Məhkəmə qərarları › İş №2(103)-4993/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4993/2021

08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4993/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(011)-3228/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 22 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli 2(011)-7813/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli 2(011)-7813/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında Bərdə rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş 22 fevral 2011-ci il təvəllüdlü X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması uçün cavabdehdən onun xeyrinə hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə halhazırda qanuni qüvvədədir. Həmin məbləğdə aliment hazırda uşağın tələbatlarının lazımi səviyyədə ödənilməsinə kifayət etmir. X1 bütün qayğı və ehtiyaclarını o çəkir. Buna görə də alimentin miqdarının artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(011)-3228/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmamış və işə onun iştirakı olmadan baxılmışdır. Qətnamə qəbul edilərkən nə onun maddi durumu, nə də ikinci nikahdan doğulan övladı nəzərə alınmamışdır. O, “xxxx” MMC şirkətində ekspeditor vəzifəsində çalışır və aylıq əmək haqqı 350 manatdır. Buna görə də hesab edir ki, məhkəmə qətnaməni maddi və prossesual hüquq normalarını pozmaqla qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(011)-3228/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli 2(011)-7813/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 20 aprel 2010-cu il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 22 fevral 2011-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ildən çox vaxt keçməsini, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını nəzərə alaraq, 103 manat miqdarında aliment hazırda uşağın maddi təminatı üçün yetərli deyil. Cavabdehin ikinci dəfə ailə qurması, həmin nikahdan bir övladının olması və əmək haqqının az olması halları onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahından doğulmuş uşağının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla, 22 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişlərindən və poçt reyestrlərindən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı halda iddianın qiyməti (170-103)x12=804 manat olmaqla iki min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(011)-3228/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar