Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-500/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı hüquqi varisi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-268/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən, 32 saylı evin 51 saylı mənzilindən su axıtması nəticəsində mənzilinə dəymiş 3500 (üç min beş yüz) manat maddi ziyanın, 1500 (bir min beş yüz) manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-268/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək vurulmuş maddi ziyana görə 742 (yeddi yüz qırx iki) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib vurulmuş ziyanın düz hesablanması ilə nəticələnən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh kimi iddiaçının mənzilinə məhz onun mənzilindən su sızıntısı olması səbəbindən konkret nə qədər ziyan dəyməsini müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Həmçinin vəsatətində su sızıntısının yalnız ayaqyolunda olduğu halda, iddiaçının mənzilinin qonaq otağı, dəhliz və mətbəxinə ziyan vurması ilə səbəbli əlaqə olub olmamasının müəyyən edilməsi barədə sual qoyulmasını xahiş etmiş və məhkəmə bununla bağlı ekspertiza təyin edərkən həmin sualı müvafiq qərarda qoymuşdur. Lakin iş materiallarında olan və qətnamə çıxarılarkən məhkəmənin istinad etdiyi 18.03.2020-ci il tarixli 26274 nömrəli ekspert rəyindən görünür ki, ekspert həmin xüsusatın dəqiq müəyyən edilməsi məqsədilə cavabdeh kimi onun yaşadığı mənzilə baxış keçirməmiş, halbuki, baxış keçirmədən, bu barədə nəticəyə gəlmək olmazdı. Bu azmış kimi, ekspert həmin rəydə iddiaçının mənzilinə baxış keçirəndən sonra cavabdehin də mənzilinin qapısını döydüyünü, lakin qapının açılmadığını qeyd etmişdir. Lakin hansı tarixdə baxış keçirdiyini rəydə yazmamış, əgər qapını döyərkən açmamışdırsa, bu barədə hər hansı təsdiqedici sübut (məsələn qonşuların iştirakı ilə akt tərtib etmək, qonşulardan birinə istinad edib yazmaq və s.) rəydə öz əksini tapmamışdır. Halbuki, cavabdehin mənzilinə baxış keçirilmədən həmin mənzilin ayaqyolusundan su sızıntısının iddiaçının mənzilinin dəhliz, mətbəx və qonaq otağına ziyan vurması arasında səbəbli-əlaqənin olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. Ekspert 27 saylı MKİS-in 26.09.2019-cu il tarixli aktına istinad edib iddiaçının mənzilinin qonaq otağı, dəhliz və mətbəxində olan qüsurların məhz cavabdehin mənzilindən su sızıntısı nəticəsində əmələ gəlməsi barədə nəticəyə gəlmişdir. Halbuki, ekspert müəyyən etməli idi ki, onun mənzilində, konkret olaraq ayaqyolunda su sızıntısı ilə iddiaçının mənzilinin dəhliz, mətbəx və qonaq otağındakı qüsurların yaranması necə bir- biri ilə əlaqəlidir? Təəssüf ki. ekspertiza rəyi ilə tanış olmağı üçün məhkəmə tərəfindən ona şərait yaradılmadı. 10.06.2010-cu il tarixə təyin olunmuş məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. O, etiraf edir ki, məhkəmənin vaxtı və yeri barədə vaxtında məlumatlandırılmışdır. Lakin o, həmin saatda iştirak edə bilməyəcəyini telefonla bildirmişdir. Məhkəmə, həmin tarixə təyin edilən iclasın vaxtını başqa günə keçirə bilərdi. Məhkəmə onun iştirakı olmadan, ekspert rəyi ilə tanış olmağına və rəyə münasibət bildirməyinə şərait yaratmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. O, İddiaçı iddia ərizəsində göstərilən tələbləri qismən qəbul edir, lakin ekspert rəyində göstərilən 742 manatı, hansı ki, dəhliz, mətbəx və qonaq otağında olan qüsurların aradan qaldırılmasına, yəni təmir-bərpa işlərinin görülməsi üçün nəzərdə tutulan məbləğin işin faktiki halları ilə uyğun gəlməməsi qənaətinə gələrək həmin hissədə iddia tələbi ilə razı deyil. Məhkəmə işin hallarını düzgün araşdırmayıb qeyri-obyektiv nəticəyə gələrək qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də vurulmuş ziyanın düz hesablanaraq ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X3 şikayətin təmin olunmamasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Xətai rayonu 27 saylı MKİS-in mühəndisi X.Zərbəliyevin, sahə nəzarətçisi R.Abdullayevin, çilingəri V.Qasımovun iştirakı ilə tərtib olunmuş 26.07.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 32, mənzil 51-də yaşayan İddiaçı şikayətinə əsasən mənzilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, üst qonşu, yəni 53-cü mənzilin səhlənkarlığından aşağı qonşuya zərər dəymişdir. Belə ki, tavandan axan çirkli su divarları saraltmış, divar kağızı islanıb qopmuşdur. Məhkəmə tikinti texniki ekspertizanın 18.03.2020-ci il tarixli 26274 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 27 saylı MKİS-nın 26 iyun 2019-cu il tarixli aktının göstəricilərinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 32 saylı evin 51 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 53 saylı mənzildən sızması, suyun sızmasının isə 53 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən baş verə bilməsi müəyyən edilir. Suyun sızması nəticəsində, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 32 saylı evin 51 saylı mənzilində əmələ gəlmiş mövcud qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 742,0 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 12.07.2021-ci il tarixli 10/1426 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 saylı evin 51 saylı mənzilinin dəhliz və mətbəxinə həmin evin 53 saylı mənzilindən suyun axıdıldığı, suyun axıdılması, 53 saylı mənzildə yerləşən hissədə binanın kanalizasiya (çirkab) borusunun nasazlığı səbəbindən baş verdiyi müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 saylı evin 51 saylı mənzildə, su sızma nəticəsində, yaranmış mövcud qüsurların (dəymiş ziyanın) aradan qaldırması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uüğun olaraq 742,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissədə maddi zərərin məbləği hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar), tələbin təmin edilən hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, hazırki iş üzrə, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmuşdur. Çünki, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya zərər vurması müəyyən edilmişdir. Belə ki, bu hal iş materialları ilə tam təsdiq olunur. İkincisi, iş üzrə keçirilmiş hər iki ekspertiza rəyi ilə iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Ekspert rəyləri məhkəmə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş həm ilk, həm də əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyləri ilə məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul edilməlidir. Təkrar ekspertiza keçirilməsinə isə zərurət və əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-268/2020 saylı, 10 iyun 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-500/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-500/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver