Məhkəmə qərarları › İş №2(103)-4985/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4985/2022

14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4985/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (MMC) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-4985/2022 (Açar sözlər: maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-2257/2022 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 26 noyabr 2021-ci il tarixdə, saat 17:20 radələrində özünə məxsus “Opel” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Balaxanı yolunda işıqforun hərəkətə icazə verən yaşıl işığı yanan zaman hərəkətə başlamış, qəfil onun sol tərəfindənn işıqforun hərəkəti qadağan edən qırmızı işığına məhəl qoymayaraq Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi, Cavabdeh2 MMCnin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin qabaq-sol tərəfindən toqquşmuşdur. 2.Hadisə töprədilən vaxt cavabdehin icrabi sığorta müqaviləsi mövcud olmamışdır. 3.Cavabdeh1 inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. 4.Həmçinin, avtoservis tərəfindən verilmiş qüsur aktına əsasən, onun avtomobilinin bərpasına 1080 manat pul tələb olunduğu göstərilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına vurulmuş zərərin əvəzi kimi 1080 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 noyabr 2021-ci il tarixdə, saat 17:20 radələrində özünə məxsus “Opel” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi- Balaxanı yolunda işıqforun hərəkətə icazə verən yaşıl işığı yanan zaman hərəkətə başlamış, qəfil onun sol tərəfindənn işıqforun hərəkəti qadağan edən qırmızı işığına məhəl qoymayaraq Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin qabaq-sol tərəfindən toqquşmuşdur. Hadisə tprədilən vaxt cavabdehin icrabi sığorta müqaviləsi mövcud olmamışdır. Cavabdeh1 inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Həmçinin, avtoservis tərəfindən verilmiş qüsur aktına əsasən, onun avtomobilinin bərpasına 1080 manat pul tələb olunduğu göstərilmişdir. Buna görə də o, həm Cavabdeh1, həm də idarə etdiyi avtomobilin mülkiyyətçisi kimi Cavabdeh2 MMC-ni cavabdeh qismində cəlb etməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 7.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərmişdir ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil daxili lizinq müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin avtomobillə üçüncü şəxslərə vurulmuş zərərə görə mülkiyyətçi məsuliyyət daşımır. Sonda E.T.Nəcəfli məhkəmədən göstərilənləri nəzərə alıb iddianın MMC-yə münasibətdə rədd edilməsini xahiş etdi.

9. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” və həmin tarixli, TP4756892 nömrəli “inzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh1 26 noyabr 2021-ci il tarixdə, saat 17:20-də idarə etdiyi “Khazar SD” minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş, barəsində 60 manat inzibati cərimə təyin edilmişdir. 10.“Şahin-95” firması tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “Opel Vectra” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi miqdarı 1080 manat təşkil edir. 11.AD seriyalı, 886448 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMCnin mülkiyyətindədir.

12. 28 oktyabr 2020-ci il tarixli, MAS-2965 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh1 dəyəri 16700 manat təşkil edən “Khazar SD” minik markalı, qara rəngli avtomobili 3400 manat ilkin ödəniş etməklə lizinq yolu ilə Cavabdeh2 MMC-dən əldə etmiş, avtomobili idarə etmək üçün MMC tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. 13.Məhkəmə qeyd etmişdiir ki, maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. 14.Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Cavabdeh2 MMC tərəfindən avtomobili idarə etmək üçün verilmiş etibarnamə əsasında MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili qüvvədə olan mülki məsuliyyətin icbari sığorta müqaviləsi olmadan idarə edib İddiaçı məxsus “Opel Vectra” minik markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, buna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində iddiaçıya 1080 manat maddi zərər vurulmuşdur. Bununla da, iddiaçının cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. 15.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2257/22 saylı iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilərək, zərərin əvəzi qismində 1080 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-2257/2022 saylı qətnaməsindən şikayət verilərək, qətnamənin qismən ləğv edilməsi, maddi zərərin Cavabdeh2 MMC-dən tutulması hissəsinin rədd olunması və ödənilmiş 15 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, cavabdehin mülkiyyətində olan avtomobil daxili lizinq müqaviləsi əsasında Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmiş, bu barədə Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 etibarnamə də verilmişdir. Buna görə də, Cavabdeh2 MMCyə aid hissədə iddia təmin oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verdi. 24.Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 26.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 27.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 29.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. 30.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. 31.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 33.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 MMC-yə aid iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. 37.Belə ki, kollegiya hesab edir ki, apellyatorun mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil daxili lizinq müqaviləsi əsasında digər Cavabdeh1 sahibliyinə və istifadəsinə verildiyindən, bunu təsdiq edən daxili lizinq müqaviləsi və etibarnamə iş materiallarında mövcud olduğundan, baş vermiş yol-nəqliyyat hadisəsinə görə mülkiyyətçi Cavabdeh2 MMC hər hansı maddi məsuliyyət daşımadığından, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 MMC-yə aid hissədə təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. 38.Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. 39.Həmçinin Cavabdeh2 MMC-yə qarşı iddia təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-2257/2022 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 MMC-yə aid təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 MMC-nin xeyrinə 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar