Məhkəmə qərarları › İş №2(103)-4982/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4982/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4982/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-202/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin Cəfər Cabbarlı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 104FSDK163330001 saylı kredit müqaviləsinə əsasən 24878,46 manat əsas borc, 5814,35 manat faiz borcu və 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə birgə 660 saylı bağ evinə yönəldilməsi, qeyd olunan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən olunması, açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli 104FSDK163330001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 31 ay müddətinə illik 17% olmaqla 160.000 manat kredit verilmiş, kreditin təminatı kimi isə filialla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə birgə 660 saylı bağ evi banka ipotekaya qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə hər ay ödəniş etməli olduğu halda, bu öhdəliyini normal və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əməl etməsi üçün cavabdehlərin qeydiyyatda olduqları ünvanlara bildiriş məktubları göndərilsə də, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-202/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 24878,46 manat məbləğində əsas borc, 5814,35 manat məbləğində faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutulacaq məbləğin ilkin satış qiyməti 72.000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə birgə 660 saylı bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiyməti 72.000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, bağ evinin hərracda satıldıqdan sonra boşaldılması və cavabdehlər bağ evindən 1 ay ərzində çıxmadığı təqdirdə onların həmin bağ evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ödənilmiş vəsaitlərin silinmələrini əks etdirən cədvəl və ya arayış təqdim etmədiyindən faiz məbləğinin hansı hissəsinin ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Tələb edilən borcun hansı düstura əsasən hesablanması aydın deyil, faiz borcu hissəsində iddia tələbi süni şəkildə şişirdilmişdir. Mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, məhkəmə tərəfindən bu hallar araşdırılmamış, faiz borcunun hesablanması qaydası və forması, müqavilə müddəti bitdikdən sonra faizlərin hesablanıb-hesablanmaması məsələləri araşdırılmamışdır. İpoteka bildirişinin ipoteka saxlayana çatdırılması haqqında heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə tərəfindən isə ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı gözlənilməsi mütləq olan müddətlərə əməl edilibedilməməsi araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. 104FSDK163330001 saylı xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən, Cavabdeh1 istehlak məqsədləri üçün 31 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 160.000 manat məbləğində kredit vermişdir. xx xxxxxx 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 160.000 manat məbləğində kredit vəsaitini tam şəkildə qəbul etmişdir. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri ilk ay güzəşt müddəti tətbiq edilməklə 2266,67 manat, sonrakı aylar 7644,85 manat olmaqla xx.xx.2019-cu il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 104FSDK163330001 saylı xx.xx.2016-cı il tarixli Kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə banka 24878,46 manat məbləğində əsas borcu, 5814,35 manat faiz borcu mövcuddur. İş materiallarından müəyyən edilir ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh1 Kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Apellyasiya şikayətində tələb edilən borcun hansı düstura əsasən hesablanmasının aydın olmadığı, faiz borcu hissəsində iddia tələbinin süni şəkildə şişirdilməsi qeyd olunmuşdur. Apellyasiya şikayətinin qeyd edilən dəlilinin araşdırılması məqsədi ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 9/3604 nömrəli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli 104FSDK163330001 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ümumilikdə xx.xx.2019-cu il tarixə (maliyyə arayışının tarixinə) 30.649,60 manat, o cümlədən, əsas borc üzrə - 24.946,59 manat; faiz borcu üzrə - 5.703,01 manat məbləğində müəyyən edilmişdir. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 24.878,46 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 24.946,59 manat müəyyən edilmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün Kollegiya hesab edir ki, iddia tələbi əsas borca aid hissədə iddia tələbi həcmində təmin edilməlidir, belə olan halda əsas borca aid hissədə məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya faiz borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas tutur və hesab edir ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ - 5.703,01 manat cavabdehdən tutulmalıdır. Mülki işin materiallarında olan xx xxxxxx 2016-cı il tarixli İpoteka müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 104FSDK163330001 saylı xx.xx.2016-cı il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 660 saylı bağ evi və 0,12 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 102.300 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı ******* saylı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrndən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 660 saylı bağ evi və 0,12 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdən xüsusi mülkiyyət kimi qeydə alınmışdır. RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixində Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 660 saylı bağ evi və 0,12 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşdə poçt xəbərnamələrinin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyan Cavabdeh2 oğluna xx.xx.2019-cu il tarixdə, borclu Cavabdeh1 isə anasına xx.xx.2019-cu il tarixdə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 660 saylı bağ evi və 0,12 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrndə qeydə alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli Bağ evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, həmin hesabata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə birgə 660 saylı bağ evinin tələb və təklif nəzərə alınmaqla hazırki real orta bazar qiyməti 70.000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli Bağ evinin qiymətləndirilməsi barədə rəyindən görünür ki, həmin rəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə birgə 660 saylı bağ evinin bazar dəyəri 72.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, tutma yönəldilmiş mübahisəli əmlak kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və tutmanın həmin əmlaka yönəldilməsi haqqında bildiriş dövlət qeydə alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. İş materiallarından birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Kollegiya hesab edir, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarına əsaslanaraq tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur, tutmanın ipoteka predmetinə yönəldilməsinin qarşısını alan hallar aşkar olunmur. Həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2020 saylı iş üzrə xx xxxx 2020-ciil tarixli qətnaməsi Cavabdeh1 tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 5.703,01 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar