Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5017/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5017/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-774/2023 saylı 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Səməd-zadə X9 Ağa qızı arasında xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən borc verən borc alana 48 ay müddətində, xx.xx.2024-ci il tarixədək qaytarmaq, kreditdən istifadəyə görə illik 17% faiz ödəmək şərtilə 14000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2021-ci il tarixdə vəfat etmiş Səməd-zadə X9 Ağa qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşı olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1 saylı evin, 17 saylı mənzilində qeydiyyatda olan oğlu Cavabdeh xx.xx.2021-ci ildə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisinin notariusu İ.Hüseynova tərəfindən V-77/2021 nömrə ilə vərəsəlik işi açılmış, vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə Səməd-zadə X9 Ağa qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X7 Hüseyn Ağa qızına 48 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 14000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 214762 nömrəli ölüm haqqında şəhatədnaməyə əsasən, borclu Səməd-zadə X9 Ağa qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən borcalanın vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Bankın Nərimanov filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Səməd-zadə X9 Ağa qızının xx.xx.2022-ci ilədək banka ödənilməmiş 8690 manat əsas borcu, 0,01 manat faiz borcu qalmışdır. Cavabdeh Səməd-zadə X9 Ağa qızından qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli 22- 17658/2022 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Ona görə də Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə əsas borca görə 8490 manat borcun və məhkəmə xərclərinə görə 107,30 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş olunur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli e-2(001)- 774/2023 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 8490 manat, məhkəmə xərclərinə görə 107,30 manat olmaqla cəmi 8597,30 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması, Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 558, 1133.1, 1146, 1151.1, 1255, 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, o, vərəsəlik işi üzrə şəhadətnaməni 04 may 2023-cu ildə almışdır. Məhz bu dövrdən etibarən vərəsə kimi hüquqları və öhdəlikləri yaranıb. O, banka da, məhkəməyə də öhdəliyi qəbul etdiyini bildirmişdir. Lakin öhdəliyi mərhələli şəkildə yəni aylıq ödənişi qazancına uyğun aparılmağını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan borc 48 aylıq müddətə qaytarılmaq şərti ilə verilmişdir və borcdan kifayət qədər vəsait qaytarılmışdır. Lakin nə bank nə də məhkəmə borcun hissəli şəkildə ödənişini qəbul etmədi. Kredit ödənişinin qrafikinə əsəsən borc qaytarma 400 manat civarında olan halda və borc müqaviləsinin müddətinin bitməsinə hələ kifayət qədər müddət qaldığı halda onun üzərinə borc tələbinin birdəfəlik qoyulması həm onun maddi vəziyyətini, həm də həyat fəaliyyətini çətin hala salaraq, sosial rifahını məhdudlaşdırır, bu tələb həm qanunla həm də insan haqları üzrə yolverilməzdir. Onun bank arasında heç bir öhdəlik, əqd, sövdələşmə olmadığı təqdirdə mərhumun borcunu davamlı olaraq vicdanlı şəxs kimi hər ay icra etmişdir. Dəfələrlə banka yeni müqavilə razılaşma üçün müraciət etsə də, onunla özləri tərəfindən əlaqə saxlanılacağı deyilib amma heç bir humanistlik göstərilməyib. Ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət rüsumu tutulması barədə ona əvəlcədən məhkəmə tərəfindən məlumat verilməmişdi, bu tip xərcin yaranması müştərək qaydada deyil tək ona yönəlməsi onun vəziyyətini daha da ağırlaşdırır, ən azından o, imtina edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. 11 Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 558. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur
17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
18. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
20. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
21. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya hesab edir ki, borcalan Səməd-zadə X9 Ağa qızı kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdurlar. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun vərəsəsi hazırki iş üzrə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığıı kimi iddiaçıya ödəməlidirlər.
31. Belə ki, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Səməd-zadə X9 Ağa qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 48 ay müddətində, xx.xx.2024-ci il tarixədək qaytarmaq, kreditdən istifadəyə görə illik 17% faiz ödəmək şərtilə 14000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
32. Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Səməd-zadə X9 Ağa qızı arasında tərtib olunmaqla imzalanan xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 14000 manat, faiz borcuna görə 5389,98 manat olmaqla cəmi 19389,98 manat borcu borcalan borcverənə ödəməyi öhdəsinə götürmüşdür.
33. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli 3188 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Səməd-zadə X9 Ağa qızının xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 8690 manat, faiz borcuna görə 0,01 manat borcu vardır.
34. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Səməd-zadə X9 Ağa qızının xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 8490 manat borcu vardır.
35. Bakı şəhər 29 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1340 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Səməd-zadə X9 Ağa qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşı olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1 saylı evin, 17 saylı mənzilində qeydiyyatda olan oğlu Cavabdeh xx.xx.2021-ci ildə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisinin notariusu X1 tərəfindən V-77/2021 nömrə ilə vərəsəlik işi açılmışdır.
36. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 22-17658/2022 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə Səməd-zadə X9 Ağa qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
37. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, bankın ona olan 8490 manat borc tələbin qəbul edir və hər ay həmin məbləğdən 100-150 manat civarında ödəməyə hazırdır. İddiaçı əsas borca əlavə faiz, komissiya və xərc hesablamasa barışıq sazişi əsasında banka hər ay 150 manat ödəyəcəkdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1613 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə Səməd-zadə X9 Ağa qızının xx.xx.2023-cü il tarixə əsas borcu 8490 manat, faiz borcu 1935,95 manat təşkil edir. Bank tərəfindən xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır və tədqiqat zamanı hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmışdır.
39. Birinci və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, kreditor borcalan mərhum Səməd-zadə X9 Ağa qızının xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını mirasqoyanın mirası qəbul edən birinci dərəcəli vərəsəsi olan Cavabdeh tələb etmiş, lakin cavabdeh müqavilə tərəflərinin şərtləşdiyi qaydada tələbi icra etməmiş, nəticədə iddiaçıya əsas borca görə 8490 manat borcu ödənilməmiş qalmışdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
41. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
42. Apellyasiya şikayətində irəli sürülən, borcun hissə-hissə olaraq ödənilməsi barədə təklifinin bank tərəfindən qəbul edilməməsinin onun hüquqlarının pozulması dəlili ilə bağlı kollegiya qeyd edir ki, müəyyən olunmuş borc məbləğinin hissə-hissə ödənilməsi qətnamənin icra qaydasına aid məsələdir və bu icra mərhələsində həll oluna bilər.
43. Apellyasiya şikayətində irəli sürülən, ekspertiza xərcinin ondan tutulmasının düzgün olmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza rəyi ilə cavabdehin banka olan borcu təsdiq olunduğundan ekspertiza xərcinin cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-774/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova