Məhkəmə qərarları › İş №2(103)-500/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-500/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-500/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər CəmilovaXəyaləAdilqızının sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “Fərid-95” firmasına və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipotekaya qoyulmuş əmlaklara tələbin yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-271/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “Fərid-95” firmasına və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipotekaya qoyulmuş əmlaklara tələbin yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-271/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Bu səbəbdən də kredit müqqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə borcu, icranın gecikdirilməsi ilə vurulmuş ziyanla birlikdə ipoteka predmeti olan əmlaka, həmin əmlak kifayət etmədikdə isə cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3899/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-271/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5388/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3899/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin İddiaçı” ASC-nin cavabdeh “Fərid-95” firmasına qarşı kredit borcunun tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün mülki işin həmin məhkəməyə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə bildirişi digər cavabdeh “Fərid-95” firmasının iş materiallarında olan ünvanına göndərilsə də, poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Hikmət Həsənli apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5388/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin «iddianın cavabdeh “Fərid- 95” firmasına qarşı rədd edildiyi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı rədd olunmuş hissədə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5388/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində cavabdeh “Fərid-95” firmasının nümayəndəsi iştirak etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, ipoteka qoyan Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə borcluya münasibətdə tətbiq edilmək üçün əsas vermir. İş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona istinad emişdir ki, hazırki iş üzrə iddia müddəti keçdiyindən və Cavabdeh2 tərəfindən məhkəməyə “mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə daxil olduğundan iddia hər iki cavabdehə münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın cavabdeh “Fərid-95” firmasına qarşı yuxarıda göstərilən əsasla rədd etməsi barədə gəldiyi nəticə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5388/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilənlərlə bağlı razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iş materiallarından müəyyən olunur ki, hazırki işə birinci instansiya qaydasında baxılarkən cavabdeh “Fərid-95” firmasının nümayəndəsi iştirak etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, bu barədə ərizə yalnız ipoteka qoyan Cavabdeh2 tərəfindən verilmişdi ki, bu da borcluya münasibətdə iddia müddətinin tətbiqi üçün əsas ola bilməzdi. Belə ki, iddia müddətinin tətbiqinin mümkünlüyünü müəyyən edən Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq olunur. Odur ki, belə ərizə birinci instansiya məhkəməsində iştirak etməmiş cavabdeh “Fərid-95” firmasının nümayəndəsi tərəfindən verilmədiyi üçün həmin cavabdehə qarşı iddia müddətinin tətbiqi ilə maddi hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın cavabdeh “Fərid-95” firmasına qarşı rədd edildiyi” hissədə ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı xx.xx.2020-ci il tarixdə “Fərid-95” firması tərəfindən məhkəməyə “iddia müddətinin tətbiqi ilə bağlı” ərizə daxil olmuşdur. Belə ki, həmin ərizənin məzmununa görə cavabdeh “Fərid-95” firması hazırki iş üzrə mübahisəyə iddia müddətinin tətbiq edilməsi və “Fərid- 95” firmasına qarşı iddianın rədd edilməsini xahiş edir. İşdə iştirak edən iddiaçının nümayəndəsi həmin ərizəyə etiraz etdiyini bildirdi. Cavabdeh “Fərid-95” firması tərəfindən məhkəməyə “iddia müddətinin tətbiqi ilə bağlı” daxil olmuş ərizəyə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “Fərid-95” firması işə birinci instansiya qaydasında baxılarkən keçirilmiş məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmadığından qanunla qorunan müvafiq hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hal məhkəmə kollegiyası tərəfindən araşdırılarkən məlum oldu ki, iş materiallarında birinci instansiya məhkəməsi tərəfindən cavabdeh “Fərid-95” firmasına ünvanlanmış çoxsaylı məhkəmə bildirişləri mövcud olsa da, həmin məhkəmə bildirişlərinin həqiqətən də poçt vasitəsilə cavabdeh “Fərid-95” firmasına göndərilməsi və sonuncu tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hazırkı mübahisə üzrə “Fərid-95” firması tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya baxışı zamanı verilməsi və müzakirəsini mümkün hesab edir. Əvvəla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “Fərid-95” firmasına qarşı rədd edildiyi hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia yuxarıda göstərilən əsasa görə rədd edilməlidir. Qeyd olunmalıdır ki, tərəflər arasında 02 saylı kredit müqaviləsi xx.xx.2005-ci il tarixdə 5 il müddətinə bağlanmış, həmin müqavilənin icra müddəti xx.xx.2010-cu il tarixdə bitmişdir. Beləliklə, müqavilə üzrə üç illik iddia müddəti xx.xx.2013-cü il tarixdə başa çatmış, iddiaçı isə hər iki cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə iddia müddətini ötürməklə müraciət etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Fərid-95” firmasının ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddiaçının cavabdeh “Fərid-95” firmasına qarşı iddiası təmin olunmamalıdır. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, “Fərid-95” firmasına qarşı iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-271/2018 saylı xx xxxxxx 2018-ci il tarixliqətnaməsi mübahisələndirilən- iddianın “Fərid-95” firmasına qarşı rədd edildiyi hissədə ləğv edilsin. İddiaçı ASC-nin cavabdeh “Fərid-95” firmasına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipotekaya qoyulmuş əmlaklara tələbin yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Ülvi Mayılov Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar