Məhkəmə qərarları › İş №2(103)-4997/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4997/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4997/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iş üzrə Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi hesabına kredit borcunun ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “tutmanın ipoteka predmetinə yönəldilməsi hesabına kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-239/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC (bundan sonra – üçüncü şəxs) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən üçüncü şəxsə 6 ay müddətinə illik 10 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 170.000 manat məbləğində kredit verilmişdir. Üçüncü şəxs həmin müqavilədə göstərilmiş kredit məbləğini qəbul etmiş və kredit üzrə əsas borcu ödəməyi, habelə hesablanmış faiz borcunu və ödənişlər gecikdirildiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə 170.000 manat əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, xx.xx.2023-cü il tarixə 4.249,99 manat faiz, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək illik 12 faiz dərəcəsi ilə hesablanmış 22.326,67 manat faiz, habelə 27.908,33 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7515 saylı ekspert rəyinə əsasən qeyd edilən kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2023-cü il tarixə 170.000 manat əsas, 4.250,76 manat faiz, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək, yəni xx.xx.2023-cü il tarixədək 7.083,33 manat cərimə borcu yaranmışdır.

2. Eyni zamanda, iddiaçı ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 48 saylı evin, 5 saylı mənzilini həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflərin razılığına əsasən sonrakı ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 430.000 manat, bazar dəyəri isə 450.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə və üçüncü şəxsə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişə əsasən qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilmədiyi, nəticədə borcun yarandığı onların nəzərinə çatdırılmış və borc məbləği barədə məlumat verilməklə, borcun ödənilməsi tələb edilmiş, əks halda, borcun tutulması üçün aidiyyəti tədbirlərin görüləcəyi onların nəzərinə çatdırılmışdır. Bundan sonra iddiaçı “İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə” xx.xx.2023-cü il tarixli ərizəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə təqdim edərək, həmin bildirişin qeydiyatının həyata keçirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 15 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7515 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin ümumi dəyəri təqribən 639.000 manat, azalma əmsalı tədbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 543.000 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" ASC ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, DKM/026N16S01664322-SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 5 saylı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan "BK SUPPLY” MMC-nin xx.xx.2022-ci il tarixli, DKM/026N16S01664322 nömrəli Kredit müqaviləsi üzrə bank qarşısındakı 170.000 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 4.249,99 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 7.083,33 manat məbləğində penya, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 4.722,23 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 186.055,55 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmelinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərcin, iddia ərizəsinin verilməsinə görə 476,06 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC. "xxxx" MMC) birinin rəyi əsasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, bank tərəfindən cavabdehə ipoteka predmetinin satılması və tələblərin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixinə borcalan "xxxx" MMC-nin Kreditor qarşısında ümumi borcu 174.249,99 manat təşkil edir ki, bunun da 170.000 manatı vaxtı keçmiş əsas borcdan 4.249,99 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borclu "xxxx" MMC kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2023-cii il tarixinə bu məbləğ 7.083,33 manat təşkil edir. Hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən kreditləşmə müddətinin bitməsi larixindən (xx.xx.2023-cü il) etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2023-cü il) qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər (ASC ‘‘Xalq" Bankında verilən biznes krediti bank məhsulunun Pasportu) barədə statistik məlumatları əks etdirən arayışa əsasən bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 12 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək, yəni xx.xx.2023-cü il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 4.722.23 manat təşkil edir.

5. Bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin 1-ci və 2-ci bəndlər üzrə dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, DKM/026N16S01664322-SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən, 198 kv.m. ümumi sahədən ibarət, 4 otaqlı, 5 saylı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, DKM/026N16S01664322 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 170.000 manat məbləğində əsas borcun, xx.xx.2023-cü il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 4.249,99 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 27.908,33 manat məbləğində penyanın, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 22.326,67 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 224.484,99 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərcin və iddia ərizəsinin verilməsinə görə 514,48 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması bardədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 239/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 5 saylı mənzilin ilkin satış qiymətinin 543.000 manat (likvid) olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM026N16S01664322 saylı kredit müqaviləsi üzrə əsas borca görə 170.000 manat, faiz borcuna görə 4.249,99 manat, penya üçün 24.719,67 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumunun və 30 manat xidmət haqqının, cəmi 199.014,66 manatın və iddianın qaldırılması üçün ödənilmiş 489,02 manat dövlət rüsumun ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X9).

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Ekspert rəyi sübut kimi qəbul edilməlidir. Lakin faiz borcu bank tərəfindən təqdim edilən arayışda ekspert rəyindən az olduğundan faiz borcu iddiada tələb olunan 4.249,99 manat kimi qəbul edilməlidir.

8. Məhkəmə penya məbləğini müəyyən edərkən qeyd etmişdir ki, iddiaçı sonradan iddia tələbinin həcmini artırarkən penyanın xx.xx.2024-cü il tarixinə kimi – 24.720,83 manat hesablanmasını tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyində penyanın məbləği xx.xx.2023-cü il tarixinədək hesablanmaqla 7.083,33 manat olması müəyyən edildiyindən, lakin, iddiaçı tələbin həcmini artırmaqla penyanın xx.xx.2024-cü il tarixinədək hesbalanmasını tələb etdiyindən, penyanın məbləği ekspert rəyində aparılan üsul ilə hesablanaraq 11 ay 19 gün (349 gün) üçün 24.719,67 (349*70.83=24 719.67) manat kimi müəyyən edilməlidir.

9. Məhkəmə əldən çıxmış faydaya münasibət bildirirərək qeyd etmişdir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə, həmin hissədə iddia tələbini əsassız hesab etmişdir.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməlidir.

11. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 317-ci, 319-cu, 385-ci, 442-ci, 448-ci, 449-cu, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü, 34-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 119-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 257,24 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009- cu il 9 iyul tarixli Qərarına istinad edilərək onunla əsaslandırılmışdır ki, bank kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə (məhkəməyə iddia tələbi ilə müraciət edilən zaman təqdim edilmiş borc haqqında arayışda qeyd olunmuş tarixədək) qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə bank tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış məhkəməyə təqdim edilmişdir və iddia ərizəsində də qeyd edilmişdir ki, “Təqdim edilmiş bu arayışdan göründüyü kimi, bank (iddiaçı) tərəfindən daşınmaz əmlakın girovu ilə biznes məqsədləri üçün verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 12 % təşkil edir. Qeyd olunana əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi (iddia tələbinə dəyişiklik edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə nəzərə alınmaqla) faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini rəhbər tutmaqla bağlı bankın mövqeyi əsaslıdır. Beləliklə, məhkəmə əldən çıxmış fayda hissəsində iddia tələbini təmin etməməklə Konstitusiya Məhkəməsinin məhkəmələr üçün məcburi sayılan hüquqi mövqelərinin tələblərini pozmuşdur. Məhkəmə qətnamədə ekspert rəyi ilə razılaşaraq xx.xx.2023-cü il tarixinə penyanın 7.083,33 manat məbləğində olmasını qəbul etmişdir. Bu da faktdır ki, həmin məbləğ bankın xx.xx.2023-cü il tarixli iddia ərizəsində eyni tarix üçün tələb etdiyi məbləğlə eynilik təşkil edir. Buna baxmayaraq isə məhkəmə bankın sonuncu, yəni xx.xx.2024-cü il tarixli iddia tələbinə dəyişiklik edilməsinə dair ərizədə tələb etdiyi penya məbləğinə deyil, xx.xx.2024-cü il tarixli ərizədə tələb etdiyi penya məbləğinə münasibət bildirmək qərarına gəlmiş və həmin tarixə (xx.xx.2024-cü il) olan penyanın ekspert rəyində göstərilmiş üsul ilə hesablanmasını həyata keçirmişdir. Əslində isə məhkəmə rəydə göstərilmiş üsul ilə hesablama aparmış olsa idi, bankın xx.xx.2024-cüil tarixli və xx.xx.2024-cü il tarixli iddia tələblərinə dəyişiklik barədə ərizələrində qeyd olunan penya məbləğinə dair nəticəni hasil etməli idi. Məhkəmə sonuncu, yəni xx.xx.2024-cü il tarixli iddia tələbinə dəyişiklik edilməsinə dair ərizədə tələb olunan penyaya yox, bundan öncə tələb olunan penyaya dair münasibət bildirmiş, bu isə öz növbəsində penya məbləğinin qətnamədə 3 188.66 manat az göstərilməsi ilə nəticələnmişdir. Odur ki, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir.

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın faiz və penya hissəsinin azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kreditin verilməsində məqsəd borcun (başqa şəxsə) verilməsidir. Tərəflər arasında olan şifahi razılaşmaya və Müqavilənin 1.2-ci bəndinin tələblərinə əsasən pul götürüldükdən sonra “Anar” FOOD” MMC-yə verilmişdir. Ona görə də məhkəmə baxışı zamanı vəsatət verilərək "xxxx" MMCnin üçüncü şəxs qismində prosesə cəlb edilməsi xahiş edilsə də vəsatət təmin edilməmiş və qətnamədə vəsatətə münasibət bildirilməmişdir. Qeyd edilməlidir ki, ipoteka müqaviləsi müstəqil surətdə bağlana bilməz. İpoteka müqaviləsi öhdəliyin təminatı kimi çıxış edir və öhdəlik icra edilmədiyi təqdirdə tələb ipoteka predmetinə yönəldilə bilər. İşin bu halı ilə bağlı məhkəməyə yazılı vəsatət verilərək əsil olmayan tərəfin əsil tərəflə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmiş, qətnamədə işin qeyd edilən halına münasibət bildirilməmişdir. İddia ərizəsindən də göründüyü kimi, ilkin tələb kredit müqaviləsi üzrə əsas borcun, faizlərin və peniyanın ödənilməsi ilə bağlıdır. Kredit müqaviləsi üzrə pulun ödənilməsi ilə bağlı o, hər hansı bir məsuliyyət daşımır. Kradit müqaviləsi üzrə müqavilənin tərəfləri məsuliyyət daşıyır. Ümumiyyətlə, ipoteka qoyan iddianın kreditin ödənilməsi hissəsi ilə bağlı necə cavabdeh ola bilər? Bundan başqa faiz və penya tənasübsüz surətdə yüksəkdir. İpoteka ilə yüklü edilmiş əmlakın qiyməti real vəziyyətinə uyğun deyil. Ona görə də yenidən ekspertiza keçirilməlidir. Beləliklə, məhkəmə tərəflər arasında mövcud olan münasibətləri nəzərə almadan, maddi hüquq normalarına düzgün istinad etməmiş, istinad etdiyi normaları düzgün təfsir etməmişdir. Ona görə də qətnamə qismən ləğv edilməlidir. İş materiallarından görünür ki, əsil olmayan tərəfi əsl tərəflə əvəz edilməsi barədə vəsatət təmin edilməmişdir. Bununla da Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbləri pozulmuşdur. İddianın kreditin ödənilməsi ilə bağlı olan hissəsi cavabdeh ola bilməyən şəxsə qarşı yönəldilmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC də qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın faiz və penya hissəsinin azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC ilə ASC “Xalq“ Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun, faizlərin ödənilməsində birbaşa "BK SUPPLY” MMC məsuliyyət daşıdığı üçün iş üzrə cavabdeh qismində prosesə cəlb edilməli idi. Lakin "BK SUPPLY” MMC prosesə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehlə üçüncü şəxsin statusu fərqlidir. Mülki Prosessual Məcəllədə cavabdehin hüquqları daha genişdir. (MPMnin 50-ci maddəsi). Ona görə də "BK SUPPLY” MMC-nin üçüncü şəxs qismində prosesə cəlb edilməsi hüquqlarını məhdudlaşdırmışdır. Qətnamədə kredit müqaviləsi üzrə borcun məbləği, penya ekspert rəyində göstərilən məbləğdə müəyyən edilmişdir. Ekspert rəyində penya həddindən artıq dərəcədə şişirdilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etmişdir.

22. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətini qəbul etmyərək, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyanin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və ya qətnaməni dəyişdirə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırda iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də təmin edilməsini, cavabdeh və üçüncü şəxs isə qətnamənin qismən ləğv edilərək, tutulan faiz və penya borcunun məbləği hissəsində azaldılmasını tələb etdiyindən qətnamə apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq məhz həmin mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən faiz formasında zərərin (əldən çıxış faydanın) tutulması ilə bağlı hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə səhv qənaətə gəlmişdir. Həmçinin, penya məbləğini tənasübsüz çox hesablamışdır. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “faiz formasında zərərin (əldən çıxmış faydanın) tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı və həmin hissədə iddia qismən təmin edilməlidir. Eyni zamanda, qətnamə tutulan penyanın məbləği hissəsində dəyişdirilərək, penya məbləği azaldılmalıdır. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı “Xalq” Bank” ASC ilə üçüncü şəxs "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən üçüncü şəxsə illik 10 faiz dərəcəsi ilə faiz hesablamaq və 6 ay müddətinə qaytarmaq şərti ilə 170.000 manat məbləğində kredit verilmişdir. Üçüncü şəxs həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış penya məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilə üzrə yaranmış öhdəliklərin təminatı olaraq cavabdehə məxsus daşınmaz əmlak iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir.

32. Lakin üçüncü şəxs üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla da müqavilənin şərtləri üçüncü şəxs (borclu) tərəfindən pozulmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində üçüncü şəxsin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu səbəbdən üçüncü şəxs onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

33. İddiaçı da həmin kredit müqaviləsi üzrə üçüncü şəxsin 170.000 manat məbləğində əsas, xx.xx.2023-cü il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 4 249.99 manat məbləğində faiz, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 27.908,33 manat məbləğində penya, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 22.326,67 manat məbləğində faiz formasında zərər (əldən çıxmış fayda), cəmi 224.484,99 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin, həmin kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə tutma yönəldilməklə, onun açıq hərracdan satışından əldə edilmiş vəsait hesabına ödənilməsini tələb edir.

34. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin faiz formasında zərərin (əldən çıxmış faydanın) tutulmaması ilə bağlı mövqeyi ilə, cavabdeh və üçüncü şəxs isə tutulan faiz və penya borcunun məbləği ilə razılaşmır. Bununla belə, kredit müqaviləsi üzrə əsas borcun məbləği, habelə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələblər hazırki apellyasiya baxışında mübahisə predmetini təşkil etmir.

35. Məhkəmə kollegiyası cavabdehdən tutulan faiz borcunun məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4.249.99 manat məbləğində faiz borcunun yarandığını müəyyən etmişdir. Belə ki, iddiaçı həmin müqavilə üzrə qeyd edilən tarixə cavabdehin 4.249,99 manat məbləğində faiz borcunun yarandığını iddia etdiyi bir halda, ekspert rəyində bu tarixdə daha yüksək, yəni 4.250,76 manat məbləğində faiz borcunun yarandığı göstərilmişdir. Bununla belə, həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə 4.249,99 manat məbləğində faiz borcundan daha az məbləğdə faiz borcunun yarandığını təsdiq edən hər hansı sübut mövcud deyil və iddia tələbi əsas götürülməlidir. Bu səbəbdən cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri faiz borcu məbləğinin daha az olması ilə bağlı hissədə əsassızdır, həmin hissədə qətnamənin dəyişdirilməsinə və faiz borcunun azaldılmasına hər hansı əsas yoxdur.

36. Məhkəmə kollegiyası penya məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında olan razılaşmaya əsasən üçüncü şəxs ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə penya ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımı qaydada icra edilməməsi nəticəsində xx.xx.2024-cü il tarixədək əsas bor məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 27.908,33 manat məbləğində penya borcunun yarandığını iddia etmiş və əsas, habelə faiz borcu ilə yanaşı bu məbləğin də ipoteka predmetlərinin dəyərindən tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi də penyanın məbləğini ekspert rəyində aparılan üsul ilə 11 ay 19 gün (349 gün) üçün hesablayaraq 24.719,67 müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası üçüncü şəxs tərəfindən götürülən kreditin məbləğini, aparılmış ödənişlərin və yaranmış əsas borcun məbləğini nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə tutulan məbləğ tənasübsüz yüksəkdir. Bu səbəbdən, məhkəmə kollegiyası həmin hissədə apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edir və penya məbləğinin 5.000 manat məbləğində (həddində) müəyyənləşdirilməsinin əsaslı və ağlabatan olması qənaətinə gəlir.

38. Məhkəmə kollegiyası iddia tələbinin faiz formasında zərərin (əldən çıxmış faydanın) tutulması hissəsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, qeyd edir ki, üçüncü şəxs kredit borcunun ödənilməsi öhdəliyinin icrasını gecikdirmiş və bu borcun ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə ödənilməsi tələbi ilə məhkəməy müraciət etmək məcburiyyətində qalmışdır. Bu da onu deməyə əsas verir ki, üçüncü şəxs tərəfindən iddiaçıya xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (iddiaçının sonuncu dəqiqləşdirmə barədə ərizəsində məhz bu tarixdən hesablamaqla tələb irəli sürülür) müddət ərzində faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur.

39. Məhkəmə kollegiyası da iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, kredit borcunun ödənilməsinin gecikdirildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 1 il 1 ay 4 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır.

40. Məhkəmə kollegiyası əsas borc məbləğinin 170.000 manat, illik faiz dərəcəsinin 5 faiz, ümumi müdətin isə 1 il 1 ay 4 gün olmasını nəzərə alıb, qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (170.000 x 5 / 100 = 8.500 – 1 il, 8.500 / 12 ay = 708,33 – 1 ay, 708 / 30 = 23.60 – 1 gün /// 8.500 + 708,33 + (23.60 x 4 gün = 94.40) = 9.302,73 manat məbləğində pul vəsaiti tutulmalıdır.

41. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında yaranmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində əmlakın çıxış etməsi (ipoteka predmetinin mövcudluğu) bu məbləğin ödənilməsi öhdəliyini aradan qaldırmış olmur. İddiaçı hüquqi nəticə etibarı ilə tutmanın ipoteka predmetinə yönəldilməsini və bunun nəticəsi olaraq əmlakın açıq hərracdan satışından əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb edir. Hər bir halda, aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürmüş öhdəliyə əsasən üçüncü şəxs iddiaçıya yaranmış kredit borcunu ödəməlidir. Hazırki icraat çərçivəsində də onun iddiaçı tərəfindən cavabdeh deyil, üçüncü şəxs qismində müəyyən edilməsi kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən tutulmasını istisna etmir. Üçüncü şəxs olan borclu kredit müqaviləsi üzrə ondan tələb edilən əsas borcun məbləğini mübahisələndirmir. Yalnız faiz və penya borcunun məbləğini mübahisələndirmişdir. Bununla bağlı da iş üzrə məhkəmə muhasibat ekspertizası təyin edilmiş və faiz, habelə cərimə borcunun məhkəmə eksperti tərəfindən də hesablanması təmin edilmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti üzrə bu dəlillərinə apellyasiya instansiyasındakı icraatda da hüquqi qiymət verilmişdir. Bununla belə, mövcud vəziyyətdə onun cavabdeh qismində müəyyən edilməməsi nəticəsində hər hansı hüququnun pozulduğu müəyyən edilmir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “faiz formasında zərərin (əldən çıxmış faydanın) tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı və həmin hissədə iddia qismən təmin edilməlidir. Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə iddiaçının xeyrinə tutulan penyanın məbləği hissəsində dəyişdirilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri qismən təmin edildiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-239/2024 nömrəli qətnamə qismən, yəni – “faiz formasında zərərin (əldən çıxmış faydanın) tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia qismən təmin edilsin. Satışdan əldə edilmiş vəsait hesabına "xxxx" MMC ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM026N16S01664322 saylı kredit müqaviləsi üzrə 170.000 əsas borca xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 9.302,73 (doqquz min üç yüz iki manat, yetmiş üç qəpik) manat faiz borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-239/2024 nömrəli qətnaməsi iddiaçının xeyrinə tutulan penyanın məbləği hissəsində dəyişdirilsin. Satışdan əldə edilmiş vəsait hesabına "xxxx" MMC ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM026N16S01664322 saylı kredit müqaviləsi üzrə penya olaraq 5.000 (beş min) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar