Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4991/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1045/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4.500 manat borcun, 500 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini, hər hansı mülki və ya vəzifəli şəxsin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1045/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4.500 manat məbləğində borcun, 500 manat məbləğində maddi ziyanın əvəzinin tutulması qət edilmişdir. Həmin qiyabi qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, bu qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə (qiyabi olmayan, əyani qətnamə) qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1045/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi əsassız şəkildə qiyabi qətnamə qəbul edibdir. Borclu həbsdə deyil, azadlıqdadır, borclu xaricdə deyil, Azərbaycandadır. Borclunun məhkəmədən xəbəri var idi. Qətnamə portala xx.xx.2025-ci il tarixdə yüklənib, qətnaməyə xx.xx.2025-ci il tarixdə baxmışdır. Heç bir müddəti ötürməmişdir, apellyasiya şikayətini vaxtında etmişdir. O, məhkəmədə bilməmişdir ki nəyə imza atmışdır, ona deyilməyib imza atdığı sənəd nə sənəddir, mahiyyəti də izah edilməyib, yalnız qiyabi qətnamə qət ediləndən sonra deyilib ki, qiyabi qətnamədir. Bu onun hüquqlarını pozur. Çünki qiyabi qətnamə ilə o, borclu olan şəxsdən pulu ala bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1045/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə apellyasiya şikayətinin məzmununu nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Şikayət Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) riayət edilmədən tərtib edilmiş və sadə qaydada imzalanmışdır. Bu sistemin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməməsi onun qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Şikayətdə birinci instansiya məhkəməsi tərəfindən hansı hüquq normalarının pozulduğu və ya düzgün tədbiq edilmədiyi də göstərilməmiş, şikayətə ümumiyyətlə bu barədə hər hansı məlumat daxil edilməmişdir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin hansı əsasla ləğv edilməli olması aydın deyil. Halbuki, iddiaçı ümumi şəkildə (sadə dildə) olsa da, ən azı qeyd edilən qətnamənin ləğv edilməsi əsasını göstərməli idi. Məhkəmə kollegiyası qiyabi icraatı tənzimləyən normalara istinadən onu da qeyd edir ki, qiyabi qətnamənin ləğvi barədə ərizə vermək hüququna iddiaçı deyil, cavabdeh malikdir. Hazırki işə də məhz iddiaçının yazılı ərizəsinə əsasən qiyabi icraat qaydasında baxılmış və nəticədə qiyabi qətnamə çıxarılmışdır. İddiaçı belə bir qətnamənin ləğv edilməsini və işə yenidən baxılarkən qiyabi hesab edilməyən qətnamə çıxarılmasını tələb etmək hüququna malik deyil. Qeyd edilənlər öz növbəsində onun tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1045/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1045/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4991/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4991/2025
02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver