Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4984/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi "xxxx" QSC maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi "xxxx" QSC ilə maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi təsdiq edilmiş, maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 100 (yüz) manat məbləğində mediasiyaya dair xərcin tutularaq ərizəçi "xxxx" QSC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayəti vermişdir, şikayətin əsas dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, müqavilə müddəti ərzində öhdəliyə əməl edilməməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi M.Hüseynova apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin tamamilə əsassız olduğunu, vaxt uzatmaq üçün verildiyini və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/4-00119 saylı barışıq sazişindən görünür ki, İddiaçı QSC-nin nümayəndəsi X2 (“Birinci tərəf), və ünvan 1 ünvanında qeydiyyatda olan əsas borclu Cavabdeh2, zaminlər: İmişli şəhəri, Şadlinski küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdeh4, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 ( “İkinci tərəf”) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya reyestrində M-00249 nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzalamışdırlar: “Maddə 1. Mübahisənin qısa təsviri 1. Tərəflər arasında imzalanmış 001R********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası edilməməsi və 16000 (on altı min) əsas borc, 5449,63 (beş min dörd yüz qırx doqquz) AZN məbləğində faiz borcu, 9590,36 (doqquz min beş yüz doxsan, 36 qəp) cərimə borcu olmaqla, cəmi 31039,99 (otuz bir min otuz doqquz, 99 qəp) məbləğində borcun ödənilməsi barədə mübahisənin həll edilməsi Maddə 2. Barışığın şərtləri 2.1.1. İkinci tərəf Saziş imzalandıqdan sonra 25 fevral 2022-ci il tarixinə kimi birinci tərəfə 16000 (on altı min) AZN əsas borcu, 5449,63 (beş min dörd yüz qırx doqquz) AZN məbləğində isə faiz borcunu ödəməyi öhdəsinə götürür. 2.1.2. İkinci tərəf bu sazişin 2.1.1-ci bəndində göstərilən şərti qeyd edilən tarixədək yerinə yetirərsə, Birinci tərəf 9590,36 (doqquz min beş yüz doxsan, 36 qəp) cərimə borcunun silinməsini öhdəsinə götürür. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. İkinci tərəflər mediasiya prosesin Barışıq Sazişi ilə nəticələndiyinə görə Tam Mediasiya xərci olaraq 200 (iki yüz) AZN məbləğində xərci Bakı 4 saylı Mediasiya Təşkilatına ödəməyi öhdəsinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya cəmiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. Tam Mediasiya prosesi ilə əlaqədar digər xərclər proses sonunda qarşılıqlı razılaşma ilə ödəniləcəkdir. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir.” Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, maraqlı şəxslər tərəfindən ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/4-00119 saylı barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Kollegiya qeyd edir ki, maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili müqavilə müddəti ərzində öhdəliyə əməl edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsidir ki, bu hal barışıq sazişinin təsdiq edilməməsi üçün əsas ola bilməz. Beləliklə, Məhkəmə Kollegiyası qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-in 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edildiyindən, rayon məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ərizəni təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş maraqlı şəxs Cavabdeh2 özünə aid edilməldir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-2416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu maraqlı şəxs Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-4984/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4984/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver