Məhkəmə qərarları › İş №2(103)-502/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-502/2023

13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-502/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ilkin iddiaçı üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 qarşı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: "qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X5 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi tələbinə dair” ilkin və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-596/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1-NK/2630 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3537 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayış evinin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində yerinə yetrilmiş tikintitəmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində olduğu müəyyən edilmişdir.

4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 saylı binanın 18 nömrəli mənzilin altında yerləşən zirzəminin həcmi 37.6 m təşkil edir ki, bu qədər torpağın qazılması və daşınması üçün ümumilikdə 9100,0 (37.6*242) manat vəsait tələb olunur. Həmin obyektin divarlarının bərkidilməsi (betonlanması) üçün 3045,0 (daxili divarların səthi - 35 m2 *87) manat vəsait tələb olunur. Zirzəmidən bayıra giriş-çıxış üçün beton pilləkən tikilməsinə 675,0 (pillə sayı 5*135) manat vəsait tələb olunur. Aparılmış təhlil və hesablamalar nəticəsində yuxarıda sadalanan işlərin görülməsinə ümumilikdə 12820,0 (on iki min səkkiz yüz iyirmi) manat vəsait tələb olunur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 saylı binanın 18-ci mənzilinin altında yerləşən zirzəminin istismara yaralı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində olduğu müəyyən olunur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 saylı binanın 18-ci mənzilinin altında yerləşən zirzəminin istismara yaralı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 911,0 manat məbləğində olduğu müəyyən olunur. Qeyd olunur ki, ilkin ekspertiza ilə hazırki ekspertiza arasında yaranmış qiymət fərqinin səbəbi, ilkin ekspertiza zamanı müəyyən edilmiş təmir işlərinin hal-hazırda dəyişdirilməsi ilə izah olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılaraq həmin qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2000 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi, 01 noyabr 2021-ci il tarixindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Ona məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsi tanımadığı şəxslər tərəfindən zəbt edilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsində tanımadığı şəxslərin olduğu ona məlum olmuşdur. Qeyri-yaşayış sahəsini tərk etmələri tələb edilsə də, heç bir əsas olmadan həmin sahəni zəbt edən şəxslər bundan imtina ediblər. Sözügedən qeyri yaşayış sahəsi vaxtilə Vüqar adlı şəxsə icarəyə verilmişdi və hər ay 2000 manat olmaqla icarə haqqı müxtəlif şəxslər vasitəsilə iddiaçıya göndərilirdi. Ona məlum olmuşdur ki, hazırda qeyri-yaşayış sahəsini zəbt edən şəxslərin Vüqar adlı şəxslə əlaqəsi belə yoxdur və heç bir əsas olmadan qeyriyaşayış sahəsindən istifadə edirlər. Onun cavabdehlər tərəfindən verilən ödənişi qəbul etməkdən imtina etməsinə və cavabdehlərə qeyri-yaşayış sahəsini tərk etmələrini bildirməsinə baxmayaraq, cavabdehlər qanunsuz əməllərini davam edərək, qeyriyaşayış sahəsini tərk etməyəcəklərini bildirirlər. Tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmiş və həmin qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslərin müəyyən edilərək, onların qanunsuz hərəkələrinə son qoyulmasına dair müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslər Cavabdeh2 və Cavabdeh1dur.

9. Həmçinin, Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 20000 manat və 150 manat dövlət rüsumunun, cəmi 20150 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşıdır, göstərilən ünvanla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onun cavabdeh kimi qoyulması əsassızdır. İlk iddia tələbi də əsassızdır. Onun istifadəsinə verilən zirzəmi 17 kv.m olub. İcarəyə verilən sahə istifadə üçün yarasız olub. Zirzəmidə yerləşən bu sahəyə giriş mövcud olmayıb. Aralarındakı razılaşmaya əsasən zirzəmiyə giriş açaraq ticarət üçün yararlı hala gətirməli idi. Çox çətinliklə də olsa zirzəmiyə giriş açdı və bütün sahəni təmir elədi. Obyekti yararlı hala gətirənə qədər iddiaçı oranı 100 manata belə icarəyə verə bilmirdi. Aparılan tikinti-təmir işlərinə 20000 manat pul xərcləmişdir. Hüseynbala Əliyev küçəsi ticarət üçün əlverişli yer hesab olunur və burada təmir-tikinti aparmaq çox bahadır. Bahadır həm də ona görə ki, təmir-tikinti apardıqları obyektin hər hansı bir sənədi yox idi. Sahəni yararlı hala salandan sonra iddiaçıya 1500 manatdan başlayaraq, 1800, 2000 manat, sonuncu ayları isə 2200 manat icarə haqqı ödəmişdir. Bu günə kimi təqribən 24000 manat icarə haqqı ödəmişdir. Dəfələrlə xahiş etmişdir ki, icarə müqaviləsi bağlasınlar. Lakin iddiaçı müqavilə bağlamaqdan imtina edib. İcarə müqaviləsi bağlamaq lazım idi ona görə ki, onlardan müxtəlif vəzifəli şəxslər tez-tez sənəd tələb edirdilər. Hər dəfə müxtəlif bəhanələr gətirmək məcburiyyətində qalırdı. Buna baxmayaraq icarə haqqı tez-tez qaldırılırdı. Sonuncu dəfə icarə haqqını ödəmək üçün müqavilə tələb etdiyinə və icarə haqqının qaldırılmasına etiraz etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, artıq mübahisəli sahəyə mülkiyyət hüququ haqqında çıxarış alınıb. Alınan çıxarış qanunsuz olsada onu mübahisələndirməyi planlaşdırmır bu şərtlə ki, çəkdiyi xərclər ödənilsin və ya xərclədiyi 20000 manatın əvəzi olaraq 15 ay müddətinə icra haqqı alınmasın. Hər iki halda obyekti təhvil verə bilməz. İddia ərizəsində 2000 manat əldən çıxmış fayda və təhvil verilmə tarixinə kimi hər gün üçün 66,66 manat pul tələb edilməsinin hüquqi əsasları göstərilməyib. Tərəfindən hər hansı bir mülki hüquq pozuntusu törədilməyib.

11. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli qarşılıqlı iddia ərizəsinin birinci səhifəsinin 2-ci abzasında “bu günə kimi 24000 manat icraə haqqı ödəmişəm” cümləsində 24000 manat sözünün yazılışında texniki səhvə yol verildiyini bildirmiş, bu səbəbdən də 24000 manat sözünün 240000 manat kimi oxunulmasını xahiş etmişdir.

12. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh3 20000 manat obyektin yararlı hala salınmasına sərf etdiyi, əmlakdan istifadəyə görə ödədiyi 254800 manat pulun və 150 manat dövlət rüsumunun, cəmi 274950 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 596/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsini İddiaçı təhvil vermələri, 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi, ilkin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40 manatın 28 manatı məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilikin iddianın qismən təmin olunması hissəsində Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. İlkin iddiaya hüquqi qiymət verərkən işin faktiki halları nəzərə alınmamışdır. İlkin iddianın təmin olunması üçün iddiaçı istinad etdiyi halları sübut etməli, qarşılıqlı iddianın təmin olunmaması üçün isə irəli sürülən müddəaları təkzib etməli idi. İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməyib və təbiidir ki, istinad etdiyi halları sübut edə bilmədiyi kimi qarşılıqlı iddianı da təkzib edə bilməyib. Nağıyevlər obyekti tərk ediblər və hazırda obyektdə istifadə etmirlər. Məhkəmə mübahisəsinin davam etdiyi dövrdə, Nağıyev iddiaçıya xx.xx.2022-ci ildə icarə müqaviləsi bağlanması barədə təklif verilib və təklif qəbul olunmayıb. Təklifə cavab alındığı 28 mart 2022-ci ildən sonra Nağıyevlər obyektdən istifadəni dayandırıblar və oranı tərk ediblər. Məhkəmə çıxışında məhkəmənin diqqətini bu hala cəlb etsə də məhkəmə bu məsələni müzakirə etməyib və ona qiymət verməyib. 5 aydan artıqdır ki, Nağıyevlər obyekti tərk ediblər. Obyekt iddiaçı tərəfindən rəsmi qaydada onlara təhvil verilməyib və Nağıyevlərin obyekti təhvil vermələrinə dair öhdəlikləri olmayıb. İddiaçı 2021-ci ildə obyektə mülkiyyət hüququ əldə edib. Nağıyevlər icarə müqaviləsi bağlamağa dair təklif verirlər, iddiaçı qəbul etmir və Nağıyevlər obyekti tərk edirlər. Mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün Nağıyevlərin hansı mülki hüquq pozuntusuna yol verdiyinə aydınlıq gətirilməli idi. Nağıyevlər hər hansı bir mülki hüquq pozuntusu törətməyib və iddiaçıya zərər vurmayıblar. İddiaçı obyekti başqasına təhvil verib oradan ayda 2000 manat gəlir götürəcəyinə dair məhkəməyə sübut təqdim etməyib. Belə vəziyyətdə Nağıyevlərin iddiaçıya hər ay 2000 manat zərər vurması qənaətinə gəlinməsi tamamilə əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsindən ilkin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, ilkin iddianın təmin olunmuş və qarşılıqlı iddianın rədd olunmasına dair hissələrindən ilkin iddia üzrə cavabdehlər tərəfindən apellyasiya şikayəti verildiyi üçün hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qətnamə ilkin iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Məhkəmə kollegiyası “ilkin iddianın Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair” hissəsi ilə qeyd edir ki, Mülki Məcəllənin 157.1, 157.2 və 157.4-cü maddələrində mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

35. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır; - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

37. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin həmin hissədə təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir və onların əşyaya sahiblik hüququ yoxdur. Cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri isə əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaratmışdır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

38. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin oradan çıxmamaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia bu hissədə təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxmaqla həmin qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməlidirlər.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın bu hissədə təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası ilkin iddianın “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərər müştərək qaydada ödənilməsinin təmin olunması” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməməlidir.

41. Belə ki, məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlərin təmsilçisi ilkin iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsinin mövcud olmadığını, iddiaçının cavabdehlərlə icarə münasibəti yaranmasından imtina etdikdən sonra onların həmin sahədən çıxdıqlarını bildirmişdir.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və həmin qeyriyaşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.

43. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mübahisəli sahədə yerləşən dükan açılaraq baxış keçirilən zaman həmin dükanın boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Dükanın açarı tələbkar tərəfindən dəyişdirilmişdir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

46. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı obyektin yararlı hala salınmasına sərf etdiyi 20000 manatın, əmlakdan istifadəyə görə ödədiyi 254800 manat pulun və 150 manat dövlət rüsumunun, cəmi 274950 manat pulun İddiaçı və Cavabdeh3 alınıb ona verilməsi xahiş edir.

47. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlər X1, X3 ifadələri, ekspertiza rəyləri ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisəli qeyri yaşayış sahəsinin yararlı hala gətirilməsi, orada təmir-tikinti işlərini aparması öz təsdiqini tapmışdır.

48. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3537 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayış evinin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində yerinə yetrilmiş tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində olduğu müəyyən edilmişdir.

49. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 saylı binanın 18-ci mənzilinin altında yerləşən zirzəminin istismara yaralı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 911,0 manat məbləğində olduğu müəyyən olunur.

50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsi qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərc, ümumilikdə 1896 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq ona ödənilməli, qarşılıqlı idda qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

52. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

56. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərc, ümumilikdə 1896 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq ona ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 596/2022 nömrəli qətnaməsi ilkin iddianın təmin edilmiş “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv olunsun, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində təmin olunmasın. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 (doqquz yüz on bir) manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 (doqquz yüz səksən beş) manat xərc, ümumilikdə 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddaçı Cavabdeh2 ödənilsin. Qarşılqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar