Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5006/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(011)-1102/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Naxçıvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin və əlavə olaraq 100 manatın ümumilikdə 275 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin mübahisəsiz hallarına görə tərəflərin birgə nikahından bir övladları, 06.02.2019cu il təvəllüdlü X13 doğulmuşdur. Tərəflərin nikahının ləğvi barədə iddiaçıya Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən şəhadətnamə verilməklə, bu barədə 03.03.2020-ci il tarixdə akt qeydləri kitabında qeyd edilmişdir. Tərəflərin nikahı Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmçinin, Naxçıvan şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(078)-1139/2019 saylı qətnaməsi ilə 06.11.2017-ci il tarixli məhkəmə əmrilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehin X7 ilə birgə nikahından doğulmuş 14.09.2009-cu il təvəllüdlü X6 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 120 manat olmaqla, 240 manat alimentin tutulması qət edilmişdir. Eyni zamanda cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışdan müəyyən edilmişdir ki, o, "Modern" firmasında fəhlə işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikahlarından 06.02.2019-cu il təvəllüdlü X13 doğulmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra münasibətlərinin pisləşməsi, cavabdehin ona və övladına biganə münasibəti səbəbindən nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv edilmiş və 06.02.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehlə atrıldıqdan sonra uşağın problemləri ilə özü təkbaşına məşğul olur. Hazırkı iqtisadi vəziyyəti nəzərə aldıqda uşağın saxlanması üçün təyin edilən alimentin məbləği kifayət etmir. Uşağın geyim əşyaları ilə təmin olunması, normal qidalanmas və sağlamlığı üçün müəyyən mənada vəsait tələb olunur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2021-ci il, tarixli 2(011)-1102/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Naxçıvan şəhər Məhkəməsinin 2(078)- 755/2019-ci il saylı, 02.12.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1102/2021 saylı iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsininin qismən ləğv edilməsini, və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə ilə qismən razılaşmayaraq, apellyasiya şikayəti verir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirir ki, o, 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Naxçıvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş ) manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılası üçün hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş ) manat alimentin və əlavə olaraq uşaq üç yaşına çatanadək 100 (bir yüz )manat olmaqla ümumilikdə 275 ( iki yüz yetmiş beş) manat məbləğin cavabdehdən tutalaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin taktiki halları ilə əlaqədar olaraq bildirir ki, Cavabdeh ilə 07 aprel 2017-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahları rəsmiləşdirilmişdir. Həmin nikahdan 02.06.2019-cu il təvəllüdlü X13 dünyaya gəlmişdir. Cavabdehlə nikaha daxil olduqdan sonra münasibətləri pisləşmiş, cavabdehin ona və övladına qarşı biganə münasibəti, övladına qarşı maddi və mənəvi dəstək olmaması səbəbindən Naxçıvan şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və 06.02.2019-cu il təvəllüdlü X8 İddiaçı qızının yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28.11.2019-cu il tarixdən başlayaq Cavabdeh onun xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, hal-hazırda cavabdeh "Modern" firmasında işləyir, aylıq müntəzəm qazanca malikdir. Məhkəmə iddia tələbini qismən təmin etmiş və qətnaməni onunla əsaslandırmağa çalışmışdır ki, Cavabdeh hər ay üç yüz manat əmək haqqı alır və cavabdeh hər ay başqa nigahdan olan iki uşaq üçün 240 manat məbləğində aliment ödəyir. Bildirir ki, Cavabdeh birinci evliliyi olan X7 ilə 2008-ci ildə rəsmi nikaha daxil olublar. Həmin nikahdan onların 14.09.2009-cu il təvəllüdlü X12 və X10 dünyaya gəlmişdir. Cavabdeh ailəsinə və övladlarına göstərdiyi şiddət və qayğısızlıq səbəbindən onların nikahları pozulmuş, övladları ananın yanında qalmış və yetkinlik yaşına çatanadək Naxçıvan şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(078)-1139/2019 saylı qətnaməsi ilə 06.11.2017-ci il tarixli məhkəmə əmrilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat alimetin tutulması qət edilmişdir. Lakin Cavabdeh həmin qətnamə əsasında X5 hər ay 240 (iki yüz qırx) manat alimenti ödəmir. Belə ki, formal olaraq qətnamə mövcud olsada, cavabdeh tərəfindən 2019-cu ilin sentyabr ayından X5 hər hansı aliment ödənilmir. O, bir valideyn kimi öz övladının tələbatını ödəməkdə çətinlik çəkdiyini, birinci instansiya məhkəməsi tərəfindən 06.02.2019-cu il təvəllüdlü X1 üçün təyin edilmiş məbləğin yetərli olmamasını və hazırda uşağın tələbatlarını ödəmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmir. Məhkəmə, həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 120 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır, məbləğinin 150 manat müəyyən edilməsi daha ədalətlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(078)-1139/2019 saylı qətmanəsinin surətindən görünür ki, cavabdeh X7 ilə 2008-ci il tarixdə rəsmi nikaha girmiş, həmin nikahdan da cavabdehin iki övladı var və məhkəmənin qərarına əsasən uşaqların saxlanılması üçün cavabdehdən X3 xeyrinə hər ay 240 manat məbləğində alimentin tutulması qət edilmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehin 06.02.2019-cu il təvəllüdlü X1 üçün hər ay 120 manat məbləğində aliment ödəməsi ilə yanaşı başqa nikahından olan iki uşaq üçün də hər ay 240 manat məbləğində aliment ödədiyini, "Modern" firmasında fəhlə işləyərək hər ay 300 manat AZN məbləğində maaş aldığını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ddia qismən təmin edilərək 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası, eyni zamanda hesab edir ki, Yusif İbrahimlinin 3 yaşına çatanadək 100 manat məbləğində alimentin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 85-ci maddəsinin 1.1-ci bəndinə əsasən hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində keçmiş arvad buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd edilən maddi hüquq normasından da görünür ki, hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində arvadın keçmiş ərindən aliment tələb etməsi üçün əsas dispozitiv şərti keçmiş ərin həmin alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasıdır. İddiaçı isə 06.02.2019-cu il tarixdə doğulmuş uşağının 3 yaşına çatanadək 100 manat tutulması üçün cavabdehin zəruri vəsaitə malik olması barədə digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Naxçıvan şəhər Məhkəməsinin 2(078)- 755/2019-ci il saylı, 02.12.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, 06.02.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(011)-1102/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5006/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver