Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5002/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsindən iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilir ki, İddiaçı Cavabdeh 8550 manat borc verməyi, sonuncu isə bu borcu xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürür. İddiaçı Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, Cavabdeh isə kredit müqaviləsinin formal xarakter daşıdığını və əslində aralarında borc deyil, icarə münasibətlərinin olduğunu bəyan edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8550 manatın və ödədiyi 105 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlk iddiada göstərir ki, cavabdehə 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş kredit müqaviləsinə 8550 manat borc vermişdir. Cavabdeh bu borcu xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh yuxarıda qeyd olunan notariat kontorunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və kredit müqaviləsi tərtib olunduğu 23 sentyabr 2021-ci il tarixdən ötən 4 ay müddətində iddiaçıya olan borcundan hər hansı məbləği geri qaytarmamışdır. Borcun qaytarılması barədə Cavabdeh dəfələrlə xəbərdarlıq etsə də, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bu günədək borcun qaytarılması istiqamətində heç bir müsbət nəticə əldə edilməmişdir.
4. Cavabdeh da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında bağlanan müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Qarşılıqlı iddiada göstərilir ki, notariusdan çıxandan sonra iddiaçı bütün məbləği cavabdehə qaytarmış, cavabdeh isə 1000 dollar və 300 manatı X1 qaytararaq, qalan 4550 manatı cibinə qoymuşdur (iddiaçı notariusun kamera görüntülərində pulun qaytarılması barədə qeydiyyat olduğunu iddia etmişdir). Bəkirlə anası arasında obyektlə bağlı arenda müqaviləsinin pozulması üçün Bəkir kredit müqaviləsinin bağlanmasını təklif etmişdir. Bağlanan kredit müqaviləsi isə sırf formal xarakter daşıyır. İddiaçının adına yazılan məbləğ Bəkirə geri qaytarılıb.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə ilkin iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 8550 (səkkiz min beş yüz əlli) manat məbləğində borc, dövlət rüsumunun əvəzi kimi 105 (yüz beş) manatın tutulması; qarşılıqlı iddianın isə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021- ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8550 manat 00 qəpik (səkkiz min beş yüz əlli manat, 0 qəpik) məbləğində kredit verilmişdir. Cavabdeh Ramiz qızı kredit razılaşması üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə işin hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 8550 (səkkiz min beş yüz əlli) manat məbləğində borc pul tutulmalıdır. Qarşılıqlı iddia tələbi təmin edilməməli, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı aralarında bağlanmış müqavilənin ləğv olunması tələbi barədə iddiası təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
9. Şikayətində göstərir ki, hazırki iş üzrə mübahisə doğuran əqd əslində yalan əqd hesab edilir və burada niyyət digər şəxsə guya pul əldə edəcəyi görünüşü yaratmaq üçün bağlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd; - gizli bağlanan əqd və ya pərdələnən əqd; - yanlış təsəvvür yaratmaq niyyəti; Bu sadalanan üç əlamətin ikisi hazırki mülki işdə mübahisəli olan əqddə mövcuddur. Belə ki, görüntüdə bağlanan əqd və ya pərdələyən əqd əlamətinin - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratdığını, bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmadığını və tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmadığını nəzərə alıb, tərəflər arasında səsli yazşmaları bu nöqteyi nəzərdən araşdırsa görər ki, əslində ilkin iddia üzrə iddiaçının icarədara təklif etdiyi əqdi Zahir adlı şəxsə pulu çatdırmaq niyyəti ilə edildiyi və icarədarın səs yazılarında bu məbləğin 2000 manat olduğu görünür. Bundan əlavə, gizli bağlanan əqd və ya pərdələnən əqd əlamətinin - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilə olduğunu, bu, əlamətin yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamət olduğunu nəzərə alsaq yenə həmin səs yazılarında və əlyazma kağızda olan qeydlərə istinadla deyə bilər ki, bağlanan müqavilədə niyyət borc deyil, ilkin iddia üzrə iddiaçıya dəyən zərəri kompensasiya etmək məqsədi güdür. Bu isə kredit müqaviləsinin tələblərinə və əqdlərin etibarlılıq şərtlərinə ziddir.
10. Mülki Məcəllənin 700.1-ci maddəsinin şərhinə əsasən, tərəflər arasında olan münasibətin əsasında icarə münasibətləri durduğundan və ilkin iddia üzrə iddiaçının icarəçi kimi obyektdən istifadə etdiyindən ödədiyi icarə haqqını bu cür yalan müqavilə ilə geri tələb etmək hüququ düşünür ki, yoxdur.
11. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, Məcəllədə müəyyən edilən şərtlərdən hər hansısa yolla kənara çıxmaq və ya verilən hüquqlardan sui-istifadə edərək müəyyən üstünlük əldə etmək Məcəllədə yolverilməzdir və bu əqdlər etibarlı hesab edilmir.
12. Hazırki şikayətə əlavə edilən və ilkin iddia üzrə iddiaçının şəxsən öz əlyazması ilə qeyd edilən siyahıya nəzər salınsa görər ki, orada ilkin iddia üzrə iddiaçı icarə obyektinə çəkdiyi xərclərin qısa xülasəsini qeyd edərək hesabat aparmışdır. Lakin həmin hesabatın yekun məbləğinə nəzər salsa iş üçün əhəmiyyətə malik qəribə bir mənzərə ilə qarşılaşar.
13. Belə ki, ilkin iddia üzrə iddiaçının çəkdiyi xərclərin həcmi 8.549 manat təşkil edir ki, cəmi 1 manat fərq kimi qəribə bir uyğunluqla bu məbləğ kredit müqaviləsindəki məbləğlə uyğun gəlir. Yəni, icarə obyektinə çəkilən xərclərə görə əldə etdiyi avadanlıqların və əşyaların əksəriyyətini apardığı halda ilkin iddia üzrə iddiaçı icarə obyektinə çəkdiyi 8.549 manat xərci özünəməxsus qaydada ilkin iddia üzrə cavabdehdən əldə etməyə çalışır. Təəssüflər olsun ki, bu qeyd edilən halın araşdırılmasına məhkəmə lazımi səy göstərməmişdir.
14. Bundan əlavə, ilkin iddia üzrə iddiaçının icarədara atdığı səs yazıları da vardır ki, həmin yazılar appelyator tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilə bilinməmişdir. Həmin səs yazılarına nəzər salsa görər ki, əslində ilkin iddia üzrə iddiaçı hansısa şəxsin təcili pulunu geri istədiyini bildirir, icarədar isə həmin 2.000 manat pulun icarə haqqından həmin şəxsə ödəniləcəyini bildirir.
15. Bu zaman səs yazılarında diqqət çəkən növbəti hal ilkin iddia üzrə iddiaçının hansısa müqaviləni bağlamaq yolu ilə tələsik pulun əldə edilməyi görünüşünü yaratmaq barədə təklifləridir. Bu sübutların birinci instansiya məhkəməsinə təqdim etmək üçün çatmaması, bu hissədə də düzgün araşdırma aparılmaması ilə nəticələnmişdir. Bu sübutların vaxtında təqdim edilməməsinin səbəbi o olmuşdur ki, ilkin iddia üzrə cavabdeh ölkə hüdudlarından kənarda olmuş və vaxtında sübutları təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında cavabdehin vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. İlkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, lakin qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
27. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddianın faktiki halları Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılmalıdır. Qarşılıqlı iddia üzrə faktiki hallar isə Mülki Məcəllənin 421-424 yaxud 337 və 340-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik qarşılıqlı iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də qarşılıqlı iddia haqlı sayılmır.
28. Belə ki, ilk iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmiş, qarşılıqlı iddiaçı isə öz iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək bu cür qətnamə çıxarılmasına etiraz edir, lakin etiraz edirsə, onun əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq artıq onun üzərinə düşür. Belə, ki, qarşılıqlı iddiaçı təqdim edilmiş müqavilənin tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmadığını, başqa sözlə yalan əqd olduğunu bəyan edirsə buna dair məhkəməyə mötəbər sübut təqdim etməli idi.
29. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki ilk və qarşılıqlı iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
30. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsi başqa əqdi pərdələmək üçün bağlandığından yalan əqd olduğunu bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixli 8550(səkkiz min beş yüz əlli) manat borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, ilk iddiaçı da həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün həmin məbləği tələb edir, ilk iddia üzrə cavabdeh isə kredit müqaviləsində göstərilən vəsaitin ona təqdim edilmədiyini, təqdim edilmiş müqavilə tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyin başqa sözlə kredit müqaviləsinin yalan əqd olduğunu bəyan edərək qarşılıqlı iddia ilə müqavilənin ləğv edilməsini tələb etmişdir. Düzdü, qarşılıqlı iddiaçı kredit müqaviləsinin ləğvini tələb etsə də, göstərdiyi dəlillər tam olaraq əqdin etibarsızlığı üçün əsas olan şərtlərlə aiddir. Ancaq qarşılıqlı iddiaçının gətirdiyi bu dəlillər də inandırıcı və ağlabatan deyil. Çünki, iddia tələbinə etirazın yaxud qarşılıqlı iddianın əsası kimi şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq onun üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir.
32. Başqa sözlə, ilk iddia üzrə cavabdeh kredit müqaviləsinin yalan əqd olduğunu bəyan edirsə, onda tərəflər arasında yaranmış həqiqi münasibətlərin nə olduğunu inandırıcı və ağlabatan formada, sübutlara istinad etməklə məhkəmənin diqqətinə çatdırmalıdır, ancaq çatdırmır yaxud çatdırmaq istəmir. Qeyd olunan müqavilə ilə öhdəliyi yaranmamışdırsa yenə də bu müqavilənin hansı həqiqi münasibətlərin nəticəsi olaraq bağladığını aydın şəkildə izah etməli idi.
33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.