Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4992/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-746/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK991 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 618 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 12 ay müddətinə 360.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 otaqlı olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə No 02 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 360.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.3-cü bənd). “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli, 2(009)- 342/2017 saylı Səbail rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 345.6190 manat əsas borc, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 345.610 manata Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 179.148,38 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2021-ci il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı təşkilat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərərək ölkənin aqrar sektoruna bütün növ bank xidməti göstərən dayanıqlı, mənfəətli maliyyə kredit institutuna çevrilməsi, aqrar-bizneslə məşğul olan kiçik və orta sahibkarlığın kreditləşdirilməsini həyata keçirməklə regionların iqtisadi inkişafına dəstək verməsi, maliyyə resurslarına çıxışı məhdud olan kiçik şəxsi təsərrüfata malik kənd əhalisinin vəsaitlərinə olan ehtiyacını qarşılanması, öz daxili imkanları hesabına regionlarda kreditə tələbatın minimuma endirilməsi, iqtisadi fəallığın və əhalinin rifahı halının yüksəldilməsinə və son nəticədə ölkədə yoxsulluğun azaldılmasına nail olunmasına köməklik göstərməsi istiqamətində işləri həyata keçirir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli , 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin icrasının təmin etmək məqsədilə İddiaçı QSC müvafiq maliyyə təşkilatları qarşısında borclanmışdır və həmin borclar iddiaçı təşkilat tərəfindən razılaşdırılmış kredit faizi hesablanmaqla qaytarılması öhdəliyi götürmüşdür. Həmin təşkilat tərəfindən yuxarıda sadalanan bütün işlərin icrasını maliyyə vəsaiti ilə həyata keçirilir, lakin zamanında ödənilməyən borclar nəticəsində təşkilat maliyyə çatışmamazlıqları ilə üzləşərək ziyana uğramışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 179.148,38 manat məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 469,15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 179.148,38 manat məbləğində əldən çıxmış fayda və zərərin, həmçinin İddiaçı QSC tərəfindən daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar Daşınar Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzinə ödənilmiş 13387,50 manat və 2409,75 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin ümumilikdə 195.414,78 manat məbləğinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat Mərkəzi Bank uçot faiz dərəcəsi ilə hesablanmış 183.250,10 manat məbləğində əldən çıxmış fayda və 420.499 manat əsas borc üzrə qalıq məbləğinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4% olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin və həmçinin İddiaçı QSC tərəfindən Daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar Daşınar Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzinə ödənilmiş 13.387,50 manat və 2409,75 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin, ödənilmiş 562,87 manat məbləğində dövlət rüsumu, ümumilikdə 273.431,16 manat məbləğinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-746/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq, cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC-nin filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik 17% dərəcəsi olmaqla 12 ay müddətinə 360.000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, "xxxx" ASC qeyd olunan kredit müqaviləsi üzrə yaranmış öhdəliklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh cəmi 420.499,00 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evə ilkin satış qiyməti 1.050.000 manat olmaqla yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra cavabdehlər Cavabdeh və Əfsanə Fərəcullayevanın evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılmaları, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Həmin borc üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" ASC-dən “Aqrarkredit QSC-yə ötürülmüşdür. Qətnamənin icrası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmetinin hərracda satılmasına dair xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hərraclar keçirilmiş, bu barədə Sabunçu rayon icra şöbəsi, "xxxx" ASC, Cavabdeh və Əfsanə Fərəcullayevaya bildirişlər göndərilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, təkrar hərracın baş tutmamasından sonra Cavabdeh ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli 618 nömrəli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin "xxxx" ASC qarşısında ipotekasına xitam verilməsi, həmin evin ipoteka yüklülüyünün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı QSC, "xxxx" MMC və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6820/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin şikayətlər təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC, "xxxx" MMC və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-7382/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6820/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı QSC-nin, "xxxx" MMC-nin və "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh iddiası rədd edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə bildiriş lazımi qaydada tələbkara çatdırılmaması səbəbi ilə İddiaçı QSC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin iddiası təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən borclu Cavabdeh mülkiyyətində olan 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində keçirilmiş hərracların etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan və məhkəmə mübahisələri yekunlaşdıqdan sonra Səbail Rayon Məhkəməsinin 2(009)-342/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin aparılması davam etdirilmişdir. Məhkəmənin 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev 1.050.000 manat ilkin satış qiyməti ilə "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və hərracın keçirilmə vaxtı xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Lakin hərrac baş tutmamışdır. Sonradan həmin ev 15% aşağı, yəni 892.500 manat dəyərlə təkrar hərraca çıxarılmış və hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Lakin bu hərrac da baş tutmamışdır. İpoteka predmeti olan ev hərracda satılmadığından "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə 25% aşağı dəyərlə, yəni 669.375 manata tələbkara təklif edilmiş, tələbkar İddiaçı QSC xx.xx.2022-ci il tarixli 3-6/159 saylı məktubla həmin təklifə razılığını bildirmişdir. Bundan sonra hərrac təşkilatının xx.xx.2022-ci il tarixli 09/04 nömrəli hərracın yekunları barədə protokoluna və həmin tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev 669.375 manata borclunun borcunun əvəzində İddiaçı QSC-yə satılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “...Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bu öhdəliklərin icrasının təminatının əsas üsullarından biri kimi MM-in 280-ci maddəsində nəzərdə tutulmuş girov müqaviləsi çıxış edir. MM-in 295-ci maddəsində göstərilmiş əsaslar olduqda, kreditor tələbini girova yönəldə bilər. Girovun xüsusi növlərindən biri kimi isə mülki qanunvericilik ipotekanı nəzərdə tutur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni — tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.” Müəyyən olunduğu kimi, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra Cavabdeh tərəfindən həmin qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin hərracdan satılması proseduruna başlanılmış, ipoteka predmeti olan daşınmaz əmlak dəfələrlə açıq hərracdan satışa çıxarılsa da təkrar hərracın baş tutmaması və həmin əmlakın tələbkar tərəfindən əldə edilməməsi səbəbindən Cavabdeh qanunvericiliyin müəyyən etdiyi normasının tələbləri baxımından ipotekaya xitam verilməsi barədə tələblə məhkəməyə müraciət etmiş və məqsədi əmlakın ipoteka yüklülükdən azad edildikdən sonra onun sərbəst surətdə satıb borcu ödəmək olmuşdur. Belə olan halda kollegiyanın mövgeyinə görə cavabdehin qanunun ona verdiyi hüquqdan istifadə edərək məhkəməyə müraciət etməsi bank qarşısında olan öhdəliyin vaxtında və qərəzli surətdə icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərininin icra olunmadığı halda borclu heç də hər bir halda Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş maliyyə sanksiyalarına məruz qalmamalıdır, burada təqsir mülki hüquq pozuntusunun zəruri elementidir və Mülki Məcəllənin 448-ci maddəsinin tələbləri kontekstində bu halda borclunun təqsiri müəyyən edilməlidir, təqsir mövcud deyildirsə hətta pul öhdəlikləri icra olunmamışsa belə hər hansı maliyyə sanksiyasından söhbət gedə bilməz. Hazırki vəziyyətdə isə pul öhdəlikləri icra sənədində müəyyən edilmiş qaydada və üsulla tam icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından göründüyü kimi kredit öhdəliklərinin naturada icrası borclunun risk dairəsinə daxil olmayan və kreditorun özünün risk dairəsinə daxil olan öhdəliklərdir (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracın baş tutmamasından sonra 30 gün ərzində predmeti əldə etmək, “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən tələbin yönəldildiyi predmeti əldə etmək). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi icra sənədi üzrə borclunun hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar olmamışdır. Həmin Məcəllənin 448.2-ci və 448.4-cü maddələrinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 458-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Kollegiyanın qənaətinə görə sözügedən icra sənədinin icraatı ilə bağlı həyata keçirilmiş icra tədbirlərindən göründüyü kimi həmin icra sənədinin icrasının ləngiməsi cavabdehin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusu səbəbindən baş verməmişdir. Beləliklə, kollegiya yuxarıda qeyd edilənləri və məhkəmə qərarlarının icrası ilə bağlı kredit öhdəliklərinin icrası zamanı borclunun mülki təqsirini müəyyən edən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat olmaqla Mərkəzi Bank uçot faiz dərəcəsi ilə hesablanmış 183.250,10 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində əsaslı hesab edilə bilməz. Bundan başqa “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. Həmin Qanunun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. İcra haqqında qanunvericiliyin tələbindən göründüyü kimi tələbkar da icra sənədinin icra olunması istiqamətində borclu ilə birlikdə hərəkət etməli, tələbin icrası istiqamətində təşəbbüs göstərməli, tələb olunan prosessual hərəkətləri vaxtında icra etməlidir. Beləliklə qanunvericilik öhdəliklərin icrası ilə bağlı təkcə borclunu deyil, həm də tələbkarı (kreditoru) intizamlandırmışdır. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı Qərarının 11.1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qaydaqanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Belə ki, sözügedən icra sənədinin məzmunundan göründüyü kimi, icra sənədinin icra qaydası və icra üsulu icra sənədini vermiş məhkəmə tərəfindən icra sənədinin məzmununda bilavasitə göstərilmiş, borcludan tutulmalı olan kredit borcunun məhz ipoteka predmetlərinin açıq hərracdan realizəsi qaydasında ödənilməsi üsulu qət edilmişdir. Sözügedən icra sənədi həmin icra sənədində nəzərdə tutulmuş icra üsulu və icra qaydası üzrə borclu tərəfindən tam icra olunmuş, həmin icra sənədi üzrə tələbin icrası ilə bağlı bütün mümkün icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilmiş - icra sənədi üzrə tutmanın yönəldildiyi ipoteka predmetləri açıq hərracdan satışa çıxarılmış, açıq hərraclar keçirilmiş və əmlak tələbkarın özünün ləngitməsi nəticəsində gec də olsa əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Əmlakın istinad olunan hərrac protokolu əsasında bank tərəfindən əldə edilməsi ilə öhdəliyə xitam verilmişdir. Kollegiya, iddia tələbinin 2409 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin cavabdehdən tutulması ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, əmlakın hərracdan əldə edilməsi zamanı müvafiq verginin ödənilməsi borclunun deyil, məhz əmlakı əldə edən və alqı-satqı aparan şəxsin fiskal mülkiyyətidir. Bu zaman bank borclunun deyil, məhz özünün vergi öhdəliyini icra etdiyindən bununla bağlı ipoteka saxlayana qarşı hər hansı reqress tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur. Həmin Məcəllənin 159.7-ci maddəsinə əsasən isə verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Göründüyü kimi vergi qanunvericiliyinin istinad olunan tələbinə əsasən bank ipoteka predmetini gələcəkdə təqdim edəcəyi (satacağı) halda onu əldə edərkən ödədiyi verginin əmlakın dəyərinin tələbi həcmində məbləğindən azad olunur. Hazırki vəziyyətdə isə bank bu vergi güzəştini əldə etməklə yanaşı paralel olaraq ödədiyi vergini ipoteka qoyandan tələb edir ki, bu da əsassız varlanma cəhdidir. Vergi qanunvericiliyinin aşkar tələbindən göründüyü kimi konkret halda vergi öhdəliyi məhz ipoteka saxlayana aiddir. Ona görə də özünün vergi öhdəliyinin icrasının əvəzinin ipoteka qoyandan tutulmasına dair bankın tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, həmçini, iddia tələbinin İddiaçı QSC tərəfindən daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar "xxxx" MMC-yə ödənilmiş 13.387 manat məbləğin tutulması hissəsi üzrə qeyd edir ki, bu tələbin də heç bir qanuni və müqavilə əsası mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Belə ki, ipoteka predmeti olan əmlakın satışı ilə bağlı hərrac xidmətlərinin göstərilməsi ilə bağlı nə Cavabdeh, nə də bankın sözügedən hərrac mərkəzi ilə hər hansı bir tapşııq müqaviləsi və ya qiymət razılaşması olmamış (hətta belə müqavilə olsa idi belə onun iştirakçısı olmayan üçüncü şəxs kimi Cavabdeh üçün hər hansı öhdəlik yarada bilməzdi), hərrac icra qurumunun sifarişi əsasında həyata keçirilmiş, hərrac mərkəzi qarşısında məhz icra qurumunun hərracların keçirilməsi ilə bağlı xidmət haqqlarının ödənilməsi öhdəliyi mövcud olmuşdur. İcra qurumu ilə hərrac mərkəzi arasında ehtimal olunan belə müqavilənin isə nə bank, nə də Cavabdeh iştirakçısı olmadığından hərrac mərkəzi qarşısında hər hansı ödəniş öhdəliyindən söhbət gedə bilməzdi. İpoteka haqqında qanunvericilikdə ipoteka predmetinin əldə olunması ilə əlaqədar hərrac təşkilatına hər hansı xidmət haqqının ödənilməsi və məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Cavabdeh hərrac mərkəzi qarşısında nə qanuni, nə də müqavilə öhdəliyi olmadığından bankın da onun əvəzinə hər hansı öhdəliyi icra etməsindən və reqress tələbdən söhbət gedə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi bankın qeyd olunan tələbi qanuni və müqavilə əsası olmadığından faktiki olaraq əsassız varlanma cəhdidir. Bu səbəbdən də kollegiyanın qənaətinə görə həmin hissədə də tələbi əsaslı deyil. Bundan başqa, kollegiya iddia tələbinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4% olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməsi düzgün olmuşdur. Belə ki, cavabdeh iddiaçının Mərkəzi Bank qarşısında olan öhdəliklərinə cavabdehlik daşıyan şəxs olmadığından, illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin cavabdehdən tutulması hissəsində iddia əsaslı hesab edilə bilməz. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-746/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4992/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4992/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver