Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4985/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Aida Hüseyn və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, cavabdeh Aslan Aslanovun vəkili və nümayəndəsi Roman Qaraşovun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və X1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, İddiaçı iddiası qismən təmin edilsin, kredit müqaviləsi borc tutulsun, tutma ipoteka predmeti olan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68D №-li fərdi yaşayış evinə və həmin evin 0,031 ha torpaq sahəsinə yönəldilsin, İddiaçı iddiasının qalan hissəsi və iddiaçı Cavabdeh1 iddiası rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə tamamilə ləğv edilsin, İddiaçı iddiası rədd olunsun, iddiaçı Cavabdeh1 iddiası təmin edilsin. Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, Bakı Apellyasiya Məhkəməsinin 22.07.2020-ci il tarixli qətnaməsi ilə qət edilib ki, apellyasiya şikayəti rədd edilsin, qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin 03.03.2021-ci il tarixli qərarı ilə qərara alınıb ki, qətnamə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ona görə də hazırda qətnamənin bir hissəsi – tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissəsi apellyasiya qaydasında yoxlanılır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, borc verən (ipoteka saxlayan) “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə əməl etməmiş, yəni borc alana (ipoteka qoyana) ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərməmiş və bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmamışdır. Bu vəziyyət belə qiymətləndirilir ki, mübahisənin məhkəməyə qədər nizama salınmasına dair qaydaya riayət edilməmiş, həmin qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə belə halda məhkəmə ərizəni baxılmamış saxlayır. Ali Məhkəmə məhz bu əsasla qətnaməni ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edib və işi yeni baxışa qaytarıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68D №-li fərdi yaşayış evinə və həmin evin 0,031 ha torpaq sahəsinə yönəldilməsi hissəsində ləğv edilsin və İddiaçı iddia ərizəsi “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbə aid hissədə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4985/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4985/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver