Məhkəmə qərarları › İş №2(103)-500/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-500/2023

17.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-500/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maneələrin aradan qaldırılması) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh3, onun nümayəndəsi (vəkil) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 fərdi yaşayış evi 03 sentyabr 1991-ci il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş, həmin müqavilə Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli qətnaməsi ilə ləğv edilsə də, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə ləğv olunmuş və evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evdən torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehə qadağa edilməsi, ünvan 2 evin bir hissəsində yaşayan cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus 2 otaqdan çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus həmin evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mərhum analarına məxsus fərdi yaşayış evi vardır. Bundan başqa, onlar özünə məxsus fərdi yaşayış evini kirayə verməklə qazanc əldə edir. Cavabdeh2 iddiaçıya məxsus evin həyətində evinə bitişik əlavə otaq (özbaşına tikili) tikmişdir. İddiaçıya məxsus evin həyətində təmir işləri aparılmasına cavabdehlər tərəfindən maneə yaradılır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/921 nömrəli, 13 iyul 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 fərdi yaşayış evi bir mərtəbəli olmaqla 3 yaşayış otağından və köməkçi tikililərdən ibarətdir, həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş, evin 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa olunmuşdur və inşa edilmiş həmin tikililərə dair heç bir icazə sənədləri mövcud deyildir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia rədd edilmişdir.

6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ünvan 2 fərdi yaşayış evini bugünədək öz adına rəsmiləşdirməmişdir. Belə olan halda, hazırkı mərhələdə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları rəsmiləşdirilmiş mülkiyyətçi sayıla bilməz. Mülkiyyətçi olmadığından hazırkı iddia tələbi də təmin oluna bilməz.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmiş, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş halı nəzərə almamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/243 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı ev və həyətyanı torpaq sahəsinə aid texniki pasportun məlumatlarına əsasən həyətyanı sahədə inşa edilmiş tikili 1 mərtəbəli olmaqla 3 yaşayış otağı və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəyyən olunmuş məlumatlarla, tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, tədqiq olunan mənzilin texniki pasportda qeyd edilmiş 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edildiyi və həmçinin, texniki pasportda göstərilən 1 və 5 saylı tikililərin başqa şəxsə satıldığı müəyyən edilmişdir. ünvan 1 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş və inşası nəzərdə tutulan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir”.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov – sədrlik edən və məruzəçi, X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı iddia tələblərinin qismən təmin olunması, İddiaçı ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, İddiaçı məxsus ünvan 1 evə bitişik tikilmiş iki otağın (özbaşına tikili) Cavabdeh3 və Cavabdeh2 tərəfindən onların vəsaiti hesabına sökülməsi, iddia tələbinin “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” hissəsində təmin olunmaması qət edilmişdir.

10. Kollegiya hesab etmişdir ki, “ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ona məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onların vəsaiti hesabına sökülməsi” tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələblərin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, adı çəkilən cavabdehlərin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi, eyni zamanda cavabdehlərin iddiaçıya öz əmlakından istifadəyə maneələr yaratdığı müəyyən edilmişdir.

11. Kollegiya iddia tələbinin “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” tələbini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işin mübahisələndirilməyən halına görə iddiaçının qohumu olan Cavabdeh1 (iddiaçı onun bibisi qızıdır) Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı evdə pasport qeydiyyatında olmaqla oraya İddiaçı əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Cavabdeh1 həmin hüququ əldə etdiyi dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsi yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir ki, Cavabdeh1 baxımından isə, bu halların mövcud olması müəyyən edilməmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

12. Cavabdeh Hacıyeva Gülnarə Sabir qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələblərinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə fərdi yaşayış evinin torpaq sahəsinin nə qədər təşkil etdiyi müəyyən edilməmişdir. Ümumiyyətlə, torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Mülkiyyətçi olmayan şəxs vindikasiya tələbi ilə məhkəməyə müraciət edə bilməz. Apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(102)-4578/2022 nömrəli qərarına əsasən (hakimlər-M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)- 773/2021 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv olunması, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. İşi təkrar apelyasiya baxışına qaytararkən Ali Məhkəmənin qənaəti bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bacı-qardaşdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, o, evdə pasport qeydiyyatında olmaqla oraya İddiaçı əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Lakin, apellyasiya kollegiyası tərəflərin bacı-qardaş olmasını nəzərə alaraq həmin halların Cavabdeh3 da aid olmasını araşdırmamış, nəticədə iddiaçının istifadəsində olan evə Cavabdeh1 kimi, Cavabdeh3 da istifadə hüququnun olmasına münasibət bildirməmişdir. Halbuki, məhkəmə araşdırması ilə Cavabdeh3 mübahisəli evi tərk edib, başqa evə daimi yaşamaq üçün getməsi müəyyən olunmamışdır. Qeyd edilən cavabdehlərə münasibətdə fərqli qənaətə gələn apellyasiya instansiyası məhkəməsi həmin qənaətin əsaslarını aydınlaşdırmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən aparılmış araşdırılmalarla özbaşına tikilinin nə zaman inşa olunması müəyyən olunmamışdır. Həmin halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, əgər cavabdehlər həmin tikilini inşa edib orada yaşamağa başladıqdan sonra ağlabatan müddət ərzində iddiaçı həmin tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişsə, cavabdehlərin tikinti üçün çəkdiyi xərclərin əvəzinin ödənilmədən həmin tikilinin sökülməsinin mümkünlüyünə münasibət bildirilməlidir.Məhkəmə kollegiyası bildirir ki, tərəflər qohumdurlar və uzun müddətdir bir yerdə yaşayırlar. Buna görə də, özbaşına tikilinin inşa olunması zamanı iddiaçının razılığının olması güman ediləndir. İddiaçının münasibətlər normal olarkən özbaşına tikilinin inşasına razı olması, sonradan münasibətlər pozulduqdan sonra hazırkı iddia tələbini irəli sürməsi məhkəmə araşdırması zamanı müəyyən olunarsa, iddia tələbinə qiymət verilərkən, Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmalıdır.

d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15.Yeni apellyasiya baxışı məhkəmə iclasında iştirak etmiş Cavabdeh3, onun vəkili və nümayəndəsi əvvəlki apellyasiya baxışı zamanı istinad etdiyi apellyasiya şikayətinin dəlillərinə oxşar izahat vermişdirlər. 16.Yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 elektron kabinet vasitəsilə vəsatət təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

17. işin uzun müddət məhkəmənin icraatında olmasını nəzərə alaraq vəsatəti təmin etməmişdir.Məhkəmə Kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya baxışının hədlərini qətnamənin tam hissədə yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin, onun vəkili və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

25. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evdən torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehə qadağa edilməsi, ünvan 2 evin bir hissəsində yaşayan cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus 2 otaqdan çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus həmin evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mərhum analarına məxsus fərdi yaşayış evi vardır. Bundan başqa, onlar özünə məxsus fərdi yaşayış evini kirayə verməklə qazanc əldə edir. Cavabdeh2 iddiaçıya məxsus evin həyətində evinə bitişik əlavə otaq (özbaşına tikili) tikmişdir. İddiaçıya məxsus evin həyətində təmir işləri aparılmasına cavabdehlər tərəfindən maneə yaradılır.

27. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bacıqardaşdır (Cavabdeh2 Cavabdeh3 əridir).Həmin evdə pasport qeydiyyatında olmaqla oraya İddiaçı əvvəlki mülkiyyətçinin razılığı ilə yaşayırlar (orada doğulmuş və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdırlar.).Məhkəmə araşdırması ilə cavabdehlərin mübahisəli evi tərk edib, başqa evə daimi yaşamaq üçün getməsi müəyyən olunmamışdır.

28. Məhkəmələr tərəfindən aparılmış araşdırılmalarla özbaşına tikilinin 70-ci ildən də əvvəl cavabdehlərin valideynləri tərəfindən inşa olunması, cavabdehlərin heç bir müdaxilə olmadan həmin tikilidə yaşadıqları müəyyən olunmuşdur.Həmin halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, cavabdehlər həmin tikilidə qeyd edilən uzun illərdən bəri yaşadıqları halda, iddiaçının həmin tikilinin sökülməsinə dair iddia tələbi hüquqi əsasa söykənmir və subyektiv hüququ yoxdur.

29. İddiaçının cavabdehlərlə münasibətləri yaxşı olmaması səbəbindən hazırkı iddia tələbini irəli sürməsi Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. 30.Həmin normanın tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir (m.560.1). Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (m.560.2). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. (m.560.3.4).

31. İddiaçının vəkilinin cavabdehlərin tikililərinin köhnə və uçmaq təhlükəsi olması və iddiaçı üçün təhlükə yaratması dəlili ilə bağlı yeni apellyasiya baxışı zamanı mühəndis texniki ekspertiza təyin olunmuşdur.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3438 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzillərin mövcud vəziyyəti qənaətbəxşdir, yaşayış üçün yaralıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Kollegiyası işin digər faktiki halları və tərəflərin izahatları ilə birgə qiymətləndirmə apararaq ekspert rəyii ilə razılaşmamaq üçün əsaslar müəyyən etmir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 (bir yüz) manat iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar