Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-953/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2, Cavabdeh3 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evin və həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 02 oktyabr 1991-ci il tarixdə verilmiş, qeydiyyat kitabının 13 nömrəli, 30/2748 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ üzrə ona məxsus olduğunu, cavabdehlərin həmin evdə yaşadıqlarını, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mərhum analarına məxsus fərdi yaşayış evinin olduğunu, həmin evi kirayə verməklə qazanc əldə etdiklərini, Cavabdeh2 isə ona məxsus evin həyətində evinə bitişik əlavə otaq (özbaşına tikili) tikdiyini, evinin həyətində təmir işləri aparılmasına cavabdehlər tərəfindən maneə yaradıldığını, Cavabdeh1 və Cavabdeh3 anası Mədinə Ağayevanın ona məxsus torpaq sahəsində iki otaq tikdiyini, bundan başqa Cavabdeh1 anası tərəfindən tikilmiş 2 otaqlı evə 2 otaq da əlavə tikdiyini irəli sürmüş, ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin cavabdehlərə qadağa edilməsi, evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ona məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayət verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş halı nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək iddia tələblərinin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 və onun vəkili Vəkil2, habelə Cavabdeh3 şikayətin əsassız olduğunu bildirmiş, digər Cavabdeh2 isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, ünvan 1 fərdi yaşayış evi 6 saylı DNK-da rəsmiləşdirilmiş 03 sentyabr 1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş, Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli 2-449 nömrəli qətnaməsi ilə həmin bağışlama müqaviləsinin ləğv edilməsi qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə sözügedən qətnamə ləğv edilərək mülki işin icraatına xitam verilmiş, eyni zamanda qətnamənin icrasında dönüş edilməsi və evin hüquqi vəziyyətinin qətnamədən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında müəyyən edilmişdir ki, ünvan 1 fərdi yaşayış evi bir mərtəbəli olmaqla 3 yaşayış otağından və köməkçi tikililərdən ibarətdir, həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş, evin 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa olunmuşdur və inşa edilmiş həmin tikililərə dair heç bir icazə sənədləri mövcud deyildir. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ünvan 1 fərdi yaşayış evini hazırkı vaxtadək öz adına rəsmiləşdirməmişdir və belə olan halda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları rəsmiləşdirilmiş mülkiyyətçi sayıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi ünvan 1 fərdi yaşayış evi 03 sentyabr 1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş, həmin müqavilə Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli qətnaməsi ilə ləğv edilsə də, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə ləğv olunmuş və evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alınmışdır. Bu o deməkdir ki, fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və o, mülkiyyət hüququnun ona verdiyi hüquqi imkandan istifadə edərək müvafiq iddia tələblərini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə tikinti-texniki ekspertizasının 21.02.2022-ci il tarixli rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı ev və həyətyanı torpaq sahəsinə aid texniki pasportun məlumatlarına əsasən həyətyanı sahədə inşa edilmiş tikili 1 mərtəbəli olmaqla 3 yaşayış otağı və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəyyən olunmuş məlumatlarla, tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, tədqiq olunan mənzilin texniki pasportda qeyd edilmiş 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edildiyi və həmçinin texniki pasportda göstərilən 1 və 5 saylı tikililərin başqa şəxsə satıldığı müəyyən edilmişdir. ünvan 1 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş və inşası nəzərdə tutulan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2ci bəndələrinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, “ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ona məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onların vəsaiti hesabına sökülməsi” tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələblərin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, adı çəkilən cavabdehlərin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi, eyni zamanda cavabdehlərin iddiaçıya öz əmlakından istifadəyə maneələr yaratdığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bununla belə kollegiya iddiaçının, “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” tələbini əsaslı hesab etmir: Belə ki, işin mübahisələndirilməyən halına görə iddiaçının qohumu olan Cavabdeh1 (iddiaçı onun bibisi qızıdır) Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı evdə pasport qeydiyyatında olmaqla oraya İddiaçı əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Cavabdeh1 həmin hüququ əldə etdiyi dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir – Cavabdeh1 baxımından isə bu halların mövcud olması müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi Cavabdeh2 və Cavabdeh3 alınaraq ona ödənilməli, ekspertiza xərcləri isə Cavabdeh2 və Cavabdeh3 tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 saylı iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddia tələbləri qismən təmin olunsun. İddiaçı ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. İddiaçı məxsus ünvan 1 evə bitişik tikilmiş iki otağın (özbaşına tikili) Cavabdeh3 və Cavabdeh2 tərəfindən onların vəsaiti hesabına sökülsün. İddia tələbi “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” hissəsində təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 45 (qırx beş) manat Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin; ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat isə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-953/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-953/2022
21.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver