb etməsinin, cavabdehin soyuducuda yaranmış texniki nasazlığı aradan qaldırmamasının və ya yeni soyuducu ilə əvəz edilməməsinin iş materialları ilə təsdiqləndiyini qeyd etmiş, lakin nə ilə təsdiqləndiyi barədə heç bir əsaslandırma təqdim etməmişdir. Çünki iş materiallarında iddia ərizəsi və birinci soyuducuya aid sənədlərdən başqa heç bir sənəd mövcud deyil. Eyni zamanda, cavabdeh hüquqi şəxs istehlakçının hüquqlarını pozmaqda və əşyanın keyfiyyəti ilə bağlı öz öhdəliklərindən yayınmaqda maraqlı olsa idi, ilk soyuducuda da həmin davranışı göstərərdi və yenisi ilə əvəzləməzdi. Beləliklə, birinci instansiya məhkəməsi yalnız iddia ərizəsində qeyd olunanları sübut kimi qəbul edərək və həmin mülahizələrə əsaslanaraq, tamamilə həqiqətdən uzaq, əsaslandırılmamış və yarımçıq qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən həqiqətin müəyyən edilməsi üçün heç bir sübuta əsaslanmamışdır. Məhkəməyə iddianı təsdiq edən heç bir sübut təqdim edilməməsinə baxmayaraq, məhkəmə yalnız iddia ərizəsində qeyd olunan iddiaçının mülahizələrini əsas götürmüş və qətnaməni yalnız iddia ərizəsinin mətni və iddiaçının izahatı ilə əsaslandırmaqla, əslində tamamilə konstitusiyanın göstərişinə uyğun olmayan akt qəbul etmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-dən alğı-satqı müqaviləsi ilə əldə edilmiş soyuducu satıcıya qaytarılmadan, iddiaçı ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmiş, məhkəmə isə satıcıya geri qaytarılmamış əşyanın dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Əşyanın satıcıya qaytarılmasını isə məhkəmə yalnız iddiaçının izahatı ilə təsdiqləmiş, əlavə olaraq, heç bir sübut və dəlil göstərilməmişdir. Bu isə, cavabdeh hüquqi şəxsin hüquqlarınun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmənin çıxardığı qətnamə heç bir qanun normasına və işin faktiki hallarına əsaslanmır. Qətnamə əsaslandırılarkən qanunun müddəaları tamamilə rədd edilmiş, yalnız iddiaçı tərəfin təhrif olunmuş izahatları ilə əsaslandırılmışdır. Məhkəmə iddiaçının öz irəli sürdüyü halları sübuta yetirə bilmədiyi halda, cavabdehin nümayəndəsinin sübut təqdim etmədiyini qeyd etmişdir. Əgər soyuducu şirkət əməkdaşları tərəfindən götürülməyibsə, belə bir təhvil-təslim aktı və ya digər sənəd mövcud deyilsə, mövcud olmayan sənədin və ya sübutun təqdim edilməsi də mümkün deyildir. Göründüyü kimi, bu halı sübut etmək iddiaçının üzərinə düşür. Beləliklə, iş materiallarında olan və məhkəmədə tədqiq olunan sübutlar iddianı təsdiq etmədiyi üçün, qətnamə yalnız iddiaçının ifadəsi və mükahizələri ilə əsaslandırlımışdır.İddiaçının irəli sürdüyü iddia tələbi heç bir sübutla öz təsdiqini tapmamışdır. İddiaçının əlavə etdiyi sənədlər yalnız malın alışı və malın qüsuru ilə bağlı iddiaçınn ilk müraciəti ilə əlaqədar sənədlərdir və iddianın mahiyyəti ilə, yəni soyuducunun aparılıb geri qaytarılmaması ilə heç bir əlaqəsi yoxdur. İddiaçının əşyanın qüsuru ilə bağlı ilkin olaraq bir dəfə şirkətə müraciət etməsi tərəflərindən təkzib edilmir və mübahisələndirilmir, həmçinin bu məsələ hazırki iddia üzrə də mübahisə predmeti deyildir. Lakin iddia tələbində qeyd edilən, malın cavabdeh tərəfindən götürülməsi və qaytarılmaması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı öz tələbini heç bir formada sübuta yetirmədiyi və əsaslandıra bilmədiyi halda, məhkəmə yalnız iddiaçının izahatından başqa heç bir sübuta əsaslanmayan qətnamə qəbul etmişdir. Məhkəmənin bu qətnamə ilə fornalaşdırdığı təcrübə bundan ibarətdir ki, istənilən şəxs istənilən əşyanı aldıqdan sonra, heç bir sübut təqdim etmədən yalnız öz ifadəsi ilə əşyanı geri qaytardığını bildirməklə ödədiyi pulu satıcıdan geri ala bilər. Məhkəmənin hazırki qətnaməsi bu yanaşmanı tamamilə qanuniləşdirmiş və rəsmiləşdirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 23.Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 24.Maddə 329.3.Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 25.Maddə 598.1.Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 26.Maddə 581.1.Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 27.Maddə 581.2.Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 28.Maddə 587.1.Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: -587.1.2.əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; -587.1.3.əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 29.Maddə 587.2.Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: -587.2.1.alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; -587.2.2.lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 30.Maddə 587.3.Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 31.Maddə 588.1.Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 32.Maddə 589.1.Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 33.Maddə 589.2.Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(011)-1314/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən “Arçelik” markalı soyuducu almış, texniki nasazlıq olduğundan soyuducu işləməmiş, cavabdehin əməkdaşları tərəfindən soyuducu aparılmış, təmir olunaraq iddiaçıya qaytarılmış, lakin həmin soyuducuda yenə də texniki nasazlıq yarandığından iddiaçının şikayəti ilə soyuducu yenə də təmir olunması üçün aparılmış, lakin geri qaytarılmamışdır. İddiaçı yaranmış texniki nasazlığın aradan qaldırılmasını, yaxud soyuducunun yenisi ilə əvəz edilməsini tələb etsə də, cavabdeh soyuducuda yaranmış texniki nasazlığı aradan qaldırmamış, eyni zamanda yeni soyuducu ilə əvəz etməmişdir. 40.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən istehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur. 41.Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 42.Həmin Qanunun 8-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: -lazımi keyfiyyətli mala dəyişdirməyi; -satış qiymətini uyğun məbləğdə azaltmağı; -malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; -malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; -müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 43.Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 44.Qanunvericiliyin istinad olunan normalarından görünür ki, alğı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. 45.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçnın aldığı soyuducunun qüsurlu olmasını cavabdeh tərəf özü də etiraf etmişdir. Belə ki, cavabdeh tərəf soyuducunun qüsurlu olması səbəbi ilə əvəzində iddiaçıya yeni soyuducu verməsini bildirsə də, yeni soyuducunun verilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamışdır. 46.Belə olan halda müəyyən olunur ki, soyuducuda qüsur olduğu üçün, soyuducu aparılaraq qüsur aradan qaldırılmış kimi yenidən qaytarılmışdır. 47.Göründüyü kimi, cavabdeh tərəfindən qaytarılmış eyni soyuducuda qüsurun olması halı qaçılmaz olmuş və cavabdeh tərəfindən 2-ci dəfə aparıldıqdan sonra geri qaytarılmadığından, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 48.İddiaçı tərəfindən cavabdehdən əldə edilmiş soyuducuda aşkar edilmiş qüsur cavabdeh tərəfindən 1 dəfə aradan qaldırılmış, daha sonra soyuducuda yenidən qüsur aşkar edilmiş və iddiaçının müraciəti əsasında soyducu cabdehin əməkdaşları tərəfindən aparılsa da iddiaçıya qaytarılmamışdır. 49.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən aldığı soyuducuda əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan, həmin soyuducuda yaranmış texniki nasazlıq cavabdeh tərəfindən aradan qaldırılmadığından məhkəmə iddianı təmin edərək cavabdeh "xxxx" MMC-dən həmin soyuducuya görə iddiaçı tərəfindən ödənilmiş 1699 manat məbləğində pul vəsaiti tutmaqda haqlı olmuşdur. 50.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsininiş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 51.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 54.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 55.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan və təmin edilən məbləğ 1699 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(011)-1314/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-4981/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4981/2024
11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver