Məhkəmə qərarları › İş №2(103)-4999/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4999/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4999/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-1181/20) iddia qismən təmin edilərək X2 8000 manat və Cavabdeh2 4000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh F.Mirzəyev qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İiddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu Fərman Novruzəliyev hərbi xidmətdən 2015-ci ildə qayıtdıqdan sonra iş axtarmağa başlamışdır. O da bu barədə bir neçə tanışlarına demişdir. Tanışlarından biri çoxdan tanıdığı tələbə yoldaşı Cavabdeh2 olmuşdur. Cavabdeh2 əvvəlcə polisə işə düzəldəcəyini vəd etsə də, oğlunun boyu 175 sm olduğundan alınmadığını bildirmişdir. Sonradan isə Cavabdeh2 tanışları vasitəsi ilə oğlunu FHN işə düzəldəcəyini vəd etmiş, buna görə ondan 8000 (səkkiz min) manat alacağını, əvvəlcə 4000 manat, sonra isə oğlunu işə düzələndən sonra qalan 4000 manatı alacağını bildirmişdir. O, razılaşmış və X9 rayonu, Şərifzadə küçəsində yerləşən FHN Yanğından Mühafizə idarəsinin qarşısında 15.08.2017-ci il tarixində görüşmüş və onun özünə 4000 (dörd min) manat pul və oğlunun sənədlərinin surətlərini vermişdir. Bundan bir ay sonra Cavabdeh2 zəng vuraraq işin 8000 manata yox 12000 (on iki min) manata düzələcəyini bildirmiş və pulun hamısının əvvəlcədən ödənilməsini tələb etmişdir. O, qardaşı Raiddən 4000 manat almış və özündə olan 4000 manatı da götürərək Bakı şəhərinə getmişdir. Bakı şəhərində Yasin onu Mirdamət Əskərovla tanış etmişdir. O, 8000 mant pulu verərkən Yasin özünə yox məhz Mirdamət Əskərova pulu ödəməyi bildirmiş və onlar 32 saylı Notariat kontorunda həmin pulu borc şəklində Mirdamət Əskərova verilməsini rəsmiləşdirmişlər. O, bir xeyli oğlunun işə düzələcəyini gözləmiş, qardaşından götürdüyü 4000 manat borcu qaytarmaq üçün Dəmir bankdan 5000 manat kredit almışdır. Pulsuz qaldığı üçün 1000 manatı isə ailəni dolandırmaq üçün xərcləmişdir. O, dəfələrlə Cavabdeh2 və Mirdamət Əsgərova zəng vurub məsələnin nə yerdə olduğunu soruşanda onlar müxtəlif bəhanələr gətirirdilər. Cavabdeh2 Rusiyaya getdiyini bildiyindən Mirdamət Əsgərovun bəhanələri davam edirdi və sonradan telefona cavab vermədiyindən o, Yasamal RPİ-nin 29-cu polis bölməsinə şikayət vermiş, şikayəti sonradan ərazi aidiyyətliyinə görə Binəqədi RPİ-nin 7-ci polis bölməsinə göndərilmiş, sonda araşdırma Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Samid Şabanov tərəfindən araşdırılsa da, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda müstəntiq qeyd edib ki, kifayət qədər sübüt toplamaq mümkün olmamışdır və bu da cinayət işinin başlanılması üçün nəticəyə gəlməyə imkan vermir. Çünki Cavabdeh2 Rusiya Federasiyasının Nijniy Novqorod şəhərindədir, Mirdamət Əsgərovu isə qeydiyyat ünvanında tapmaq mümkün olmamışdır. Onu da bildirmək istəyir ki, Cavabdeh2 oğlu X1 Polis idarəsində izahatında onun tərəfindən pulun verilməsini təsdiq etmişdir və sadəcə Mirdamət Əsgərov tərəfindən atasının aldandığını bildirmişdir. Qeyd olunanlara əsasən Cavabdeh2 4000 (dörd min) manat məbləğ və cavabdeh X2 8000 (səkkiz min) manat məbləğ pulun tutularaq ona ödənilməsi, cavabdehlərdən pulunu vaxtında qaytarmadıqlarına görə Mərkəzi Bankın bank uçot dərəcəsinin illik 5% miqdarında Cavabdeh2 200 manat, X2 400 manat və ödənilən 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 08 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı ona aid olan hissədə qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, həqiqətən də İddiaçı borc almışdır. Bu səbəbdən ondan iddiaçının xeyrinə 4000 manat tutulmasına etiraz etmir. Qalan hissədə hansı qərar qəbul olunacağının ona aidiyyəti yoxdur. Məhkəməyə ünvanlandığı etiraz ərizəsində cavabdeh X6 iddiaçıdan 8000 manat yox, 7000 manat aldığını, ona 8000 manat qaytardığını bildirsə də, bunu sübut edən sübutları etiraz ərizəsinə əlavə etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayətində göstərmişdir ki, o, məhkəmədə bildirmişdir ki, Habil ona 4000 manat pul vermişdir ki, onu Mirdamətə çatdırsın. O da həmin pulu iddiaçıdan alıb digər cavabdehə vermişdir. Həmin pulun ona aidiyyəti olmamışdır. Ona görə də hesab edir ki, qətnamə ona aid hissədə ləğv edilməlidir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, onun cavabdehə 4000 manat borcu var. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh2 apellyasiya baxışı zamanı verdiyi izahatında həmçinin göstərdi ki, o, iddiaçıdan 4000 manatı aldıqdan sonra ertəsi günü həmin məbləği Mirdamət Əsgərova vermişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermiş və o, qətnaməni ondan iddiaçının xeyrinə 4000 manat borcun tutulması hissəsində mübahisələndirmişdir. Qətnamə digər hissədə nə iddiaçı, nə də Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X3 iddiaçıdan 8000 manat məbləğdə borc alması notarial qaydada bağlanmış kredit müqaviləsi ilə, Cavabdeh2 4000 manat borc alması isə onun özünün məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, X2 8000 manat və Cavabdeh2 4000 manat məbləğində pul hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 739, 740-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Cavabdeh2 istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı iddiaçıdan 4000 manat pulu aldıqdan sonra həmin məbləği digər Cavabdeh1 verdiyini göstərsə də, bunu ondan başqa heç kim təsdiq etməmişdir. Belə ki, iddiaçı 4000 manat pulu şəxsən Cavabdeh2 verdiyini, digər Cavabdeh1 isə borc müqaviləsində 8000 manat göstərilməsinə baxmayaraq cəmi 7000 manat borc aldığını və qaytardığını bildirmiş, Cavabdeh2 4000 manat almasını etiraf etməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni Cavabdeh2lə bağlı hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 Orxan oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar