Məhkəmə qərarları › İş №2(103)-4999/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4999/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4999/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İdiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-237/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 827nkBKX/16 saylı kredit müqaviləsi üzrə cavabdehdən 6039,30 manat məbləğində əsas borc, 585,33 manat məbləğində faiz barcu, 219,44 manat cərimə borcu, ümumilikdə isə 6844,07 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsümunun “xxxxxxx” KB ASC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixində kredit verilməsi haqqında 827nkBKX/16 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərti ilə 72 ay müddətinə 8035 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2019-cu il tarixinə 6039,30 manat məbləğində əsas borc, 585,33 manat məbləğində faiz barcu, 219,44 manat cərimə borcu, ümumilikdə isə 6844,07 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-237/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin qismən edilərək, Cavabdeh 6039,30 manat əsas, 580,11 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 6649,41 manat məbləğində kredit borcunun tutularaq, “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizinin iddiaçıya, 70 faizinin cavabdehə aid edilməklə, Cavabdeh 21 manat pulun iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 30 faizinin iddiaçıya, 70 faizinin cavabdehə aid edilməklə, iddiaçı «xxxxxxx» KB ASCdən 60 manat, Cavabdeh isə 140 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur və ləğv edilməlidir. Belə ki, ABŞ doları ilə məzənnə 0.78 manat olarkən “xxxxxxx" KB ASC ilə müqaviləyə əsasən 2015-ci ildə 5000 ABŞ dolları məbləğində kredit götürmüş, bir müddət0 müqaviləyə əsasən qrafik üzrə əsas borc və hesablanmış faizləri ödəmişdir. Sonradan 1 ABŞ dolları məzənnəsi 1.70 manat nisbətində olarkən kreditin ödənilməsində çətinlik yarandığına görə bankın təklifinə əsasən ona 827nkBKX/l6 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi əsasında 72 ay müddətinə illik 18 faiz olmaqla 8035 manat məbləğində kredit verilmiş, bu zaman məzənnə 1 ABŞ dolları 1.70 mant nisbətində hesablanaraq kredit məbləği əvvəlki kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəlmişdir. Məhkəmə işin hallarını birtərəfli qaydada araşdıraraq, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara və izahatlara əsaslanan qətnamə qəbul etmişdir. Bank tərəfindən birinci kredit müqaviləsi əsasında əsas borc və faiz borcu üzrə qrafik əsasında tərəfindən ödənilmiş məbləğlər barədə ona və məhkəməyə arayışların təqdim edilməsindən imtina etmişdir ki, nəticədə həmin kredit üzrə ödənilmiş borcların məbləği müəyyən edilməmişdir. Məhkəmə iş üzrə obyektiv qərar qəbul olunması üçün ödənilmiş bu məbləğlər barədə bank tərəfindən arayışın təqdim olunmasına təşəbbüs göstərməmişdir. İşə əlavə edimiş ekspert rəyində də onun hesabından digər hesaba pulun köçürülməsinə dair razılığı barədə sənədin təqdim olunmaması (ödəniş tapşırığı və ərizəsi) qeyd olunsa da, məhkəmə bu xüsusata hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, bankdan götürdüyü 5000 ABŞ dollar məbləğində pul vəsaitinin bir hissəsini 2016-cı ilə qədər ödəmişdir. Sonradan ABŞ dollarının manata olan məzənnəsi qalxdığından borcunu tam ödəyə bilməmişdir. Bankla aralarında razılaşma olmuş, 2-ci kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə verilmiş kredit 1-ci müqavilədən qalmış borcun ödənilməsinə yönəlmişdir. Lakin o, birinci müqavilədən qalan borcun məbləğinin nə qədər olmasını dəqiq bilməmişdir, hazırda da həmin borcu mübahisələndirir. Bununla bağlı cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi İsrafil Şahverdiyev apellyasiya şikayətini qəbul etməyərək izahatın bildirmişdi ki, cavabdehin əvvəlki kredit müqaviləsi üzrə borcu ABŞ dolları ilə olmuş, lakin həmin borcun ödənilməsində cavabdeh çətinlik çəkdiyi üçün restruktrizasiya aparılmış və tərəflər arasında yeni kredit müqaviləsi bağlanmış, 8035 manat verilmiş kredit məbləği əvvəlki kredit müqaviləsi üzrə qalmış 4401,46 ABŞ dolları məbləğində borcun ödənilməsinə yönəldilmişdir. Bu fakt təqdim etdiyi hesabdan çıxarış sənədində də öz əksini tapır. Buna görə də hazırda Bank cavabdehdən ikinci kredit müqaviləsi üzrə verilmiş kreditin ödənilməsini tələb edir ki, həmin borcun tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apelyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, əslində apelyant qətnaməni iddianın təmin edildiyi hissəsində mübahisələndirir. Buna görə də apellyasiya instansiyası məhkəməsi qətnamənin qanuniliyi və əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlayır. Belə ki, məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sənədlər əsasında müəyyən olunmuşdu ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 827nkBKX/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 18 faiz ödənilməsi şərti ilə 72 ay müddətinə 8035 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixədək banka 6039,3 manat məbləğində əsas borcu, 219,44 manat məbləğində cərimə borcu, 585,33 manat məbləğində faiz borcu, ümumilikdə isə 6844,07 manat məbləğində kredit borcu yaranmışdır. xx xxxx 2019-cu il tarixli bildirişdən məlum olur ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini icra etməmiş və iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının tələb etdiyi kredit borcunun ödənilməsi təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmıış xx xxxxxx 2016-cı il tarixli 827nkBKX/16 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilmiş 8035,40 manat pul vəsaiti tərəflər arasında əvvəllər bağlanmış 473nkBKX2/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 4460,64 ABŞ dolları məbləğində borcun bağlanmasına yönəldilmiş və buna cavabdehin yazılı razılığı alınmışdır. Belə ki, işdə olan Cavabdeh tərəfindən verilmiş “Bank hesablarının açılması və kredit sifarişi üçün ərizə”nin surətindən görünür ki, cavabdeh ona xx xxxxxx 2016-cı il tarixli 827nkBKX/16 saylı kredit müqaviləsinə əsasən verilmiş 8035,40 manat məbləğində pul vəsaitinin restruktrizasiya olunaraq əvvəlki 473nkBKX2/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4460,64 ABŞ dolları məbləğində borcunun bağlanmasına yönəldilməsinə razılıq vermiş və bunu imzası ilə təsdiqləmişdir. Qeyd olunan faktlar iş üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədləri və xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə tam təsdiq olunur. Apellyasiya baxışı zamanı cavabdeh aparılan araşdırma ilə bağlı müəyyən edilmiş faktlara etiraz etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. O ki qaldı iddiaçının tələbinin tam əsaslı olub-olmadığı məsələsinə, bununla bağlı işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28461 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdu ki, Cavabdeh “xxxxxxx” KB ASC-yə xx.xx.2019-cu il tarixə əsas borcu 6042,78 manat və faiz borcu 580,11 manat təşkil edir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, əsas borcun məbləğini ekspert rəyinə deyil, iddia tələbinin həddinə uyğun, faiz məbləğini ekspert rəyinə uyğun, cərimənin məbləğini isə mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə azaldaraq 30 manat müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq təasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlillər Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yaratmır. Bundan başqa cavabdeh Bank qarşısında olan öhdəliyini tam icra etməsi və nəticədə Bankın tələb etdiyi əsas və faiz məbləğindən daha az borcunun qalması ilə bağlı hər hansı sübutu təqdim etməmiş, bununla da sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-237/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar