Məhkəmə qərarları › İş №2(103)-4995/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4995/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4995/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-967/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2022-ci il tarixli, MN0156719-2022 saylı “Çərçivə Kredit və Girov Müqaviləsi”ndən görünür ki, Cavabdeh1 QSC (borc verən) 60 ay müddətində (xx.xx.2027ci il tarixədək) 5057 manat məbləğində bərpa olunan krediti İddiaçı (borc alana) verməyi, borc alan isə təqdim edilmiş krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, borc verənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.3-cü bəndinə görə, borc alanın bu müqavilə üzrə borc verən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində spesifikasiyası bu müqavilənin 2 nömrəli əlavəsində (bu müqavilə üzrə girov biletində) göstərilən qızıl-zinət (girov premeti) əşyaları çıxış edir. Müqavilənin 8.1-ci bəndinə əsasən, girov predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 4598 manat məbləğində müəyyən olunur.

3. İddiaçı imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, kredit ödənişinin ilk ayında 15 gündən çox aylıq ödənişini gecikdirdiyi halda, kreditin təminat olaraq qoyduğu qızıl-zinət əşyalarının ona xəbərdarlıq edilmədən satışa çıxarılmasına, satışdan əldə edilən vəsaitin kredit borcuna yönəldilməsinə heç bir etirazı olmadığını bildirmişdir.

4. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcalan İddiaçı kredit borcunun olması, ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə girov əşyalarının satılması ilə borcun bağlanmasının təmin ediləcəyi bildirilmişdir.

5. İddiaçı Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, girov əşyalarının alqı-satqısının ləğv edilməsi tələbini irəli sürmüş, iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-nin Mingəçevir filialı tərəfindən qanunsuz satılmış boyunbağı 42.10 qr, 585A; boyunbağı 11.40 qr, 585A; brilliant dəst 14.00 qr. 585A; dəst 6.40 qr. 585A; qolbaq 1.20 qr. 585A; tana (sırğa) 1.90 qr. 585A; tana (sırğa) 1.60 qr. 585A girov əşyalarının alqısatqısının ləğv edilməsi və tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 QSC-nin Mingəçevir filialı ilə xx.xx.2022-ci il tarixdə MNO156719-2022 saylı çərçivə kredit və girov müqaviləsi imzalanmışdır. Müqavilənin tələblərinə uyğun olaraq ona 60 ay müddətinə illik 45% dərəcəsi ilə 5 057.00 manat məbləğində kredit verilmişdir. Kreditin təminat üsulu kimi adları aşağıda qeyd edilən əmlakları girov götürmüşlər: Boyunbağı 42.10 qr, 585A; Boyunbağı 11.40 qr, 585A; Brilliant dəst 14.00 qr. 585A; Dəst 6.40 qr. 585A; Qolbağı 1.20 qr. 585A; Tana (sırğa) 1.90 qr. 585A: Tana (sırğa) 1.60 qr. 585A; Girovların cəmi dəyəri, 4598 manat. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq tərəfindən xx.xx.2022-ci il tarixdə 262 manat, xx.xx.2022-ci il tarixdə 200.00 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 140.00 manat və xx.xx.2022-ci il tarixdə 130 manat məbləğində ödəniş edilmişdir, cəmi olaraq tərəfindən 832 manat məbləğində ödəniş edilmişdir. 2022-ci ilin dekabr ayından etibarən səhhətində yaranmış problemlərlə əlaqədar kredit öhdəliyini bir müddət icra edə bilməmişdir. Belə ki, 2022-ci ilin dekabr aylarında səhhəti pisləşməyə başlamış və o səhhətində kəskin ağrılar baş verdiyi zaman Mingəçevir şəhər mərkəzi xəstəxanasına müraciət edərək müxtəlif müayinələrdən keçib. Müayinələr keçirildikdən sonra bilinib ki, onda xərçəng xəstəliyi yoxdur. Lakin ağrılar olduğu üçün təkrar müayinələr keçirilmiş və 24 aprel 2023-cü ildə cərrahiyə əməliyyatı keçirmişdir. 28 aprel 2023-cü il tarixdə evə buraxılmışdır. Xəstəliyi barədə Cavabdeh1 QSC-nin Mingəçevir filialının rəhbərliyinə və işçi heyətinə şifahi məlumat vermişdir və obyektiv səbəblərdən kredit öhdəliyini bir müddət gecikdirəcəyini bildirmişdir. 16 may 2023-cü il tarixdə yoldaşı Qoşqar Yahyayev kredit öhdəliyini icra etmək və girov əşyalarının geri alınması üçün Cavabdeh1 QSC-nin Mingəçevir filialına müraciət etmişdir. Filialda bildirmişdilər ki, girov əşyaları satılmışdır. xx.xx.2022-ci il tarixli Çərçivə kredit və girov müqaviləsinin 9-cu bəndinin tələblərinə uyğun olaraq Girov predmetinə tutma yönəldilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 296.1-ci maddəsinin tələblərinə əsasən “Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə uyğun olaraq “Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir”. Mülki Məcəllənin 295, 296 və 297-ci maddələrinin, eləcə də “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun imperativ tələbləri olmasına baxmayaraq, Cavabdeh1 QSC-nin Mingəçevir filialının rəhbərliyi onun əmlakı üzərində, özbaşına və əsassız varlanmaq məqsədi ilə sərəncam vermiş və ona məxsus qızıl-zinət əşyalarını məhkəmə qərarı olmadan qanunsuz satmışdır.

8. Birinci istansiya Məhkəməsinin 2(005)-967/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, müqavilənin ləğvi barədə iddia qaldırmaq hüququ yalnız müqavilənin tərəflərinə məxsusdur, müqavilənin tərəfi olmayan şəxsin onun ləğvi barədə iddia irəli sürməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hətta iddiaçının əsl niyyətinin müqavilənin etibarsız hesab edilməsi olduğu qəbul edilsə belə iddianın təmin edilməsi mümkün deyildir. Belə ki, mübahisələndirilən qızıl-zinət əşyalarını alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 onu vicdanlı əldə edən hesab edilir. Odur ki, iddia rədd edilməlidir. 10.İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hakim qətnamə çıxararkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 296 və 297-ci maddələrinin eləcədə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu imperativ tələbləri olmasına baxmayaraq, Cavabdeh1 QSC-nin Mingəçevir filialının rəhbərliyinin onun əmlakı üzərində, özbaşına və əsassız varlanmaq məqsədi ilə, sərəncam verməsini və ona məxsus qızıl zinət əşyalarını məhkəmə qərarı olmadan qanunsuz satmasını nəzərə almamışdır. Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəfindən sübut olaraq təqdim olunan Cavabdeh1 QSC-nin Mingəçevir filialı ilə bağlanmış müqavilə sənədlərinə məhkəmə düzgün qiymət verməmişdir. Onun xəstəliyi gözlənilməz və qarşısıalınmaz olmuşdur. Bu hal isə onun cavabdeh olduğu səbəblər kimi qiymətləndirilməməlidir. Hakim qətnamə çıxararkən onun xəstəliyinin ağırlaşmasını və bu səbəbdən uzun müddətli müalicələr almasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 13.Cavabdehlər isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

15. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

16. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur

18. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 17-ci maddəsinə görə yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir (17.1). Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.(17.3-17.6)

25. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, MN0156719- 2022 saylı “Çərçivə Kredit və Girov Müqaviləsi”ndən görünür ki, Cavabdeh1 QSC (borc verən) 60 ay müddətində (xx.xx.2027- ci il tarixədək) 5057 manat məbləğində bərpa olunan krediti İddiaçı (borc alana) verməyi, borc alan isə təqdim edilmiş krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, borc verənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür.

30. Həmin müqavilənin 2.3-cü bəndinə görə, borc alanın bu müqavilə üzrə borc verən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində spesifikasiyası bu müqavilənin 2 nömrəli əlavəsində (bu müqavilə üzrə girov biletində) göstərilən qızıl-zinət (girov premeti) əşyaları çıxış edir. Tərəflərin qarşılıqlı razılığına əsasən girov predmetinin dəyəri ilə 4598 manat məbləğində müəyyən olunmuşdur.

31. Göründüyü kimi, İddiaçı “Çərçivə Kredit və Girov Müqaviləsi” qarşısında müqavilə əsasında öhdəliklərinin yaranması işin mübahisəsiz halıdır.

32. Cavabdeh tərəf isə müqavilə üzrə öhdəliklərinin təminatı kimi nəzərdə tutulan girov predmetlərinin satışını tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirmiş və sözügedən dəyərli əşyalar Cavabdeh2 satılmışdır. 33.İddiaçı isə sözügedən müqavilə üzrə tərəf olmadığı halda alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürmüşdür. 34.Birinci istansiya məhkəməsi isə müqavilənin ləğvi barədə iddia qaldırmaq hüququnun yalnız müqavilənin tərəflərinə məxsusluğunu, müqavilənin tərəfi olmayan şəxsin onun ləğvi barədə iddia irəli sürməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta iddiaçının əsl niyyətinin müqavilənin etibarsız hesab edilməsi olduğu qəbul edilsə belə iddianın təmin edilməsi mümkün deyildir. Belə ki, mübahisələndirilən qızıl-zinət əşyalarını alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 onu vicdanlı əldə edən hesab edilir. Odur ki, iddianın rədd edilməsi qərara alınmışdır.

35. İddiaçı apellyasiya şikayətində Cavabdeh1 QSC-nin Mingəçevir filialının rəhbərliyinin onun əmlakı üzərində, özbaşına və əsassız varlanmaq məqsədi ilə, sərəncam verməsinin və ona məxsus qızıl zinət əşyalarının məhkəmə qərarı olmadan qanunsuz satılmasının nəzərə alınmadığını qeyd etmişdir. 36.İş materiallarında olan İddiaçı imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, kredit ödənişinin ilk ayında 15 gündən çox aylıq ödənişini gecikdirdiyi halda, kreditin təminat olaraq qoyduğu qızıl-zinət əşyalarının ona xəbərdarlıq edilmədən satışa çıxarılmasına, satışdan əldə edilən vəsaitin kredit borcuna yönəldilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bu hal bir daha sübut edir ki, iddiaçı ödənişlərin gecikdiriləcəyi halda girov predmeti olan dəyərli zinət əşyalarının onun razılığı olmadan satıla biləcəyi barədə məlumatlı olmuşdur. Apellyatorun bu dəlili isə alqı-satqı müqaviləsinin əsassız yerə etibarsız hesab edilməsi məqsədini güdür və sadəcə formal mülahizədən ibarətdir.

37. İddiaçının digər bir dəlili isə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 17.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı olmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcalan İddiaçı kredit borcunun olması, ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə girov əşyalarının satılması ilə borcun bağlanmasının təmin ediləcəyi bildirilmişdir. Göründüyü kimi apellyatorun bu tələbi də formal mülahizədən ibarətdir. 38.Apellyasiya şikayətində qeyd edilən dəlillərdən biri isə iddiaçı tərəfindən sübut olaraq məhkəməyə təqdim olunan Cavabdeh1 QSC-nin Mingəçevir filialı ilə bağlanmış müqavilə sənədlərinə məhkəmənin düzgün qiymət verməməyi ilə bağlı olmuşdur. Lakin, kollegiya qeyd edir ki, birinci istansiya məhkəməsi təqdim olunmuş müqaviləni sübut olaraq qəbul etmiş və düzgün araşdırma etmişdir. Cavabdeh tərəf girov predmeti olaraq qəbul edilmiş zinət əşyalarının satışını sözügedən müqavilənin tələblərinə uyğun olaraq həyata keçirmişdir. 39.Həmçinin iddiaçı xəstəlik səbəbilə ödənişləri həyata keçirə bilmədiyini məhkəmənin isə bunu nəzərə almadığını bildirmişdir. Kollegiya qeyd edir ki, bu hallar fors major hal kimi müqavilədə nəzərdə tutulmamış, belə olan halda hər hansı güzəştin edilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının bu dəlili də əsassızdır. 40.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

41. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur. 42.Odur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 44.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-967/2024 saylı 02 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar