Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4997/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(003)-951/2022 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə əsas borc üzrə 5991.79 manat, faiz borcu üzrə 1929.21 manat, cəmi 7921 manat və dövlət rüsumu kimi ödənilmiş 99.21 manat pul vəsaitinin cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1126 saylı, 15 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 faiz tətbiq edilməklə, 6 ay müddətinə 1000 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014-MİN57 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 faiz tətbiq edilməklə, 24 ay müddətinə 7500 manat məbləğində pul vəsaiti verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə, 1-xx.xx.2014-MİN57 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə əsas borc üzrə 5991.79 manat, faiz borcu üzrə 1929.21 manat, cəmi 7921 manat və dövlət rüsumu kimi ödənilmiş 99.21 manat pul vəsaitinin cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(003)-951/2022 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-951/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, məhkəmə əsaslı araşdırma aparmamışdır. İddiaçı QSC Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “əsas və faiz borcunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən xx.xx.2015-ci il tarixdə, № 1xx.xx.2015-MİN57 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixdə № 1-xx.xx.2014- MİN57 saylı kredit müqaviləsi, ümumilikdə hər 2 müqavilələr üzrə əsas borc üzrə 5991.79 (beş min doqquz yüz doxsan bir manat, 79 qəpik) manat, faiz borcu üzrə 1929.21 (bir min doqquz yüz iyirmi doqquz manat, 21 qəpik) manat olmaqla, cəmi 7921 (yeddi min doqquz yüz iyirmi bir) manat məbləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Hesab edir ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq iddia üzrə məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Məhkəmə kollgiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində formal mülahizələrə əsaslanmışdır. İddiaçı apellyasiya şikayətində İddiaçı QSC Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “əsas və faiz borcunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən xx.xx.2015-ci il tarixdə, № 1xx.xx.2015-MİN57 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixdə № 1-xx.xx.2014- MİN57 saylı kredit müqaviləsi, ümumilikdə hər 2 müqavilələr üzrə əsas borc üzrə 5991.79 (beş min doqquz yüz doxsan bir manat, 79 qəpik) manat, faiz borcu üzrə 1929.21 (bir min doqquz yüz iyirmi doqquz manat, 21 qəpik) manat olmaqla, cəmi 7921 (yeddi min doqquz yüz iyirmi bir) manat məbləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin göstərilən dəlili iddia müddətinin keçməsinin üzrlü hesab olunmasına əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmçinin, məhkəmə Kollegiyası iddianın əsassız olması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə illik 22 faiz tətbiq edilməklə, 6 ay müddətinə 1000 manat, xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014- MİN57 saylı Kredit Müqaviləsinə əsasən illik 22 faiz tətbiq edilməklə, 24 ay müddətinə 7500 manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarından görünür ki, “X2” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015- ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “X5 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borcludan “müqavilə əsasında İddiaçı QSC-yə keçmiş tələb hüququ üzrə borcun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə, borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 sonuncu dəfə 2015-ci il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarında olan 1-xx.xx.2014-MİN57 saylı 14 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla belə, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bundan əlavə, həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin birinci instansiya məhkəməsinin iclasında araşdırılan hallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2015-ci ildə bitmiş, cavabdeh tərəfindən sonuncu dəfə 2015-ci il tarixdə ödəniş edilmiş, həmin tarixdən müqavilə üzrə öhdəliklər pozulmuşdur.Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin hallarına əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrası 2015-ci il tarixdən pozulduğundan, məhkəmə kollegiyası qeyd edilən maddənin tələbinə əsasən, borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə cəmi borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yalnız xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbi rədd edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(003)-951/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4997/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4997/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver