Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5008/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-419/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1232,99 ABŞ dollar əsas borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 26.10.2014cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh bank tərəfindən 24 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. Borc alan üzərinə düşən öhdəlikləri icra etməmiş və onun sənədləri borcun alınması məqsədilə BOA şirkətinə ötürülmüşdür. Həmin şirkət tərəfindən texniki səhvə yol verilmiş və Cavabdeh "xxxx" KB ASC qarşısında hazırkı öhdəliyi bağlanmış öhdəlik olaraq sistemə yerləşdirilmişdir. Banka bu barədə məlumat daxil olandan sonra səhv aradan qaldırılmışdır. Texniki səhv nəticəsində cavabdehin hüquqları hər hansı formada pozulmamış və o, heç nə itirməmişdir. Belə ki, ona Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı əsasında kompensasiya da ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-419/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən məhkəməyə həqiqiliyinin şübhə altına alınması üçün iş materiallarında heç bir əsas mövcud olmayan, hazırkı iş üzrə icra edilməsi tələb edilən öhdəliyin bağlanmasını sübut edən çıxarış təqdim edildikdən sonra, artıq həmin çıxarışın əsaslı olmamasını və borcun hal-hazırda da mövcud olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bunu etməməsinə əsaslanmaqla iddia tələbinin təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 24.10.2014-cü il tarixli Kredit və bank hesabı müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 2000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 28.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə əsas məbləğ olaraq 1232,99 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Kredit Bürosundan 23.05.2019-cu il tarixli Çıxarışdan görünür ki, borcalanın 24.10.2014-cü il tarixdə verilmiş 2000 ABŞ dolları məbləğində kredit üzrə öhdəliyi bağlanılmış öhdəliklər siyahısındadır. Birinci instansiya məhkəməsinin protokollarına baxış keçirərkən cavabdehin izahatında borcu tam ödəmədiyini bildirməsini müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, bankın verdiyi məlumatda texniki səhv olduğundan Mərkəzi Kredit Reyestrində borc ödənilmiş kimi göstərilmiş və bank verdiyi sehv məlumata görə cərimələnmişdir. Apellyasiya instansiya məhkəməsində kredit müqaviləsi üzrə borcun olubolmadığının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisi cəlb olunmaqla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 04 noyabr 2021-ci il tarixli 9/6264 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 24 oktyabr 2014-cü il tarixli, 5017nkCNTR/14 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 22 fevral 2021-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) "xxxx" KB ASC-nə olan əsas və faiz borcu ümumilikdə 1.258,86 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən - əsas borc üzrə 1232,56 ABŞ dolları, faiz borcu üzrə 26,30 ABŞ dolları. Azərbaycan Respublikası Mərkəzi Bankının 26.10.2021-ci il tarixli 06-00549-2021 saylı mütəxəssis rəyində də qeyd edilmişdir ki, Cavabdeh bank qarşısında ödənilməmiş əsas borc 1232,56 ABŞ dolları, faiz borcu 23,30 ABŞ dolları və cərimə borcu 2,55 ABŞ dolları dolları təşkil edir. Ekspert və mütəxəssis rəylərindən də göründüyü kimi Cavabdeh iddiaçı bank qarşısında ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən ekspert rəyində göstərilmişdir ki, Cavabdeh bank qarşısında ödənilməmiş əsas borc 1232,56 ABŞ dolları, faiz borcu 23,30 ABŞ dolları təşkil edir. Mütəxəssis rəyində isə qeyd edilən borclardan əlavə cərimə borcunun 2,55 ABŞ dolları dolları təşkil etdiyi göstərilmişdir. Lakin iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən bankın xeyirinə 1232,99 ABŞ dolları əsas borc tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də kollegiya hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən yalnız 1232,56 ABŞ dolları əsas borc iddiaçı bankın xeyrinə tutulmalıdır. Ekspert rəyində göstərilməyinə baxmayaraq faiz borcu və cərimə borcu ilə bağlı iddiaçı tərəfindən iddia irəli sürülmədiyindən MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən həmin məbləğlər cavabdehdən tutulmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində cəmi 45 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, keçirilmiş ekspertiza xərci qismində 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(004)-2197/2020 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1232,56 (min iki yüz otuz iki dollar 56 sent) ABŞ dolları əsas borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov İş № 2(103)-5008/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 15 dekabr 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-419/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 11:00-da başlanır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 373-cü maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin məhkəmə iclasına gəlmələri barədə məlumat vermək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, məhkəmə iclasına iddiaçının nümayəndəsi İddiaçı2 gəlmişdir, lakin cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən məhkəmə iclasının əvvəlki tərkibdə davam etdiyini bildirir. Sədrlik edən cavabdehin iştirakı olmadan işə baxılması barədə iddiaçının nümayəndəsinin fikrini soruşur. İddiaçının nümayəndəsi: Cavabdehin iştirakı olmadan işə baxılmasına etirazım yoxdur. Məhkəmə yerində müşavirə edərək qərara alır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılsın. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 377-ci maddəsinə əsasən iddiaçı tərəfdən işə apellyasiya qaydasında baxılması ilə əlaqədar məsələlər barəsində müraciətlərinin və vəsatətlərinin olub-olmamadığını soruşdu. Müraciət və vəsatət daxil olmadı. Sədrlik edən bildirir ki, Mərkəzi Bankdan 26.10.2021-ci il tarixli 06-00549-2021 saylı mütəxəssis rəyinin və Məhkəmə Ekspertiza Mərkəzindən 04 noyabr 2021-ci il tarixli 9/6264 nömrəli rəyin daxil olduğunu bildirir, nəticələrini elan edir, iddiaçı tərəfdən rəylər tanış olub-olmamasını soruşur. İddiaçının nümayəndəsi hər iki rəylə tanış olduğunu bildirir. Sədrlik edən əlavə sənədlərin və sübutların olub-olmamasını soruşur. İddiaçının nümayəndəsi: Əlavə sənəd və sübutum yoxdur. Sədrlik edən MPM-nin 380-ci maddəsinə əsasən işdə olan sənədləri elan edir. Sədrlik edən əlavə vəsatətinin olub-olmamasını soruşur. İddiaçının nümayəndəsi: Əlavə vəsatətim yoxdur, bundan öncəki iclasda verdiyim izahatı təsdiq edirəm, hər iki rəylə razıyıq, rəydə qeyd edilən borc məbləği ilə bizim iddia tələbimiz çox da fərqlənmir. Xahiş edirəm ki, şikayətimiz təmin edilsin, qətnamə ləğv edilsin, iddiamız təmin edilsin. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 382-cı maddəsinə əsasən, qətnamə çıxarılması üçün müşavirə otağına getdiyini bildirir. Müşavirə otağından qayıdandan sonra sədrlik edən qətnaməsini elan edir, qətnamədən şikayət vermə qaydasını və müddətini, həmçinin tərəflərin məhkəmə iclas protokolu ilə tanış olmaq və protokolun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim etmək hüquqlarını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 15 dekabr 2021-ci ildə tərtib olunub. Sədrlik edən: İclas katibi:
Məhkəmə qərarları › İş №2(103)-5008/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5008/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver