Məhkəmə qərarları › İş №2(103)-5020/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5020/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5020/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8202/2017 saylı, 30 oktyabr 2017ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7696,67 manat əsas, 823,23 manat faiz, 675,27 manat cərimə olmaqla, cəmi 9195,17 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8202/2017 saylı, 30 oktyabr 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını qeyd etmişdir. Belə ki, o bildirmişdir ki, iddiaçı zaminə qarşı iddia qaldırmaq üçün qanunla müəyyən olunmuş 1 illik müddəti ötürmüşdür. Bundan başqa, iddiaçı kredit məbləğinə əsassız olaraq faiz və dəbbə borcu hesablamış, rayon məhkəməsi də iddianı təmin etmişdir. Beləliklə, məhkəmənin kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul etməsini əsassız hesab edərək, qətnamənin ləğv edilərək, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2014cü il tarixli, 116.LN.2102.230914.00001 №-li kredit müqaviləsinə əsasən bank kredit alana 23 sentyabr 2016-cı il tarixədək təmir-tikinti işləri üçün illik 27 faiz ödəməklə 15000 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 27 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2014-ci iİ tarixli 116.LN.2102.230914.00001/d №-li Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 23 sentyabr 2014-cü il tarixli, 116.LN.2102.230914.00001 №-li kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 15000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış 23 sentyabr 2014-cü il tarixli 116.LN.2102.230914.00001/e №-li Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 23 sentyabr 2014-cü il tarixli, 116.LN.2102.230914.00001 №-li kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 15000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən təqdim olunmuş 09 avqust 2017-ci tarixli maliyyə arayışına əsasən Cavabdeh1 23 sentyabr 2014-cü il tarixli, 116.LN.2102.230914.00001 №-li kredit müqaviləsi üzrə 23 sentyabr 2016-cı il tarixə 7696,67 manat əsas, 823,23 manat faiz, 675,27 manat cərimə olmaqla, cəmi 9195,17 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlandırılmış 17 avqust 2017-ci il tarixli xəbərdarlıq məktublarına əsasən cavabdehlər iddiaçı qarşısında olan borcları barədə xəbərdar edilmişlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 15000 manat kredit verilməzini nəzərdə tutan 23 sentyabr 2014-cü il tarixli, 116.LN.2102.230914.00001 №-li kredit müqaviləsi imzalanmış, Cavabdeh3 və Cavabdeh2 tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuş, Cavabdeh1 müqavilə şərtlərini pozaraq bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, beləliklə, onun banka 23 sentyabr 2016-cı il tarixə 7696,67 manat əsas, 823,23 manat faiz, 675,27 manat cərimə olmaqla, cəmi 9195,17 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 449.4-cü maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir və özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 464.1-ci maddələrinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1, 471, 472.1 və 472.2-ci maddələrinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı halda Cavabdeh2 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə digər Cavabdeh1 zamin durmuş və Cavabdeh1 bank qarşısında icra etmədiyi öhdəlikləri üçün zamin kimi onunla eyni həcmdə məsuliyyət daşıyır. Kollegiya eyni zamanda Cavabdeh2 iddiaçının zaminə münasibətdə qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bank ilə Cavabdeh1 arasında bağlanan 23.09.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 23.09.2016-cı il tarixində başa çatmış, iddiaçı həmin müqavilədə göstərilən öhdəliyin icrası vaxtının başa çatdığı gündən bir il ərzində - 07.09.2017-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da cavabdeh – zamin Cavabdeh2 qarşı iddia qaldırmaq üçün müəyyən olunan iddia müddətini ötürməmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayıtinin bu dəlili də əsassızdır. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh C.Musayevin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8202/2017 saylı, 30 oktyabr 2017ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar