Məhkəmə qərarları › İş №2(103)-5003/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5003/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5003/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X2, Cavabdeh vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6716/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahlarından 14 mart 2009-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-219/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması, birgə nikahdan olan oğlu Cavidin saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi qədər və hər ay sabit məbləğdə 12,76 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1749/2011 saylı 12 may 2011-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 219/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X4 üş yaşına çatana qədər saxlanılması üçün xx.xx.2011-ci il tarixindən hər ay 50 (əlli) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-219/2011 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay cavabdehdən tutulmalı olan qazancının ¼ hissəsi və hər ay sabit məbləğdə 12,76 manat aliment məbləğinin qanunvericiliyə uyğun olaraq dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi və hər ay sabit məbləğdə 76 manat alimentin tutularaq iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, 3 iyun 2008-ci il tarixində cavabdehlə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il tarixində Cavid adlı bir oğlu olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-219/2011 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması, birgə nikahdan olan oğlu Cavidin saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi qədər və hər ay sabit məbləğdə 12,76 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2011-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-219/2011 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X4 üç yaşına çatana qədər saxlanılması üçün xx.xx.2011-ci il tarixindən hər ay 50 (əlli) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Aliment tutulmağa başlandığı vaxtdan 12 il vaxt keçmişdir. Həmin vaxtdan uşaq böyümüş, onun ehtiyacları artmış, cavabdehin gəlirləri artmış və dünyada gedən siyasi və iqtisadi proseslərlə əlaqədar olaraq baş verən inflyasiya nəticəsində pul dəyərini xeyli itirmişdir. Həmçinin həmin vaxtdan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da artaraq 220 manat məbləğində olmuşdur. Lakin cavabdeh bu günə qədər Qanunda baş vermiş dəyişikliklərə uyğun məbləğdə alimenti könüllü olaraq ödəmədiyi üçün iddiaçı, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(011)- 6716/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay gəlirlərinin ¼ hissəsi və 76 (yetmiş altı) manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından göründüyü kimi, məhkəmə qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemindən əldən olunmuş gəlir məlumatları barədə çıxarışından görünür ki, onun aylıq pensiya gəliri 577,9 manatdır. Onun gəlirinin 1/4 hissəsi miqdarında aliment müəyyən edilməsi, hazırkı vəziyyətdə uşağın saxlanılması üçün cüzi məbləğ, yəni 144 manat (577,9:4=144,475 ≈ 144 manat) təşkil edir. Göründüyü kimi bu məbləğ uşaqlar üçün qanunvericilikdə nəzərdə tutulmuş minimum dolanacaq xərclərini ödəmir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri; “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il, 2(011)-6716/2023 tarixli qətnaməsinin ləğv edilməsini, alimnetin məbləğinin dəyişdirilməməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin gəlirlərinin artması, xüsusilə başqa gəlirlərinin olması müəyyən edilməmiş və bu hal sübuta yetirilməmiş, həmçinin iddiaçının özünün gəlirlərinin olması və ya artması araşdırılmamış, bununla da birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin, xüsusilə də iddiaçının gəlirlərini müəyyən etmək üçün heç bir araşdırma aparmamış, həmçinin cavabdehin digər şəxslə yeni nikaha daxil olması və həmin nikahdan 2 (iki) uşağının olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar apelyasiya instansiyası məhkəməsinə təqdim edilir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş, bu səbəbdən cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Nəticədə cavabdeh müvafiq sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, çəkişmə prinsipinə riayət edilməmiş, işin həqiqi hallarını müəyyən etmək üçün heç bir araşdırma aparılmamış, bu səbəbdən həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. O da nəzərə alınmalıdır ki, eyni tərəflər arasında və eyni əsaslar üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2011-ci il tarixli qətnaməsi ilə onun 2-ci qrup əlil olması, əmək qabiliyyətini 75 faiz itirməsi, əlilliyinə görə aldığı pensiyadan əlavə qazancının olmaması müəyyən edilmiş, həmçinin səhhəti daha da ağırlaşmış, mütəmadi olaraq müalicə alır və hazırda Rusiya Federasiyasında müalicəsini davam etdirir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə apellyasiya şikayətinin müdafiə edərək qeyd etmişdir ki, təmsil etdiyi şəxs 620 manat məbləğində pensiya alır. Birinci instansiya məhkəməsinin yekun qərarı çıxanda 577 manat 90 qəpik məbləğində pensiya alırdı. Hal-hazırda təmsil etdiyi şəxsdən birinci instansiya məhkəməsinin təyin etdiyi məbləğdən daha çox aliment tutulur. Təmsil etdiyi şəxsin pensiya artdıqca tutulan aliment məbləği də artmaqdadır. Qarşı tərəf də bundan məlumatı olduğu halda iddia qaldırır. Təmsil etdiyi şəxs ikinci dəfə ailə qurmuş və həmin nikahdan 2 övladı var. Bu barədə müvafiq sənədlər iş materiallarına əlavə edilib. Təmsil etdiyi şəxsin nümayəndəsinə məhkəmə tərəfindən heç bildiriş göndərilməmişdir. Bu da birinci instansiya məhkəməsinin qərəzli mövqeyini göstərir. Təmsil etdiyi şəxs Qarabağ müharibəsinin qazisidir. Ehtiyatda olan zabit kimi ona pensiya verilir. Həm də 2-ci qrup əlildir, əmək qabiliyyətinin 75 faizini itirmişdir. Hər bir əlillik zaman keçdikcə daha da ağırlaşır. Birinci instansiya məhkəməsi təmsil etdiyi şəxsin ikinci nikahdan da uşaqları olduğunu bilsəydi, təyin edilən 220 manat alimentin düzgün olmadığını görərdi. 577 manat pensiyanın 220 manat olmaqla 3 uşağa bölünməsinin qeyri-mümkündür. Hesab edir ki, birinci instansiya məhkəməsi bu halı nəzərə almalı idi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, qarşı tərəfin iddiası əsassızdır və sağlamlığı əmək fəaliyyəti ilə məşğul olmağa yol verməkdədir. Qarşı tərəf qazandığı gəlirlərin hamısını valideynləri üçün xərcləyir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişir ki, o, hal-hazırda heç bir yerdə işləmir. Cavabdeh əzəldən əlil deyildir, normal vəziyyətdə idi, onlar ayrılanda da sağlamlığı normal idi. Cavabdeh qazi deyil. Uşaq artıq böyüyüb və tələbatları artıb. Bu vaxta qədər işləmişdir və təyin edilən alimentlə uşağının tələbatlarını təmin edirdi. Hal-hazırda işləmir və uşağı böyüdüyü üçün ehtiyacları da artıb və buna görə apellyasiya şikayəti təmin olunmamalıdır. Uşağın 15 yaşı vardır. Uşağın hazırlıqları başlayır və hazırda o, işləmir. Keçən il təqribi 114 manat aliment alırdı. 235 manat alimentin tutulması təxminən iyun ayında baş tutdu. Aliment məbləği borcsuz 235 manatdır.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının

19. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

20. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

21. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

23. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

24. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

26. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

27. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

28. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

29. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

30. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

31. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin rəsmi qeydiyyatda olduğu və hazırda müraciət etdiyi apelyasiya şikayətində qeyd etdiyi ünvana göndərilmiş, o, həmçinin bu barədə “AZEMİS” Elektron məhkəmə sistemində adında mövcud olan telefon nömrələrinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmışdır. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.

35. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

36. Bundan başqa mübahisənin mahiyyəti üzrə, yəni Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərin mövcudluğu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

37. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə olan halda, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağının saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

38. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

39. Belə ki, valideynlərin öz uşaqları barəsində bərabər hüquqlara malik olduqları kimi həm də bərabər şəkildə vəzifələr daşıdıqları nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

40. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin aldığı pensiyada artımın müşahidə olması da, ödədiyi alimentin məbləğinin artırılmasını, yəni yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin cavabdehin qazancının (gəlirinin) müəyyən hissəsindən başqa eyni zamanda həm sabit pul məbləğində müəyyən edilməsini, sabit pul qaydasında ödənilən məbləğinin artırılmasını istisna etmir. Belə ki, alimentin məbləği müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır.

41. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması isə alimentin artırılmasını istisna edən mütləq əsas kimi qəbul edilməməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ikinci dəfə ailə qurması, yenidən uşağı olması onu əvvəlki nikah münasibətlərindən olan övladının getdikcə artan tələbatlarını ödəmək, əvvəlki təminat səviyyəsini yüksək saxlamaq vəzifəsindən azad etmir. Eləcə də, cavabdehin digər uşaqlarına görə məhkəmə qətnaməsinə əsasən aliment ödəməsi halı aşkar olunmamışdır.

42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-219/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 12 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə aparılan tutulmaların miqdarının dəyişdirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

43. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti ((642,72/4+76)=236,7*12=2.840,4) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6716/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar